Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Damar xəstəlikləri - Özətlər və Suallar

Vazospastik xəstəliklər - Özət və Suallar

Özət

Bir çox sistem xəstəlikləri vazospazmla müşayiət olunur: revmatoloji xəstəliklər (sistem skleroz, sistem qırmızı qurdeşənəyi, revmatoid artrit, dermatomiozit, polimiozit), nevroloji xəstəliklər (reflektor simpatik distrofiya, posttravmatik vazospazm, vibrasion solğun barmaqlar) və idiopatik (Reyno fenomeni).

Reyno fenomeni Reyno xəstəliyi (birincili Reyno fenomeni) və Reyno sindromu (ikincili Reyno fenomeni) anlayışlarını əhatə edir.  Reyno fenomeni vazospastik xəstəliklərə aid olub, əsasən kiçik arteriya və arteriolaların zədələnməsi ilə səciyyələnən angiotrofonevrozdur. Xəstəlik əsasən irsi olub, daha çox yuxarı ətraf damarlarını zədələyir, bir qayda olaraq simmetrik və ikitərəfli olur. Daha çox 20-40 yaş arasında olan və miqrendən əziyyət çəkən qadınlarda rast gəlinir. Risk amillərinə yuxarı ətrafların tez-tez və uzunmüddətli soyuğun təsirinə məruz qalması, endokrin pozğunluqları, anamnezdə ağır emosional stresslər, peşə patologiyası, zərərli istehsalat amilləri, revmatik xəstəliklər, autoimmun pozğunluqlar aiddir. Xəstəliyin klinik inkişafının 3 mərhələsi ayırd edilir: angiospastik (damar spazmı və avazıma; spazm qısa müddət davam edir və sonra damarın genişlənməsi, dərinin qızarması, barmaqların isinməsi ilə əvəz olunur), angioparalitik (əl və barmaqlar göyərir, sianotik rəngdə, ödemli və pastoz olur), trofoparalitik (dırnaq falanqalarında dolama və xoraların, yumşaq toxumalarda səthi nekroz ocaqlarının  yaranması, sonra isə yerlərində sağalmayan xoraların qalması). Diaqnostika üçün dəyərləndirmədən 24 saat əvvəl bütün vazoaktiv müalicəni dayandırmaq lazımdır. Müayinə üsullarından yuxarı ətraf arteriyalarının Doppler müayinəsi və sistolik təzyiqin müxtəlif səviyyələrdə, o cümlədən barmaqlarda təyin edilməsi, göstəriş olduqda döş qəfəsinin rentgenoqrafiyası yerinə yetirilir. Laborator müayinələrdən qanın analizi, sidiyin analizi, tireoid testlər, plazma sıxlığı, revmatoid testlər, immunoloji müayinələr diaqnostik əhəmiyyət daşıyır. Müalicə məqsədilə ilk olaraq siqareti atmaq, isti əlcəklərdən istifadə etmək, ətrafları soyuqdan qorumaq məsləhət görülür. Simptomlar artıb həyat keyfiyyətinə neqativ təsir edirsə medikamentoz müalicə (Ca kanalı blokatorları, prostasiklin infuziyası) təyin edilir. Dərman müalicəsi effekt vermədikdə və ikincili fəsadlar - barmaqlarda xoralar yarandıqda cərrahi müalicə üsullarından (simpatektomiya – lumbar və ya servikal) istifadə edilir. Soyuqla təmas və stress kənar edildikdə Reyno xəstəliyi 99% hallarda təhlükə törətmir, həyat keyfiyyətini ciddi zədələmir. Bununla bərabər Reyno xəstəliyi inkişaf edib qanqrenaya və amputasiyaya da səbəb ola bilər. Ona görə də bu xəstəliklərin vaxtında aşkar edilməsi və müvafiq tədbirlərin aparılması müalicənin nəticələrinə müsbət təsir göstərir.

 

Vazospastik xəstəliklər üzrə suallar

N.Y.Bayramov, M.M.Kərimov, Ş.Ə.Məmmədova

Suallar

Cavablar

Vazospastik xəstəliklərin əsas səbəbləri hansılardır?

Revmatoloji xəstəliklər - autoimmun proseslərlə əlaqədar olur:

  • Sistem skleroz;
  • Sistem qırmızı qurdeşənəyi;
  • Revmatoid artrit;
  • Dermatomiozit;
  • Polimiozit.

Nevroloji xəstəliklər:

  • Reflektor simpatik distrofiya;
  • Posttravmatik vazospazm;
  • Vibrasion solğun barmaqlar

İdiopatik:

  • Reyno sindromu

Reyno fenomeni nədir?

Əsasən kiçik arteriya və arteriolaların zədələnməsi ilə səciyyələnən angiotrofonevrozdur.

Reyno sindromu və reyno xəstəliyinin fərqi nədir?

Reyno xəstəliyi - birincili Reyno fenomeni,

Reyno sindromu isə ikincili Reyno fenomenidir

Əsas risk faktorları hansılardır?

  • Yuxarı ətrafların tez-tez və uzunmüddətli soyuğun təsirinə məruz qalması;
  • Endokrin pozğunluqları (tiroid, cinsi vəzlərin patologiyaları);
  • Ağır emosional stresslər;
  • Peşə patologiyası, zərərli istehsalat amilləri (vibrasiya);
  • Revmatik xəstəliklər, autoimmun pozğunluqlar

Hansı klinik mərhələləri var?

  • Angiospastik – barmaqlarda qısa müddətli spazm;
  • Angioparalitik - əl və barmaqlar göyərir, sianotik rəngdə, ödemli və pastoz olur;
  • Trofoparalitik - dırnaq falanqalarında dolama və xoraların, yumşaq toxumalarda səthi nekroz ocaqlarının  yaranması, sonra isə yerlərində sağalmayan xoraların qalması.

Diaqnostikasında hansı müayinələrdən istifadə olunur?

  • Dəyərləndirmədən 24 saat əvvəl bütün vazoaktiv müalicəni dayandırmaq lazımdır
  • Yuxarı ətraf arteriyalarının Doppler müayinəsi;
  • Sistolik təzyiqin müxtəlif səviyyələrdə, o cümlədən barmaqlarda təyin edilməsi;
  • Döş qəfəsinin R-qrafiyası - ekstravazal kompressiyaları inkar etmək üçün.

Diaqnozun dəqiqləşdirilməsi üçün hansı laborator müayinə üsullarından istifadə edilir?

  • Qanın ümumi analizi
  • Sidiyin analizi
  • Tireoid testlər
  • Plazma sıxlığı
  • Revmatoid testlər
  • İmmunoloji müayinələr

Müalicə üsulları hansılardır?

  • Konservativ
  • Cərrahi - lumbar və ya servikal simpatektomiya, amputasiya (ağırlaşmalarda)

Konservativ müalicə üsullarına nələr aiddir?

  • Siqareti atmaq, isti əlcəklərdən istifadə etmək, ətrafları soyuqdan qorumaq
  • Simptomlar artıb həyat keyfiyyətinə neqativ təsir edirsə Ca kanalı blokatorları və prostasiklin infuziyası təyin edilir

Reyno fenomeni qorxuludurmu?

Nəzarət edildikdə 99% hallarda təhlükə törətmir, lakin inkişaf edib qanqrenaya və amputasiyaya səbəb ola bilər.

