Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

QARINDAXİLİ ABSESLƏR

Bayramov N.Y., Zeynalov S.M., Əliyev T.Q.

 

Tərifi

Qarında hüdudlanmış irinli və ya irinli-nekrotik ocaqdır.

 

Təsnifatı

Yerinə görə

Peritondaxili

  • diafraqmaaltı
  • qaraciyəraltı
  • ilgəklərarası
  • çanaq

 

Retroperitoneal

Səbəbinə görə

  • orqanətrafı (zədələnməəatrafı)
  • distant (yığıntı və ya hematomanın infeksiyalaşması)

 

PERİTONDAXİLİ ABSESLƏR

 

Səbələri

Qarındaxili abseslərin səbəblərini 2 qrupda cəmləşdirmək olar:

  • Orqan zədələnmələri nəticəsində əmələ gələn abseslər: perforasiya, nekroz, anastomoz buraxması, travma, genitourinar infeksiya və digər səbəblər nəticəsində orqan möhtəviyyatının çıxması və hüdudlanması
  • Qarındaxili yığıntının infeksiyalaşması nəticəsində əmələ gələn abseslər (qan, yığıntı, yad cisim və s infeksiyalaşması)

Postoperativ abseslərin səbəbləri:

  • möhtəviyyat sızması (anastomoz buraxması, zədələnmə)
  • qanaxma
  • seroz yığıntının infeksiyalaşması
  • yetərziz sanasiya

Bakteriyalar diffuz peritonitdə olduğu kimi əksər hallarda polimikrobial xarakterli olur. Qarındaxili abseslərin təxminən 1/3 peritonitlərdən sonra müşahidə edilir.

 

Patogenezi

Qarındaxili abseslər  iltihabı-nekrotik ocağın hüdudlanması ilə formalaşır. İltihabı-nekrotik ocaq iki klassik yolla əmələ gəlir: orqan zədələnməsi və distant.

  • Orqanların zədələnməsi nəticəsində periton boşluğuna tökülən möhtəviyyat yerli iltihab yaradır, infeksiya qoşularaq irinli iltihab meydana gəlir və hüdudlanaraq abses əmələ gəlir. Buna perforasiya, travma, anastomoz buraxmasından sonra meydana gələn absesləri aid etmək olar. Bu abseslər adətən orqan ətrafında yerləşir (məsələn appendikulyar, perivezikal, peri-anastomotik, qaraciyəraltı, divertikulyar və s.) və boşluqla əlaqəsi olur.
  • Distant mexanizmdə isə qarın boşluğunda drenaj olunmamış və cibləşmiş qeyri-orqan möhtəviyyatları infeksiyalaşır və hüdudlanaraq əbses əmələ gəlir. Postoperativ abseslər (hematoma və drenaj olunmamış yığıntılar, yad cisimlər) və peritonitlərdən sonra meydana gələn abseslər (drenaj olunmamış cibləşmiş eksudat) bu yolla əmələ gəlir. Xüsusən, əməliyyatdan və travmadan sonrakı hematomaların, drenaj olunmamış yığıntıların, diffuz peritonitlərdə cibləşmiş yığıntıların və yad cisimlərin infeksiyalaşması və hüdudlanması ətrafında yaranan abseslər bu yol əmələ gəlir. Distant abseslər qarın boşluğunun hər hansı bir yerində formalaşa bilər.

 

Gedişi və ağırlaşmaları

Qarındaxili abseslərin aqibəti müxtəlif ola bilir:

  • uzumnüddətli davam etmə və xronikləşmə
  • perforasiya
  • sepsis, orqan yetməzliklərinə və letallığa səbəb olma (30%).

Uzunmüddətli davam etmə və xronikləşmə əsasən kiçik abseslər üçün xarakterikdir.

Abses vaxtında müalicə olunmadıqda orqana, peritona, həttda dəriyə açıla bilər. Bu müvəqqəti yaxşılaşmaya səbəb olsa da xronikləşmə ejhtimalını artırır.

Abseslər adətən sepsis törədirlər və vaxtında müalicə olunmadıqda orqan yetməzliklərinə gətirib çıxarırlar. İntraabdominal abseslərdə letallıq 30% təşkil edir.

Absesin lokalizasiyası, səbəbi və müalicəyə başlama müddəti gedişə və letallığa təsir edən önəmli amillərdir.

