Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

PERİTON VƏ PİYLİYİN ANATOMİYASI VƏ FİZİOLOGİYASI

Bayramov N.Y., Zeynalov S.M., Əliyev T.Q.

 

PERİTONUN ANATOMİYASI

 

Ölçüləri

Periton qarının daxili səthini və orqanları örtən nazik təbəqədir, səthinin sahəsi təxminən bədən səthinin sahəsinə bərabərdir (1.7 m2)

Quruluşu

Periton bötöv təbəbqə kimi periton boşluğunun divarını təşkil edir. Periton boşluğu kişilərdə qapalıdır, qadınlarda isə uşaqlıq borusu vasitəsi ilə xariclə əlaqəlidir. Periton boşluğu normada 50 ml həcmində maye ilə doludur.

Hissələri

Periton qatının parietal, visseral hissələri və bunların bir birinə keçidindən əmələ gələn bağları, böyük piylik və cibləri var.

  • Pariteal periton qarın divarını örtən hissədir ki, bu da yerinə görə diafraqmal, çanaq, ön və yan bölgələrə bölünür.
  • Visseral periton peritondaxili orqanları örtən hissəyə deyilir. Qarındaxili orqanlar sanki təbəqə ilə birlikdə periton boşluğuna qabarır.
  • Orqanlar peritonla örtülmə dərəcəsinə görə:
    • intraperitoneal (tam örtülən - bağırsaqlar, qaraciyər, dalaq, uşaqlıq və s)
    • retroperitoneal (az hissəsi örtülən - 12bb, düz bağırsaq, mədəaltı vəzi, )
    • mezoperitoneal (1/3-dən çoxu örtülən – qalxan və enan çənbər bağırsaqlar) ola bilərlər.
  • Visseral periton adətən orqanlarla sıx əlaqəlidir və bəzən orqanın və ya müəllif adı ilə adlanır –qaraciyərdə Qlisson kapsulu, bağırsaqlarda seroz qat, müsariqə peritonu, dalaq kapsulu və s.
  • Peritonun pariteal hissəsinin visseral hissəyə və ya bir orqandan digərinə keçərkən təkqatlı və ya ikiqatlı bağlar və piylik adlanan hissələr əmələ gəlir ki, bunlar əsasən orqanların fiksasiyasında iştirak edirlər. Bu bağlara yerinə görə adlar verilir: qaraciyərin girdə, oraqvari,  üçbucaq, tac bağları,  qaraciyər 12bb və mədə bağı, mədə-diafraqma,  dalaq-diafraqma, dalaq çənbər bağırsaq, uşaqlığın enli bağı və s.
  • Böyük piylik peritonun mədədən köndələn çənbər bağırsağa keçən hissəsi olub, ikiqatlı təbəqədən və arasında yerləşən piy toxumasından ibarətdir.
  • Piylik ciblərindən kiçik piylik cibi (mədəarxası), qaraciyər-böyrək cibi (Morisson), kor bağırsaq ətrafı və kiçik çanaq (Duqlas)  cibləri klinik daha çox əhəmiyyətlidir.

 

Histologiyası

Periton təbəqəsi histoloji olaraq 3 qatdan ibarətdir:

  • Mezotel
  • Fibroz
  • Vaskulyar
  • Mezotel qatında mezotel hüceyrələri və müəyyən miqdarda tosqun hüceyrələr var. Bu qat peritoneal maye ifraz edir və sorur.
  • Fibroz qatda çoxsaylı və istiqamətli kollagen və elastik liflər mövcuddur.
  • Vaskulyar qat peritonun qidalanmasını, sekresiya və absorbsiyasını təmin edən zəngin damarlardan təşkil olunmuşdur.

 

Qan təchizatı

Parietal periton qarın divarı damarları ilə (yuxarı və aşağı epiqastral arteriyalar və venalar, diafraqmal arteriya və venalar və s), visseral periton isə örtdüyü orqanın damarları ilə qidalanır.

 

İnnervasiya

Parietal periton somatik sinirlərlə (qabırğaarası və fəqərəarası), visseral periton isə vegetativ sinirlərlə innervasiya olunur. Ona görə də visseral ağrılar yayğın xarakterli, parietal peritonun qıcıqlanması isə dəqiq lokalizasıyalı ağrılar törədir.

 

FİZİOLOGİYASI

 

Peritonun vücudda bir çox funksional əhəmiyyəti var ki, bunlardan ən vacibləri aşağıdakılardır:

  • Sürüşkənlik
  • Qoruyucu
  • Örtük-fiksasiya

Sürüşkənlik

Mezotelin özünün apikal səthi ilə bir-birinə yapışmaması və peritondaxili maye boşluqda sürüşkənlik yaradır və bağırsaqların hərəkətliliyinı asanlaşdırır.

Normada peritonda 50 ml maye olur ki,  bunun tərkibində zülal 3q/dL, leykosit 3000 /mkl, özüllüyü 1016 təşkil edir. Periton boşluğunda böyük miqdarda maye transportu (500 ml/saat) həyata keçirilir. Peritonun digər hissələrindən ifraz olunan maye əsasən diafraqmal peritondan sorulur. İfrazat ilə sorulma arasında tarazlığın pozulması assitə səbəb olur.

Qoruyucu

Peritonun  qoruyucu xüsusiyyəti var ki,  bu da bakteriyalara qarşı qoruma və zədələnmiş bölgələri hüdudlamaqdan ibarətdir.

Normal halda periton sterildir və peritona daxil olan bakteriyalar  peritoneal mayedəki leykosit, opsonin vasitəsi ilə və qandan gələn komplementlə zərərsizləşdirilir. Peritonda opsoninlərin azalması (sirroz) spontan bakterial peritonitə gətirib çıxara bilir.

Peritonun hüdudlama xüsusiyyəti əsasən böyük piylik və hərəkətli periton hissələri ilə həyata keçirilir və bu prosesdə iltihabın,  fibrinogenin və mezotelin önəmli rolu var.

Kiçik zədələnmələrdə və  zəif iltihabda peritonda əmələ gələn fibrin telləri mezotel hüceyrələri tərəfindən ifraz olunan plazminogen aktivatorunun köməyi ilə əriyir və bitişmə əmələ gəlmir. Məhz bunun sayəsində qarın boşluğuna tökülmuş qan infeksiyalaşmadıqda lizisə uğraya bilir. Lakin böyük, davam edən zədələnmələrdə və bakterial iltihabda TNF sitokini və bakterial endotoksinlər plazminogen aktivatorunu inhibə edərək  fibrin tellərinin ömrünü uzadır, fibroz toxumanın inkişafına şərait yaradır və bitişməni möhkəmləndirir.

Fiksasiya

Periton əmələ gətirdiyi bağlar vasitəsi ilə qarın boşluğundakı əksər orqanların fiksasiyasında iştirak edir, örtüklər (kapsula, seroza) vasitəsi ilə orqanların divarını möhkəmləndirir.

Regenerasiya

Mezotelin yüksək və özünəməxsus iki növ regenerasiya qabiliyyəti var.

  • Birinci növ regenerasiya klassik olaraq kənari yolla - yerli mezotelin bölünməsi ilə baş verir.
  • İkinci növ regenerasiyada isə, periton boşluğuna düşmüş sərbəst mezotel hüceyrələri defekt sahələrinə yapışaraq bölünə bilirlər.

Hər iki prosesin sayəsində böyük periton defektləri  12-24 saat ərzinə mezotel təbəqəsi ilə örtülə bilir.