Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

PERİTONİT

Bayramov N.Y., Zeynalov S.M., Əliyev T.Q.

 

 

Tərifi və klassifikasiyası

Peritonit periton qişasının müxtəlif septik və ya aseptik səbəblərdən meydana gələn iltihabına deyilir.

Peritonitlərin müxtəlif klassifikasiyaları var. Klinik parktikada ən çox istifadə olunan təsnifata görə peritonitlər kəskin və xronik peritonitlərə bülünür.

Kəskin birincili peritonitlərdə hematogen yolla periton boşluğuna düşən monomikrobial infeksiyalar (spontan bakterial peritonit - sirrotik assitin infeksiyalaşması, tuberkuloz, bruselloz) və ya qeyri-infektiv amillər (periodik xəstəlik, revmatoid peritonit və s.) periton boşluğunda iltihab törədir. Adətən konservativ müalicə olunur.

Kəskin ikincili peritonitlər boşluqlu-vəzili orqanların möhtəviyyatının və ya iltihabı eksudatın periton boşluğuna keçməsi (iltihab, perforasiya, nekroz) nəticəsində baş verir. Adətən cərrahi müalicə lazım gəlir.

Üçüncülü peritonit davam edən ikincili peritonitə deyilir.

 

Gedişi və səbəbinə görə

Kəskin peritonit – kəskin zədələnmə və eksudativ iltihabla xarakterizə olunur

  • Birincili peritonitlər - orqan möhtəviyyatının ekstravazasiyası olmadan periton boşluğundakı (birincili bakterial peritonit, vərəm, bruselyoz) iltihabdır.
  • İkincili və ya cərrahi peritonitlər – boşluqlu-vəzili orqanların möhtəviyyatının və ya iltihabı eksudatın periton boşluğuna keçməsi (iltihab, perforasiya, nekroz) nəticəsində baş verir.
  • Üçüncülü – periton boşluğunu kirlədən mənbənin aradan qalxmasına baxmayaraq davam edən ikincili peritonitə deyilir.

 

Xroniki peritonit – xroniki zədələnmə, fibroz və ya qranulomaların inkişafı ilə xarakterizə olunur

  • tuberkuloz
  • qranulomatoz
  • Digər

Səbəbin xarakterinə görə

Septik

Aseptik

Yayılmasına görə

Diffuz

Yerli

Məhdud (abses)

 

 

İKİNCİLİ PERİTONİT

 

Tərifi

İkincili peritonitlər abdominal orqanların xəstəliklərinin, əməliyyat və travmalarının ağırlaşması olub, boşluqlu-vəzili orqanların möhtəviyyatının və ya iltihabı eksudasiyanın periton boşluğuna keçməsi (iltihab, perforasiya, nekroz) nəticəsində baş verir. İkincili peritonitlərə cərrahi peritonit də deyilir.

 

Təsnifatı

Səbəbinə görə

  • Perforasiya
  • İltihab
  • İşemiya
  • Travma
  • Əməliyyat (anastomoz, qanaxma və s)
  • Digər

Yayılma dərəcəsinə görə

  • Diffuz
  • Yerli
  • Məhdud (abses)

Eksudatın xarakterinə görə

  • Seroz
  • İrinli
  • Nəcis
  • Ödlü
  • Digər

Mərhələləri

  • Başlanğıc (sepsis yoxdur)
  • Sepsis
  • Ağır sepsis (orqan və sistem yetməzlikləri)
  • Septik şok (hemodinaik yetməzlik)

Ağırlıq dərəcəsinə görə

  • Mərhələsinə görə
  • Sepsisin və orqan yetməzliklərinin ağırlıq dərəcəsinə görə
  • Manheym indeksi

 

     

 

Etiologiyası

İkincili peritonitlər qarın boşluğu orqanlarının zədələnməsi, perforasiyası, əməliyyatı və ya iltihabi destruktiv xəstəliklərinin ağırlaşması kimi meydan gəlir. Kəskin appendisit, pankreatit, xora, şiş və divertikul perforasiyası, anastomoz buraxması və genital iltihabi xəstəliklər kəskin cərrahi peritonitlərin ən çox rast gələn səbəbləridir.İnfeksiya ikincili peritonitlərdə infeksiya əksər hallarda ikincili qoşulur.

 

Patogenezi

Kəskin peritonit adətən qarındaxili orqanların xəstəliklərinin, travmalarının və ya əməliyyatlarının ağırlaşmasıdır.