 

Ağırlaşmaları

  • Sepsis
  • Perforasiya
  • Qanaxma

 

Klinikası

  • Ağrı xarakterik əlamətdir, lakin əməliyyatdan sonrakı xəstələrdə zəif biruzə verə bilər.
  • Hərarət əksər hallarda hektik xarakter daşıyır, lakin zəif xəstələrdə olmaya da bilər.
  • Bağırsaq fəaliyyətində dəyişiklik ola bilər.
  • Obyektiv müayinədə qarında kütlə təyin oluna bilir, lakin dərin abseslərdə bu əlamət hiss edilmir.

 

Diaqnostikası

Şübhə

Aşağıdakı əlamətlər qarındaxili abseslərə şübhə yaradır:

  • Qarında ağrı, kütlə və sepsis əlamətləri
  • Əməliyyat və ya travmadan sonra ağrı, yüksək hərarət və leykositoz və/və ya CRP artması
  • Peritonitlərdən sonra hektik hərarət, davam edən leykositoz və/və ya CRP artması

 

Dəqiqləşdirmə

Qarındaxili absesə şübhə əlamətləri olan xəstələrdə diaqnozu və səbəbi müəyyənləşdirmək üçün ilkin klinik, laborator (hemoqram, CRP, biokimya, elektrolitlər) və USM ilə yanşı KT edilir.

Qarındaxili absesi təsdiq və ya inkar etmək üçün ən vacib müayinə tomoqrafiyadır.

 

Qarındaxili absesin diaqnostik əlamətləri:

  • Anamnezində kəskin cərrahi xəstəliklər, travma və və ya əməliyyat.
  • Qarında ağrı, kütlə ola bilər
  • İltihab əlamətləri: yüksək hərarət, leykositoz, CRP artması
  • Görüntüləmədə xarakterik əlamətlər (içərisində hava-maye səviyyəsi olan hüdudlu maye yığıntısı)

 

   

 

Müalicəsi

Prinsipi

Qarındaxili abseslərin müalicəsi təcili olaraq aparılır və prinsipləri digər irinli – septik xəstəliklərində olduğu kimi “klassik 4 prinsip” üzərində qurulur:

  • mənbənin aradan qaldırılması
  • irinli – nekrotik toxumaların kənarlaşdırılması (sanasiya və drenaj)
  • antibiotikoterapiya
  • SİRS və sepsisə görə dəstək müalicələri

 

Drenaj üsulları

Absesləri drenaj etmək üçün 3 klassik drenaj üsulu var:

  • Perkutan (dəridən keçən)
  • Laparoskopik
  • Açıq

 

Müalicə taktikası

  • Qarındaxili abseslərdə ilk seçim perkutan drenajdır.
  • Perkutan drenaj mümkün olmadıqda və ya yetərsiz olarsa cərrahi drenaj tətbiq edilir.
  • Cərrahi drenaj açıq və ya laparoskopik yolla yerinə yetirilə bilər və aşağıdakı hallarda göstəriş sayılır:
  • dərin yerləşən və perkutan girişi çətin olan abseslər
  • mənbəyə nəzarət lazım gələn hallar (anastomoz buraxması, divertikulu, fistullar və s)
  • perkutan drenajla çıxmayan böyük nekrotik detritlər
  • Əməliyyatdan əvvəl və sonra antibiotikoterapiya və dəstək müalicələri aparılır.

 

RETROPERİTONEAL/RETROFASSİAL (PREPERİTONEAL) ABSES

 

Tərifi

Retroperitoneal abseslər peritonarxası sahədə yerləşən abseslərə deyilir.

 

Səbəbləri

Səbəblərinə görə birincili və ikincili retroperitoneal abseslər ayrıd edilir:

  • Birincili abseslər– nadirdir və infeklsiyanın hematogen yayılması nəticəsində meydana gəlir
  • İkincili abseslər retroperitoneal orqanların travma və ya iltihabı xəstəliklərinin nəticəsində meydana gəlir (böyrək, bağırsaq, pankreas və s)

Bakteriyalar əksər hallarda qarışıq xarakterli olur.

