Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Nazik bağırsaq xəstəlikləri - Özətlər və Suallar

Nazik bağırsağın digər xəstəlikləri - Suallar

Nazik bağırsağın qaz sistləri üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, F.Qəhrəmanova

 

Suallar

Cavablar

Nazik bağırsağın qaz sistləri nədir?

NB-ın divarında qazla dolu sistlərin formalaşması

Hansı klinik formaları var?

Kəskin və xroniki

Səbəbi  və ya risk faktorları hansılardır?

Bağırsağın iltihab xəstəlikləri, infeksion enterokolitlər, steroid müalicə, birləşdirici toxuma xəstəlikləri, bağırsaq keçməzliyi, divertikullar, xronik ağciyər xəstəlikləri, leykemiya, limfoma, immunsupressiya, QİÇS, transplantasiya

Patogenezi nədən ibarətdir?

Bağırsaqda çoxlu miqdarda hidrogen qazının toplanması

Klinik əlamətləri hansılardır?

Asimptomatik, bəzən qeyri-spesifik əlamətlər olur.

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

KT

Görüntüləmə əlamətləri hansılardır?

Bağırsağın divarında qaz sistinin görünməsi

Müalicə üsulları hansılardır?

Konservativ (antibiotikoterapiya, disbakteriozun müalicəsi, oksigenoterapiya) və cərrahi

Əməliyyata göstərişlər hansılardır?

Fulminant pnevmatoz

Əməliyyat üsulları hansılardır?

Rezeksiya

Proqnozu necədir?

 

Xəstəliyin ən xaraketrik özəlliyini bir cümlə ilə necə ifadə edərsiniz?

Mənfəzdə hidrogen toplanması

Nazik bağırsağın fistulları - Özət və Suallar

Özət

Fistul – iki epitelial səth arasında yaranmış patoloji əlaqədir. Fistullar adətən bağırsaq əməliyyatlarının, zədələnmələrinin və xəstəliklərinin ağırlaşmaları kimi əmələ gəlir. Nazik bağırsağın fistullarının əksəriyyəti spontan bağlanır, bir qisimi isə su-elektrolit mübadiləsinin pozğunluqları, malnutrisiya, sepsis, abses, dəri dəyişiklikləri (dermatit, hiperpiqmentasiya və s.) ilə ağırlaşır, hətta letallığa səbəb olur. Fistulun gedişi ölçüsü, lokalizasiyası və dərəcəsindən asılı olaraq dəyişir.  Diaqnostika  üçün  boyayıcı  maddələr,  kontrastlı  rentgenoloji müayinələr, KT,  endoskopiya aparılır. Müalicə ikimərhələlidir, birinci mərhələdə konservativ tədbirlərlə ağırlaşmaların profilaktikası və müalicəsi, ikinci mərhlədə isə fistulu aradan qaldırmaq üçün cərrahi, endoskopik tədbirlər həyata keçirilir. 

 

Fistullar üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, F.A.Qəhrəmanova

 

Fistul nədir?

İki boşluqlu orqan və ya boşluqlu orqanla  xarici mühit (exterior) arasında anormal əlaqədir (iki epitelial təbəqə arasında əlaqə).

Fistul ilə stoma arasında fərq nədir?

Stoma tibbi göstərişə görə (müalicə və ya diaqnostika məqsədli) yaradılır, fistullar isə patologiya nəticəsində formalaşır.

 

Enterokutaneal fistullar

Enterokutaneal fistullar nədir?

Qastrointestinal traktla dəri arasında yaranan fistul traktı

Fistulların əmələ gəlmə səbəbləri hansılardır?

Anastomoz buraxması, travma, Crohn xəstəliyi, abses, divertikulit

Fistulların diaqnostikada hansı müayinələr aparılır?

  1. KT - iltihab prosesinin və absesin inkarı üçün
  2. Fistuloqrafiya

Fistulların hansı  ağırlaşmaları olur?

Çox ifrazlı fistullarda malnutrisiya, dəri zədələnmələri olur

Fistulların müalicəsi nece aparılır?

Oral qidalanmanın dayandırılması, parenteral qidalandırma, səbəbin aradan qaldırılması.

Müalicənin nəticələri necədir?

Fistulların təxminən yarısı öz-özünə və ya müalicə hesabına bağlanır, yarısı isə cərrahi əməliyyat, (rezeksiya, stent qoyulması) göstərişdir.

Entero-kutaneal fistullardan hansı daha tez bağlanır: qısa yoxsa, uzun fistullar?

Uzun fistullar daha tez bağlanır.

Entero-kutaneal fistullarda letallıq nə qədərdir?

20%-ə qədər

 

Kolon fistullari

Kolon fistullarının hansı növləri var?

Kolovezikal, kolo-kutaneal, kolovaginal, kolo-enterik

Ən çox rast gələn səbəblər hansılardır?

 

Divertikulitlər (ən çox əmələ gəlmə səbəbi), bağırsağın iltihabi xəstəliyi (BİX), yad cisim, radiasiya, kanser

Ən çox rast gələn növü?

Kolo-vezikal fistullar: Sidik yollarının iltihabı şəklində təzahür edir, digər əlamətlər pneumaturiya, dizuriya, fekaluriya rast gəlir.

Diaqnoz necə qoyulur?

Bariumla imalə, sistoskopiya, fistuloqrafiya

Müalicə necədir?

Cərrahi: kolon rezeksiyası və ilkin anastamoz, prosesə cəlb olunan orqanın təmiri və ya rezeksiyası, bəzi hallarda müvəqqəti kolostom da qoyulur.

Xolesisto enterik fistul nədir?

bağırsağın digər ilgəkləri arasında Öd kisəsi ilə onikibarmaq və ya nazik iri daşların eroziyası nəticəsində yaranan patoloji əlaqədir, bəzən öd daşının ileosekal keçiddə pərçimlənməsi nəticəsində nazik bağırsaq obstruksiyası baş verir.

Qastro-kolik fistulların ən çox rast gələn səbəbləri hansılardır?

Penetrasiya edən xoralar, mədə və ya kolon adenokarsinomu, Crohn xəstəliyi

Qastro-kolik fistulların hansı ağırlaşmaları var?

Malnutrisiya və ağır enteritlər (yoğun bağırsaq möhtəviyyatının mədəyə reflüksu nəticəsində bakteriyaların inkişafı)

 

 

Pankreatiko-enterik fistul

Pankreatik- enterik fistul nədir?

Pankreatit axarla əlaqəli psevdosistin qonşu orqanlara açılması (nadir hallarda spontan baş verir. Əksər xəstələrdə psevdosistin müalicəsi üçün cərrahi və ya endoskopik yolla yaradılır)

 

Xarici pankreatik fistullar

Xarici pankreatik fistullar nədir?

Pankreato-kutaneous fistuladır - pankreasın axacaq sistemi ilə dəri arasında əlaqədir.

Xarici pankreatik fistullar səbəbi nədir?

Pankreatitdə, psevdosistlərdə, travmalarda və mədəaltı vəzi əməliyyatlarından sonra adətən drenaj boyunca və ya yara xətti üzrə əmələ gəlir.

Xarici pankreatik fistullar müalicəsi necədir?

