N.Y.Bayramov, N.Xıdırova
Rastgəlməsi
- Bütün döş qəfəsi törəmələri arasında 20% təşkil edir.
- xoşxassəli törəmələr – 75%
- bədxassəli törəmələr – 25%
- Ən çox rast gələn törəmələr:
- ön mediastinumda – timoma, tiroid törəmələri, teratoma və limfoma
- orta mediastinumda – limfoma və sistlər
- arxa mediastinumda – neyrogen törəmələr.
Növləri
Yerləşməsinə görə |
|
Histologiyasına görə |
|
Mənşəyinə görə |
|
Klinikası
Divararalığı törəmələri klinik olaraq 1/3 hallarda simptomsuz keçir və təsadüfi müayinələrdə tapılır. Xoşxassəli törəmələrin simptomsuz, bədxassəlilərin isə simptomatik olma ehtimalı daha çoxdur.
Klinik əlamətlər divararalığı strukturlarının sıxılmasına, invaziyasına və ya sistemik əlamətlərə (metastaz, paraneoplastik sindromlar) bağlı ortaya çıxır:
- bronxopulmonal simptomlar (50%) – öksürək, təngnəfəslik, təkrarlayan pnevmoniyalar
- disfagiya (10%)
- ağrı (10%)
- arıqlama
- invaziya əlamətləri – səsin dəyişməsi, Horner sindromu, yuxarı boş vena sindromu və s.
- digər (miasteniya, hərarət, hormonal və s.)
Diaqnostika
Prinsip
Divararalığı törəmələrinin olub-olmadığını dəqiqləşdirmək üçün tomoqrafiya edilir, təbiətini dəqiqləşdirmək üçün yeri, klinik, laborator və tomoqrafik məlumatlar nəzərə alınır, lakin histoloji müayinə həlledicidir.
Şübhə
Mediastinal törəmələrə şübhə adətən klinik əlamətlər olduqda (təngnəfəslik, öskürək, disfagiya, ağrı, yuxarı boş vena sindromu, paraneoplastik sindromlar və s.) və rentgendə divararalığında genişlənmə göründükdə meydana çıxır.
Dəqiqləşdirmə
Törəmənin varlığını dəqiqləşdirmək üçün tomoqrafiya aparılır, təbiətini dəqiqləşdirmək üçün yeri, endokopik nəticələr və laborator göstəricilər nəzərə alınır, lakin histoloji müayinə həlledicidir.
- KT ilkin və əksər hallarda həlledici üsuldur. MRT damara və sinirə invaziyanı daha yaxşı göstərə bilir. Diferensiasiya məqsədi ilə bronxoskopiya və ezofaqoskopiya geniş istifadə edilir.
- Ön divarararlığında tapılan törəmələrdə limfoma, timoma, teratoma, tiroid törəmələri, orta divararalığında tapılan törəmələrdə limfomalar, arxa divararalığındakılarda isə neyrogen törəmələr ilk planda tutulur.
- Laborator müayinələrdən alfa-fetoprotein və betta-HCG germ-hüceyrə törəmələrində, LDH limfomalarda, asetilxolin reseptor anticimləri timomalarda faydalı ola bilər.
- Həlledici müayinə kimi biopsiya və histoloji müayinə əksər hallarda lazım gəlir. Biopsiyanı aşağıdakı üsullardan biri ilə aparmaq olar:
- dəridən keçən (perkutan) kəsici biopsiya (aspirasyon biopsiyanın rolu azdır)
- bronxoskopik biopsiya
- operativ biopsiya – diaqnostik torakotomiya, torakoskopiya, mediastinoskopiya
- Klinik, laborator və tomoqrafik üsullarla törəmənin təbiəti məlum olmursa rezektabelliyə görə qərar verilir (Şəkil 20). Rezektabel törəmələrdə kütlə əməliyyatla (torakoskopik və ya açıq) çıxarılır və histoloji müayinə edilir (həm diaqnostika, həm də müalicə məsələsi həll edilir). Qeyri-rezektabel törəmələrdə isə perkutan, bronxoskopik və ya torakoskopik yolla biopsiya edilir.
