Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Plevranın xəstəlikləri - Özətlər və Suallar

Plevranın törəmələri - Özət və Suallar

Özət

Plevra törəmələri birincili (lokal mezotelioma, diffuz bədxassəli mezotelioma) və ikincili (metastatik) ola bilər. Lokal mezotelioma subplevral fibroz toxumadan inkişaf edən törəmədir, əksəriyyəti xoş xassəlidir, diaqnozu biopsiya ilə dəqiqləşdirilir, müalicəsi radikal rezeksiyadır. Diffuz bədxassəli mezotelioma plevral mezoteldən inkişaf edən bədxassəli törəmədir, ağciyər əlamətləri (təngnəfəslik, ağrı, öskürək), plevral qalınlaşma və plevral maye əlamətləri ilə ortaya çıxır, diaqnozu biopsiya ilə dəqiqləşdirilir, müalicəsində multidissiplinar yanaşma (kimyaradioterapiya, cərrahi və radioterapiya) tətbiq edilir.

 

Plevra törəmələri üzrə suallar

N.Y.Bayramov, F.A.Qəhrəmanova

Suallar

Cavablar

Mezotelioma nədir?

Plevradan inkişaf edən birincili neoplazmadır.

Hansı formaları var?

Lokal (70% xoşxassəli) və diffuz (əsasən bədxassəli)

Risk faktorları nələrdir?

Asbest, silikat, siqaret

Klinik əlamətləri hansılardır?

Lokal – döş qəfəsində ağrı, oynaqlarda ağrı və şişkinlik, təngnəfəslik

Diffuz – döş qəfəsində ağrı, halsızlıq, arıqlama, öskürək

 

Plevral maye – lokal (10-15%), diffuz (<75%)

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

KT, plevral biopsiya, plevral mayenin sitoloji müayinəsi

Görüntüləmə əlamətləri nələrdir?

Plevrada qalınlaşma, döşqəfəsi divarı ilə kor bucaq əmələ gətirən törəmə, plevral maye

Əməliyyata göstəriş nələrdir?

Törəmə təktərəflidir və ümumi vəziyyət əməliyyata imkan verir

Əməliyyat üsulları hansılardır?

Radikal ekstraplevral pnevmektomiya, plevrektomiya/dekortikasiya

Lokal mezoteliomanın müalicə üsulları hansılardır?

Radikal rezeksiya

Diffuz mezoteliomanın müalicə üsulları hansılardır?

Əməliyyat mümkün olarsa kimyaterapiya + cərrahiyyə + radioterapiya

Mümkün olmazsa palliativ plevral drenaj və kimyaterapiya

Proqnozu nədir?

Lokal – qənaətbəxş deyil,

Diffuz – diaqnoz qoyulduqdan sonra yaşama müddəti təxminən 1il

 

Hemotoraks - Özət və Suallar

Özət

Hemotoraks plevra boşluğuna qan toplanmasıdır, döş divarı və döşdaxili orqanların, damarların zədələnməsi nəticəsində meydana gəlir. Kiçik (sinus səviyyəsindəki) hemotorakslar tənəffüsü ciddi pozmasa da, irinli plevrit və laxtalanmış hemotoraksla ağırlaşa bilər. Böyük və ya massiv hemotorakslar hemorragik şok və tənəffüs yetməzliyinə səbəb olur. Diaqnozu adətən  klinik-görüntüləmə ilə qoyulur, punksiya və ya drenajda qanın görünməsi ilə dəqiqləşdirilir. Hemotoraksın ilkin müalicəsi plevral drenajdır, cərrahi müalicə massiv hemotorakslarda göstəriş sayılır (böyük damar zədələnmələri, davam edən qanaxmalar).

 

Hemotoraks üzrə suallar

N.Y.Bayramov, F.A.Qəhrəmanova

Suallar

Cavablar

Hemotoraks nədir?

Plevral boşluğa qan toplanması

Hansı formaları var?

Səbəbinə görə – travmatik, postoperativ, bədxassəli törəmələr, ağciyər xəstəlikləri

Dərəcəsinə görə – kiçik (sinus səviyyəsində), orta (ağciyəri sıxan), böyük (massiv) – şok törədən

Ağırlaşmasına görə – laxtalanmış, irinləmiş, kapsullaşmış

Səbəbi  və ya risk faktorları nələrdir?