Kəskin ikincili peritonitlərdə başladıcı və aparıcı patomexanizm boşluqlu-vəzili orqan möhtəviyyatının (perforasiya, anastomoz buraxması, travma) və ya iltihabi-destruktiv eksudatın (pankreatit, absesin yayılması) periton boşluğuna axmasıdır (“kirlənmə” mexanizmi). Boşluğa tökülmüş möhtəviyyat və ya eksudat periton qişasının zədələnməsinə və geniş iltihabına səbəb olur.

Sahəsi təxminən dəri səthinə yaxın olan peritondakı yayğın ödem və eksudasiya retroperitonda, qarın divarında və bağırsaqlarda böyük ödemlərə (üçüncü sahə) səbəb olur.

Abdominal ödemlər bir tərəfdən hipovolemiya törədir, digər tərəfdən isə, artaraq kompartmana (qarındaxili təzyiqin artmasına) səbəb ola bilir.

Davam edən peritoneal iltihab və hipovolemiya ümumi iİltihab sindromunu (sepsis) və orqan disfunksiyalarını törədir.

Cərrahi peritonit mahiyyətcə abdominal sepsis və kompartman (sıxışma) sindromunun birliyidir: Cərrahi peritonit = abdominal iltihab + SİRS + abdominal kompartman.

Kəskin cərrahi peritonitlərdə infeksiya polimikrobial və bağırsaq mənşəli olur və adətən iltihabi prosesə ikincili qoşularaq gedişi ağırlaşdırır.

 

 

Şəkli 1. Kəskin ikincili peritonitin patogenezi

 

Gedişi və proqnozu

Kəskin peritonit adətən proqressiv gedişlidir, letallıq 10-80% təşkil edir.

Kəskin peritonit qarındaxili orqanların zədələnmə və destruktiv xəstəliklərinin ağırlaşmasıdır və gedişində şərti olaraq başlanğıc, sepsis və multiorqan etməzlikləri mərhələlərini qeyd etmək olar.

  • Bağlanğıc mərhələdə əsas xəstəliyin əlamətləri və törətdiyi dəyişiklillər ön plana çıxır. Bu mərhələ bir neçə saatdan bir neçə günə qədər davam edə bilir.
  • Sepsis mərhələsində SİRS-in klassik əlamətləri ilə yanaşı abdominal kompartman, dehidratasiya və orqan yetməzlikləri meydana gəlir.
  • Sepsis mərhələsi müalicə olunmadıqda multiorqan yetməzlikləri meydana gəlir. Bu özünü septik şok, respirator distress, böyrək yetməzliyi, qaraciyər disfunksiyası, yayğın damardaxili laxtalanma sindromu, refrakter bağırsaq parezi və s. əlamətlərlə göstərir.

Gedişinə təsir edən önəmli amillərə aşağıdakılar aiddir:

  • səbəb
  • yayılma dərəcəsi
  • lokalizasiya
  • orqanizmin rezervləri
  • vaxtında müalicə

Müalicə olunmayan və mənbəsi aradan qaldırılmayan kəskin peritonitlər adətən ölümlə nəticələnir. Erkən cərrahi müalicə və mənbənin aradan qaldırılması peritonitdən sağalma ehtimalını xeyli artırır (80-90%). Lakin, gecikmiş müalicələrdə, yanaşı ağır xəstəliyi və orqan yetməzliyi olanlarda letallıq yüksəkdir (50-80%).

Mənbənin aradan qaldırılmasına baxmayaraq bəzən peritonit davam edir. Bu vəziyyət orqanizmin immun müdafiə imkanlarının tükənməsi və rezistent infeksiyaların qoşulması ilə əlaqədar baş verir. Buna davam edən və ya üçüncülü peritonit də deyilir. Üçüncülü peritonitlərdə letallıq çox yüksəkdir. Yoğun bağırsaq və öd mənşəli peritonitlər daha ağır gedişlidir.

 

Ağırlaşmaları

  • abses, sepsis və septik şok
  • multiorqan yetməzliyi
  • letallıq -40% (10-80%)

 

Klinikası

  • Qarında ağrı
  • Yerli əlamətlər (peritonun qıcıqlanma əlamətləri) - palpator ağrı, gərginlik, bağırsaq səslərinin azalması, köp, qarının tənəffüsdə iştirak etməməsi və s
  • Sepsis əlamətləri– taxikardiya, hərarət, təngənəfəslik, dehidratasiya, oliqouriya, tərləmə, şok və s.
  • Kompartman əlaməti: yayğın gərginlikli və hərəkətsiz qarın

 

Diaqnostikası

 

Şübhə

Qarında kəskin ağrısı olan bütün xəstələrdə kəskin peritonitdən şübhələnmək olar. Ağrı gərginlik, SİRS və sepsis əlamətləri ilə müşayət olunarsa bu şubhə daha da artır.