Oral qidalanmanın kəsilməsi, parenteral qidalandırma, dəri qoruyucu və oktreotid.

“Refrakter” pankreatik fistul nədir?

Konservativ müalicəyə tabe olmayan pankretokutanoz fistullar.

“Refrakter” pankreatik fistullarda hansı müayinə vacibdir?

ERXPQ (pankreatit axarın fistul traktının hansı hissəsi ilə əlaqəli olduğunu dəqiqələşdirməsi üçün)

Pankreasın quyruğu ilə əlaqəli refrakter fistullar necə müalicə edilir?

Pankreasın quyruğunun fistula birgə rezeksiyası

Pankreasın başı ilə əlaqəli refrakter fistulu müalicəsi necədir?

Pankreatoyeyunostomiya

 

Sidik kisəsi fistullari

Sidik kisəsi fistullari hansı daxili növləri var?

  1. Veziko-enterik (50%) – adətən sigmoid divertikul nəticəsində əmələ gəlir, pneumaturiya, fekaluriya ilə büruzə verir.
  2. Veziko-vaginal (daha çox ginekoloji müayinələrdən və əməliyyatlardan sonra ikincili əmələ gəlir), vaginadan sidik gəlməsi ilə təzahür edir.

Nazik bağırsaq törəmələri - Özət və Suallar

Özət

Nazik bağırsaq toxumasından inkişaf edən birincili və ya metastaz nəticəsində əmələ gələn neoplastik törəmələrdir. Xoşxassəli törəmələr arasında ən çox adenom, leyomiom, lipom və fibromlar, birincili bədxassəli törəmələri arasında ən çox adenokarsinom, karsinoid, QİST törəmələr və limfomlar rast gəlir. Xoşxassəli kiçik törəmələrin əksəriyyəti asimptomatik, böyük və bədxassəli törəmələrin isə əksəriyyəti simptomatik olur, keçməzlik, qanaxma, ağrılar, perforasiya əlamətləri ilə büruzə verilər. Törəmələrin diaqnostikasında KT, MRT, endoskopiya tətbiq edilir, bəzən laparotomiya və laparoskopiyaya ehtiyac yaranır. Törəmənin növünü biopsiya ilə dəqiqləşdirmək mümkün olur. Asimptomatik lipomlar istisna olmaqla bütün törəmələrin çıxarılması tövsiyə edilir.

 

 

Nazik bağırsaq törəmələri üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, F.A.Qəhrəmanova

 

Nazik bağırsağın hansı xoşxassəli törəmələri var?

Leyomiom, lipom, limfangiom, fibrom, adenom, hemangiom

Nazik bağırsağın ən çox rast gələn xoşxassəli törəməsi hansıdır?

Leyomiom

Nazik bağırsağın ən çox rast gələn bədxassəli törəməsi hansıdır?

Adenokarsinom

Nazik bağırsağın bədxassəli törəmələri hansılardır?

  • adenokarsinom(33-50%)
  • karsinoid (25-44%)
  • limfom (20%)
  • stromal (17%)
  • lipom (8%)

Nazik bağırsağa hansı bədxassəli törəmə metastaz verir?

Melanom

Bağırsağın hansı törəməsinin diaqnozunu görüntüləmə üsulu ilə dəqiqləşdirmək olar?

Lipom

Nazik bağırsaq törəmələrinin ən çox rast gələn əlaməti hansıdır?

Ağrılar

Nazik bağırsaq törəmələrini bir-birindən hansı metodla fərqləndirmək olar?

Yalnız biopsiya ilə

Nazik bağırsağın bədxassəli törəmələri üçün risk amilləri hansılardır?

Adenomlar, kolon kanseri,crohn xəstəliyi

Nazik bağırsaq adenokarsinomları ən çox harada yerləşir?

Onikibarmaq bağırsaqda

Mədə-bağırsağın digər hissələri ilə müqayisədə nazik bağırsaqda bədxassəli törəmələrin az rast gəlməsini necə izah etmək olar?

Səbəbi dəqiq bilinmir. Lakin kanserogen maddələrlə qısamüddətli təmas, durulaşma, qoruyucu mexanzmlər (limfatik follikullar, İgA, regenerasiya tənzimləyiciləri) barədə mülahizələr var.

Nə üçün asimptomatik xoşxassəli nazik bağırsaq törəmələrini  çıxarmaq tövsiyə olunur?

Adenomlar kanser üçün risk amilidir, lipom istisna olmaqla əksər xoşxassəli  törəmələri bədxassəli töəmələrdən görüntüləmə ilə fərqləndirmək çətindir (məsələn leyomiomları QİST-lərdən fərqləndirmək mümkün olmur).

Qastrointestinal stromal törəmələr hansı hüceyrələrdən inkişaf edir?

Bağırsağın mioneyronal peysmeker hüceyrələrindən

QİST-lər ən çox harada yerləşir?

Mədə və nazik bağırsaqda

QİST-ləri standart biopsiya ilə hansı törəmələrdən fərqləndirmək olmur?

Leyomiomlardan

QİST-lərin diaqnozu necə dəqiqləşdirilir?

İmmunositokimyada CD117 antigeninin tapılması və ya C-KIT gen mutasiyasının təyini ilə

CD117 antigeni nədir?

CD117 antigeni c-kit proto-onkogenin məhsulu olan tirozinkinaza reseptorunun bir hissəsidir.

Tirozin kinaza reseptorunun rolu nədən ibarətdir və hansı klinik əhəmiyyəti var?

Tirozin kinaza reseptoru şişin böyüməsində və angiogenezdə mühüm rol oynayır.

Nə üçün QİST-lər qanaxmaya çox, obstruksiyaya azmeylli törəmələrdir?

Çünki QİST-lə damarlarla zəngin törəmələrdir və adətən ekstraluminal böyüyürlər.

 

 

Karsinoid şişlər

 

Karsinoid şiş nədir?

Neyroendokrin hüceyrələrdən inkişaf edən törəmələrdir (APUDoma, əsasən serotonin sekresiya edən tumor).

 Nə üçün “karsinoid” adlandırılır?

“oid” suffiksi “bənzər” mənası daşıyır. Karsinoidlər karsinoma bənzəyir, amma klinik və histoloji olaraq özünü Gİ karsinomlarından daha aqressiv aparır.

Rastgəlmə tezliyi nə qədərdir?

Törəmələr arasında 0.2-1% və bütün nazik bağırsaq törəmlərinin 25%-ni təşkil edir.

Daha çox harada yerləşir?

  1. Appendiks
  2. İleum
  3. Rektum
  4. Bronxlar

Digərləri: yeyunum, mədə, duodenum, kolon, yumurtalıqlar, xayalar, pankreas, timus

Hansı simptomları və əlamətləri var?

Lokalozasiyadan asılıdır: əksəriyyəti asimptomatikdir.  Simptomatik törəmələr bağırsaq keçməzliyi, qarın ağrıları, qanaxma, çəki itirilməsi, diaforosis, pellaqra dəri dəyişikliyi, invaginasiya, karsinoid sindrom, fitşəkilli küylərlə büruzə verə bilir.

Pellaqrayabənzər sindrom nədir?