Travma, əməliyyat, bədxassəli törəmələr, divararalığının destruktiv xəstəlikləri

Patogenezi nədən ibarətdir?

Döş divarının, döşdaxili orqanların və damarların zədələnməsi

Gediş xüsusiyyəti necədir?

Əksər hallarda kəskin gedişlidir, müalicə olunmazsa ağırlaşmalara səbəb olur.

Ağırlaşmaları nələrdir?

Şok, ağciyər yetməzliyi, irinli plevrit, laxtalanmış hemotoraks

Klinik əlamətləri hansılardır?

Ağrı, hipoventilyasiya (təngnəfəslik, perkutor kütlük, hipotenziya) və şok əlamətləri

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Bütün travmalı xəstələrdə

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

Rentgen, USM və ya KT, punksiya

Laborator əlamətləri nələrdir?

Spesifik əlamətləri yoxdur.

Görüntüləmə əlamətləri nələrdir?

Plevral maye

Digər müayinələrdə nə tapılır?

Punksiya və ya drenajda qan

Diaqnostik kriteriyalarını sadala?

Klinik və görüntüləmə ilə plevral maye əlamətləri: təngnəfəslik, tənəffüs səslərinin eşidilməməsi, perkutor kütlük, Rentgen, USM və ya KT-də maye görünməsi

Punksiya və ya drenajda qan

Müalicə üsulları hansılardır?

Plevral drenaj – ilkin müalicə

Əməliyyata göstərişlər nələrdir?

Börük və davam edən qanaxma (ilk drenajda 1500 ml-dən çox və ya saatda 200 ml-dən çox qanaxma)

Əməliyyat üsulları hansılardır?

Liqasiya, ağciyərə tikişlər və ya lobektomiya, pulmonektomiya

Pnevmotoraks - Özət və Suallar

Özət

Pnevmotoraks plevra boşluğuna hava yığılması olub döş divarının və ya döşdaxili orqanların zədələnməsi nəticəsində ortaya çıxır. Pnevmotoraks səbəbinə görə  travmatik və spontan, xarakterinə görə açıq, qapalı və gərgin, dərəcəsinə görə kiçik, böyük ola bilər. Pnevmotraksın diaqnozu klinik olaraq qoyulur, rentgen və ya KT ilə  dəqiqləşdirilir. Gərgin pnevmotoraks ən təhlükəli patologiya olub kəskin hipoventilyasiya və şok törədir, pnevmotroaks əlamətləri ilə yanaşı (təngnəfəslik, tənəffüs səslərinin eşidilməməsi, asimmetriya, timpanik səs) boyun venalarında genişlənmə və hipotenziya gərgin pnevmotoraksin xarakterik klinik əlamətləridir. Təngnəfəslik, «nəfəsalan» («fısıldayan», «sorucu») yaranın olması və emfizema açıq pnevmotoraksın xarakterik əlamətləridir.  Qapalı pnevmotoraks yalnız R-loji müayinə ilə görünən kiçikdən tutmuş, ağciyəri tamamilə büzən böyük dərəcəyə qədər ola bilər. Pnevmotoraks həyati təhlükəli vəziyyətdir və təcili olaraq plevra havası boşaldılmalıdır – plevral drenaj.

 

Pnevmotoraks üzrə suallar

N.Y.Bayramov, F.A.Qəhrəmanova

Suallar

Cavablar

Pnevmotoraks nədir?

Plevra boşluğuna hava yığılması

Hansı formaları var?

Səbəbinə görə –  travmatik, spontan

Anatomik-klinik xarakterinə görə – açıq, qapalı, gərgin

Dərəcəsinə görə – kiçik, böyük, gərgin

Səbəbi  və ya risk faktorları nələrdir?

Döş qəfəsi divarı və ya ağciyər zədələnməsi (travmatik), ağciyər bullalarının partlaması (birincili spontan), ağciyərin destruktiv xəstəlikləri (ikincili spontan)

Patogenezi nədən ibarətdir?

Plevranın zədələnməsi → plevral boşluğa hava keçir → mənfi təzyiq aradan qalxır→ ağciyər yığılır → ventilyasiya baş vermir

Gediş xüsusiyyəti necədir?

Kiçik pnevmotorakslar stabil,

Böyük pnevmotoraksların ağırlaşma törətmə ehtimalı yüksəkdir,

Gərgin pnevmotorakslar tənəffüs yetməzliyi və şok ilə ağırlaşırlar.