 

Dəqiqləşdirmə

Kəskin peritonit diaqnozunu dəqiqləşdirmək, differensasiya etmək, səbəbini və ağırlıq dərəcəsini müəyyənləşdimək üçün təcili qaydada aşağıdakı ilkin və əlavə müayinələr aparılır.

  • Hərtərəfli klinik müayinə - anamnezdə xəstəlik, əməliyyat, travma, ağrının xarakteri, həyatı vacib orqanların vəziyyəti, qarının müayinəsi (palpasiya, perkusiya və auskultasiyası). Sepsis əlamətləri (hərarət, orqan disfunksiyaları) ilə yanaşı peritonun qıcıqlanma əlamətləri (qarında palpator ağrı, gərginlik, əlçəkmə simptomları və s) peritonit üçün xaarakterikdir.
  • Laborator müayinələr: hemoqram, CRP, biokimya (bilirubin, ALT, AST, amilaza, kreatinin, sidik cövhəri, şəkər), elektrolitlər (K+, Na+, Cl-), AQQA və göstərişə görə digər müayinələr. Peritonit üçün leykositoz, CRP və prokalsitonin artması xarakterikdir, sepsisə bağlı orqan disfunksiyası əlamətləri də olur.
  • USM ilkin müayinədir, peritonitin əlmətlərini göstərə bilər (qarında maye, azhərəkətli və ya hərəkətsiz bağırsaqlar, orqan patologiyaları), səbəbini ortaya çıxara bilər, lakin, neqativ nəticə peritoniti inkar etməz.
  • KT peritonitin səbəbini müəyyənləşdimədə standart müayinədir. Qarında maye, sərbəst hava,± kontrast ekstravazasiyası, orqan patologiyaları peritonitin xarakterik əlamətləridir.
  • Kəskin peritonitin patoqnomonik əlaməti yoxdur və diaqnoz klinik kriteriyalar əsasında qoyulur, laparoskopiya və ya laparotomiyada dəqiqləşdirilir.

 

Diaqnostik kriteriyalar

Xəstədə qarındaxili iltihab əlamətləri ilə yanaşı sepsis əlamətləri varsa peritonit diaqnozu qoyulur:

  • Kəskin ağrı
  • Peritonun qıcıqlanma simptomları - palpator ağrı, gərginlik, bağırsaq səslərinin azalması, köp, qarının tənəffüsdə iştirak etməməsi və s.
  • SİRS və sepsis əlamətləri - taxikardiya, yüksək hərarət, təngənəfəslik, leykositoz, dehidratasiya, oliqouriya, tərləmə, şok və s.
  • USM/KT – də qarında maye, hava, kontrast ekstravazasiyası və orqan patologiyaları.
  • Laparoskopiya və ya laparotomiyada periton boşluğunda eksudat,peritonda iltihab.

 

Differensial diaqnostika

  • infeksion (qonokokk, amöb və s)
  • qeyri – infeksion (uremiya, diabet, kollagenozlar və s. )
  • periodik xəstəlik
  • birincili bakterial peritonit
  • digər

 

Ağırlıq dərəcəsinin təyini

Peritonitin ağırlıq dərəcəsini təyin etmək üçün müxtəlif klassifikasiyalar tətbiq edilir. Peritonitin gedişində əsas mexanizm sepsis hesab edilir və ağırlıq dərəcəsinin təyinində də orqan disfunksiyalarının ağırlıq dərəcələrinə əsaslanan şkalalar daha geniş tətbiq edilir (SOFA, CLİF-C-OF, APACHE və s).

 

Peritonitin səbəbinin təyini

Əksər hallarda anamnestik və klinik məlumatlara əsasən peritonitin səbəbini təyin etmək olar. Bir çox hallarda isə USM və KT köməkçi ola bilir. Səbəbin dəqiqləşməsi adətən əməliyyat vaxtı mümkün olur.

Əməliyyatönü dövrdə peritonitin səbəbinin axtarışına vaxt sərf etmək düzgün sayılmır.