Diabetik pəncə - Özət və Suallar

Özət

Damarların zədələnməsi şəkərli diabetin çox vacib patogenetik amillərindən biri olub, xəstəliyin gedişini, fəsadlarının xarakterini, proqnozunu və nəticəsini müəyyən edir. Zədələnmiş damarların diametrindən asılı olaraq diabetik mikro- və makroangiopatiya ayırd edilir. Diabetik pəncənin əsas xüsusiyyətləri xora əmələ gəlməsi, infeksiya, neyropatiya, kiçik yaraların gec sağalmasıdır. 45% hallarda diabetik pəncə xorasının yaranma səbəbi neyropatiya, 10% işemiya, 45%-qarışıq, yəni neyro-işemiyadır. Neyropatik mənşəli xoralarda zəif nəbz, isti ayaqlar, sıxılmış, zəif görünən səthi venalar, hissiyatın itirilməsi, normal və yaxud yüksək qan axını müşahidə olunur. İşemik və yaxud neyro-işemik xoralarda isə ayaq soyuq olur, nəbz itir, xoralar əsasən barmaqların ucunda, dabanda və yaxud metatarzal nahiyədə lokalizə edir, aşağı ətrafda irinli-nekrotik infeksiya və yaxud sellülit qeyd edilir, topuq-braxial indeks aldadıcı olaraq yuxarı ola bilər. Profilaktika məqsədilə müxtəlif ixtisaslı mütəxəssis nəzarəti altında olmaq, ayaqlarda xora yaranması ehtimalını daimi diqqətdə saxlamaq, hər zaman geniş ayaqqabılardan istifadə etmək, ayaqlara və dırnaqlara müntəzəm qulluq, ayaqda olan döyənəklərə podiatrın baxışı, ayaqyalın gəzməkdən, isti, qaynar prosedurlardan qaçmaq lazımdır. Müalicəsi cərrahi və konservativ (spazmolitiklər, mikrosirkulyasiya və toxuma metabolizmini yaxşılaşdırmaq, hipolipidemik vasitələr, angioprotektorlar, dezaqreqantlar, reoloji preparatlar, antioksidantlar, antikoaqulyantlar, immunostimulyatorlar, venoz və limfatik drenajı yaxşılaşdırmaq və s.) ola bilər. İrinli-nekrotik  infeksiyalarda geniş spektrli antibiotiklərin təyini, nekroza uğramış toxumaları kəsilib götürülməsi, irinliklərin geniş açılması və adekvat drenaj, yaş qanqrenanı quru qanqrenaya çevirmək, demarkasion xəttin yaranmasına nail olmaq, ekstrakorporal detoksikasiya, osteomielitə şübhə olduqda rentgenoqrafiya, göstərişlər və müvafiq şərait olduğu hallarda revaskulyarizasiya etmək (angioplastika/stent və ya şuntun qoyulması, rekonstruktiv əməliyyatlar) lazımdır. Konservativ və cərrahi tədbirlər effekt vermədikdə vaxtında amputasiya icra etmək və imkan olduqda distal (kiçik) amputasiyalara üstünlük vermək lazımdır. Xəstəlik yayılarsa həyat üçün təhlükəli hal ala bilər.

Diabetik pəncə üzrə suallar

N.Y.Bayramov, M.M.Kərimov, Ş.Ə.Məmmədova

Suallar

Cavablar

Diabetik pəncənin əsas klinik xüsusiyyətləri hansılardır?

  • Xora əmələ gəlməsi
  • İnfeksiya
  • Neyropatiya
  • Kiçik yaraların gec sağalması

Xoranın əmələ gəlməsi üçün risk faktorları nələrdir?

  • Əvvəllər xoranın olması;
  • Neyropatiya;
  • Periferik arterial xəstəlik;
  • Ayağın formasının dəyişməsi;
  • Təzyiq nəticəsində pəncədə döyənəklərin yaranması;
  • Görmə qabiliyyətinin zəifləməsi;
  • Tək yaşamaq;
  • Böyrəklərdə pozğunluqlar;
  • Böyük və kiçik ölçülü damarların ikincili olaraq neyropatik və okklüziv olaraq zədələnməsi;

Şəkərli diabeti olan xəstələrdə neyropatik xoralarda əsas xüsusiyyətləri hansılardır?

  • Zəif nəbz, isti ayaqlar;
  • Sıxılmış, zəif görünən səthi venalar;
  • Hissiyatın itirilməsi;
  • Normal və yaxud yüksək qan axını

Şəkərli diabeti olan xəstələrdə işemik və ya neyro-işemik xoralarda əsas xüsusiyyətləri hansılardır?

  • Ayaq soyuq olur, nəbz itir;
  • Xoralar əsasən barmaqların ucunda, dabanda və yaxud metatarzal nahiyədə lokalizə edir;
  • Aşağı ətrafda irinli-nekrotik infeksiya və yaxud sellülit qeyd edilir;
  • Topuq-braxial indeks aldadıcı olaraq yuxarı ola bilər;
  • Kritik işemiyaya səbəb ola biləcək stenozlara şübhə olduqda angioqrafiya mütləqdir

Profilaktika üsulları hansılardır?

  • Müxtəlif ixtisaslı mütəxəssis nəzarəti altında olmaq;
  • Ayaqlarda xora yaranması ehtimalını daimi diqqətdə saxlamaq;
  • Hər zaman geniş ayaqqabılardan istifadə etmək;
  • Ayaqlara və dırnaqlara müntəzəm qulluq;
  • Ayaqda olan döyənəklərə podiatrın baxışı;
  • Ayaqyalın gəzmək olmaz və isti, qaynar prosedurlardan qaçmaq;

Müalicə üsulları hansılardır?

  • Konservativ
  • Cərrahi - nekrektomiya və ya nekrotomiya, angioplastika, şuntlama, amputasiya

Konservativ müalicə üsulları hansılardır?

  • Spazmolitiklər
  • Mikrosirkulyasiya və toxuma metabolizmini yaxşılaşdırmaq
  • Hipolipidemik vasitələr
  • Angioprotektorlar
  • Dezaqreqantlar
  • Reoloji preparatlar
  • Antooksidantlar
  • Antikoaqulyantlar
  • İmmunostimulyatorlar
  • Venoz və limfatik drenajı yaxşılaşdırmaq

Karotid xəstəliyi - Özət və Suallar

Özət

Karotid xəstəliyi karotid arteriyanın daralması və ya tıxanması nəticəsində beyin qan dövranı pozulmasıdır. Xəstəliyin əsas səbəbləri okkluziyaedici xəstəliklər, pataloji qıvrılmalar və deformasiyalar, ekstravazal kompressiya, yuxu arteriyalarının laylanması kimi patologiyalardır. Klinik olaraq nevroloji əlamətlərlə (bir yaxud hər iki gözdə görmənin itməsi, internal kapsular iflic, hemianopia) büruzə verir. Diaqnostikasında rəngli dupleks, KT, MRT müayinələrindən istifadə olunur. Müalicəsi isə konservativ (antiaqreqantlar, statinlər, qanda qlükoza və arterial təzyiqinin optimallaşdırılması, siqareti atmaq) və cərrahi üsullarla (karotid endarterektomiya, arteriyanın protezlənməsi, ekstra-itrakranial anastomozların qoyulması, stent qoyulması) ola bilər.

Karotid xəstəliyi üzrə suallar

N.Y.Bayramov, M.M.Kərimov, Ş.Ə.Məmmədova

Suallar

Cavablar

Karotid xəstəliyi nədir?

Karotid arteriyanın daralması və tıxanması nəticəsində beyin qan dövranı pozulmasıdır.