Ağırlaşmaları nələrdir?

Tənəffüs yetməzliyi, şok

Klinik əlamətləri hansılardır?

Ağrı, təngnəfəslik, ağciyər səslərinin azalması,  perkutor timpanit, “fısıldayan yara”

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Travmalı bütün xəstələr

Tənəffüs yetməzliyi və şok əlamətləri olan xəstələr

Döş qəfəsində kəskin başlayan ağrı və təngnəfəslik

Ağrı və təngnəfəslik asqırma, öskürmədən sonra və ya yüksəyə qalxmadan sonra baş verərəsə

Ağciyər xəstəliyi olanlarda birdən-birə ağırlaşma olarsa

Auskultasiyada ağciyər səsləri eşidilmirsə

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

Rentgen və ya KT

Laborator əlamətləri nələrdir?

Yoxdur

Görüntüləmə əlamətləri nələrdir?

Plevrada sərbəst hava

Diaqnostik kriteriyalarını sadala?

Klinik əlamətlər, görüntüləmədə plevrada sərbəst hava

Müalicə üsulları hansılardır?

Plevral dekompressiya (iynə aspirasiyası, plevral drenaj), plevrodeziya

Əməliyyata göstərişlər nələrdir?

Drenaj faydasız olarsa, residivlər

Əməliyyat üsulları hansılardır?

Açıq və ya videotorakoskopik

Xilotoraks - Özət və Suallar

Özət

Xilotoraks plevrada limfatik mayenin yığılmasıdır, adətən travmaya və ya əməliyyata bağlı limfatik damar zədələnməsi nəticəsində  meydana gəlir. Mayenin süd rəngli olması və tərkibində xolesterinin, triqliseridlərin miqdarı plazmadan yüksək olması xarakterikdir. Müalicəsində plevral drenaj, oral qidalanmanı kəsmə, plevrodeziya və ya cərrahi liqasiya (açıq və ya videotorakoskopik) tətbiq edilir.

 

Xilotoraks üzrə suallar

N.Y.Bayramov, F.A.Qəhrəmanova

Suallar

Cavablar

Xilotoraks nədir?

Plevral boşluqda limfatik mayenin yığılması

Səbəbi  və ya risk faktorları nələrdir?

Travma və ya əməliyyat nəticəsində limfatik damarın zədələnməsi

Dəqiqləşdirmək  üçün hansı müayinələr lazımdır?

Plevral mayenin müayinəsi – xolesterinin plazmadan yüksək olması və xilomikronların görünməsi

Müalicə üsulları hansılardır?

Plevral drenaj, oral qidalanmanı kəsmək, parenteral qidalanma, sandostatin, fayda verməzsə plevrodeziya

Əməliyyata göstərişlər nələrdir?

Konservativ müalicələr fayda verməzsə

Əməliyyat üsulları hansılardır?

Cərrahi liqasiya – açıq və ya videotorakoskopik

Bədxassəli hidrotorakslar - Özət və Suallar

Özət

Bədxassəli hidrotorakslar adətən ağciyər, süd vəzi, limfoma, plevral mezotelioma və digər bədxassəli xəstəliklərin nəticəsində meydana gəlir. Plevral mayedə yüksək proteinin olması,  sitoloji müayinədə və biopsiyada bədxassəli hüceyrələr tapılması xarakterikdir. Müalicəsi adətən palliativdir, maye yığılmasını azaltmaq və ağciyəri genişləndirmək üçün drenaj, plevrodeziya, plevrektomiya aparılır.

 

Bədxassəli hidrotorakslar üzrə suallar

N.Y.Bayramov, F.A.Qəhrəmanova

Suallar

Cavablar

Rastgəlmə tezliyi nə qədərdir?

Plevral mayelərin 25%-i

Səbəbi  və ya risk faktorları nələrdir?

Ağciyər (35%), süd vəzi (25%), limfoma (10%), plevral mezotelioma (10%) və digər bədxassəli xəstəliklər

Dəqiqləşdirmək  üçün hansı müayinələr lazımdır?

Plevral biopsiya

Görüntüləmə əlamətləri nələrdir?

Plevrada maye

Digər müayinələrdə nə tapılır?

Plevral mayedə yüksək protein, sitoloji müayinədə bədxassəli hüceyrələr (50%)

Müalicə üsulları hansılardır?