 

Proqnozun təyini

Peritonitin səbəbi, ağırlıq dərəcəsi, kompartman, eksudatın xarakteri, müddəti, orqanizmin rezervi proqnoza təsir edən vacib faktorlardır. Proqnozlaşdırma üçün Manheym indeksi istifadə edilə bilər.

 

Peritonitlərdə Manheym indeksi

 

Yaşı 50 çox

5

Qadın cinsi

5

Orqan yetməzliyinin olması

7

Bədxassəli törəmənin olması

4

Peritonitin səbəbi – yoğun bağırsaq

4

Peritonitin müddəti – 24 saatdan çox

4

Diffuz peritonit

6

Eksudat:

şəffaf

bulanlıq – irinli

nəcis – irinli

 

0

6

12

  • 20 baldan aşağı – I dərəcə (letallıq – 0)
  • 20 – 30 bal – II dərəcə (letallıq – 29%)
  • 30 baldan çox – III dərəcə (letallıq– 100%)

 

Müalicəsi

 

Prinsipi

Kəskin ikincili peritonitin müalicəsi klassik ”4+ prinsipi” üzərində qurulur:

  • SİRS və sepsisə görə dəstək müalicələri
  • Konntaminasiyanın (qarın boşluğu kirlədən mənbənin) qarşısının alınması
  • İrinli – nekrotik toxumların aradan qaldırılması (sanasiya, debridment, drenaj)
  • Antibiotikoterapiya
  • Kompartman varsa qarın boşluğunun dekompressiyası

Kəskin ikincili peritonitin əsas müalicəsi təcili əməliyyatdır - laparotomiya və ya laparoskopiya ilə mənbənin aradan qaldırılmsı və ya nəzarətə alınması, peritonun sanasiyası və drenajı. Digər mütləq tədbirlər isə (dəstək, antibiotikoterapiya) əməliyyatdan əvvəl və sonra aparılır.

 

Müalicə taktikası

  • Kəskin peritonit daqnozu qoyulan xəstələr təcili olaraq yatırılır və əməliyyata hazırlanır.
  • Stabilləşmə tədbirləri (oksigenasiya, infuzion terapiya və s.) və antibiotikoterapiya başlanır.
  • Xəstə 2 – 4 saat ərzində stabilləşərsə əməliyyata alınır, stabilləşməyən xəstələrdə (septik şok, MOY) reanimasion tədbirlər həyata keçirilir. Bu da fayda verməzsə yüksək risklə əməliyyat oluna bilər.
  • Əməliyyat açıq və ya laparoskopik üsulla edilə bilər.
  • Əgər xəstədə aşağıdakı vəziyyətlər olarsa laparoskopiya əks göstəriş sayılır:
    • Köp və kompartman.
    • Əməliyyatdan sonrakı böyük çapıq.
    • Stabilləşməyən xəstələr.
  • Əməliyyat vaxtı aşağıdakı işləmlər həyata keçirilir:
    • Kültür götürülür, eksudat sorulur, ilkin yuyulur (2 – 3 L 0,9 % Na Cl).
    • Mənbənin aradan qaldırılması: ocaq çıxarılır, nekrotik toxumalar maksimal dərəcədə eksiziya edilir. Tam çıxarılmayan mənbələrdə peritona ekstravazasiyanı aradan qaldırma tədbiri (drenaj, ekstraperitonizasiya) edilir.
    • Periton boşluğu tam yuyulur (8 – 10 L 0,9 % Na Cl).
    • Bağırsaqlardakı və divardakı fibrin ərplər yaş tamponlarla təmizlənir.
    • Laparoskopiyada qarın boşluğuna 8 – 10 mm Hg st, 10 dəq. oksigen vurulur.
    • Drenaj: 3 – 4 drenaj qoyulur: mənbə yatağı, çanaq, Qc üstü, sol yan kanal.
    • Laparotomiyanın tikilməsi. Aponevroz prolenlə tikilir, əlavə 2 – 3 ədəd gövşədici “U” şəkilli prolen tikişlər qoyulur. Dəri yarası açıq saxlanılır.
  • Laparostomiya (qarının açıq saxlanılması) aşağıdakı hallarda tətbiq edilir:
    • Kompartman varsa (bağırsaq köpü və ödemi).
    • Mənbə tam ləğv olunmayıbsa (destruktiv pankreatit, ayrılmayan irinli ərplər)
    • Mənbənin nəzarətdən çıxma ehtimalı yüksəkdirsə (anastomoz qoyularsa perforasiyanın bağlanmama ehtimalı varsa, 12 bb yaralanması və s.).
  • Əməliyyatdan sonra dəstək tədbirləri və antibiotikoterapiya davam etdirilir.