 3”D”- kompleksi:

  • Dermatit
  • Diareya
  • Demensiya

Karsinoid sindrom nədir?

Karsinoid sindrom - karsinoid törəmələrin sintez ifraz etdiyi maddələrin yaratdığı simptomokompleksdir.

Karsinoid sindromunun simptomları hansılardır?

  • Bronxospazm
  • Üz dərisinin qızarması
  • Diareya
  • Sağtərəfli ürək çatmazlığı

üçün soltərəfli yox, sağtərəfli ürək çatmazlığı inkişaf edir?

Karsinoid törəmələrin sintez etdiyi maddələr venoz yolla birbaşa sağ ürək qapaqlarında iltihab və fibroz törədirlər.

Karsinoid törəmə olan xəstələrin neçə faizində karsinoid sindrom inkişaf edir?

30% - qədəri

Törəmədən sintez olunan hansı maddə  karsinoid sindroma səbəb olur?

Serotonin və vazoaktiv peptidlər

Karsinoid sindromun konservativ müalicəsi necədir?

Venadaxili oktreotid

Diareyanın konservativ müalicəsi nədir?

Odansetron (Zofran), serotonin antoqonisti

Qaraciyər karsinoid sindromunun qarşısını necə alır?

Törəmənin venoz qanı portal venaya axarsa serotonin və digər vazoaktiv maddələr qaraciyərdə deqradasiyaya uğrayır.

Nə üçün bəzi hallarda karsinoid sindrom olur digər hallarda olmur?

Tumor  hepatik deqradasiyadan kənar qaldıqda karsinoid sindrom olur.

Hansı törəmələr karsinoid sindrom əmələ gətirir?

Qaraciyər metastazları, paravertebral venadan drenaj olunan retroperitoneal törəmələr, Gİ traktdan kənar törəmələr (yumurtalıqlar, xayalar, bronxlar)

Qaraciyər serotonini necə zərərsizləşdirir (nəyə çevirir)?

5-hidroksiindolaseat  turşusuna çevirir (5-HİAA)

Karsinoid törəmələrin laborator göstəricisi nədir?

Sidikdə və qanda 5-HİAA, serotonin səviyyəsinin yüksəlməsi

Hansı stimulyasion test serotonin səviyyəsini yüksəldir və karsinoid sindromun simptomları əmələ gətirir?

Pengastrin stimulyasiyası

Spesifik radioloji lokalizasiya testi hansılardır?

Oktreotid ssintiqrafiya testi

Hansı görüntüləmə müayinələri aparılmalıdır?

Kolonoskopiya,  KT

Birincili törəmələri aşkar etmək üçün abdomen KT yardımçı ola bilərmi?

Birincili törəmə kiçik olduqda KT faydalı olmur. Ssintiqrafiya gərək ola bilər.

Cərrahi müalicə necədir?

Birincili törəmənin və qaraciyər metastazlarının rezeksiyası. Qeyri-rezektabel qaraciyər metastazlarında transplantasiya, 90%-ə yaxın sitoreduktiv cərrahiyyə edilə bilər. 

Konservativ müalicəsi necə aparılmalıdır?

Karsinoid sindromu yüngülləşdirmək üçün somatostatin analoqu –oktreotid

Oktreotid nə dərəcədə effektivdir?

Diareyanı və dəri qızartısını 85% hallarda azalda və  şişi 10 -20%-ə qədər kiçildə bilir.

Geniş yayılmış antiserotonin preparatı hansıdır?

Cyprohepatidine

Ən yaxşı proqnoz nədir?

Xəstələrin 2/3-i 5 il yaşayır. Limfatik yayılma olan və radikal rezeksiya edilənlər xəstəllərdə  ortalama yaşam 15 il, qeyri-rezektabel intrabdominal törəmələrdə 5 il, qaraciyər metastazlarında isə 3 il təşkil edir

Karsinoid sindrom olan və qaraciyər metastazları olan xəstələrin proqnozu necədir?

3 - illik yaşam 50%

Karsinoid törəmə nəyə bənzəyir?

Adətən intramural bağırsaq kütləsinə bənzəyir, kəsik üstündə  sarımtıl rəngli görünür.

Appendikal karsinoid üçün sağ hemikolektomiya göstərişdir, appendektomiya hansı halda aparılır?

Törəmə 2 sm-dən böyükdürsə sağ hemikolektomiya göstərişdir. Əgər karsinoid əlamətləri və seroz qişaya invaziya yoxdursa və törəmə 2 sm-dən kiçikdirsə appendektomiya aparıla bilər.

Yüksək metastazı olan ilkin karsinoid törəmələr hansılardır?

İleal karsinoid törəmə

Karsinoid törəmənin histolioji müayinəsi zamanı bədxassəlilik təsdiqlənə bilərmi?

Xeyr, karsinoid törəmələrin bədxassəliyinin göstəricisi histoloji deyil, metastazların olmasıdır.

Bədxassəlilik ilə törəmənin ölçüsü arasında asılılıq necədir?

1 sm-ə qədər törəmələrdə metastazlar nadirdir, 1-2 sm ölçülü törəmələrin yarısında, 2 sm-dən böyük törəmələrin əksəriyyətində metastazlar müəyyən edilir.

Qeyri-rezektabel qaraciyər metastazlarında hansı konservativ müalicə aparmaq olar?

Kimyaembolizasiya və ya radiotezlikli ablasiya

 

Nazik bağırsağın işemik xəstəlikləri - Özət və Suallar

Özət

Nazik bağırsağın işemik xətəliklərinə kəskin arterial tıxanma, kəskin qeyri-okkluziv işemiya, kəskin venoz tromboz və xronik arterial işemiya aid edilir.

Kəskin arterila tıxanma tromboemboliya və ya tromboz nəticəsində meydana çıxır, kəskin və saatlarla davam edən şiddətli qarın ağrıları ilə başlayır, bağırsağın nekrozu, proqressiv pisləşmə (şok, peritonit, sepsis) baş verir, yüksək letallıqla nəticələnir. Diaqnoz KT-angioqrafiya və ya laparoskopiya ilə dəqqqiləşdilir. Təcili əməliyyat mütləq göstərişdir.

Kəskin qeyri-okluziv işemiya adətən şok, aritmiya və septik xəstələrdə rast gəlir. Kiçik damarların spazmı işemiyanın əsas inkişaf mexanizm hesab edilir. Gedişi çox ağırdır, letallıq yüksəkdir.

Mezenterial venaların trombozu qaraciyərin sirrozunda, bədxassəli şişlərdə və hiperkoaqulyasiyon xəstələrdə rast gəlir. Gedişi nisbətən qənaətbəxşdir. Diaqnoz KT- angioqrafiya ilə qoyulur. Cərrahi müalicə az hallarda - nekroz olduqda göstərişdir.

Xronik arterial işemiya yuxarı çöz arteriyasının və ya böyük şaxələrinin xronik tıxanması nəticəsində meydana gəlir. Qida qəbulundan sonra başlayan qarın ağrıları xarakterikdir. Diaqnoz KT - angioqrafiya ilə qoyulur. Revaskulyarizasiya əməliyyatı göstərişdir.

