Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Yoğun bağırsaq divertikulları və divertikulitlər

Özət

Divertikul bağırsaq divarının bir qatının və ya bütün qatlarının torbaşəkilli kənara çıxmasıdır, iç qatı epitellə örtülüdür (“divar yırtığı”). Divertikulyoz çoxsaylı divertikullara deyilir. Yoğun bağırsaq divertikulları əksər hallarda əlamət vermirlər, sol tərəfdə yerləşirlər, çox az hallarda divertikulit və qanaxma ilə ağırlaşırlar. Diaqnozu adətən təsadüfü KT və kolonoskopiyada qoyulur. Ağırlaşama yoxdursa müalicəsinə ehtiyac yoxdur.

Divertikulit kolon divertikullarının iltihabı və perforativ ağırlaşmasıdır. Divertikulit zəif iltihabi ilnfiltrasiyadan tutmuş abses və ağır nəcis peritonitinə qədər dərinləşə bilər, keçməzlik, fistul kimi ağırlaşmalara da gətirib çıxara bilər. Diaqnostikası üçün klinik, laborator və KT müayinəsi lazım gəlir. Kəskin qarın (qarında ağrı, gərginlik, infiltrat, abses,peritonit)  leykositoz, CRP artması, tomoqrafiyada bağırsaq divarının qalınlaşması, perikolik infiltrasiya, maye, abses, perforasiya (sərbəst hava, kontrast ekstravazasiyası) xarakterik əlamətləridir. Müalicəsi ağırlaşmamış divertikulitdə konservativdir, ağırlaşmış divertikulitlərdə (abses, peritonot, keçməzlik) cərrahi müdaxilə lazım gəlir (Perkutan drenaj, rezeksiya, Hartman əməliyyatı).

 

Yoğun bağırsaq divertikulları və divertikulitlər üzrə suallar

N.Y.Bayramov, A.Səfiyeva

 

Divertikullar

Divertikul nədir?

Bağırsaq divarının bir qatının və ya tam qatının torbaşəkilli kənara çıxmasıdır, iç qatı epitellə örtülüdür (“divar yırtığıdır”). 

Həqiqi və yalançı divertikul nə deməkdir?

Bağırsaq divarının tam qabarması həqiqi, bir qatının qabarması isə yalançı divertikul adlanır.

Yoğun bağırsaqda həqiqi yoxsa yalançı divertikul çox rast gəlir?

Yalançı divertikul çox rast gəlir, həqiqi divertikul nadirdir.

Divertikulyoz nədir?

Kolonda çoxsaylı divertikulların olmasına deyilir.

Rastgəlmə tezliyi nə qədərdir?

Əhali arasında ən çox rast gəlinən patologiyalardan olub 10-65% hallarda müşahidə edilir və yaş artdıqca tezliyi də artır.

Kolonda ən çox rast gəlinən yeri?

90% halda əsasən sigmoid kolonda rast gəlinir.

Risk amilləri hansılardır?

Az lifli qidalarla qidalananlar, xroniki qəbizlik, ailəsində divertikulu olanlar, yaş faktoru

Patomexanizmi necədir?

Bağırsağı qidalandıran arteriyaların divara daxil olduğu dəliklər bağırsağın zəif yerləridir. Mənfəzdaxili təzyiqin artması divardakı bu zəif nöqtələrdən   selikli qişanın qabarmasına səbəb olur. 

Hansı ağırlaşmaları törədir?

Divertikullar 20 % hallarda qanaxma, divertikulit, bəzən də keçməzlik törədir.

Divertikul xərçəngönü xəstəlik sayılırmı?

Xeyr.

Simptomları və əlamətəri hansılardır?

Əksər hallarda asimptomatikdir (80%), ağırlaşma verdikdə əlamətlər ortaya çıxır: qanaxma, divertikulit, keçməzlik.

Diaqnoz necə qoyulur?

Kontrastlı müayinələrlə, kolonoskopiya ilə.

Müalicəsi nədən ibarətdir?

Asimptomatik hallarda müalicəyə ehtiyac yoxdur. Qəbizliyi aradan qaldırmaqla ağırlaşmaların qarşısını almaq olar, lakin divertikulu aradan qaldırmaq olmur.

Divertikullarda əməliyyata göstərişlər hansılardır?

Ağırlaşmalar (divertikulit, qanaxma), ağırlaşmaların təkrarlanması, şişdən fərqləndirmənin  çətinliyi.

 

Divertikulitlər

Divertikulit nədir?

Divertikulun iltihabı və  perforasiyasıdır (mikro və makroperforasiyalar)

Patomexanizmi necədir?

Nəcis daşlarının divertikulu tıxaması nəticəsində yaranan durğunluq (mənfəzdaxili hipertenziya, divar işemiyası, iltihab, infeksiya, divar perforasiyası)

Gedişi və ağırlaşmaları hansılardır?

Divertikulit 75% hallarda ağırlaşmır,  antibiotikoterapiya ilə sönür, 25% hallarda isə perforasiyaya bağlı ağırlaşmalar əmələ gəlir: perikolik fleqmona, abses, peritonit, fistullar, keçməzlik.