 

 

   

 

 

TUBERKULOZ PERİTONİTİ

 

Tərifi

Vərəm çöplərinin peritonda törətdiyi iltihabdır, assit, qranuloma, bitişmələrin əmələ gəlməsi ilə xarakterizə olunur. Qarındaxili və ya qarınxarici orqanların vərəm ilə birlikdə və ya ayrıca rast gələ bilər.

 

Təsnifatı

Digər orqan vərəmi ilə münasibətinə görə

  • Birincili – qarındaxili və qarınxarici orqanlarda vərəm ocağı yoxdur
  • İkincili – qarındaxili orqanlarda vərəm ocağı var
  • Disseminasiya - qarınxarici orqanlarda vərəm ocağı var

Patomorfologiyasına görə

  • Seroz forma
    • Sərbəst assit
    • Cibləşmiş assit (kistoz forma)
  • Plastik forma
    • Adheziv forma – qarındaxili bitişmələr
    • İnfiltrativ forma – orqanlarda infiltrasiya və bitişmə
    • Destruktif forma- qarın divarında, mezenterial limfa düyünlərində və ya orqanlarda destruksiya

 

Rastgəlməsi

Vərəm xəstələri arasında rastgəlmə tezliyi – 0,5-1,5% təşkil edir

 

Səbələri və risk faktorları

Vərəm peritonitinin əsas səbəbi Micobacterium tuberculosis bakteriyalarıdır. Aşağıdakı risk faktorları vərəm çöplərinin peritonit törətmə riskini artırır:

  • QİÇS
  • Diabet
  • Alkoqolizm
  • Sirroz
  • Endemik bölgə

 

Patogenezi

Ehtimal edilir ki, vərəm infeksiyası peritonda və limfa düyünlərində limfadenit və kazeoz nekroz törədir. Prosesin davam etməsi disseminasiyaya, bu isə assit və fibrozun əmələ gəlməsinə səbəb olur.

 

Gedişi və ağırlaşmaları

Vərəm peritoniti əksər hallarda xroniki assit əlamətləri ilə ortaya çıxır, az hallarda kəskin peritonit əlamətləri ilə biruzə verə bilir. Assit müəyyən müddətdən sonra fibrozla nəticələnir. Qarındaxili fibroz kistlərin əmələ gəlməsinə və ya bağırsaqlarda bitişmələrin və bağırsaq keçməzliyinin baş verməsinə səbəb ola bilir.

Bəzən vərəm prosesinə ikincili infeskiyalar da qoşula bilir. Qarındaxili orqanların vərmi ilə birlikdə rast gələn vərəm peritonitlərinin gedişi daha proqressiv olur.

Əksər hallarda vərəm peritoniti konservativ müalicə ilə aradan qalxa bilir. Müalicə olunmayan və ağırlaşmış vərəm peritonitləri letal nəticələrə gətirib çıxara bilir.

 

Ağırlaşmaları

  • Bağırsaq keçməzliyi
  • İkincili infeksiyalar
  • Qarındaxili orqanlarda vərəm
  • Disseminasiya

 

Klinikası

Klinik olaraq vərəm peritoniti iki formada biruzə verə bilir: kəskin peritonit və xroniki assit.

  • Kəskin forma kəskin peritonit əlamətləri ilə biruzə verir və az rast gəlinir.
  • Xroniki forma çox rast gəlir və aşağıdadkı əlamətlərlə biruzə verir:
    • Ağrı – xarakterik əlamətdir 90%) və adətən həftələrlə davam edən küt şəkildə olur.
    • Qarında şişkinlik (60%)
    • Hərarət və tərləmə (60%)
    • Klinik müayinədə peritonun qıcıqlanma əlamətləri adətən çox zəif olur.

 

Diaqnostikası

Şübhə

Qarında ağrı və/və ya assit olan xəstələrdə aşağıdakı əlamətlərdən hər hansı biri varsa, vərəm peritonitində şübhələnmək olar:

  • Anamnezdə və ya hazırda digər orqanlarda vərəm (50%)
  • Bir neçə həftə davam edən ağrı, hərarət, gecə tərləmələri
  • Obyektiv müayinə – assit və ya kütlə (60%), keçməzlik əlamətləri (10%), ekstraperitoneal əlamətlər (50%)
  • USM – maye və ya peritoneal qalınlaşma
  • KT – məhdud və ya diffuz maye, periton qalınlaşması, bağırsaq və digər orqanlarda infiltratlar, omentumda düyünlər
  • Assitik maye analizi – albumin qradienti, limfositoz, adenozin deaminaz
  • Tuberkulin testi (Mountuox) müsbət olanlarda 50% həssaslıq
  • Eritrositlərin çökmə reaksiyası çox yüksək olanlar
  • Laparoskopiya və ya laparotomiyada – peritonda diffuz millimetrik düyünlər.