 

Nazik bağırsağın işemik xəstəlikləri üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, F.A.Qəhrəmanova

 

Nazik bağırsağın işemiyası nədir?

Bağırsağın arterial və ya venoz qan təchizatının pozulması nəticəsində baş verən işemiya və qanqrenadır.

Nazik bağırsağın işemiyasının hansı formaları var?

Səbəbinə və gedişinə görə 4 klinik forması var:

  • Kəskin arterial tıxanma
  • Kəskin qeyri-okkluziv işemiya
  • Kəskin venoz tromboz 
  • Xronik arterial işemiya

Ən çox rast gələn kəskin forma hansıdır?

Kəskin arterial tıxanma (60-70%)

Kəskin okkluziv forma ilə qeyri-okkluziv forma arasında fərq nədir?

Okkluziv formada işemiyanı magistral damarlarda tıxanma, qeyri - okkluziv formada isə damar spazmı törədir.

Kəskin arterial tıxanmanı ən çox  tromboz, yoxsa trombemboliya törədir?

Tromboemboliya

Trombemboliyanın mənbəyi haradır?

Adətən sol mədəcikdir, infarkt və ya aritmiyalarda əmələ gələn mural tromblardır.

Yuxarı mezenterik arteriyanın hansı arterial sistemlərlə kollateral əlaqəsi var?

Günəş kötüyü və aşağı müsariqə arteriyası ilə

Kəskin mezenterial trombozda letallıq nə qədərdir?

50-90%

Kəskin mezenterial trombozun xarakterik əlaməti nədir?

Şiddətli qarın ağrıları 

Bu ağrının xüsusiyyəti necədir?

Ani başlayır, davam edir, narkotiklərlə keçmir, pankreatit və stranqulyasiya ağrıları qədər şiddətli olur.

Kəskin arterial trombozda “ağrı-qarın uymazlığı” nə deməkdir?

Erkən mərhələlərdə qarında şiddətli ağrılara baxmayaraq kəskin qarın əlamətləri (peritonizm, bağırsaq keçməzliyi) olmur.

Ağrılar nə zaman keçir?

Heç vaxt. İşemik ağrılardan sonra nekroz və peritonitə bağlı ağrılar başlayır.

Kəskin arterial tıxanma diaqnozu necə qoyulur?

İlk saatlarda yüksək şübhə əlamətlərinə görə və angioqrafiya ilə, gec mərhələlərdə isə peritonitə görə əməliyyat vaxtı

Yüksək şübhə əlamətləri hansılardır?

  • Ani başlayan şiddətli qarın ağrıları
  • “Ağrı-qarın uymazlığı” 
  • Qanlı ifrazat
  • Proqressiv pisləşmə
  • Peritonit və kompartman sindromu
  • Asidozun davam etməsi və qanda bağırsağa bağlı kreatininkinazanın BB-KK artması

Diaqnozu dəqiqləşdirmək üçün ilk seçim nədir?

KT - angioqrafiya

Hansı xəstəliklərlə differensiasiya edilir?

Kəskin pankreatit, stranqulyasiya, perforasiya, aorta anevrizminin partlaması

Kəskin arterial trombozun müalicəsi necədir?

Təcili əməliyyat -  nekroza görə rezeksiya, anastomoz və təkrar yoxlama və ya stoma. Nekroz yoxdursa revaskulyarizasiya və ciddi nəzarət

Qeyri-okkluziv işemiya ən çox kimlərdə təsadüf edir?

Şok olan və septik xəstələrdə

Qeyri-okkluziv işemiyanın mexanizmi necədir?

Bağırsaq damarlarının spazmı əvvəl xovlarda, sonra bütün qatlarda işemiya və nekroz törədir.

Nə üçün işemiya ilk olaraq xovlarda başlayır?

Xovlarda fizioloji arteriovenoz şuntlar var (prekapilyar sfinkterləri olmayan kapilyar damarlar). Hipotenziya zamanı ilk olaraq prekapilyar sfinkterlərdə spazm baş verir və arterial qan  bu şuntlardan birbaşa venoz sistemə gedir, nəticədə  xovlarda işemiya başlayır.

Xovlarda arterio-venoz şuntların fizioloji rolu nədir?

Xovların qan təchizatını tənzimləyir: qida qəbulu vaxtı sorulmanı və sekresiyanı təmin etmək üçün xovların qan təchizatı artırır, qidalanmadan kənar istirahət vaxtı isə azaldır.

Şübhə əlamətləri hansılardır?

Riskli xəstələrdə qarın əlamətləri ortaya çıxdıqda, amilaza, asidoz, leykositoz olduqda

Diaqnoz necə dəqiqləşdirilir?

KT-angioqrafiyada magistral damarlarda tıxanma tapılmır. Endoskopiyada və ya əməliyyatda işemiya-nekroz görünür.

Qeyri-okkluziv işemiyanın müalicəsi necədir?

İntraarterial papaverin, rezeksiya. Lakin letallıq çox yüksəkdir (90%)

Kron xəstəliyi - Özət və Suallar

Özət

CROHN xəstəliyi həzm traktını seqmentar əhatə edən və  bütün qatları zədələyən (transmural) qranulomatoz iltihabi xəstəlikdir. Səbəbi dəqiq məlum deyil.  Nazik bağırsağın distal hissəsinin iltihablaşması regional və ya terminal ileit də adlanır. Bəzi hallarda asimptomatik ola bilir, lakin əksər hallarda diareya və ağrılarla başlayır, uzun müddət davam edir. Kəskinləşmə və remissiya fazaları təkrarlanır,  qida azlığı,    keçməzlik, abses, fistul, ekstraintestinal ağırlaşmalar və sepsis törədə bilir. Xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün klinik müayinələrlə yanaşı KT/MRT, endoskopiya+biopsiya, bəzən genetik müayinələr və digər xəstəliklərdən differensiasiya lazım gəlir. Uzunmüddətli diareya, təkrarlanan qarın ağrıları, özündə və ya ailə üzvlərində Crohn xəstəliyi, görüntüləmə üsullarından iltihab, divar qalınlaşması, bağırsaqətrafı infiltrasiya, biopsiyada qranulomatoz iltihab xarakterik əlamətləridir. Müalicə əsasən konservativdir (antibiotik, QSİƏD, steroidlər, anti-TNF). Cərrahi müalicə ağırlaşmalrda göstərişdir.

 

Nazik bağırsaq keçməzliyi üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, F.A.Qəhrəmanova

 

Suallar

Cavablar

CROHN xəstəliyi nədir?

Həzm traktının müəyyən seqmentinin bütün qatlarını əhatə edən (transmural) qranulomatoz iltihab xəstəliyi

Rastgəlmə tezliyi nə qədərdir?

ABŞ və Avropada 100 000 nəfərdən 2-9-da, Aşkenazi yəhudiləri arasında daha çox.

Hansı formaları var?

Lokalizasiyasına görə

  • İleit
  • İleokolit
  • Kolit
  • Perianal
  • Digər seqmentlər (qida borusu, mədə, OBB və b.)

 

Ağırlıq dərəcəsinə görə

  • Asimptomatik
  • yüngül
  • orta
  • ağır

Səbəblər  və ya risk faktorlar hansılardır?