Palliativ – drenaj, plevrodeziya

Əməliyyat üsulları hansılardır?

Plevrektomiya – ən effektiv üsul

İrinli plevrit - Özət və Suallar

Özət

Piotoraks  və ya irinli plevrit bulanq irinli eksudatdır, tərkibində mikroblar tapıla bilir, pH<7 olur.

Pnevmoniya, əməliyyat və digər səbəblərdən plevrada meydana gələn iltihaba irinli infeksiyanın qoşulması və ya irinli infeksiyanın plevraya yayılması nəticəsində baş verən ağırlaşma kimi ortaya çıxır. Bu ağırlaşma adətən yerli (ağrı, perkutor kütlük, təngnəfəslik və s.) və ümumi iltihab əlamətləri ilə başlayır, müalicə olunmadızsa sepsisə, həttda letallığa səbəb ola bilir. Maye başlanğıc fazada (24-48 saat) seroz, 3-7-ci günlər fibrinoz-irinli xarakterli olur, sonrakı genlərdə isə fibroz və hüdudlanma baş verir və empiema meydana gəlir. Diaqnostikasında klinik əlamətlərlə yanaşı, görüntüləmə, və punksiya mühüm rol oynayır, yerli və ümumi iltihab əlamətləri, görüntüləmədə mayenin tapılması və punktatda irin, protein >3 q/dl, pH<7, glükoza < 40 mq/dl, anaerob və ya  aerob mikroblarən tapılması xarakterik əlamətləridir. İrinli plevritin müalicəsi digər irinli xəstəliklərdə olduğu kimi “klasssik 4+ prinsipi” üzrəidnə qurulur: antibiotikoterapiya, dəstək müalicələri, plevral drenaj, səbəbin aradan qaldırılması və böşluğu aradan qaldırma - ağciyərin genişlənməsinə nail olma (erkən drenaj, dekortikasiya) və ya torakoplastika.

 

İrinli plevrit üzrə suallar

N.Y.Bayramov, F.A.Qəhrəmanova

 

Suallar

Cavablar

İrinli plevrit nədir?

Plevranın irinli iltihabı (piotoraks və ya empiema)

Hansı formaları var?

Mərhələsinə görə – kəskin seroz, kəskin fibrinoz, xroniki (fibrinoz-fibroz mərhələ)

Yerinə görə - Diffuz və lokal

Səbəbi  və ya risk faktorları nələrdir?

Pnevmoniya (60%) - ən çox rast gəlinən səbəb

Əməliyyat (20%)

Travma (10%)

Digər (qida borusu perforasiyası, mediastinal orqan xəstəlikləri, diafraqamaaltı orqanların xəstəlikləri) 

Patogenezi nədən ibarətdir?

I mexanizm – ilkin iltihabı prosesə irinli infeksiya qoşulması

II mexanizm – ətraf orqanlarda olan irinli infeksiyanın plevraya yayılması

Gediş xüsusiyyəti necədir?

  1. Seroz faza – ilk 24-48 saat
  2. Fibrinoz-irinli faza –  3-7 gün
  3. Fibroz orqanizasiya/xroniki faza – 7-28 gün

Ağırlaşmaları nələrdir?

Sepsis, ağciyər yetməzliyi, plevral fistul, amiloidoz

Klinik əlamətləri hansılardır?

Yerli iltihab əlamətləri: döş qəfəsində ağrı, perkutor kütlük, ağciyər səslərinin azalması

Ümumi itihab əlamətləri (SİRS-sepsis əlamətləri) – hərarət, taxikardiya, leykositoz, taxipnoe

Tənəffüs yetməzliyi əlamətləri – təngnəfəslik, sianoz və s.

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Döş qəfəsində ağrı, təngnəfəslik və sepsis əlamətləri

Anamnezdə pnevmoniya, əməliyyat, travma, plevrada maye olan xəstədə sepsis əlamətləri varsa

Plevral punktatda eksudat və bulanıq maye tapılan

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

USM, KT, plevral punksiya

Standart laborator əlamətləri nələrdir?

SİRS-sepsis əlamətləri (leykositoz, CRP artması və s.)

Görüntüləmə əlamətləri nələrdir?

Plevrada maye

Digər müayinələrdə nə tapılır?

Punktatın müayinəsində – irin, protein>3 q/dl, pH<7, qlükoza<40 mq/dl, anaerob və ya aerob mikroblar

Diaqnostik kriteriyalarını sadala?