Baş beyində işemiya törədən səbəblər hansılardır?

  • okkluziyaedici xəstəliklər;
  • patoloji qıvrılmalar və deformasiyalar;
  • ekstravazal kompressiya;
  • yuxu arteriyalarının laylanması.

Karotid xəstəliyi hansı əlamətlərlə müşayiət oluna bilər?

  • Amarozis fuqas (keçici ipsilateral görmə itirilməsi)
  • Tranzitor işemik tutma (TİT)
  • TİT simptomlarının kəskinləşməsi
  • İnsult
  • Beyin infarktı

Diaqnostikasında hansı müayinə üsullarından istifadə olunur?

  • Rəngli duppleks müayinəsi
  • Arterioqrafiya
  • KT-angioqrafiya
  • MRT - angioqrafiya

Diaqnostikasında qızıl standart hansı müayinə hesab olunur?

Arterioqrafiya

Hansı müalicə üsulları var?

  • Risk faktorlarının aradan qaldırılması
  • Konservativ
  • Cərrahi

Cərrahi müalicə üsulları hansılardır?

  • Karotid endartektomiya
  • Arteriyanın protezlənməsi
  • Ekstra-intrakranial anastomozların qoyulması
  • Stentləmə

Asimptomatik xəstələrdə karotid endarterektomiya üçün göstərişlər nələrdir?

Karotid arteriya stenozu ˃60%

Simptomatik xəstələrdə karotid endarterektomiya üçün göstərişlər nələrdir?

Karotid arteriya stenozu ˃70%

Karotid endarterektomiyadan sonra hansı ağırlaşmalar müşahidə edilə bilər?

  • Baş beyin insultu
  • Miokard infarktı
  • Yara infeksiyası
  • Qanaxma
  • Hipo-/hipertenziya
  • Tromboz
  • Kəllə sinirləri zədələnməsi

Varikoz xəstəliyi - Özət və Suallar

Özət

Varikoz venalar normal venaların genişlənməsi və qıvrılmış şəklə düşməsindən ibarətdir. Əhalinin 20-30%-ə qədəri varikoz xəstəliyindən əziyyət çəkir. Formasına görə sapşəkilli, alov dili şəklində, silindr şəkilli, forma müxtəlifliyinə görə kombinə olunmuş, pilləli, müştərək formaları vardır. Polietioloji xəstəlik olub, bir çox risk amillərinin təsirindən yaranır. Birbaşa səbəbi isə qapaq çatmazlığıdır. Əsas klinik əlamətləri ağrı, qaşınma, ağırlıq hissi, şişkinlik, ödem, qıcolmadır. Ekzema, ekskoriasiya, flebit, lipodermatoskleroz, trofiki dəyişiliklər və xoralar, qanaxma, tromboz, tromboflebit kimi fəsadlar törədə bilər. Diaqnostikasında klinik müayinə, öskürək sınağı, US Doppleroqrafiya və angioskan istifadə edilir. Müalicəsində konservativ (mikroskleroterapiya, transkutan lazeroterapiya, fotodinamik terapiya, köpük skleroterapiyası, kompression terapiya) və cərrahi üsullardan istifadə edilə bilir. Cərrahi üsullara lokal flebektomiya, safeno-femoral və yaxud safeno-popliteal birləşmənin ayrılması, böyük/kiçik dərialtı venanın xaric edilməsi, baldır nahiyəsində perforantların bağlanması, perforantların subfassial endoskopik liqaturaya alınması aiddir. Son zamanlar əsasən endovaskulyar müalicə üsullarından (endovenoz lazer ablasiyası, radiotezlikli dalğalarla ablasiya, buxarla ablasiya, mexanokimyəvi ablasiya, kimyəvi vasitələrlə obliterasiya) istifadə edilir

Varikoz xəstəliyi üzrə suallar

N.Y.Bayramov, M.M.Kərimov, Ş.Ə.Məmmədova

Suallar

Cavablar

Varikoz xəstəliyin risk faktoru nələrdir?

Yaş, irsiyyət, cins, çoxsaylı hamiləliklər, işin xarakteri və hipodinamiya

İkincili olaraq varikoz xəstəliyinin hansı səbəbləri var?

  • Çanaqdaxili təzyiqin yüksəlməsi
  • Çanaqdaxili venaların anomaliyaları
  • Çanaq orqanları üzərində cərrahi əməliyyatlar və yaxud şüa terapiyası
  • Keçirilmiş ileo-femoral tromboz

Klinik əlamətləri nələrdir?

  • Ağrı
  • Qaşınma
  • Ağırlıq hissi
  • Şişkinlik
  • Ödem
  • Qıcolma
  • günün sonunda və yaxud isti havalarda pisləşmə

Varikoz xəstəliyinin hansı fəsadları ola bilər?

  • Ekzema
  • Ekskoriasiya
  • Flebit
  • Lipodermatoskleroz
  • Trofiki dəyişiliklər və xoralar
  • Qanaxma
  • Tromboz və tromboflebitlər

Diaqnostikasında hansı müayinə üsullarından istifadə olunur?

  • Ümumi baxış
  • Funksional sınaqlar – öskürək sınağı
  • US Doppleroqrafiyası
  • Angioskan

Öskürək sınağı necə aparılır?

Pasientin vertikal vəziyyətində öskürmə aktında qanın retroqrad hərəkəti safeno-femoral və yaxud safeno-popliteal birləşmədə həkimin taktil hissiyatına əsasən təyin edilir.

Diaqnostikasında əsas məqsəd nədir?

  • Klinik diaqnozun təsdiqi
  • Endovaskulyar ablasiya və yaxud skleroterapiya metoduna göstərişi müəyyən etmək
  • Əməliyyatdan əvvəl varikoz venaları və zədələnmiş perforantları işarə etmək
  • Endovaskulyar və başqa mini-invaziv müdaxilələr zamanı, həmçinin onun icrasından sonrakı dövrdə dinamik nəzarət

Müalicə üsulları hansılardır?

  • Konservativ
  • Endovaskulyar
  • Cərrahi

Konservativ müalicə üsulları hansılardır?

  • Mikroskleroterapiya, transkutan lazeroterapiya, fotodinamik terapiya
  • Köpük skleroterapiyası (sadə, exoskleroterapiya)
  • Kompression terapiya

Cərrahi müalicə üsulları hansılardır?

  • Lokal flebektomiya (mini flebektomiya)
  • Safeno-femoral və yaxud safeno-popliteal birləşmənin ayrılması (krossektomiya)
  • Böyük/kiçik dərialtı venanın xaric edilməsi (strippinq)
  • Baldır nahiyəsində perforantların bağlanması
  • Perforantların subfassial endoskopik liqaturaya alınması

Endovaskulyar müalicə üsulları hansılardır?

