Özət
Pnevmotoraks plevra boşluğuna hava yığılması olub döş divarının və ya döşdaxili orqanların zədələnməsi nəticəsində ortaya çıxır. Pnevmotoraks səbəbinə görə travmatik və spontan, xarakterinə görə açıq, qapalı və gərgin, dərəcəsinə görə kiçik, böyük ola bilər. Pnevmotraksın diaqnozu klinik olaraq qoyulur, rentgen və ya KT ilə dəqiqləşdirilir. Gərgin pnevmotoraks ən təhlükəli patologiya olub kəskin hipoventilyasiya və şok törədir, pnevmotroaks əlamətləri ilə yanaşı (təngnəfəslik, tənəffüs səslərinin eşidilməməsi, asimmetriya, timpanik səs) boyun venalarında genişlənmə və hipotenziya gərgin pnevmotoraksin xarakterik klinik əlamətləridir. Təngnəfəslik, «nəfəsalan» («fısıldayan», «sorucu») yaranın olması və emfizema açıq pnevmotoraksın xarakterik əlamətləridir. Qapalı pnevmotoraks yalnız R-loji müayinə ilə görünən kiçikdən tutmuş, ağciyəri tamamilə büzən böyük dərəcəyə qədər ola bilər. Pnevmotoraks həyati təhlükəli vəziyyətdir və təcili olaraq plevra havası boşaldılmalıdır – plevral drenaj.
Pnevmotoraks üzrə suallar
N.Y.Bayramov, F.A.Qəhrəmanova
Suallar |
Cavablar |
Pnevmotoraks nədir? |
Plevra boşluğuna hava yığılması |
Hansı formaları var? |
Səbəbinə görə – travmatik, spontan Anatomik-klinik xarakterinə görə – açıq, qapalı, gərgin Dərəcəsinə görə – kiçik, böyük, gərgin |
Səbəbi və ya risk faktorları nələrdir? |
Döş qəfəsi divarı və ya ağciyər zədələnməsi (travmatik), ağciyər bullalarının partlaması (birincili spontan), ağciyərin destruktiv xəstəlikləri (ikincili spontan) |
Patogenezi nədən ibarətdir? |
Plevranın zədələnməsi → plevral boşluğa hava keçir → mənfi təzyiq aradan qalxır→ ağciyər yığılır → ventilyasiya baş vermir |
Gediş xüsusiyyəti necədir? |
Kiçik pnevmotorakslar stabil, Böyük pnevmotoraksların ağırlaşma törətmə ehtimalı yüksəkdir, Gərgin pnevmotorakslar tənəffüs yetməzliyi və şok ilə ağırlaşırlar. |
Ağırlaşmaları nələrdir? |
Tənəffüs yetməzliyi, şok |
Klinik əlamətləri hansılardır? |
Ağrı, təngnəfəslik, ağciyər səslərinin azalması, perkutor timpanit, “fısıldayan yara” |
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
Travmalı bütün xəstələr Tənəffüs yetməzliyi və şok əlamətləri olan xəstələr Döş qəfəsində kəskin başlayan ağrı və təngnəfəslik Ağrı və təngnəfəslik asqırma, öskürmədən sonra və ya yüksəyə qalxmadan sonra baş verərəsə Ağciyər xəstəliyi olanlarda birdən-birə ağırlaşma olarsa Auskultasiyada ağciyər səsləri eşidilmirsə |
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
Rentgen və ya KT |
Laborator əlamətləri nələrdir? |
Yoxdur |
Görüntüləmə əlamətləri nələrdir? |
Plevrada sərbəst hava |
Diaqnostik kriteriyalarını sadala? |
Klinik əlamətlər, görüntüləmədə plevrada sərbəst hava |
Müalicə üsulları hansılardır? |
Plevral dekompressiya (iynə aspirasiyası, plevral drenaj), plevrodeziya |
Əməliyyata göstərişlər nələrdir? |
Drenaj faydasız olarsa, residivlər |
Əməliyyat üsulları hansılardır? |
Açıq və ya videotorakoskopik |