Niyə divertikulit bəzilərində ağırlaşır, bəzilərində isə ağırlaşmır?

Perforasiyanın ölçüsündən və orqanizmin reaktivliyindən asılıdır. Mikroperforasiyalar əksər hallarda orqanizm tərəfindən hüdudlanır və qapanır, ağırlaşma baş vermir. Kiçik abseslər bağırsağa drenaj olunaraq sağala bilirlər. Lakin böyük və hüdudlanmayan perforasiyalar böyük abseslər və peritonit törərir. 

Divertikulyozu olan xəstədə divertikulit baş verirsə neçə divertikulda iltihab yaranır?

Adətən bir divertikulda

Divertikulitin xroniki ağırlaşmasına nələr aiddir?

Bağırsaq divarı strikturu və fistullar.

Divertikulitlərdə massiv qanaxma olurmu?

Massiv qanaxma divertikulitlərdə çox nadirdir. Bu hal divertikulyoz üçün xarakterikdir.

Simptom və əlamətləri nədir?

Sol qalça çuxurunda ağrılar (tutma şəkilli sancılar) bağırsaq vərdişlərinin dəyişilməsi, qızdırma, titrətmə, anoreksiya, palpator kütlə əllənməsi, ürəkbulanma, qusma, dizuriya

Hansı laborator göstəricilərdə dəyişiklik olur?

Leykositlərin və CRP yüksəlməsi

KT əlamətləri hansılardır?

Bağırsaq divarının qalınlaşması, ətrafında infiltrasiya, abses, kontrastın ekstravazasiyası, qarında maye, divertikulyoz.

Kolonoskopiya nə vaxt aparılmalıdır?

Kolonoskopiya kəskin dövrdə əks göstərişdir, perforasiya və ağırlaşma törədə bilər. Bu müayinə 4-6 həftə sonra şişdən və iltihabi bağırsaq xəstəliyindən differensiasiya məqsədi ilə aparılır.

Divertikulitin kəskin dövründə hansı hallarda kolonoskopiya lazımdır?

Qanaxma varsa, yerini və səbəbini təyin etmək üçün

İrriqoskopiya aparmaq olarmı?

Barium imaləsi divertikulitlərdə əks göstərişdir, perforasiya törədə bilər.

Divertikulitlərdə ən “yaxşı” müayinə hansıdır?

Kompüter tomoqrafiya

Hansı xəstələrdə divertikulitdən şübhələnmək olar?

Divertikulu olan xəstələrdə qarında ağrı və hərarət, sol tərəfli ağrıları, yerli iltihab əlamətləri və hərarəti olanlar, yaşlı xəstələrdə qarındaxili ağrılı infiltrat, abses, peritonit, keçməzlik, kolonoskopiyada bağırsaq divarında infiltrasiya, sidik kisəsi və ya vaginadan nəcis və qaz ifrazı olanlarda

Divertikulit diaqnozu necə dəqiqləşdirilir?

Klinik əlamətlərlə yanaşı, leykositoz, CRP artması, KT əlamətləri

Divertikuliti hansı xəstəliklərdən mütləq differensiasiya etmək lazımdır?

Kəskin dövrdə soltərəfli appendisitdən fərqləndirmək üçün KT faydalıdır. Sonra isə kolon kanseri, Crohn xəstəliyi və işemik kolitdən. Bunun üçün iltihab söndükdən sonra kolonoskopiya və biopsiya edilir.

Müalicə tədbirləri hansılardır?

Konservativ ( infuziyalar, antibiotiklər bağırsaq sakitliyi) və cərrahi

Cərrahi əməliyyata göstərişlər hansılardır?

Ağırlaşmış divertikulitlər (abses, peritonit, fistul, keçməzlik), riskli xəstələrdə iki dəfə təkrarlayan divertikulit ( gənc, diabet, immunosupressiya),  şişdən fərqləndirmək çətin olarsa

Müalicə üsulunun seçimi nəyə əsaslandırılır?

Divertikulitin ağırlıq dərəcəsinə.

Divertikulyar abses necə müalicə olunur?

Əvvəlcə konservativ müalicə və perkutan drenaj, bunlar kömək etmirsə cərrahi drenaj. İltihab söndükdən  sonra planlı rezeksiya və anastomoz.

Niyə absesdə birbaşa rezeksiya edilmir?

Kəskin dövrdə rezeksiyadan sonra anastomoz qoymaq  riskli olduğuna görə stoma çıxarılır və təkrari əməliyyat lazım gəlir.

Divertikulyar peritonitlərdə hansı əməliyyat edilir?

Standart əməliyyat Hartman əməliyyatı (rezeksiya və proksimal kolostoma) və qarın boşluğunun sanasiyasıdır. Əməliyyatdan 2-3 ay sonra kolostomiya aradan qaldırılır.

Peritonitlə ağırlaşmış divertikulitlərdə rezeksiyadan sonra anastomoz qoymaq olarmı?

Az riskli xəstələrdə (septik şoku, ürək-damar xəstəliyi, nəcis peritoniti, diabeti, immunosupressiyası olmayan gənc xəstələrdə) anastomoz qoyula bilər, lakin  qoruyucu stoma lazımdır.