Şəkil 20. Divararalığında kütlə
Müalicə
Mediastinal törəmələrin müalicəsi törəmənin təbiətinə görə dəyişir və 3 növ müalicə yanaşması tətbiq edilə bilir:
- Cərrahi eksiziya – xoşxassəli timoma, neyrogen, sistik törəmələr, teratoma
- Əvvəl kimyaterapiya, residiv qalarsa cərrahi rezeksiya – germ hüceyrəli törəmələr
- Radio-kimyaterapiya – limfomalar
DİVARARALIĞININ ÇOX RAST GƏLİNƏN TÖRƏMƏLƏRİNİN XÜSUSİYYƏTLƏRİ
Neyrogen törəmələr
- Divararalığının neyrogen törəmələri qabırğaarası sinirlərin və ya simpatik kələfin sinir hüceyrələrindən və ya sinir örtüyündən inkişaf edən törəmələrdir.
- Həm uşaqlarda, həm də böyüklərdə arxa mediastinumda ən çox rast gəlinən törəmədir.
- Neyrogen törəmələrin əksəriyyəti sinir örtüyündən inkişaf edir (40-65%).
- Böyüklərdə bu törəmələrin 95%-i, uşaqlarda isə 90%-i xoşxassəlidir.
- Histoloji olaraq aşağıdakı növləri var:
- şvannoma – qabırğaarası sinirlərin örtüyündəki Şvann hüceyrələrindən əmələ gəlir, xoş xassəlidir (Şəkil 21).
- neyrofibroma – qabırğaarası sinirlərin örtüyündən əmələ gəlir, xoşxassəlidir.
- neyrosarkoma – bəd xassəlidir.
- qanqlioneyroma – simpatik kələfdən əmələ gəlir, xoşxassəlidir.
- neyroblastoma – simpatik kələfdən inkişaf edir, bədxassəlidir.
- Diaqnozu əksər hallarda biopiya ilə dəqiqləşdirilir.
- Müalicəsi cərrahi eksiziyadan ibarətdir.
Sistik törəmələr
- Divararalığındakı sistik törəmələr aşağdakı orqanlardan inkişaf edə bilər:
- perikard
- bronx
- qida borusu
- timus
- Divararalığı sistlərinin əksəriyyəti xarakterik olaraq orta divararalığında yerləşir.
- Perikardial sistlər mezotelial sist də adlanır, əksəriyyəti kardio-frenik bucaqda yerləşirlər, bəzilərinin divertikulda olduğu kimi perikard boşluğu ilə əlaqəsi olur.
- Bronxial sistlərin əksəriyyəti bronxətrafı sahədə yerləşir, divarında bronxial epitel və tərkibində bəzən qığırdaq görünür (Şəkil 22).
- Ezofageal sistlər enterik sist, alimentar duplikasiya da adlanır, divarında yastı epitel, mədə epiteli görünür və əksəriyyəti ezofaqusətrafı sahədə yerləşirlər. Bu sistlər adətən anadangəlmə anomaliyalarla birlikdə çox rast gəlinir.
- Sistlərin 10% hallarda mənşəyini təyin etmək mümkün olmur.
- Divararalığı sistlərinin əksəriyyəti xoşxassəldirlər.
- Bronxial və enterik sistlərin diaqnozu adətən çıxarıldıqdan sonra dəqiqləşir. Perikardial sistlərin diaqnozu görüntüləmə ilə dəqiqləşdirilə bilir (Şəkil 23), lakin diferensiasiya çətinliyi və simptomatik olanlarda cərrahi eksiziya lazım gəlir.
|
|
|
Şəkil 21. KT. Şvannoma. Sol parakardial sahədə dəqiq kənarlı, homogen törəmə |
Şəkil 22. KT. Bronxial sist |
Şəkil 23. KT. Perikardial sist |
Germ-hüceyrə törəmələri (teratoma, seminoma, qeyri-seminoma)
- Germ-hüceyrə törəmələri, embrional pluripotent hüceyrələrdən inkişaf etdikləri üçün tərkibində ektodermal, endodermal və mezodermal tərkibli toxumalar ola bilər.