Dəqiq məlum deyil.

Genetik, immunoloji, infeksion və ekzogen faktorlar

Patogenezi nədən ibarətdir?

Patoloji dövran: Selikli qişanın daimi zədələnməsi və immuntənzimin pozulması→ itihab→ qranulomların yaranması → zədələnmə

Proses həzm traktının daha çox hansı hissəsində rast gəlir?

Həzm traktının istənilən hissəsində - ən çox distal ileum (75-80%), anal nahiyə və kolon

Gediş xüsusiyyəti necədir?

təkrarlanan – 75-85%;

uzunmüddətli remissiya – 10-20%;

refrakter gediş – 5%.

Ağırlaşmaları hansılardır?

İntestinal ağırlaşmalar (20-60%)

  • Obsrtuksiya
  • Perforasiya (abses, daxili və xarici fistullar)
  • Anorektal ağırlaşmalar
  • Toksik meqakolon
  • Karsinom

 

Sistemik ağırlaşmaları (20-30%)

  • Anemiya
  • Hepatobiliar xəstəliklər
  • Uveit
  • Artrit, ankilozlaşan spondilit (Бехтерев xəstəliyi)
  • Düyünlü eritema
  • Amiloidoz
  • Tromboembolizm
  • Sistit
  • Digər

Klinik əlamətlər hansılardır?

diareya - 90%, təkrarlanan ağrılar, qarında kütlə, qızdırma, anemiya, anorektal patologiya, yorğunluq, malnutrisiya, arıqlama

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Uzunmüddətli diareya, təkrarlanan qarın ağrıları və subfebril hərarət olan;

Ailə üzvlərində və anamnezində Crohn xəstəliyi olan şəxslərdə anorektal patologiya, qarındaxili abseslər, xarici fistullar olması;

Kəskin bağırsaq keçməzliyi, bağırsaqdaxili kütlə, abses müəyyən edilən

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

KT/MRT, endoskopiya+biopsiya, bəzən genetik müayinələr

Laborator əlamətləri hansılardır?

Yüksək leykositoz, EÇS-nin artması və CRZ, anemiya, hipoalbuminemiya, steatoreya, D-ksilozanın absorbsiyasının azalması, nəcisin bakterioloji kulturu, genetik müayinələr (NOD2/CARD15 genləri)

Görüntüləmə əlamətləri hansılardır?

Bağırsağın divarının qalınlaşması

Bağırsağın daralması

Çözün infiltrasiyası

Limfadenopatiya

Abses(lər)

Xarici və daxili fistul(lar)

Diaqnostik kriteriyaları hansılardır?

Xarakterik anamnez (uzunmüddətli diareya, təkrarlanan qarın ağrıları, özündə və ya ailə üzvlərində Crohn xəstəliyinin mövcudluğu);

Endoskopik əlamətlər;

KT /MRT əlamətləri;

Bioptatda qranulomatoz iltihab əlamətləri.

Müalicə üsulları hansılardır?

konservativ və cərrahi

Əməliyyata göstərişlər hansılardır?

Obstruksiya (ən çox rast gələn göstərişdir);

Perforasiya (abses, daxili və xarici fistullar, kəskin peritonit);

Massiv qanaxma;

Neoplastik proseslərdən differensiasiyanın çətinlikləri (mümkünsüzlüyü).

Əməliyyat üsulları hansılardır?

Bağırsağın zədələnmiş hissəsinin rezeksiyası;

Strikturoplastika;

Abses(lər)in sanasiyası və drenajı.

Xəstəliyin ən xaraketrik özəlliyini bir cümlə ilə necə ifadə edərsiniz?

Crohn bədxassəli xəstəlik deyil, lakin xroniki gedişlidir.

 

Meckel divertikulu - Özət və Suallar

Özət

Meckel divertikulu embrionun sarı cisimi ilə nazik bağırsağı birləşdirən vitellointestinal axarın bağırsağa yaxın hissəsinin tam bağlanmaması nəticəsində formalaşan çıxan həqiqi divertikuldur. Əksər hallarda asimptomatikdir, laparotomik və ya laparoskopik təftiş zamanı aşkar edilir. Çox az hallarda qanaxma, divertikulit və bağırsaq keçməliyi ilə ağırlaşır. Kinik əhəmiyyəti kəskin apendisitlə diferensiasiya və səbəbi tapılmayan mədə-bağırsaq qanaxmaları ortaya çıxır. Diaqnoza bəzən KT -də və qanaxma mənbəyi axtarış vaxtı ssintiqrafiya zamanı şübhə yaranır. Laparotomiya və ya laparoskopiya ilə dəqiqləşdirilir. Müalicəsi asimptomatik hallarda izləmə, ağırlaşmlarda isə divertikulektomiyadır.

 

Meckel divertikulu üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, F.A.Qəhrəmanova

 

Meckel divertikulu nədir?

Vitellointestinal axarın tam bağlanmaması nəticəsində formalaşan həqiqi divertikuldur

Əsas xüsusiyyəti?

Ən çox rast gələn mədə-bağırsaq anomaliyasıdır.

Adətən harada yerləşir ?

İleosekal bucaqdan 1-1,5 m məsafədə, antimezenterik divarda.

Həqiqi divertikuldurmu?

Bəli! Çünki bağırsaq divarının qişaları var.

Rastgəlmə tezliyi?

Təxminən autopsiyada əhalinin 2% olur.

Cins nisbəti necədir?

Kişilərdə 2 dəfə çox rast gəlinir.

Hansı yaşda simptomlar daha qabarıq olur?

Daha çox 2 yaşda. Amma digər yaşlarda da ola bilər.

Hansı  ağırlaşmaları var?

Ağırlaşmalar 4% xəstələrdə rast gəlir:

  • qanaxma – 40%
  • bağırsaq keçməzliyi  -25%
  • divertikulit – 25%

Meckel divertikulitini hansı xəstəliklə differensiasiya etmək lazımdır?

Kəskin appendisitlə

Meckel divertikulunda qanaxmanın səbəbi nədir?

Divertikulun ektopik mədə mukozasından ifraz olunan turşunun törətdiyi xora.

Meckel divertikulundan qanaxmanın əlamətləri hansıdır?

Ağrısız aşağı GİS qanaxması, qarında hərəkətli kütlə əllənə bilər.

Böyüklərdə Meckel divertikulunun ən çox rast gələn ağırlaşması hansıdır?

Bağırsaq obstruksiyası

Divertukullarda neçə faiz hallarda heterotopik bağırsaq mukozası tapılır?

50%-dən yuxarı

Meckel divertikulunda ən çox tapılan  heterotopik toxuma hansıdır?

Gastrik mukoza (60%), lakin duodenal, pankreatik, kolonik mukoza da tapıla bilir.

Meckel divertikulunda “2-lər qaydası” nədir?

  • əhalinin 2 % də rast gəlir
  • ən çox 2 yaşa qədər rast gəlinir
  • qadın/kişi nisbəti -  2:1
  • ileosekal bucaqdan 2 feet (60-80 sm) məsafədə
  • uzunluğu 2 düym (5 sm) 
  • xəstələrin ½-dən çoxunda 2 növ selikli qişa olur

Meckel scan nədir?