  • Endovenoz lazer ablasiyası
  • Radiotezlikli dalğalarla ablasiya
  • Buxarla ablasiya
  • Mexanokimyəvi ablasiya
  • Kimyəvi vasitələrlə obliterasiya (Biolas, Vena Seal sistemləri)
 

Vaskulyar malformasiyalar - Özət və Suallar

Özət

Vaskulyar malformasiyalar birincili hemangioma və həqiqi malformasiyalar (anadangəlmə, travmatik, yatrogen) olmaqla 2 qrupa bölünür. Anadangəlmə malformasiyalar adətən doğuş zamanı aşkar olunur. Simptomlar AVM-in ölçüsündən, yeri, zədələnmiş damarın növü və qanın axın sürətindən asılıdır. Aşağı sürətli qan axını olan damarlarda damar diametri böyükdürsə kosmetik defekt yarana bilər, Venoz tromboz zamanı ağrı ön plana keçə bilir. Əksərən hərəkət etdikdə simptomlar daha da artır. Yuxarı sürətli qan axını olan malformasiyalar əsasən asimptomatikdir, venoz küy eşidilir. Lokal hiperhidratasiya, hiperemiya, xoralanma və yaxud qanaxma ilə nəticələnə bilər. Əgər ölçüsü böyük və müalicə olunmursa kardial fəsadlara səbəb ola bilir. Diaqnostikasında Rəngli dupleks müayinəsi, MRT, angioqrafiya müayinələrindən istifadə olunur. Anadangəlmə AVM adətən uşaq  böyüdükcə kiçilir. Böyüklərdə AVM-in müalicəsi fəsad yarandıqda və yaxud kosmetik göstərişlərlə icra edilir. Göstərişə görə intervension radioloji terapiya və cərrahi üsullar istifadə edilə bilər.

Vaskulyar malformasiyalar üzrə suallar

N.Y.Bayramov, M.M.Kərimov, Ş.Ə.Məmmədova

 

Suallar

Cavablar

Vaskulyar malformasiyaların hansı növləri var?

  • Birincili hemangioma
  • Həqiqi arterivenoz malformasiya (AVM)

AVM-nin hansı səbəbləri var?

  • Anadangəlmə
  • Travmatik
  • Yatrogen

Klinik əlamətləri nələrdir?

  • Asimptomatik olması
  • Kosmetik deffekt - damar diametri böyükdürsə
  • Ağrı - qəfləti tromboz zamanı

Yuxarı sürətli axın olan AVM-lər hansı fəsadlar törədə bilər?

  • Lokal hiperhidratasiya
  • Hiperemiya
  • Xoralanma
  • Qanaxma
  • Kardial fəsadlar - böyük ölçülü və müalicə olunmayan hallarda

Diaqnostika üsulları hansılardır?

  • Rəngli dupleks müayinəsi
  • MRT
  • Angioqrafiya

Müalicə üsulları hansılardır?

  • Anadangəlmə AVM-də əksərən müalicəyə ehtiyac olmur
  • Konservativ
  • Cərrahi

İntervension radioloji terapiya nədir?

perkutan olaraq gətirici damarın embolizasiyası və yaxud köpük (foam) skleroterapiyası

Postembolizasion sindromun əlamətləri nədir?

  • Halsızlıq
  • Qızdırma
  • Leykositoz
  • Hiperkaliemiya
  • 24-48 saat ərzində baş verir və sitokinlərin azalması ilə paralel olaraq yox olur

Cərrahi müalicə üsulları hansılardır?

  • Kiçik səthi AVM-də birbaşa punksiya və daxilinə sklerozant yeritmək
  • Açıq cərrahi əməliyyat - qeyri-invaziv müalicə üsulları effekt vermədikdə
 

Anevrizmalar - Özət və Suallar

Özət

Anevrizma - damar mənfəzinin lokal və yaxud diffuz şəkildə genişlənib, diametrinin 50%-dən artıq böyüməsidir. Anevrizma damar divarında olan  kollagen və elastin liflərinin normal nisbətinin patoloji şəkildə dəyişməsi ilə əlaqədar baş verir. Arterial hepertenziya, siqaret çəkmə və irsiyyət risk faktorlarıdır. Patoloji anatomik xüsusiyyətlərinə görə həqiqi (arteriya divarının bütün qatlarını əhatə edən) və yalançı (adventisiya və ətrafdakı toxumalardan ibarət), baş verdiyi damardan asılı olaraq torakal, abdominal və periferik (iliak, femoral, popliteal, karotid, visseral), formaına görə kisəvari və iyəbənzər olurlar.

Anevrizmalar əksərən asimptomatik gedişə meyllidir, lakin böyüdükdə, partladıqda və ya ətraf orqanlara açıldıqda simptom verə bilər: ağrı, səs tutulması, dispnoe, disfagiya, distal embolizasiya əlamətləri, hematuriya, ürəkbulanma və s. Diaqnostikasında klinik, laborator (qanın ümumi müayinəsi, elektrolitlər, koaqulyasiya göstəriciləri, qan qrupu) və instrumental (R-qrafiya, USM, Exo-KQ, KT/MRT, aortoqrafiya) müayinələrdən istifadə edilir. əsas müalicə üsulları cərrahidir. Anevrizmanın ölçüsündən, ağırlaşma riskindən asılı olaraq əməliyyatın növü seçilir.

Anevrizma üzrə suallar

N.Y.Bayramov, M.M.Kərimov, Ş.Ə.Məmmədova

Suallar

Cavablar

Anevrizma nədir?

Damar mənfəzinin lokal və yaxud diffuz şəkildə genişlənib, diametrinin 50%-dən artıq böyüməsidir.

Risk faktorları nələrdir?

  • Arterial hipertenziya
  • Ateroskleroz
  • Siqaret çəkmə
  • Travma
  • Marfan, Ehlers-Danlos sindromu
  • Arteriit və aortit
  • Xroniki obstruktiv ağciyər xəstəliyi
  • Kişi cinsi
  • Piylənmə
  • İrsiyyət
  • Yaş

Rastgəlmə tezliyi nə qədərdir?

Kişi qadın nisbəti 9:1 təşkil edir.

Patoloji anatomik xüsusiyyətlərinə görə hansı növləri var?

  • Həqiqi
  • Yalançı

Həqiqi anevrizma nədir?

Arteriya divarının bütün qatlarını əhatə edən dilatasiyasıdır

Psevdoanevrizma nədir?

Yalnız adventisiya və ətrafdakı toxumalardan ibarət olur

Lokalizasiyasına görə hansı növləri var?

  • torakal
  • abdominal
  • periferik

Periferik anevrizmanın hansı növləri var?

  • Iliak
  • Femoral
  • Popliteal
  • Karotid
  • Visseral

Formasına görə anevrizmanın hansı növləri var?

  • Kisəvari (psevdoanevrizma)
  • İyəbənzər (həqiqi anevrizma)

Torakal anevrizmanın lokalizasiyasına görə hansı növləri var?

  • Qalxan aorta anevrizması
  • Aorta qövsü anevrizması
  • Enən aorta anevrizması və ya torakoabdominal anevrizma

Crawford təsnifatına görə torakoabdominal aorta anevrizmasının hansı tipləri var?

 

Tip I – sol körpücükaltı arteriyadan renal arteriyaya qədər

Tip II – sol körpücükaltı arteriyadan aorta bifurkasiyasına qədər

Tip III – enən aortanın orta 1/3-dən aorta bifurkasiyasına qədər

Tip IV – diafraqma səviyyəsində aortadan aorta bifurkasiyasına renal arteriyaya və ya aota bifurkasiyasına qədər

Torakal anevrizmanın klinik əlamətləri hansılardır?

  • əksərən asimptomatik

Anevrizma böyüdükdə və ya partladıqda:

  • ağrı - döş sümüyü arxasında və boyuna yayılan, kürək sümükləri arası, epiqastral
  • Boyun venalarında gərginlik
  • Dispnoe
  • Səsin tutulması
  • Disfagiya
  • Distal embolizasiya əlamətləri
  • hemoptiz, hematemez və ya qastrointestinal qanaxma əlamətləri

Diaqnostikasında hansı müayinələrdən istifadə olunur?