- Germ hüceyrə törəmələri gedişinə görə iki qrupa ayrılır:
- xoşxassəli – teratoma və dermoid kist (20-30%)
- bəd xassəli – seminoma (40%) və qeyri-seminoma (40%).
- Teratomalar həm qadınlarda, həm də kişilərdə eyni tezlikdə rast gəlinir, əksəriyyəti ön divarararlığında yerləşir və tərkibində ektodermal mənşəli toxumalar (diş, saç və sümük) rastlanır. Xoşxassəli gedişə malikdirlər, adətən AFP və betta-HCG artmır. Diaqnozunu KT ilə dəqiqləşdirmək mümkün olur (diş, kalsifikasiya). Malign potensialını nəzərə alaraq total cərrahi çıxarma tövsiyə edilir (Şəkil 24a,b,c).
- Seminoma və qeyri-seminomaların əksəriyyəti kişilərdə rast gəlinir və metastatik xarakterli olur. Ona görə də bunlara şübhə olduqda xayaları və retroperitonu da yoxlamaq lazımdır.
- Qeyri-seminomlara sarı cisim karsinoması, embrional hüceyrə karsinoması və xorionokarsinoma aid edilir.
- Seminomalarda adətən AFP və betta-HCG artmır, lakin qeyri-seminomlarda artır.
- Seminomalarda əvvəl kimyaterapiya aparılır, rezidual törəmə qalarsa cərrahi rezeksiya tətbiq edilir.
- Qeyri-seminomlarda da əvvəl kimyaterapiya aparılır. Müalicədən sonra rezidual törəmə varsa və şiş markerləri normallaşıbsa cərrahi rezeksiya edilir, markerlər normallaşmayıbsa təkrari kimyaterapiya aparılır.
|
|
|
Şəkil 24. Teratoma. A - KT görüntüsü |
B - makropreparat |
C - tərkibində ektodermal toxumalar |
Limfoma
- Mediastinumda tapılan limfomaların əksəriyyəti ön mediastinumda yerləşir, əksəriyyəti metastatik xarakterlidir.
- Mediastinumda ən çox Hodgkin və mediastinal B-hüceyrə limfomasına rast gəlinir.
- Limfomalar adətən ümumi əlamətlərlə biruzə verir (hərarət, arıqlama, gecə tərləmələri), bəzən lokal əlamətlər də ortaya çıxır (öksürək, xırıltı, təngnəfəslik, yuxarı boş vena sindromu, disfagiya, və s.).
- Diaqnozu dəqiqləşdirmək üçün biopsiya vacibdir.
- Limfomaların müalicəsində kimya və radioterapiya istifadə edilir.
TİMUS TÖRƏMƏLƏRİ
Ön divararalığında rast gəlinən törəmələrin əksəriyyətini (təxminən yarısını) timus törəmələri təşkil edir, ikinci yerdə limfomalar durur. Timusda bir çox neoplastik törəmələrə rast gəlinir ki, bunlara timoma, timus karsinoması, limfoma, Hodgkin qranulomasını aid etmək olar. Bu törəmələr arasında ən çox rast gəlinəni timomadır.
Timoma
Timoma ən çox rast gələn timus törəməsidir və histoloji olaraq limfositik (25%), epitelial (25%), limfoepitelial (50%) formaları var (Şəkil 25).
Şəkil 25. Timus
Gedişi
Timomaların əksəriyyəti xoşxassəlidir, az hissəsi isə bəd xassəlidir. Kapsulyar invaziya bədxassəli timomaların xarakterik histoloji əlamətidir. Xəstələrin təxminən yarısında paraneoplastik sindroma rast gəlinir: miasteniya gravis, hipoqammaqlobulinemiya, aplastik anemiya, multiorqan autoimmun vəziyyət. Müalicədən sonra xoşxassəli timomada 10 illik yaşam – 75-100%, bədxassəlidə 25% təşkil edir.
