Anatomiyası
Tac arteriyaları
Ürəyi sağ və sol tac arteriyaları qidalandırır. Onlar aorta qapaqlarına yaxın valsalva ciblərindən başlayır.
Sol əsas tac arteriyası sol ön enən və sol dolanan arteriyalara bölünür. Sol ön enən (left anterior descending-LAD) arteriya mədəciklərarası şırımda yerləşir, septal və diaqonal şaxələr verir. Sol dolanan arteriya isə arxa, yan atrioventrikulyar şırımda yerləşir, bir neçə marginal şaxələrə bölünür. Təxminən 10-15% hallarda bu arteriyadan arxa enən arteriya adlanan şəxə çıxır (posterior descending artery – PDA) və bu hal sol dominant koronar sirkulyasiya adlanır.
Sağ tac arteriyası arxa atrioventrikulyar yarıqda yerləşir və 80-85% hallarda arxa enən şaxə verir və bu hal sağ dominant koronar sirkulyasiya adlanır.
Tac venaları
Ürəyin venoz axını 3 əsas damarla təmin olunur:
• Tac venaları
• Tebesian venaları
• Ürəyin ön venaları
Qapaqlar
Ürək qapaqları ürəyin kameraları arasında qanın ancaq bir istiqamətdə keçişinə və təzyiqlər fərqinə şərait yaradan klapanlardır. Ürəyin körük funksiyasını həyata keçirmək üçün qapaqlar çox vacib strukturlardır. Ürəkdə iki atrioventrikulyar, iki aypara qapaq var.
Mitral qapaq iki taylı olmaqla sol mədəcik və sol qulaqcıq arasında yerləşir. Onun arxa tayı ön tayından kiçikdir. Sol mədəciyin iki papilyar əzələsinə birləşmiş xordalar qapaqları sabit vəziyyətdə saxlayır.
Üçtaylı qapaq sağ qulaqcığı sağ mədəcikdən ayırır.
Aorta qapağı üçtaylıdır və aorta kökünün soğanağında yerləşir, valsalva sinusları adlanan 3 genişlənməsi var. Sol koronar sinusdan sol əsas koronar arteriya, sağdan isə sağ koronar arteriya başlayır. 3-cü sinus qeyri-koronar sinus adlanır. Qulaqcıq-mədəcik düyünü sağ və qeyri-koronar qapaq tayları arasında yerləşir. Qapaqların aortaya birləşdiyi yerdə əmələ gələn həlqə tac formasındadır.
Pulmonar qapaq da üçtaylıdır və sağ mədəciyi pulmonar arteriyadan ayırır.
Fizioloji əsaslar
Bir-biri ilə sıx əlaqəli üç əsas komponentdən (ürək, damar və qan) təşkil olunmuş qan dövranı sisteminin əsas funksiyası toxumaların perfuziyasını təmin etməkdir. Ürək və böyük damarlar (makrohemodinamika) qanı hərəkətə gətirən qüvvəni-qan təzyiqi yaratmaqda, kapillyarlar sistemi isə (mikrohemodinamika) qanın paylanmasını təmin etməklə toxumaların adekvat perfuziyana şərait yaradırlar.
Ürək körük kimi fəaliyyət göstərir - yığılaraq təzyiq yaradır və müəyyən miqdar qanı damarlara qovur, onu bir istiqamətdə hərəkətə gətirir. Bu prosesdə qapaqlar və damar elastikliyi çox vacib rol oynayır. Ürəyin əsas funksional göstəricisi qovduğu qanın miqdarıdır. Bunu isə bir-biri ilə sıx əlaqəsi olan üç faktor yaradır – dolma yükü (dolma həcmi), çıxış yükü (müqavimət) və yığılma gücü.
Ürəyin dolma və ya giriş yükü (preload) əslində sol mədəcik qanla tam dolduqda divarın gərilmə qüvvəsi olub, bilavasitə qanın həcmindən və mədəcikdaxili təzyiqdən asılıdır. Klinik praktikada bu adətən diastola sonu həcm və ya təzyiq kimi qəbul edilir. Dolma yükünü birbaşa ölçmək çətin olduğu üçün dolayı göstəricilərdən istifadə edilir. Diastola sonu həcm və mədəcikdaxili təzyiq dolma yükünü nisbətən dəqiq göstərsədə, klinik praktikada ondan az istifadə olunur. Praktikada mərkəzi venoz təzyiqi, pulmonar arteriya uc təzyiqi və ya sol qulaqcıq təzyiqlərini ölçməklə təxmini məlumat əldə etmək olar. Bu təzyiqlər bəzən ümumi adla “dolma təzyiqi” də adlandırılır.