 

Dəqiqləşdirmə

Vərəm peritonitinə şübhə olanlarda aşağıdakı ardıcıllıqla müayinələr aparılır:

  • klinik , laborator (EÇS, tuberkulin testi) və görüntüləmə (USM, KT) ilə vərəmə məxsus əlamətlər, qarındaxili və ekstraabdominal orqanların patologiyaları axtarılır.
  • paresentez edilərək assitin xarakteri və digər səbəbləri ilə differensiasiya aparılır.
  • laparoskopiya edilərək peritondan və piylikdən biopsiya götürülür.

 

Vərəm peritonitinin diaqnostik əlamətləri aşağıdakılardır:

  • Qarında assit və/və ya bitişmələr
  • Assitik mayedə və ya kültürdə vərəm çöplərinin görünməsi
  • Laparoskopiyada peritonda qranulomatoz iltihab
  • Patohistoloji müayinədə kazeoz qranuloma

 

Müalicəsi

 

Prinsipi

Vərəm peritonitində əsas müalicə antituberkuloz müalicədir, əməliyyat göstərişə görə aparılır.

 

Müalicə üsulları

  • Antituberkuloz müalicə – 3-lü və ya 4-lü müalicə 18 ay davam etdirilir.
  • Cərrahi müdaxilə aşağıdakı hallarda göstərişdir:
    • Keçməzlik və ya perforasiya varsa (rezeksiya edilir).
    • Diaqnostik çətinlik varsa (periton biopsiyası edilir).

 

 

SPONTAN BAKTERİAL PERİTONİT

 

  • Spontan bakterial peritonit (SBP) assitik mayenin infeksiyalaşması nəticəsində meydana gəlir, müalicə olunmazsa yüksək letallıq törədir.
  • SBP assitli xəstənin pisləşməsi, ensefalopatiyanın dərinləşməsi, bəzən də yerli peritonit əlamətləri ilə biruzə verir.
  • Diaqnozu assitik mayedə neytrofil miqdarının 250 hüceyrə/ml – dən (0,25 x 109/L) çox olması ilə qoyulur.
  • İkincili peritonitlərdən fərqli olaraq spontan bakterial peritonitlərdə peritoneal eksudatda albumin miqdarı qandakından çox aşağı olur və tək növ mikroflora tapılır.
  • Müalicəsi adətən konservativdir və üçün albumin + antibiotik kombinasıyası istifadə edilir.

 

Özət

Peritonit periton qişasının müxtəlif septik və ya aseptik səbəblərdən meydana gələn iltihabına deyilir. Klinik praktikada ən çox istifadə olunan təsnifata görə peritonitlər kəskin və xronik peritonitlərə bölünür. Kəskin peritonit – kəskin zədələnmə və eksudativ iltihabla xarakterizə olunur və 3 klinik forması var: birincili, ikincili və üçüncülü peritonitlər. Xroniki peritonit isə xroniki zədələnmə, fibroz və ya qranulomaların inkişafı ilə xarakterizə olunur (tuberkuloz, qranulomatoz, fibroz-skleroz və s.)

Birincili peritonitlər - orqan möhtəviyyatının ekstra- vazasiyası olmadan periton boşluğundakı (birincili bakterial peritonit, vərəm, bruselyoz) iltihabdır.

İkincili və ya cərrahi peritonitlər – boşluqlu-vəzili orqanların möhtəviyyatının və ya iltihabı eksudatın periton boşluğuna keçməsi (iltihab, perforasiya, nekroz, yaralanma) nəticəsində baş verir. Xəstəlik əksər hallarda kəskin ağrılarla başlayır, bir neçə saat ərzində SİRS və sepsis əlamətləri qoşulur, ardınca kompartman və multiorqan yetməzlikləri meydana gəlir. Diaqnozu klinik əlmətlər əsasında qoyulur (ağrılı gərgin qarın, SİRS və sepsis əlamətləri), laparoskopiya və ya laparotomiya ilə dəqiqləşdirilir. Ağırlıq dərəcəsini, səbəbini müəyyənləşdirmək və differensial diaqnostika üçün laborator, görüntülmə müayinələri aparılır. İkincili peritonitlərdə təcili əməliyyat (mənbənin və irinli-nekrotik toxumaların aradan qaldırılması) antibiotikoterapiya, anti-kompartman və dəstək müalicələri lazımdır.