Klinikası
Timomalar 3 klinik formada təzahür edə bilərlər:
- Asimptomatik
- Yerli əlamətlər (öskürək, disfagiya, yuxarı boş vena sindromu, ağrı və s.)
- Paraneoplastik sindrom – miasteniya gravis (30%), anemiya, immunodefisit, autoimmun vəziyyət
Diaqnostikası
Timomalar təsadüfi müayinələrdə tapıla bilərlər və ya döş qəfəsi əlamətləri (öksürək, təngnəfəslik, yuxarı boş vena sindromu və s.) və paraneoplastik əlamətləri (əzələ zəifliyi, təkrarlayan infeksiyalar, anemiya, diareya və enzim yüksəkliyi) olanlarda şübhələnilə bilər.
Timusda kütlənin olub olmadaığını dəqiqləşdirmək üçün KT və ya MRT lazımdır (Şəkil 26,27).
Diaqnozu dəqiqləşdimək üçün ön divarararlığında rast gəlinən törəmələrdən (limfoma, germ hüceyrəli törəmələr, tiroid törəmələri) diferensiasiya etmək lazım gəlir. Bunun üçün klinik, laborator (tiroid hormonları, AFP, betta-HCG,LDH) və görüntüləmə nəticələri nəzərə alınır.
Tiroid hormon müayinələri (TSH, sərbəst T3 və T4) qalxanvari vəzidən fərqləndirmədə faydalı ola bilir.
Görüntüləmədə kalsifikasiya və digər ektodermal görüntülər teratomalar üçün xarakteridir. AFP və betta-HCG artması qeyri-seminoma germ hüceyrəli törəmələr üçün xarakterikdir. Seminomalar və qeyri-seminomalar üçün xayalarda və retroperitonda törəmələr rast gəlinir.
Ən çox diaqnostik çətinlik limfomalarla diferensasiyada rast gəlinir.
Klinik, laborator və görüntüləmə ilə diferenasiya mümkün olmursa biopsiya üçün törəmənin rezektabelliyinə əsaslanan üsul seçilir. Rezektabel törəmələr rezeksiya edilir, qeyri-rezektabel törəmələrdə isə biopsiya yerinə yetirilir.
Timus karsinoması ilə timomanı fərqləndirmək üçün histoloji müayinəyə ehtiyac var.
![]() |
|
Şəkil 26. KT. Timoma |
Şəkil 27. KT. Timoma |
Müalicəsi
Timomalarda və timus karsinomalarında kombinasiyon müalicə tətbiq edilir: timektomiya və kimyaradioterapiya.
Müalicə yanaşması mərhələsinə əsaslanır. Rezektabel vaziyyətlərdə əvvəl əməliyyat sonra göstərişə görə kimyaterapiya verilir. Qeyri-rezektabel vəziyyətlərdə isə əvvəl kimyaterapiya edilərək törəmə rezektabel vəziyyətə gətirilir və əməliyyat edilir. Metastatik hallarda isə kimyaterapiya tətbiq edilir.
Miasteniya gravis
Tərifi
Misateniya qravis iradi əzələlərdə neyromuskulyar zəifliklə xarakterizə olunan xəstəlikdir və adətən asetilxolin reseptorlarının azalması və reseptorlara qarşı anticisimlərlə əlaqədar baş verir.
Etiopatogenezi
Neyromuskulyar sinapsda asetilxolin reseptorlarının azalması və asetilxolin reseptorlarına qarşı anticisimlər sinapsda siqnal ötürücülüyünü kəskin azaldır və əzələ zəifliyi baş verir.
Timus və miasteniya gravis arasında əlaqə
- Miasteniya qravis timomalarda rast gəlinən paraneoplastik sindromlardan biridir (digərləri hioqammaqlomulinemiya, anemiya və multiorqan autoimmun xəstəliklərdir).