Döş qəfəsində ağrı, SİRS-sepsis əlamətləri,  tənəffüs yetməzliyi

Görüntüləmədə plevrada maye

Punktatın müayinəsində: irin, bakteriya və ya pH<7.2

Müalicə üsulları hansılardır?

“klasssik 4+ prinsipi”

  • Plevral drenaj,
  • Antibiotikoterapiya,
  • Dəstək müalicələri,
  • Səbəbin aradan qaldırılması,
  • Boşluğu aradan qaldırma – ağciyərin genişlənməsinə nail olma (erkən drenaj, dekortikasiya), torakoplastika

Əməliyyata göstərişlər nələrdir?

Fibroz/xroniki faza, ağciyərdə fistul və ya destruksiya

Əməliyyat üsulları hansılardır?

Dekortikasiya, torakoplastika, ağciyərin rezeksiyası, pulmonektomiya

Plevraya maye - Özət və Suallar

Özət

Plevraya maye toplanmasının əsas mexanizmi plevral mayenin ifrazatı ilə sorulması arasındakı tarazlığın pozulmasıdır. İltihabi, neoplastik, travmatik səbəblər və orqan yetməzlikləri bu tarazlığı pozan əsas amillərdir. Tərkibinə görə plevral maye seroz (eksudat, transudat), piotoraks, hemotoraks, xilotoraks və biliotoraks ola bilər. Az miqdardakı plevral maye adətən klinik əlamət vermir, mayenin miqdarı artdıqda və ya infeksiya qoşularsa tənəffüs yetməzliyi, ağrı və SİRS əlamətləri qoşulur. USM və ya KT plevra boşluğunda mayenin olub-olmadığını dəqiqləşdirən müayinələrdir. Diaqnostikada ikinci əsas məsələ səbəbin və mayenin xarakterinin təyinidir ki, bu məqsədlə klinik müayinələrin nəticələri nəzərə alınır, KT və punksiya edilir. Plevral mayenin müalicəsi səbəbinə uyğun olaraq seçilir.

Seroz maye  və ya hidrotoraks  şəffaf mayedir, tərkibindəki proteinə görə transudat və ya eksudat ola bilər. Transudat (protein <3 q/l) adətən ürək yetməzliyində, sirrozda və böyrək yetməzliyində rast gəlinir, səbəb aradan qalxarsa keçib gedir. Eksudat (protein >3 q/l) adətən iltihabı (aseptik, pnevmoniya, travmatik və s.) və neoplastik xəstəliklərdə rast gəlinir.

 

Plevral maye üzrə suallar

N.Y.Bayramov, F.A.Qəhrəmanova

 

Suallar

Cavablar

Plevral maye nədir?

Plevral boşluqda maye toplanması

Hansı formaları var?

Səbəbinə görə – iltihabi, neoplastik, travmatik, orqan yetməzliyi (ürək, böyrək, qaraciyər)

Mayenin xarakterinə görə – hidrotoraks (seroz) – eksudat, transudat, piotoraks, hemotoraks, xilotoraks, biliotoraks

Səbəbi və ya risk faktorları nələrdir?

İltihabi və neoplastik proseslər, travma, orqan yetməzliyi (ürək, böyrək, qaraciyər)

Patogenezi nədən ibarətdir?

ifrazat-sorulma tarazlığı”nın pozulması

Ağırlaşmaları nələrdir?

Tənəffüs yetməzliyi, infeksiya, fibrotoraks

Klinik əlamətləri hansılardır?

Subklinik və ya tənəffüs yetməzliyi, ağrı, sepsis əlamətləri (infeksiya qoşularsa)

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Təngnəfəslik, döş qəfəsi hərəkətinin azalması, anamnezdə ağciyər, ürək, qaraciyər, böyrək, diafraqmaaltı orqan xəstəlikləri, travma, metastatik törəmələr olan

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

USM və ya KT, bəzən rentgen

Laborator əlamətləri nələrdir?

Spesifik əlamətləri yoxdur

Görüntüləmə əlamətləri nələrdir?

Plevra boşluğunda maye

Səbəbini necə müəyyən etmək olar?

Anamnez, KT, plevral punksiya və mayenin analizi

Diaqnostik kriteriyalarını sadala

Görüntüləmədə plevral boşluqda maye

Müalicə üsulları hansılardır?

Səbəbinə uyğun olaraq