Meckel divertikulunda ektopik qastrik mukozanın təyini üçün radioizotopla (texnesium, pertexnetat) müayinə aparılır.

Meckel divertikulunun dəqiq diaqnozu necə qoyulur?

Laparoskopiya və ya laparotomiya ilə

Təsadüfən tapılan asimptomatik Meckel divertukulunda nə etməli?

İzləmək

Qanaxma və  obstruksiya verən Meckel divertikulunun müalicəsi nədir?

Cərrahi rezeksiya, divertikulun qarşı tərəfində olan mezenterik divarın  aktiv xorası ilə bərabər nazik bağırsağın rezeksiyası

Meckel divertukulunun boğulması  ilə müşayiət olunan yırtığın adı nədir?

Lyttre yırtığı

Nəcisdə gizli qan testi pozitiv, qastro-kolonoskopiya neqativ olan xəstədə hansı patologiyanı inkar etmək lazımdır?

Nazik bağırsaq törəməsini (KT və ya enteroklizislə -kontrastlı nazik bağırsaq müayinəsi)

 

Kor ilgək sindromu - Özət və Suallar

Özət

Kor ilgək və ya durğun bağırsaq sindromu nazik bağırsaqda bakteriyaların çox artması ilə (bakteriyaların miqdarı >105/ml) əlaqədar meydana çıxan funksional pozğunluqlar (diareya, steatoreya) və malabsorbsiyadır. Cərrahi (striktur, divertikul, bağırsağın kor seqmenti, fistul) və qeyri-cərrahi səbəblərlə (durğunluq, immun çatmazlıq) əlaqədar baş verə bilir. Adətən diareya və steatoreya əlamətləri ilə büruzə verir, qida azlığı olur (arıqlama, avitaminoz, anemiya və s). Diaqnostika üçün bağırsaq florası və malbasorbsiya göstəriciləri yoxlanılır, görüntüləmə müayinələri  (KT, endoskopiya) göstərişdir. Bağırsaqda bakteriyaların çoxalması, malabsorbsiya əlamətləri, bağırsaq xəstəliyinin təsdiqi və diareya törədən digər səbəblərin inkarı (osmotik, sekretor, iltihab, hipermotorika)  ilə ilə diaqnoz dəqiqləşdirlir. Müalicəsi üçün malabsorbsiya aradan qaldırıldıqdan sonra səbəbə yönəlik cərrahi və ya konservativ tədbirlər  həyata keçirilir.

 

 

Kor ilgək sindromu üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, F.A.Qəhrəmanova

 

Suallar

Cavablar

Kor ilgək / durğun bağırsaq sindromu nədir?

Nazik bağırsaqda bakteriyaların çoxalması ilə (bakteriyaların miqdarı >105/ml)  əlaqədar meydana çıxan  funksional pozğunluqlar (diareya, steatoreya) və malabsorbsiya

Səbəblər və ya risk faktorları hansılardır?

  • Cərrahi səbəblər
    • Striktur
    • Divertikul
    • Kor bağırsaq seqmenti
    • Fistul
  • Qeyri-cərrahi səbəblər
    • Durğunluq (skleroderma)
    • İmmun çatmazlıq

Patogenezi nədən ibarətdir?

Cərrahi və ya qeyri-cərrahi səbəblər → bağırsaqda “antibakterial mexanizmlər”in zəifləməsi → bakteriyaların çoxalması → bağırsaq epitelinin zədələnməsi, həzm və sorulmanın pozulması → malnutrisiya, sepsis

Gediş xüsusiyyəti necədir?

Malabsorbsiya → malnutrisiya→ böyrək daşları → böyrək çatmazlığı→ sepsis

Ağırlaşmalar hansılardır?

Malnutrisiya

Sepsis

Böyrək daşları və yetməzliyi

Klinik əlamətlər hansılardır?

Malabsorbsiya əlamətləri:

Diareya

Steatoreya

Meqablastik anemiya (B12 vitamini çatmazlığı)

Hipokalsiemiya

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Malabsorbsiya əlamətləri olan

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

KT,  endoskopiya (biopsiya ilə), B12 vitamininin sorulması testi (Shilling testi), nəcisdə yağların, qanda kasliumun miqdarını təyini, nəfəsdə nişanlanmış 14C-D-ksilozanın təyini

Laborator əlamətləri hansılardır?

Steatoreya, Bağırsaqda bakteriya çoxalması, B12 defisiti, hipokalsiemiya

Diaqnostik kriteriyalarını sadala?

Malabsorbsiya əlamətləri

Bağırsaqda bakteriya çoxalması

Bağırsaq patologiyası (cərrahi və digər)

Müalicə üsulları hansılardır?

Konservativ (etiotrop, antibiotikoterapiya, antidiareya, nutritiv) və cərrahi

Əməliyyata göstərişlər hansılardır?

Cərrahi səbəblər

Əməliyyat üsulları hansılardır?

Müvafiq cərrahi əməliyyat : divertikul-, fistulektomiya, kor ilgəyin, strikturun, törəmənin aradan qaldırılması və s.

 

 
 

Qısa bağırsaq sindromu - Özət və Suallar

Özət

Qısa bağırsaq sindromu bağırsağın geniş rezeksiyalarından sonra meydana çıxan ağır dərəcəli malabsorbsiyadır (sorulma çatmazlığıdır). Adətən rezeksiyadan sonra 100-120 sm-dən az nazik bağırsaq hissəsi qaldıqda ortaya çıxr. Xəstəlik  əməliyyatdan sonrakı ilk günlərdə ağır diareya (gündə 2 l-dən çox) ilə təzahür edir, proqressiv arıqlama, steatoreya, dehidratasiya, elektrolit pozğunluqları, qanda proteinlərin miqdarının azlaması və kəskin zəiflik (halsızlıq) müşahidə edilir. Oral qidalanma diareyanı daha da artırır. Müalicə edilmədikdə qısa müddətdə letallığa səbəb olur. Diaqnoz klinik olaraq qoyulur - böyükhəcmli rezeksiyadan sonra ağır diareya və kəskin malnutrisiya. Müalicə mərhələləli xarakterlidir: erkən mərhələdə stabilləşdirmə, oral qidalanmanın kəsilməsi, parenteral qidalandırma və mədə sekresiyasını azaltma tədbirləri. Növbəti mərhələdə tədricən oral qidalandırma və bağırsaq regeneratorları başladılır,  sonra parenteral qidalandırma kəsilir. Cərrahi müalicə adaptasiya baş verməyən xəstələrdə (enteroplastika və ya  antiperistaltik əməliyyatlar), kateter sepsisi və qaraciyər çatmazlığı baş verən xəstələrdə göstərişdir (nazik bağırsaq transplantasiyası).

 

Nazik bağırsaq keçməzliyi üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, F.A.Qəhrəmanova

 

 

Suallar

Cavablar

Qısa bağırsaq sindromu nədir?

Bağırsağın geniş rezeksiyalarından sonra meydana çıxan ağır dərəcəli malabsorbsiyadır

Səbəbi  və ya risk faktorları hansılardır?