 

Patogenezi

Travmadan sonra retroperitoneal abses aşağıdakı yolla formalaşır:  travma - hematoma–infeksiyalaşma –abses. Orqan xəstəliklərində isə absesin formalaşması klassik yolla baş verir: orqandakı iltihabın və ya möhtəviyyatın kənara çıxması–hüdüdlanma və infeksiyalaşma

 

Gedişi

Retroperitoneal abseslər müalicə olunmadıqda artaraq ağır sepsisə, retroperitoneal fleqmonaya, hətta mediastinitə səbəb ola bilər. Orqanla əlaqəsi olmayan retroperitoneal abseslər adətən drenajla sağala bilirlər, əlaqəsi olanlarda isə fistullar meydan gələ bilir. Hematogen abseslərin gedişi əsas xəstəliyin gedişinə uyğundur. Letallıq müalicə olunanlarda 25%, müalicə olunmadıqda isə 100%-ə çatır.

 

Klinkası

Anamnezində travma, böyrək, bağırsaq, mədəaltı vəzi xəstəlikləri və ya əməliyyatları olanlarda ağrı və sepsis əlamətləri (yüksək hərarət, taxikardiya, taxipnoe,   leykositoz, CRP artması) əlamətləri ilə ortaya çıxır. Palpator ağrı və gərginlik, müsbət psoas simptomu (aşağı ətrafı yuxarı qaldırırkən ağrı, hərəkət vaxtı güclü ağrılar, bəzən də dəridə ödem və qızartı ola bilir.

 

Diaqnostikası

Şübhə

Anamnezində travma, sidik yolları, bağırsaq (xüsusən 12bb və yoğun bağırsaq), mədəaltı vəzi xəstəlikləri və əməliyyatları olanlarda bel ağrıları və sepsis əlamətləri varsa retroperitoneal absesdən şübhələnmək olar. Palpator bel ağrıları və və gərginlik bu şübhəni daha da artırır.

 

Dəqiqləşdirmə

Retroperitoneal absesin diaqnozunu dəqiqləşdirmək üçün KT qızıl standart sayılır. KT-də retroperitonal sahədə ödem, maye, hətta qaz görünə bilər.

 

Retoperitoneal absesin diaqnostik əlamətləri:

  • Bel ağrıları
  • SİRS-Sepsis əlamətləri
  • KT-də retroperitoneal iltihab əlamətləri (maye, infiltrasiya, ödem, hava)

 

Differensial diaqnostikası

  • soyuq abses
  • retroperitoneal törəmələr

 

Müalicəsi

Təcili drenaj, mənbəni aradan qaldırma, antibiotikoterapiya və dəstək retroperitoneal absesin müalicə prinsipləridir.

Drenaj ücün perkutan və cərrahi üsullar tətbiq edilə bilər. Perkutan drenaj ilk seçimdir.

 

Özət

Peritondaxili abseslər qarındaxili orqanların xəstəlikləri, travmaları və əməliyyatlarından sonra (perforasiya, nekroz, anastomoz buraxması, yaralanma, genitourinar infeksiya, qan,  yığıntı, yad cisim və s) qarın boşluğuna toplanmış möhətviyyatın və ya yığıntının hüdudlanması və infeksiyalaşması nəticəsində meydana gəlir. Adətən ağrı, SİRS-sepsis əlamətləri ilə biuzə verir, müalicə olunmazsa sepsis və orqan yetməzliklərinə, letallığa, bəzən də və fistullara səbəb ola bilər. Diaqnozunu dəqiqləşdirmək üçün KT lazım gəlir, ağrı, SİRS-sepsis əlamətləri ilə yanaşı mayeli boşluğun görünməsi xarakterikdir. Qarındaxili abseslərin müalicəsi üçün drenaj (perkutan və ya cərrahi), antibiotikoterapiya, dəstək müalicələri və səbəbin aradan qaldırlması lazımdır.

Retroperitoneal abseslər adətən peritonarxası orqanların (böyrək, bağırsaq, mədəaltı vəzi, onurğa stünü) travmalarından, əməliyyatlarından və ya xəstəliklərindən sonra bu sahəyə yığılan möhtəviyyatın və hematomanın infeksiyalaşması nəticəsində meydana gəlir.  Adətən ağrı, SİRS-sepsis əlamətləri ilə biuzə verir, müalicə olunmzasa sepsis və orqan yetməzliklərinə, letallığa, bəzən də və fistullara səbəb ola bilər. Diaqnozunu dəqiqləşdirmək üçün KT lazım gəlir, ağrı, SİRS-sepsis əlamətləri ilə yanaşı mayeli boşluğun görünməsi xarakterikdir. Müalicəsi üçün təcili  drenaj,  mənbəni  aradan  qaldırma,  antibiotikoterapiya  və  dəstək tədbirləri həyata keçirilir.