Üçüncülü peritonit periton boşluğunu kirlədən mənbənin aradan qalxmasına baxmayaraq davam edən ikincili peritonitə deyilir. İmmunosupressiyanın baş verməsi ilə əlaqədar olduğu ehtimal edilir.

Tuberkuloz peritoniti birincili olaraq peritonda ola bilər və ya qarındaxili və qarınxarici orqanlardakı prosesin yayılması kimi ortaya çıxa bilər. Vərəm peritoniti əksər hallarda xroniki assit əlamətləri ilə biruzə verir, az hallarda isə kəskin peritonit əlamətlərinə rastlanır. Assitlə yanaşı hərarət və gecə tərləmələri xarakterikdir. Diaqnozu dəqiqləşdirmək üçün assitik mayenin müayinəsi, KT, periton biopsiyası edilir. Assitik mayedə vərəm çöplərinin və ya DNA-sının tapılması və ya biopsiyada dev hüceyrəli kazeoz qranulma vərəm peritoniti diaqnozunu dəqiqləşdirir. Vərəm peritonitinin əsas müalicəsi antituberkuloz müalicədir, əməliyyat göstərişə görə aparılır (keçməzlik, perforasiya, diaqnostik çətinlik).

 

Peritonit üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, F.Əhmədov

 

İkincili peritonit

Suallar

Cavablar

İkincili peritonit (cərrahi peritonit) nədir?

İkincili peritonitlər abdominal orqanların xəstəliklərinin, əməliyyat və travmalarının ağırlaşması olub, boşluqlu-vəzili orqanların möhtəviyyatının və ya iltihabı eksudasiyanın periton boşluğuna keçməsi (iltihab, perforasiya, nekroz) nəticəsində baş verir.

Hansı klinik formaları var?

  • Diffuz
  • Yerli
  • Məhdud (abses)

Səbəbi və ya risk faktorları nələrdir?

Kəskin appendisit, pankreatit, xora, şiş və divertikul perforasiyası, anastomoz buraxması və genital iltihabi xəstəliklər və s.

Patogenezi nədən ibarətdir?

Cərrahi peritonit = abdominal iltihab + SİRS-sepsis + abdominal kompartman

Gediş xüsusiyyəti necədir?

proqressiv gedişlidir, letallıq 10-80% təşkil edir

Ağırlaşmaları nələrdir?

  • abses, sepsis və septik şok
  • multiorqan yetməzliyi
  • letallıq -40% (10-80%)

Klinik əlamətləri hansılardır?

  • Qarında ağrı
  • Yerli əlamətlər (peritonun qıcıqlanma əlamətləri)
  • Sepsis əlamətləri
  • Kompartman əlaməti

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Qarında kəskin ağrısı olan bütün xəstələrdə

Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır?

Kəskin peritonitin patoqnomonik əlaməti yoxdur və diaqnoz klinik kriteriyalar əsasında qoyulur, laparoskopiya və ya laparotomiyada dəqiqləşdirilir.

Laborator əlamətləri nələrdir?

Leykositoz, CRP artması, orqan yetməzlikləri

Görüntlüləmə əlamətləri nələrdir?

  • USM – qarında maye, azhərəkətli və ya hərəkətsiz bağırsaqlar, orqan patologiyaları
  • KT – qarında maye, sərbəst hava, ± kontrast ekstravazasiyası, orqan patologiyaları.

Diaqnostik kriteriyalarını sadala?

  • Kəskin ağrı
  • Peritonun qıcıqlanma simptomları
  • Sepsis əlamətləri
  • USM/KT – də qarında maye, hava, kontrast ekstravazasiyası və orqan patologiyaları
  • Laparoskopiya və ya laparotomiyada periton boşluğunda eksudat, peritonda iltihab

Müalicə üsulları hansılardır?

Klassik ”4+ prinsipi” üzərində qurulur:

  • SİRS və sepsisə görə dəstək müalicələri
  • Kontaminasiyanın (qarın boşluğu kirlədən mənbənin) qarşısının alınması
  • İrinli-nekrotik toxumların aradan qaldırılması (sanasiya, debridment, drenaj)
  • Antibiotikoterapiya
  • Kompartman varsa qarın boşluğunun dekompressiyası

Əsas müalicəsi təcili əməliyyatdır.