  • laborator
  • instrumental

Torakal aorta anevrizmasının diaqnostikasında hansı laborator müayinələrdən istifadə olunur?

  • Qanın ümumi analizi
  • Elektrolitlər və BUN/kreatinin
  • Koaqulyasion göstəricilər – İNR, APTZ
  • Qan qrupunun təyini

Torakal aorta anevrizmasının diaqnostikasında hansı instrumental müayinələrdən istifadə olunur?

  • Toraks R-qrafiya
  • Exo-KQ
  • Aortoqrafiya
  • KT/KT-angioqrafiya
  • MRT/MR-angioqrafiya
  • İntraoperativ USM

Müalicə üsulları hansılardır?

  • Konservativ - risk faktorlarının aradan qaldırılması
  • Endovaskulyar – stent-qraft implantasiyası
  • Cərrahi – aortanın süni protezlənməsi

Cərrahi əməliyyat üçün göstərişlər nələrdir?

  • Simptomatik anevrizma
  • Qalxan aorta diametri ≥5,5 sm, enən aorta diametri ≥6.5 sm olması
  • 1 illik müşahidədə aorta diametrinin 1 sm-dən çox böyüməsi
  • Psevdoanevrizmalar
  • Böyük kisəvari anevrizma
  • Mikotik anevrizma
  • Anevrizmanın bronxu sıxması
  • Aorta koarktasiyası
  • Aortobronxial və aortoezofageal fistul
  • B tip kəskin aorta disseksiyası və partlama, distal işemiya

Abdominal aorta anevrizmasının klinik əlamətləri hansılardır?

  • əksərən asimptomatik

Anevrizma böyüdükdə, partladıqda:

  • Ağrı - kürəkdə, qarında və bəzən qasıqda
  • Qızdırma
  • “Mavi barmaq” sindromu – ayaq barmaqlarının embolizasiyası
  • Tezdoyma, ürəkbulanma, qusma
  • Kəskin axsama
  • Obstruktiv uropatiya
  • Qastrointestinal qanaxma, hematuriya
  • Şok əlamətləri

Abdominal aorta anevrizmasının diaqnostikasında hansı üsullardan istifadə edilir?

  • Klinik - göbəkətrafı nahiyədə pulsasiya edən kütlə
  • Laborator - qanın ümumi analizi, qanın biokimyəvi analizi, qan qrupu təyini
  • Görüntüləmə

Abdominal aorta anevrizmasının diaqnostikasında hansı instrumental müayinələrdən istifadə olunur?

  • USM
  • Abdominal R-qrafiya
  • KT-angioqrafiya
  • MR-angioqrafiya
  • Aortoqrafiya

Müalicə üsulları hansılardır?

  • Konservativ - risk faktorlarının aradan qaldırılması
  • Endovaskulyar – stent-qreft implantasiyası
  • Cərrahi – aortanın süni protezlənməsi

Cərrahi əməliyyat üçün göstərişlər nələrdir?

  • Simptomatik anevrizma
  • Qalxan aorta diametri ≥5 sm (qadınlarda ≥4.5 sm) olması
  • 1 illik müşahidədə aorta diametrinin 1 sm-dən çox böyüməsi
  • Kisəvari anevrizma

Aorta disseksiyası nədir?

Aorta divarının laylanması nəticəsində aorta mənfəzində yalançı mənfəzin əmələ gəlməsidir.

Klinik əlamətləri nələrdir?

  • Kəskin döş, boyun, kürəkarası və ya abdominal ağrılar – 90%
  • Bayılma
  • Serebrovaskulyar zədələnmə əlamətləri – hemianesteziya, hemiparez, hemiplegiya
  • Horner sindromu (ptoz, mioz, anhidroz)
  • Dispnoe, disfagiya
  • Hemoptiz
  • Qızdırma

Diaqnostikasında hansı üsullardan istifadə edilir?

  • Anamnez və fiziki müayinə
  • Laborator – qanın ümumi analizi, BUN/kreatinin səviyyəsi, LDH, fibrinin deqradasiya məhsulları,
  • Görüntüləmə

DeBakey təsnifatına görə hansı növləri var?

Tip I – enən aorta, aorta qövsü və qalxan aortada

Tip II – qalxan aortada

Tip III – enən aortada

Stanford təsnifatına görə hansı növləri var?

A tip – qalxan aortada

B tip – enən aortada

Diaqnostikasında istifadə olunan görüntüləmə müayinələri nələrdir?

  • Toraks R-qrafiya
  • KT
  • Exo-KQ
  • MRT
  • Aortoqrafiya

Xroniki venoz çatmazlıq - Özət və Suallar

Özət

Xroniki venoz çatmazlıq özünü topuqda ödem, varikoz, ekzema, piqmentasiya, lipodermatoskleroz, venoz trofiki xoraların yaranması, ağrı və ətrafın vəziyyətindən asılı olaraq onun artması və ya azalması, venoz axsama kimi əlamətlərlə büruzə verir. Bir çox hallarda trofiki xoralar xəstəliyin əsas əlaməti olur, xəstələrin 70% -də xoralar residiv verməyə meylli olur, 50%-də uzun müddət sağalmır. Diaqnostikada klinik müayinə, dupleks və tripleks USM və s. istifadə oluna bilir. Müalicəsi mərhələdən asılı olaraq cərrahi (dəri köçürülməsi, xoranın infeksiyadan təmizlənməsi, endovaskulyar üsullar, arterial revaskulyarizasiya) və konservativ (ətrafa qaldırılmış vəziyyət vermək, yataq rejiminə riayət etmək, çarpayının ayaq hissəsini qaldırmaq, kompression corabların istifadəsi) ola bilər.

Xroniki venoz çatmazlıq üzrə suallar

N.Y.Bayramov, M.M.Kərimov, Ş.Ə.Məmmədova

Suallar

Cavablar

Klinik əlamətləri nələrdir?

  • Ayaq / topuq ödemi;
  • Varikoz, ekzema, piqmentasiya, lipodermatoskleroz;
  • Venoz trofiki xoraların yaranması;
  • Ağrı və ətrafın vəziyyətindən asılı olaraq onun artmsı və ya azalması;
  • Venoz axsama (nadir hallarda).

Diaqnostikasında hansı müayinələrdən istifadə olunur?

Dupleks və tripleks USM

Müalicə üsulları hansılardır?

  • Konservativ
  • Endovaskulyar – lazer, radiofrekans və buxarla ablasiya, exoskleroterapiya
  • Cərrahi

Konservativ müalicə tədbirləri nələrdir?

  • Ətrafa qaldırılmış vəziyət vermək
  • Kompression corabların və sarğıların istifadəsi

Kompression corabların istifadəsinə göstərişlər nələrdir?

Sinif  I - topuq təzyiqi < 25mm c.st - profilaktik olaraq

Sinif  II - topuq təzyiqi 25-35 mm c.st - varikoz venalar və xroniki venoz çatmazlıqda

Sinif  III - topuq təzyiqi 35-45 mm c.st – xroniki venoz çatmazlıqda

Sinif IV - topuq təzyiqi 45-60 mm c.st - limfödemdə

Cərrahi müalicə üsulları nələrdir?