Geniş həcmli rezeksiya

Patogenezi nədən ibarətdir?

Sorulma səthinin azalması → diareya → bağırsaq möhtəviyyatı və su itkisi → kəskin su-elektrolit və qida defisiti

Gediş xüsusiyyəti necədir?

Diareya, adaptasiya və stabilləşmə mərhələləri ayırd  olunur

Ağırlaşmaları hansılardırr?

Dehidratasiya

Elektrolit pozğunluqları

Kateter sepsisi

Qaraciyər çatmazlığı

Xolesistolitiaz

Nefrolitiaz (hiperoksaluriya)

Disbakterioz

Klinik əlamətləri hansılardır?

Əməliyyatdan sonrakı ilk günlərdə ağır diareya, proqressiv arıqlama, steatoreya, dehidratasiya, elektrolit pozğunluqları, qanda proteinlərin miqdarının azalması, kəskin zəiflik (halsızlıq)

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Geniş bağırsaq rezeksiyalardan sonra müvafiq klinik əlamətlər müşahidə olunan

Laborator əlamətləri hansılardır?

Malnutrisiya

Diaqnostik kriteriyalarını sadala?

Böyükhəcmli rezeksiyadan sonra ağır diareya və kəskin malnutrisiya

Müalicə üsulları hansılardır?

Konservativ tədbirlər (dəstək xarakterli) və cərrahi

Əməliyyata göstərişlər hansılardır?

Adaptasiya baş verməyən xəstələr

Əməliyyat üsulları hansılardır?

Enteroplastika - bağırsağı uzatma və ya genişləndirmə

Antiperistaltik əməliyyatlar

Nazik bağırsağın transplantasiyası

Nazik bağırsaq keçməzliyi - Özət və Suallar

Özət

Kəskin bağırsaq keçməzliyi möhtəviyyatın bağırsaqdan keçişinin kəskin dayanması nəticəsində meydana çıxan təcili cərrahi vəziyyətdir. Mənfəzi daraldan mexaniki (bitişmələr, törəmə, yırtıqlar, invaginasiya, burulma, yad cisimlər, helmint invaziyası, öd daşı, bağırsağın iltihabixəstəlikləri, strikturlar, hematom və s.) və dinamiki səbəblərdən (spastik, paralitik) baş verə bilir. Xəstəlik adətən kəskin başlayır və proqressiv gedişli olur, erkən mərhələdə ağrılar, qusma ön planda olur, növbəti, dehidratasiya mərhələsində hipovolemiya əlamətləri ortaya çıxır, ardınca sepsis, kompartman mərhələsi başlayır. Müalicə olunmazsa ölüm baş verir. Klassik olaraq 4 klinik forması qeyd edilir. Mənfəzin mexaniki tutulması ilə xarakterizə olan obstruktiv forma adətən 4 klassik əlamətlə başlayır (köp, qarında ağrılar, qusma, qaz və nəcisin xaric olmaması), dehidratasiya və sepsis mərhələsi bir neçə saat (proksimal keçməzlik) və gün (distal keçməzlik) çəkə bilir. Bağırsağın mexaniki tutulması və işemiya-nekrozu ilə xarakterizə olunan stranqulasion  keçməlik şiddətli qarın ağrıları və çoxsaylı qusma ilə başlayır, qarının ön divarının deformasiyası və asimmetriyası görünür, qısa müddətdə dehidratasiya, şok və bağırsaq nekrozuna bağlı sepsis meydana gəlir. Bağırsağın total hipotoniyası ilə xarakterizə olunan paralitik  keçməzlik adətən peritonit və zəhərlənmələrdə rast gəlir, daimi küt və diffuz ağrılar, köp, qusma, qaz və nəcisin sərbəst xaric olmaması ilə büruzə verir. Obstruktiv və stranqulyasion keçməzliklərin gec mərhələlərində kompartman sindromunda ağrılı, gərgin və köpmüş qarın, təngnəfəslik, sepsis əlamətləri ön planda durur. Kəskin bağırsaq keçməzliyinin diaqnzou adətən klinik  qoyulur, KT ilə dəqiqləşdirlir, qarında ağrılar, qusma, köp, qaz və nəcisin xaric olmaması ilə yanaşı görüntüləmə müayinələrində obstruksiya əlamətləri (bağırsağın genişlənməsi, daralması, kontrast məhlulun maneədən keçməməsi, stranqulasiya və b.) xarakterikdir. KT ilə həm də keçməzliyin səbəbini təyin etmək mümükün olur. Bağırsaq keçməzliyinin müalicəsi təcili başladılır, stabilləşdirilmə tədbirləri ilə yanaşı səbəbin (maneənin) aradan qaldırılması və bağırsağın dekompressiyası üçün təcili  cərrahi müalicə mütləqdir. Göstərişə görə endoskopik müalicə üsulları da aparıla bilir.

 

 

Nazik bağırsaq keçməzliyi üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, F.A.Qəhrəmanova

 

Nazik bağırsaq obstruksiyası nədir?

Bağırsaq möhtəviyyatının keçişinin mexaniki çətinləşməsi

Nazik bağırsaq obstruksiyasının ən çox rast gələn səbəbləri hansılardır?

  • Bitişmə
  • Yırtıq
  • Törəmə

Nazik bağırsaq obstruksiyasının digər səbəbləri hansılardır?

  • Öd daşı
  • İnvaginasiya
  • Burulma
  • Xarici kompressiya
  • Yuxarı çöz arteriyası  sindromu
  • Bezoar
  • Bağırsaq divarının hematomu
  • Abses
  • Divertikulit
  • Crohn xəstəliyi
  • Radiasion enterit
  • Annular pankreas
  • Meckel divertikulu
  • Striktur

Yuxarı çöz arteriyası sindromu nədir?

Onikibarmaq bağırsaq  yuxarı çöz arteriyası ilə aorta arasında sıxılır, bağırsaq keçməzliyi baş verir.

Nazik bağırsaq keçməzliyində xəstənin vəziyyətini ağırlaşdıran proseslər hansılardır?

Güclü ağrılar, dehidratasiya, bağırsağın nekrozu və sepsis

Simptomları hansılardır?

Qarında sancışəkilli ağrılar, ürəkbulanma və qusma, köp, qaz və nəcis çıxmaması, artmış bağırsaq küyləri

Nazik bağırsaq obstruksiyasında hansı laborator testlər yoxlanılır?

Qanın ümumi analizi, sidiyin ümumi analizi, elektrolitlər

Proksimal və distal bağırsaq keçməzliyi arasında sərhəd hansıdır?

İleosekal bucaq

Proksimal ilə distal bağırsaq keçməzliyinin fərqləri hansılardır?

Proksimal keçməlikdə güclü ağrılar, erkən qusmalar və sorulmanın pozulmasına görə erkən dövrdə dehidratasiya və şok olur

Proksimal nazik bağırsaq obstruksiyasında hansı klassik elektrolit və turşu-qələvi pozulması var?

Hipovolemik hipoxloremik hipokalemiya, alkaloz

Nazik bağırsaq obstruksiyasında ilk növbədə hansı klinik olaraq  inkar edilməlidir?