 

Qarın absesləri üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, F.Əhmədov

 

 

Qarindaxili abses

Suallar

Cavablar

Qarindaxili abses nədir?

Qarında hüdudlanmış irinli və ya irinli-nekrotik ocaqdır

Hansı klinik formaları var?

Peritondaxili

  • diafraqmaaltı
  • qaraciyəraltı
  • ilgəklərarası
  • çanaq

Retroperitoneal

Səbəbi  və ya risk faktorları nələrdir?

  • Orqan zədələnmələri nəticəsində əmələ gələn abseslər
  • Qarındaxili yığıntının infeksiyalaşması nəticəsində əmələ gələn abseslər

Patogenezi nədən ibarətdir?

Qarındaxili abseslər  iltihabı-nekrotik ocağın hüdudlanması ilə formalaşır

Gediş xüsusiyyəti necədir?

  • uzumnüddətli davam etmə və xronikləşmə
  • perforasiya
  • sepsisə (orqan yetməzliklərinə) və letallığa səbəb olma (30%)

Ağırlaşmaları nələrdir?

  • Sepsis
  • Perforasiya
  • Qanaxma

Klinik əlamətləri hansılardır?

  • Ağrı
  • Hərarət
  • Bağırsaq fəaliyyətində dəyişiklik
  • Obyektiv müayinədə qarında kütlə

Hansı xəstələrdə şübhələnmək lazımdır?

  • Qarında ağrı, kütlə və sepsis əlamətləri
  • Əməliyyat və ya travmadan sonra ağrı, yüksək hərarət və leykositoz və/və ya CRP artması
  • Peritonitlərdən sonra hektik hərarət, davam edən leykositoz və/və ya CRP artması

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

Klinik, laborator və görüntüləmə müayinələri

Laborator əlamətləri nələrdir?

leykositoz, CRP artması

Görüntlüləmə əlamətləri nələrdir?

Tomoqrafiyada içərisində hava-maye səviyyəsi olan hüdudlu maye yığıntısının olması

Diaqnostik kriteriyalarını sadala?

  • Anamnezində kəskin cərrahi xəstəliklər, əməliyyat, travma
  • Qarında ağrı, kütlə ola bilər
  • İltihab əlamətləri: yüksək hərarət, leykositoz, CRP artması
  • Görüntüləmədə xarakterik əlamətlər

Müalicə üsulları hansılardır?

“Klassik 4 prinsip”:

  • mənbənin aradan qaldırılması
  • irinli-nekrotik toxumaların kənarlaşdırılması (sanasiya və drenaj)
  • antibiotikoterapiya
  • SİRS və sepsisə görə dəstək müalicələri

Əməliyyat üsulları hansılardır?

  • Perkutan (dəridən keçən) drenaj
  • Laparoskopik drenaj
  • Açıq drenaj

 

Retroperitoneal hematoma və abses

Suallar

Cavablar

Retroperitoneal hematoma nədir?

Peritonarxasi sahədə hematomanin yaranmasıdır

Səbəbi və ya risk faktorları nələrdir?

  • Çanaq sümüklərinin siniqları-travma (60%)
  • Antikoaqulyantlar
  • Damar patologiyaları
  • Şişlər
  • Kəskin pankreatit
  • Maliqnizasiya
  • Yatrogen

Ağırlaşmları nələrdir?

Hemorragik şok

Retroperitoneal abses

Klinik əlamətləri hansılardır?

Başgicəllənmə

Bayılma

Ümumi zəiflik

Qarinda ağri

Beldə ağri

Lokal və yayilmiş həssasliq

Şok

Hematuriya (80%)

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Hemorragik şok əlaməti olan xəstələrdə

Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır?

USM, KT, MRT

Laborator əlamətləri nələrdir?

Hemoqlobinin və hematokritin azalmasi

Müalicə üsulları hansılardır?

Konservativ

Cərrahi

Əməliyyat üsulları hansılardır?

Açıq laporatomiya

Perkutan drenaj

Hansı retroperitoneal hematomaları drenaj etmək lazımdır?

Artan və infeksiyalaşan