  • Dəri köçürülməsi
  • Xoranın infeksiyadan təmizlənməsi və qorunması
  • Arterial revaskulyarizasiya
  • Perforant venaların bağlanması
  • Valvuloplastika
  • Venanın stentlənməsi
  • Şuntlama əməliyyatları

Dərin venaların kəskin trombozu - Özət və Suallar

Özət

Dərin venaların kəskin trombozunun əsas səbəbləri  damar divarının, qan axınının və qanın tərkibinin dəyişilikləri ilə bağlıdır: venanın sıxılması, anadangəlmə və qazanılma hiperkoaqulyasion vəziyyətlər. Klinik olaraq bəzən asimptomatik olsalar da, lokal venoz durğunluq əlamətləri (ödem, ağrı, qızartı, şişkinlik), iltihab əlamətləri (subfebril temperatur, taxikardiya), Homan əlaməti ilə büruzə verə bilir. Əsas olaraq ağciyər arteriyası tromboemboliyası, venoz qanqrena kimi fəsadlar verə bilər. Diaqnostikasında dupleks USM, ağciyərin ventilyasion perfuzion skaneri, ağciyərin KT angioqrafiyası, qalxan fleboqrafiya istifadə olunur. Müalicə məqsədilə konservativ (ciddi yataq rejimi, antikoaqulyant və komperssion terapiya) və cərrahi (tromboektomiya, kava-filtr implantasiyası, magistral venaların bağlanması, regionar trombolitik terapiya) üsullar istifadə edilə bilər.

 

Dərin venaların kəskin trombozu üzrə suallar

N.Y.Bayramov, M.M.Kərimov, Ş.Ə.Məmmədova

Suallar

Cavablar

Səbəbləri nələrdir?

  • Venanın sıxılması və yaxud qan durğunluğu
  • Anadangəlmə hiperkoaqulyasion vəziyyətlər
  • Qazanılmış hiperkoaqulyasion hallar

Proqnozu nədir?

Venoz qanqrena, ağciyər arteriyasının tromboemboliyası ilə nəticələnə bilir

Klinik əlamətləri nələrdir?

  • Asimptomatik
  • Lokal venoz durğunluğun əlamətləri:
    • ətrafın şişməsi (ödem);
    • ağrı;
    • qızartı və istilik.
  • Bəzən subfebrilitet və taxikardiya
  • Homan əlaməti

Homan əlaməti nədir?

Pəncəni arxaya bükdükdə baldırda ağrının yaranması və yaxud palpasiya zamanı baldırın ağrılı olması

Diaqnostikasında hansı müayinələrdən istifadə olunur?

  • Dupleks USM – baldırın dərin vena trombozlarında az həssasdır
  • Ağciyərin ventilyasin-perfuzion skaneri – pulmonar embolizmin təyini
  • Ağciyər KT-angioqrafiyası
  • Qalxan fleboqrafiya

Müalicə üsulları hansılardır?

  • Konservativ
  • Cərrahi

Konservativ müalicə tədbirləri nələrdir?

  • Ciddi yataq rejimi – trombun foltasiyası inkar edilənə qədər
  • Antikoaqulyant terapiya
  • Kompression terapiya
  • Rehidratasiya

Cərrahi müalicə üsulları nələrdir?

  • Cərrahi trombektomiya
  • Aşağı boş venaya infrarenal kava-filtr implantasiyası
  • Magistral venaların bağlanması
  • Radikal tromboektomiya və regionar trombolitik terapiya

Kava-filtr implantasiyasına göstərişlər hansılardır?

  • iliofemoral və ya iliokaval flotasiya edən tromb (cərrahi əməliyyata əks göstəriş olduqda)
  • müalicə aparılmasına baxmayaraq  ağciyər arteriyasının təkrar tromboemboliyası
  • ağciyər arteriyası kötüyünün emboliyası
  • yüksək DVT riski və təcili cərrahi əməliyyata göstərişlər

Kava-filtr implantasiyasının  fəsadları nələrdir?

  • Aşağı boş vena okkluziyası
  • Renal venaların okkluziyası
  • Filtrin trombozu

Diaqnostikada hansı müayinələrdən istifadə edilir?

  • Rəngli Doppler müayinəsi
  • Angioqrafiya
  • MRT

Müalicə üsulları hansılardır?

  • Revaskulyarizasiya – ilk seçim
  • Endovaskulyar müalicə
  • Cərrahi müalicə
    • Femoro-distal şuntlama
    • Amputasiya

Periferik damar xəstəliyi - Özət və Suallar

Özət

Periferik damar xəstəliyi ətrafların işemiyası nəticəsində toxuma perfuziyasının pozulması və tədricən ətrafın funksiyasının itirilməsi halıdır. PDX-nin əsas səbəbi aterosklerozdur. Klinik olaraq özünü 5P əlaməti ilə büruzə verir: ağrı (pain), solğunluq (pallor), nəbzin olmaması (pulselessness), paraesteziya (paraesthesia), iflic (paralysis). Diaqnostikada klinik olaraq ətrafda nəbzin qiymətləndirilməsi, dərinin qiymətləndirilməsi, topuq-bazu indeksinin ölçülməsi, ətrafın avazımasının təxmini dəyərləndirilməsi aparılmalıdır. Laborator olaraq qanın ümumi analizi, lipid profili, koaqulyasiya göstəriciləri yoxlanılmalıdır. İstrumental müayinələrdən Doppler USM, arterioqrafiya, MR-angioqrafiya, KT-agioqrafiya müayinələrindən istifadə olunur. Müalicəsi ilkin mərhələlərdə konservativ, irəli mərhələlərdə cərrahi olaraq aparılır. Konservativ məqsədlə risk faktorlarının aradan qaldırılması və antitrombositar, antikoaqulyant dərmanlardan istifadə olunur. Cərrahi üsullardan isə xəstəliyin mərhələsindən asılı olaraq embolektomiya, şuntlama əməliyyatları və amputasiya icra edilə bilər.

Aşağı ətrafların işemiyası qan təchizatının pisləşməsi, bununla əlaqədar toxumaya daxil olan oksigenin azalması səbəbindən inkişaf edən hipoksiyanın törətdiyi pozğunluqların toplusudur, kəskin və xroniki ola bilir.

Kəskin arterial keçməzlik patoloji hal olub, magistral qan dövranının qəflətən pozulması və bunun nəticəsində ətrafda kəskin işemiyanın inkişaf etməsidir. Kəskin arterial keçməzliyin əsas səbəbləri tromboz və emboliyadır. Kəskin arterial tromboz üçün fasiləli axsamanın olması, damar stenozu, emboliya mənbəyinin bəlli olmaması və kontrlateral ətrafda nəbzin zəifləməsi xarakterikdir. Emboliya üçün isə daha öncə axsamanın olmaması, çox sürətli klinik gediş və damarın tam tutulmaması, aritmiyalar, qulaqcıq fibrilyasiyası xarakterikdir. Diaqnostikasında işemiyanın səbəbini, ətrafın yaşama qabiliyyətini, baş vermiş üzvi və funksional, həmçinin geridönməz dəyişiklikləri qiymətləndirmək vacibdir. Müalicə tədbirlərinə təcili tədbirlər, ilk yardım tədbiləri və yekun tədbirlərdən ibarətdir.