Ürəyin çıxış yükü (afterload) əslində sistola vaxtı sol mədəcik divarının gərilmə qüvvəsidir, bilavasitə dolma həcmindən və axına müqavimətdən asılıdır. Klinik praktikada bu axına müqavimət kimi qəbul edilir. Müqavimət isə bilindiyi kimi orta arterial təzyiqdən, sistemik damar müqavimətdən, damar elastikliyindən və mədəcik-aorta təzyiqlər fərqindən asılıdır. Çıxış yükünu aorta-ventrikulyar təzyiqlər fərqinə görə ölçmək olar, lakin klinik praktikada bu az istifadə edildiyi üçün dolayı yolla –sistemik damar müqavimətinə əsasən müəyyən edilir.
Yığılma gücü diastolanın sonunda sistolanı başlatmaq üçün miokardın yaratdığı qüvvədir, həcmdən və müqavimətdən bilavasitə asılı olur.
Starling qanunu ürəyin diastola sonundakı həcmi ilə yığılma gücü arasındakı əlaqəni göstərir. Bu qanuna görə fizioloji həddlərdə diastola həcmi artdıqca ürəyin yığılma gücü də artır. Yəni, normal vəziyyətdə ürək ona daxil olan qanın hamısını qovmağa çalışır. Lakin ürəyin genişləməsi fizioloji həddləri keçərsə yığılma gücü azalır. Sağ ürək çatışmazlığının müalicəsində Starling qanunu mütləq nəzərə alınmalıdır.
Beləliklə, həm ürək fəaliyyəti (qovduğu qan), həm də ümumi qan dövranı (təzyiq) bilavasitə qanın həcmindən, ürəyin yığılma gücündən və damar müqavimətindən asılıdır.
Anatomiya və fiziologiya üzrə suallar
Suallar |
Cavablar |
4 əsas tac damarları hansılardır? |
|
Miokarda koronar qan daha çox nə vaxt gəlir? |
Diastolada (66%) |
Vurğu həcmi (VH) nədir? |
Bir ürək vurğusu zamanı qovulan qanın miqdarı |
Ürək atımı (ÜA) nədir? |
Bir dəqiqə ərzində ürəkdən qovulan qanın miqdarı qanın miqdarı ÜA = VH x nəbz |
Normada ürək atımı nə qədərdir? |
4-8 L/dəq |
Ürək indeksi (Üİ) nədir? |
Ürək atımının bədən səthinin sahəsinə nisbəti Üİ = ÜA/bədən sahəsi |
Normada ürək indeksi nə qədərdir? |
2.5-4 L/dəq |
Atım fraksiyası nədir? |
Sol mədəcikdən körüklənən qanın faizi AF = VH/diastola sonu həcm |
Ürək divarı yatqınlığı nədir? |
Divarların həcminin dəyişmə imkanı və ya elastikliyi |
Sistemik damar müqaviməti (SDM) necə hesablanır? |
SDM – (OAT-MVT)/ÜAx80 |
Giriş və ya dolma yükü (preload) nədir? |
Sol mədəciyin diastola sonu həcmi və ya təzyiqi |
Çıxış yükü (afterload) nədir? |
Arterial müqavimət |
Pulmonar damar müqavimət (PDM) necə hesablanır? |
PDM= Orta pulmonar təzyiq – uc təzyiq/ÜAx80 |
Orta arterial təzyiq (OAT) nədir? |
OAT = Diastolik təzyiq + (Sistolik təzyiq – Diastolik təzyiq)x1/3 |
Nəbz təzyiqi nədir? |
Sistolik təzyiqlə diastolik təzyiqin fərqi |
Ürək atımını artırmaq üçün hansı tədbirlər görülür? |
|
Üç əsas “ürək elektrolitləri” hansılardır |
|