Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Xora ağırlaşmaları - Özət və Suallar

Özət

Xora xəstəliyinin ağırlaşmaları xəstələrin təxminən 15-30%-ində rast gəlinir və adətən cərrahi əməliyyat lazım gəlir. Xoraların ən çox rast gəlinən üç klassik ağırlaşması qanaxma, perforasiya və obstruksiyadır. 12bb xoralarının maliqnizasiyası rast gəlinmir. Hesab edilir ki, mədə xoraları da maliqnizasiya etmir və maliqnizasiya tapılan halları (3%) mədə adenokarsinomasınının xoralaşması qəbul edilir.

Xora qanaxması ən çox rast gəlinən xora ağıraşmasıdır (20%),  yuxarı mədə-bağırsaq qanaxmasıdır  (50%) və  xora letallığının səbəbidir (40%). Dərin, kalloz, duodenumun arxa divarında və mədədə yerləşən, aspirin mənşəli  xoralar qanaxmaya meyillidir. Kiçik qanaxmalar ciddi əlamətlər törətmir və nəcisdə gizli qan testində tapıla bilir, davam edən kiçik qanaxmalar anemiya ələmətləri ilə biruzə verir. Birdən-birə başlayan böyük qanaxmalar ağır anemiya və şok əlamətləri ilə ortaya çıxır. Böyük qanaxmaların  əksəriyyəti konservativ müalicələrlə dayanır, lakin bir qismi davam edir və ya təkrarlayır, vaxtında müdaxilə olunmazsa letallığa səbəb olur. Endoskopik müayinə xora qanaxmasının diaqnozunu dəqiqləşdirir, proqnozunu təyin edə bilir (Forrest təsnifatı), müalicə imkanları yaradır. Ağrılıq dərəcəsi hemodinamik və hemokonsentrasion göstəricilərə görə təyin edilir. Müalicəsi üçün ilkin olaraq dəstək, medikamentoz və endoskopik hemostaz tədbiləri həyata keçirilir. Endoskopik yolla dayanmayan və ya təkrarlayan qanaxmalarda cərrahi hemostaz lazım gəlir (damar bağlanması, rezeksiya və s.).

Xora perforasiyası peptik  xoranın  divarı  destruksiya  edərək  deşilməsi və möhtəviyyatın kənara çıxması nəticəsində yaranan təcili iltihabi ağırlaşmadır. Əksər hallarda möhtəviyyat periton boşluğuna yayılır və diffuz peritonit baş verir, bəzən hüdudlanır və abses əmələ gəlir, orqanlara deşilərsə fistullar meydana gələ bilir, nadir hallarda isə spontan örtülə bilir. Xəstəlik adətən birdən-birə  şiddətli ağrılarla başlayır, peritonit əlamətləri ortaya çıxır, bir neçə saat ərzində artan diffuz və ya lokal peritonit əlamətlərinə sepsis əlamətləri qoşulur. Erkən saatlarda müalicə edilmədikdə  diffuz peritonitə bağlı letallıq artır. Klinik ələmətlər perforasiyaya yüksək şübhə yaradır və diaqnozu dəqiqlədirmək üçün KT edilir. Qarında kəskin başlayan ağrı, peritonit və sepsis əlamətləri ilə yanaşı qarında sərbəst hava və ya kontrast ekstravazasiyası xarakterik əlamətləridir. Müalicəsi üçün təcili əməliyyat  edilir və perforasiyanın örtülməsi və ya xoranın eksiziyası ilk seçimdir, erkən mərhələlərdə radikal xora əməliyyatları da  edilə bilər.

Pilorostenoz xora xəstəliyinin törətdiyi iltihabi-fibrotik daralmadır, uzunmüddətli, kalloz və müalicə olunmayan xoralarda rast gəlinir. Erkən mərhələdə (kompensator) klinik əlamətlər olmur, daralma radioloji və ya endoskopik müayində təyin olunur. Daralma artıqca mədədə hipertrofiya və genişlənmə meydana gəlir, bərk qidaların keçməsi çətinləşir (subkompensasiya), ara-sıra qusmalar müşahidə edilir. Xəstəlik irəlilədikcə mənfəzin tama yaxın tutulması və mədə atoniyası baş verir  (dekompensasiya), kəskin mədə keçməzliyi və ağırlaşmalar ortaya çıxır: bir neçə saat əvvəl yediyi yeməkləri qusma, dehidratasiya, elektrolit pozulması, arıqlama və s. Diaqnostikası üçün KT, endoskopiya və xərçəngdən fərqləndirmək üçün biopsiya edilir. Pilorun daralması, deformasiyası, kontrastın keçməməsi və ya gecikməsi, mədənin böyüməsi xarakterik əlamətləridir.  Müalicəsində əvvəlcə dəstək müalicələri və dekompressiya ilə  su-elektrolit balansı və qidalanma statusu korreksiya olunur. Keçiriciliyin bərpası üçün ilk növbədə konservativ tədbirlər və endoskopik dilatasiya sınaqdan keçirilir. Bu müalicələr fayda vermədikdə cərrahi müalicə lazım gəlir (rezeksiya, vaqotomiya+drenaj).

 

Xora ağırlaşmaları üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, F.Əhmədov

 

Xora perforasiyası

Nədir ?

Mədə və ya 12bb xorasının deşilməsidir

Klinik əlamətləri hansılardır?

Kəskin başlayan  ağrılar, peritonit əlamətləri və qaraciyər kütlüyünün itməsi

Arxa duodenal xoraların perforasiyasında hansı əlamətlər də ola bilər?

Qastro-duodenal arteriyadan qanaxma, və kəskin pankreatit

Ön duodenal xoraların perforasiyasının  əsas əlaməti hansıdır?

Qarında sərbəst hava

Hansı xəstəliklərlə differensiasiya etmək lazım gəlir?

Kəskin pankreatit, kəskin xolesistit, kəskin appendisit, mezenterial tromboz,  kolon divertikulları, miokard infarktı, digər orqan perforasiyaları

Hansı laborator dəyişiklik xarakterikdir?

Leykositoz, yüksək amilaza, CRP artması

Hansı müayinə ilə diaqnoz dəqiqləşdirilir?

Rentgenoqrafiya və ya KT-də qarında sərbəst hava və ya kontrast ekstravazasiyası

Müalicəsi nədən ibarətdir?

Qısamüddətli əməliyyatönü hazırlıq (NQZ, Foley kateteri, infuziya, antibiotik) və təcili əməliyyat

Duodenal xora perforasiyasının cərrahi müalicə üsulları hansılardır?

  • Piyliklə örtmə, sanasiya və drenaj
  • Xora eksiziyası, piloroplastika və trunkal vaqotomiya
  • 12bb kənarlaşdırma əməliyyatları

Mədə xoralarının perforasiyasında hansı cərrahi üsullar istifadə edilir?

  • irinli peritonit varsa kənari rezeksiya və  ya biopsiya edilərək perforasiyanın piyliklə örtülməsi.
  • irinli peritonit yoxdursa mədənin xora ilə birlikdə rezeksiyası

Duodenal xoralarda qanaxma və  perforasiya varsa nə düşünmək olar?

Öpüşən xoralar: arxa divarda qanaxma, ön divarda perforasiya

Duodenal xoraların hansı növü özünü kəskin pankreatit kimi aparır?

Arxa duodenal xoranın pankreasa penetrasiyası  (kürəyə irradiasiya edən epiqastrik ağrılar, yüksək amilaza