Aşağı ətrafda xroniki işemiyanın əsas səbəbi aterosklerozdur. Xroniki işemiyanın klinik əlamətlərinin büruzə verməsinə görə 4 mərhələsi  var: asimptomatik, fasiləli axsama, sakitlik ağrıları, xora/qanqrena. Son 2 mərhələ ətrafın kritik işemiyası hesab olunur. Ətrafların kritik işemiyası 2 həftədən artıq davam edən və analgetiklərə tabe olmayan sakitlik ağrısı, arterial təzyiq topuqda 50 mm.c.st.- dan az olması (şəkərli diabetli xəstələrdə 30 mm.c.st.-dan az), toxuma nekrozu, qanqrena və yaxud trofiki xora inkişafı lilə xarakterizə olunur. Diaqnostikasında klinik müayinə, angioqrafiya, MR/KT angioqrafiya mühüm əhəmiyyət kəsb edir. Müalicə məqsədilə ilk öncə risk faktorları korreksiya edilməlidir. Daha sonra göstərişə görə endovaskulyar müalicə (angioplastika və ya stentin qoyulması), cərrahi üsullar (aorta-bifemoral, femoro-femoral, femoro-popliteal şuntlama, endarterektomiya, amputasiya) istifadə edilə bilər.

 

Periferik damar xəstəliyi üzrə suallar

N.Y.Bayramov, M.Kərimov, Ş.Ə.Məmmədova

Suallar

Cavablar

Periferik damar xəstəliyi nədir?

İşemiya nəticəsində toxuma perfuziyasının pozulması və tədricən ətrafın funksiyasının itirilməsi halıdır

Əsas səbəbləri nələrdir?

  • Ateroskleroz - ən çox rast gələn səbəbi
  • Flebit
  • Autoimmun xəstəliklər – vaskulitlər və s. 
  • Zədələnmə və ya əməliyyat
  • Koaqulopatiya

Risk faktorları nələrdir?

  • Şəkərli diabet
  • Hiperlipidemiya
  • Siqaretçəkmə
  • Qan qatılığının artması

Klinik əlamətləri hansılardır?

  • Fasiləli axsamanın olması
  • Işemik istirahət ağrıları
  • Erektil disfunksiya

5P əlaməti nədir?

  • ağrı (pain)
  • solğunluq (pallor)
  • nəbzin olmaması (pulselessness)
  • paresteziya (paraesthesia)
  • iflic (paralysis)

Diaqnostikada hansı müayinələrdən istifadə olunur?

  • Obyektiv – dərinin və nəbzin qiymətləndirilməsi
  • Laborator – qanın ümumi və biokimyəvi (elektrolit, kreatinin, lipidlər, D-dimer) müayinələri
  • İnstrumental (USM, arterioqrafiya, KT, MRT)

Allen testi ilə hansı arteriyaları qiymətləndirmək mümkündür?

radial və ulnar arteriyaları

Allen testi necə aparılır?

Biləkdə radial və ulnar arteriyaları sıxaraq xəstəyə əlini bir neçə dəfə açıb-bükməsi təklif olunur. Bu zaman əlin rəngi avazıyır. Sıra ilə arteriyalardan birini sərbəstləşdirərək əlin qanlanmasına baxılır.

Topuq-bazu indeksi necə hesablanır?

Topuq sistolik təzyiqinin bazu arterial təzyiqinə nisbətidir

Topuq-bazu indeksinin normal, fasiləli axsama zamanı və sakitlik ağrıları zamanı göstəriciləri necədir?

Normal  ≥ 1.0

Fasiləli axsama ˂0.6

Sakitlik ağrısı ˂0.4

Kimlərdə bu göstərici düzgün olmaya bilər?

Kalsifikasiyalaşmış arteriyası (xüsusilə diabet zamanı) olan şəxslərdə

Müalicə üsulları hansılardır?

  • Konservativ (risk faktorlarının aradan qaldırılması, antikoaqulyant)
  • Cərrahi

Cərrahi müalicəyə mütləq əks göstərişlər nələrdir?

Pasientin aqonal və ya çox ağır ümumi vəziyyəti

Cərrahi müalicəyə nisbi əks göstərişlər nələrdir?

Ağır yanaşı xəstəlikləri – miokardın kəskin infarktı, qeyri-operabel bədxassəli şişlərlə olan pasientlərin yüngül formalı və həyat üçün təhlükəsiz işemiyaları

Cərrahi müalicə üsulları nələrdir?

  • Embolektomiya
  • Şuntlama
  • Amputasiya

Embolektomiyanın hansı növləri var?

  • Birbaşa – embolin üzərindən kəsik edib onun mexaniki olaraq xaric edilməsi
  • Dolayısı ilə - distal və yaxud proksimal olaraq arteriotomiya edib xüsusi Foqarti kateteri ilə embolektomiya

Foqarti kateteri necə istifadə edilir?

Kateter embolu keçənə qədər irəlilədilir,  fizioloji məhlulla kateterin balonu doldurulur və kateter embolla birlikdə geriyə çəkilir

Uzunmüddətli kəskin işemiyada postoperativ dövrdə ətrafın reperfuziyasından sonra hansı ağırlaşmalar müşahidə oluna bilər?

  • Kompartment sindromu
  • Hiperkaliemiya
  • Mioqlobinuriya ilə əlaqədar böyrək çatmazlığı
  • Miokard infarktı

Kompartment sindromu nədir?

Aşağı ətraf (baldır) əzələləri fassiyalarla kompartmentlərə ayılıb. Reperfuziyadan sonra toxumada şişkinlik yaranır və nəticədə kompartmentdaxili təzyiq artır. Bu isə kapilyarlarda axın sürətinin azalmasına, işemiyaya və mionekroza səbəb olur. Mionekroz intrakompartment təzyiq 30 mm Hg süt.-a çatdıqda baş verir.

Kompartment sindromunun əsas əlamətləri nədir?

  • Ağrı – xüsusilə ətrafın passiv hərəkətindən sonra
  • İflic (paralysis)
  • Paresteziya
  • Ətrafın avazıması
  • Əksərən nəbz təyin olunur

Diaqnozu hansı müayinələrə əsasə qoyulur?

  • Anamnez
  • Kompartmentdaxili təzyiqin ölçülməsi

Müalicə üsulları hansılardır?

bilateral fassiotomiya

Kəskin arterial keçməzliyin əsas səbəbləri hansılardır?

Tromboz və emboliya

Kəskin trombozun rastgəlmə tezliyi nə qədərdir?

Kəskin arterial  işemiyaların 60%-ni təşkil edir

Trombozun yaranmasına şərait yaradan faktorlar hansılardır?

  • Dehidratasiya
  • Hipotenziya
  • Maliqnizasiya
  • Polisitemiya
  • Anadangəlmə protrombotik hallar

Klinik xüsusiyyətləri hansılardır?

  • Fasiləli axsamanın olması;
  • Damarın stenozu və yaxud natamam okklüziyası;
  • Emboliya mənbəyinin bəlli olmaması;
  • Kontr lateral ətrafada nəbzin zəif olması və yaxud olmaması.

Emboliya nədir?

Arterial damar mənfəzinin hər hansı maddi substratla tutulması  və kəskin işemiyanın yaranmasıdır.

Embolun forma müxtəlifliyinə görə təsnifatı?

  • kombinə olunmuş forma - iki və daha artıq ətrafın damarlarının eyni vaxtda zədələnməsi;
  • pilləli forma - eyni ətraf arteriyasının müxtəlif səviyyələrdə bir neçə embolla tutulması;
  • müştərək forma - ətraf damarları ilə birlikdə visseral və yaxud serebral arteriyaların eyni vaxtda zədələnməsi;

Emboliyanın əsas xüsusiyyətləri hansılardır?