Boğulmuş yırtıq və qarındaxili bitişmələr

Nazik bağırsaq obstruksiyasında  əsas radioloji əlamət hansıdır?

Genişlənmiş nazik bağırsaq ilgəkləri, hava-maye səviyyəsi

Tam nazik bağırsaq obstruksiyası nədir?

 

 Bağırsaq mənfəzinin tam tıxanması, kontrastın distala keçməməsi və kolonda qaz olmaması

Tam nazik bağırsaq obstruksiyasının təhlükəsi nədir?

İlgəklərin stranqulyasiyası və bağırsaq nekrozu

Hissəvi nazik bağırsaq obstruksiyası nədir?

Tam olmayan tıxanma, kontrast hissəvi keçir, qaz və nəcis xaric olur.

Hansı müayinə ilə tam və hissəvi bağırsaq keçməzliyini differensiasiya etmək olar?

Oral kontrastla tam qarın boşluğu KT

Nazik bağırsaq obsrtuksiyası olan xəstələrdə ilkin müalicə hansılardır?

Oral qidalanmanın kəsilməsi, NQZ,  infuziya, Folley kateteri

Tam nazik bağırsaq obstruksiyasında əsas müalicə?

Laparotomiya və səbəbin aradan qaldırılması

Hissəvi nazik bağırsaq obsrtuksiyasında müalicə?

Əvvəl konservativ müalicə və müşahidə, sonra göstərişə görə cərrahi əməliyyat.

Əməliyyat vaxtı obstruksiyanın yeri necə müəyyən olunur?

Genişlənmiş bağırsaq ilgəyinin boş ilgəklə sərhəddi

Crohn xəstəliyində cərrahi əməliyyata ən çox göstəriş hansıdır?

Nazik bağırsaq obstruksiyası

Xəstədə tam nazik bağırsaq obstruksiyası varsa qaz və maye xaric ola bilərmi?

Bəli, obstruksiyadan distaldan  qaz və maye xaric ola bilər

Nazik bağırsaq rezeksiyasından sonra mezenterik defekti bağlamaq nə üçün lazımdır?

Daxili yırtığın qarşısını almaq üçün

Antikoaqulyant  qəbul edən xəstədə  bağırsaq obstruksiyasının səbəbi nə ola bilər?

Bağırsaq divarının hematomu

Böyüklərdə nazik bağırsaq obstruksiyasının ən çox rast gələn səbəbi nədir?

Əməliyyatdan sonrakı bitşmələr

Uşaqlarda nazik bağırsaq obstruksiyasının ən çox rast gələn səbəbi nədir?

Yırtıqlar

Nazik bağırsaq obstruksiyasında strangulyasiyanın əlamətləri hansılardır?

Güclü və davam edən ağrılar, şok,  hematomezis, peritoneal əlamətlər, hərarət, portal venada, bağırsaq divarında və ya qarında sərbəst hava, damarları kontrast tutmayan ilgək, asidoz

Hissəvi nazik bağırsaq obstruksiyasında əməliyyata göstərişə səbəb olan klinik əlamətlər hansılardır?

Leykositlərin sayının artımı, qızdırma, taxikardiya, qarın ağrıları

Hissəvi nazik bağırsaq obstruksiyasında əməliyyata mütləq göstəriş nədir?

Peritoneal əlamətlər, Rh- ji sərbəst hava

Nazik bağırsaq obstruksiyasını ifadə edən klassik deyim hansıdır?

“Günəşin tam batmasını və ya tam  çıxmasını gözləmə”

Paralitik bağırsaq keçməzliyini hansı xəstəliklərlə  differensiasiya etmək lazımdır ?

Qarın əməliyyatından sonrakı ileus (adətən 3-5 gün ərzində aradan qalxır)

Elektrolit pozulmaları (hipokaliemiya çox rast gəlir)

Dərmanlar  (antixolinergik, narkotik)

İltihab xəstəlikləri (intraabdominal abses, peritonit, sepsis, şok)

Onurğanın zədələnmələri

Retroperitoneal hemorragiya

Nazik bağırsağın cərrahi xəstəlikləri və diaqnostik yanaşma - suallar

Nazik bağırsağın müayinələri üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, F.Qəhrəmanova

 

Suallar

Cavablar

Hansı əlamətlər nazik bağırsaq xəstəliyinə şübhə yaradır?

Qarında ağrı, diareya, köp, qaz və nəcisin çıxmaması, qusma və melena

Hansı sindromlarını bilirsiniz?

Keçməzlik, kor ilgək və qısa bağırsaq sindromları

Keçməzlik nə deməkdir?

Möhtəviyyat keçişinin çətinləşməsi

Kor ilgək nə deməkdir?

Bağırsaq seqmentində durğunluq və bakteriyaların artması

Qısa bağırsaq nə deməkdir?

Rezeksiya nəticəsində bağırsaq uzunluğunun minimum səviyyədən az qalması

İlk olaraq hansı xəstəlikləri axtarmaq lazımdır?

Təcili və üzvi xəstəlikləri

İlk olaraq hansı müayinələri aparmaq lazımdır?

Klinik, nəcis analizi və KT

 

Nazik bağırsağın anatomiyası və fiziologiyası üzrə suallar

Nazik bağırsağın anatomiyası və fiziologiyası üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, F.Qəhrəmanova

 

Anatomiya

Nazik bağırsaqlar hansılardır?

Onikibarmaq bağırsaq, acı və qalça bağırsaqlar

Onikibarmaq bağırsağın  uzunluğu nə qədərdir?

Təxminən 12 inç, buna görə də ona Onikibarmaq bağırsaq (duodenum) deyilir.

Duodenumun bitdiyi və yeyunumun başlandığı yer haradır?

Treytz bağı

Nazik bağırsaqların uzunluğu nə qədərdir?

Təxminən 5-6 metr

Nazik bağırsağın qan təchizatı hardandır?

Yuxarı çöz arteriyası

Nazik bağırsağın mukoza səthinin sahəsi nə qədərdir?

Təxminən 200-500 m2 (təxminən futbol meydançasının sahəsinə yaxın)

Bağırsaq səthinin bu qədər böyük olmasının səbəbi və əhəmiyyəti nədir?

Büküşlər, xovlar və kirpiklər sorulma sahəni 160-200 dəfə artırır. 

Acı və qalça bağırsaqlar arasında əsas anatomik fərqlər hansılardır?

Acı bağırsaqda - düz damarlar uzun,   böyük büküşlər, qalın divar

Qalça bağırsaqda - düz damarlar qısa, incə büküşlər, nazik divar

 

 Fiziologiya

Nazik bağırsaqların funksiyaları hansılardır?

Həzm,  absorbsiya, endokrin və qoruma

Nazik bağırsaqlardan hansı maddələr sorulur?

Karbohidratların, zülalların və yağların hamısı, suyun 90%-i, vitaminlər, minerallar.

Onikibarmaq bağırsaqdan nə sorulur?

Vitaminlər, dəmir və digər mikroelementlər

Terminal ileumdan nə sorulur?

B12 vitamini, öd turşuları, yağ turşuları

Nazik bağırsaqda qorumanı həyata keçirən hansılardır?

Epitel, Paneth hüceyrələri, sekretor IgA və MALT