Əməliyyata göstərişlər nələrdir?

Bütün ikincili peritonitlər

Əməliyyat üsulları hansılardır?

Laparotomiya və ya laparoskopiya ilə mənbənin aradan qaldırılmsı və ya nəzarətə alınması, peritonun sanasiyası və drenajı

Proqnozu nədir?

Təcili əməliyyata alinmasa proqnozu pisdir

Xəstəliyin ən xaraketrik özəlliyini bir cümlə ilə necə ifadə edərsiniz?

Qarındxili xəstəliklərin, əməliyyatların və travmaların ən ağır ağılraşmasıdır, təcili əməliyyat mütləqdir.

 

 

Tuberkulez peritoniti

Suallar

Cavablar

Tuberkulez peritoniti nədir?

Vərəm çöplərinin peritonda törətdiyi iltihabdır

Rastəlmə tezliyi nə qədərdir?

Vərəm xəstələri arasında rastgəlmə tezliyi – 0,5-1,5% təşkil edir

Hansı klinik formaları var?

Birincili

İkincili

Disseminasiya

Səbəbi və ya risk faktorları nələrdir?

Səbəbi--Micobacterium tuberculosis

Risk faktorlari

  • QİÇS
  • Diabet
  • Alkoqolizm
  • Sirroz
  • Endemik bölgə

Patogenezi nədən ibarətdir?

Ehtimal edilir ki, vərəm infeksiyası peritonda və limfa düyünlərində limfadenit və kazeoz nekroz törədir. Prosesin davam etməsi disseminasiyaya, bu isə assit və fibrozun əmələ gəlməsinə səbəb olur.

Gediş xüsusiyyəti necədir?

Əksər hallarda vərəm peritoniti konservativ müalicə ilə aradan qalxa bilir. Müalicə olunmayan və ağırlaşmış vərəm peritonitləri letal nəticələrə gətirib çıxara bilir.

Ağırlaşmaları nələrdir?

  • Bağırsaq keçməzliyi
  • İkincili infeksiyalar
  • Qarındaxili orqanlarda vərəm
  • Disseminasiya

Klinik əlamətləri hansılardır?

  • Ağrı
  • Qarında şişkinlik (60%)
  • Hərarət və tərləmə (60%)
  • Klinik müayinədə peritonun qıcıqlanma əlamətləri

Hansı xəstələrdə şübhələnmək lazımdır?

  • Anamnezdə və ya hazırda digər orqanlarda vərəm (50%)
  • Bir neçə həftə davam edən ağrı, hərarət, gecə tərləmələri
  • Obyektiv müayinə - assit və ya kütlə (60%), keçməzlik əlamətləri (10%), ekstraperitoneal əlamətlər (50%)
  • USM- maye və ay peritoneal qalınlaşma
  • KT- məhdud və ya diffuz maye, periton qalınlaşması, bağırsaq və digər orqanlarda infiltratlar, omentumda düyünlər
  • Assitik maye analizi- albumin qradiyenti, limfositoz, adenozin deaminaz
  • Tuberkulin testi (Mountuox) müsbət olanlarda -50% həssaslıq
  • Eritrositlərin çökmə reaksiyası çox yüksək olanlar
  • Laparoskopiya və ya laparotomiyada – peritonda diffuz millimetrik düyünlər

Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır?

Klinik , laborator (EÇS, tuberkulin testi) və görüntüləmə (USM, KT) və biopsiya

Laborator əlamətləri nələrdir?

Assitik mayedə və ya kültürdə vərəm çöplərinin görünməsi

Görüntlüləmə əlamətləri nələrdir?

  • USM- maye və ay peritoneal qalınlaşma
  • KT- məhdud və ya diffuz maye, periton qalınlaşması, bağırsaq və digər orqanlarda infiltratlar, omentumda düyünlər

Diaqnostik kriteriyalarını sadala?

  • Qarında assit və/və ya bitişmələr
  • Assitik mayedə və ya kültürdə vərəm çöplərinin görünməsi
  • Laparoskopiyada peritonda qranulomatoz iltihab
  • Patohistoloji müayinədə kazeoz qranuloma

Müalicə üsulları hansılardır?

Antituberkuloz müalicə

Cərrahi müdaxilə

Əməliyyata göstərişlər nələrdir?

  • Keçməzlik və ya perforasiya varsa
  • Diaqnostik çətinlik varsa