  • Daha öncə axsamanın olmaması;
  • Çox sürətli kliniki gedişi və damarın tam tutulması;
  • Aritmiyalar, xüsusilə də qulaqcıqların fibrilyasiyası;

Ən çox embollar arteriyanın hansı nahiyəsində baş verir?

Bifurkasiya nahiyəsində - damar diametrinin qəflətən kiçildiyi yerdə

Ətrafların kəskin işemiyasının hansı dərəcələri var?

I dərəcə - sakitlik və ya kiçik fiziki iş zamanı ağrı, paresteziya, yorğunluq

II dərəcə - hərəki pozğunluqların yaranması

  • IIa - ətrafın parezi
  • IIb - ətrafın iflici
  • IIc - subfassial ödemin yaranması

III dərəcə - dərin işemik zədələnmələr

  • IIIa - ətrafda məhdud, distal kontraktura
  • IIIb - ətrafın total kontrakturası

Kəskin işemiyanın fəsadları hansılardır?

  • Ətrafın xroniki işemiyası
  • Postişemik sindrom
  • Ətrafın qanqrenası
  • Venoz tromboz, ağ ciyər arteriyasının trombemboliyası
  • Böyrək çatmazlığı
  • Ölüm halları
  • Ətrafın itirilməsi

Diaqnostikası hansı mərhələlərdən ibarətdir?

  • Səbəbin müəyyən edilməsi
  • Ətrafın yaşama qabiliyyətinin dəyərləndirilməsi;
  • Tam üzvi və ya funksional  dəyişiliklərin və onların dərəcəsinin qiymətləndirilməsi;

Diaqnostikada hansı müayinələrdən istifadə olunur?

  • Arterioqrafiya
  • EKQ (miokard infarktı, AF)
  • Exo-KQ
  • Döş qəfəsi Rentgenoqraiyası
  • Qanın ümumi analizi, koaquloqramma, qanda troponin və qlükozanın təyini;

Təcili tədbirlər nələrdir?

  • Təcili hospitalizasiya və oksigenlə nəfəsalma;
  • Dehidratasiya olduqda kristalloidlərin köçürülməsi (1000 ml);
  • Adekvat analgeziyanın təmin edilməsi;
  • İlkin müayinələrin edilməsi;
  • Pasientin ixtisaslaşmış tibb müəssisəsinə çatdırılması.

İlk yardım tədbirləri hansılardır?

  • 5000 vahid heparin i/v bolyusla
  • 1000 vahid/saat ilə davam etmək (4-6 saatdan bir APTZ yoxlamaq – 2-2,5 arasında  saxlamağa çalışmaq)

Aşağı molekullu heparinlərin üstünlükləri nələrdir?

  • daha effektli və qanaxma təhlükəsinin minimum olması
  • gündə 1 dəfə istifadə
  • koaquloqrammaya daimi nəzarətə ehtiyacın olmaması

Heparinoterapiyaya əsas əks göstərişlər hansılardır?

aortanın disseksiyası (laylanması), müxtəlif travmalar, xüsusilə də kəllə-beyin zədələnmələri

Yekun tədbirlər hansılardır?

Geridönməz dəyişiliklər – xilas edilməsi mümkün olmayan ətraf - amputasiya

Tam dəyişiliklər – ciddi təhlükə altında olan ətraf - trombolizis, angioplastika, embolektomiya və yaxud  təcili rekonstruktiv cərrahi əməliyyat (şuntlama)

Natamam dəyişiliklər – xilas edilməsi mümkün olan ətraf - residivin qarşısını almaq, həmçinin angioqrafiya, cərrahi əməliyyatın icrası üçün heparinizasiya

Xroniki işemiyanın hansı mərhələləri var?

I mərhələ  - Asimptomatik

II mərhələ - Fasiləli axsama

III mərhələ - Sakitlik ağrıları

IV mərhələ - Xora/Qanqrena

Fasiləli axsama nədir?

Xüsusi məsafə qət etdikdən sonra aşağı ətraflarda, əsasən baldır əzələlərində ağrı, krampın yaranması və müəyyən müddət keçdikdən sonra əlamətlərin itməsidir.

Fasiləli axsamanın rastgəlmə tezliyi nə qədərdir?

50 yaşdan yuxarı kişilərin 50%-də rast gəlinir

Proqnozu nədir?

Xəstələrin 1/3-də sağalma baş verir, 1/3-də stabil qalır, qalan 1/3-də isə pisləşmə qeyd edilir. 4% hallarda cərrahi müdaxilə tələb olunur, 1%-də amputasiyaya ehtiyac yaranır

Risk amillər hansılardır?

  • Hipertenziya
  • Hiperlipidemiya
  • Şəkərli diabet
  • Siqaret çəkmə

Irsi meyillilik

Diaqnoz hansı müayinələrə əsasən qoyulur?

  • Klinik müayinə
  • Plazmada qlükoza, xolesterin təyini
  • angioqrafiya, KT angioqrafiya və yaxud MR angioqrafiya – ağırlaşmış formalarda
  • abdominal USM – aota anevrizmasında

Müalicə üsulları hansılardır?

  • Risk faktorlarının aradan qaldırılması
  • Konservativ (aspirin, trental)
  • Endovaskulyar müalicə - angioplastika və ya stent qoyulması
  • Cərrahi əməliyyat

Fasiləli axsamanın konservativ müalicə sxemini necə yadda saxlamaq olar?

PACE – addımlamaq

  • Pentoksifillin
  • Aspirin
  • Cessation of smoking – siqareti tərgitmə
  • Exercise – idman

Ətrafların kritik işemiyası nədir?

Ətrafların xronik işemiyasının III və IV mərhələsi

Diaqnozu hansı göstəricilərə əsasən qoyulur?

  • Sakitlik ağrısı 2 həftədən artıq davam etdikdə və sadə analgetiklərə tabe olmadıqda;
  • Doppler ilə təyin olunan arterial təzyiq topuqda 50 mm.c.st.-dan az olduqda (şəkərli diabetli xəstələrdə 30 mm.c.st.-dan az);

Toxuma nekrozu, qanqrena və yaxud trofiki xora inkişaf etdikdə

Sakitlik ağrısı nədir?

  1. Gecələr və ətrafın yuxarı qaldırılmış vəziyyətində artan, ətrafı aşağı saldıqda azalan aşağı ətraf ağrıları

Diaqnostika hansı müayinələrdən istifadə edilir?

  • Rəngli Doppler müayinəsi
  • Angioqrafiya
  • MRT

Müalicə üsulları hansılardır?

  • Revaskulyarizasiya – ilk seçim
  • Endovaskulyar müalicə
  • Cərrahi müalicə

»   Femoro-distal şuntlama

  1. Amputasiya

Cərrahi müalicəyə göstəriş nədir?

  • Ağrıların həyat keyfiyyətinə ciddi mənfi təsiri
  • Toxuma nekrozu
  • Infeksiyanın qoşulması

Leriche (Leriş) sindromu nədir?

  1. Aortanın distalının aterosklerotik okkluziyası

Klinik əlamətləri nələrdir?

  • Axsama
  • Impotensiya (erektil disfunksiya)
  • Ayaq əzələlərində atrofiya

Quru qanqrena nədir?

  • Toxumaların infeksiya qoşulmamış nekrozudur

Yaş qanqrena nədir?

  • Nekrozlaşmış toxumanın infeksiyalaşmasıdır

Mavi barmaq sindromu nədir?

  • Proksimal arterial plak ilə mikroemboliya nəticəsində barmaqda (əl/ayaq) ağrı və sianozun yaranmasıdır