- Timomalarda miasteniya 50% rast gəlir, miasteniya gravisdə 85% halda timusda dəyişiklik (70% germinal mərkəz formasiyası, 15% hallarda timoma) tapılır. Timus karsinomalarında miasteniya nadir rast gəlinir.
- Timektomiya 80% halda miasteniyanı yaxşılaşdırır.
- Timoma olmayan halda timektomiya edilərsə miasteniyanın proqnozu daha yaxşıdır.
Gedişi
- Müalicə olunmayan hallarda – hərəkət və tənəffüs zəifliyi, pulmonar ağırlaşmalar, asfiksiya
- Xolinoblokatorlar və relaksantlar – əks göstəriş hesab olunur
Klinikası
Əzələ zəifliyi əlamətləri ilə biruzə verir: diplopiya, ptoz, disfaqiya, mimikanın pozulması, yorğunluq (Şəkil 28,29).
|
|
Şəkil 28. Miasteniya qravis. İki tərəfli ptoz, hipomimiya |
Şəkil 29. Miasteniya qravis mimikası |
Diaqnostikası
Əzələ zəifliyi, xüsusən ptoz və diplopiya (televizora baxarkən tez yorulma) xəstəliyə şübhə yaradan önəmli əlamətlərdir. Əzələ gücü testləri, xüsusən də anti-asetilxolin anticisimləri (90%) diaqnozu dəqiqləşdirir. Timusda törəmə tapılması (15%) timoma mənşəli olduğunu göstərən önəmli əlamətlərdir.
Müalicəsi
Müalicəsində konservativ və cərrahi üsullar tətbiq edilir:
- Cərrahi müalicə (timektomiya) ən effektiv müalicədir və xəstəliyi 80% yaxşılaşdırır.
- Konservativ müalicələr (kortikosteroid, xolinesteraza inhibitorları, plazmoferez) preoperativ hazırldıqda köməkçi vasitə kimi, əməliyyat oluna bilməyənlərdə isə daimi müalicə kimi tətbiq edilir.
Özət
Divararalığı törəmələri nisbətən az rast gəlinən patologiyalardır, histoloji, yerləşmə və klinik xüsusiyyətlərinə görə müxtəlif növləri var. Əksəriyyəti xoşxassəlidir, ön mediastinumda - timoma, tiroid, teratoma və limfoma, orta mediastinumda limfoma və sistlər, arxa mediastinumda isə neyrogen törəmələr çox rast gəlinir. Bu törəmələr klinik olaraq 1/3 hallarda simptomsuz keçir və təsadüfi müayinələrdə tapılır, xoşxassəli törəmələrin simptomsuz, bədxassəlilərin isə simptomatik olma ehtimalı daha çoxdur. Törəmələrinin olub-olmadığını dəqiqləşdirmək üçün tomoqrafiya edilir, təbiətini dəqiqləşdirmək üçün yeri, klinik, laborator və tomoqrafik məlumatlar nəzərə alınır, lakin histoloji müayinə həlledicidir. Müalicəsi üçün törəmənin təbiətindən asılı olaraq cərrahi, kimyaterapiya, radioterapiya üsulu seçilir.
- Divararalığının neyrogen törəmələri qabırğaarası sinirlərin və ya simpatik kələfin sinir hüceyrələrindən və ya sinir örtüyündən inkişaf edən törəmələrdir, əksəriyyəti xoşxassəlidir, müalicəsi üçün cərrahi rezeksiya tətbiq edilə bilir.
- Sistik törəmələr perikarddan, bronxdan, qida borusundan, timusdan inkişaf edə bilir, əksəriyyəti xoş xassəlidir, simptomatik formalarda cərrahi rezeksiya lazım gəlir.
- Germ-hüceyrə törəmələri (teratoma, seminoma, qeyri-seminoma), embrional pluripotent hüceyrələrdən inkişaf etdikləri üçün tərkibində ektodermal, endodermal və mezodermal tərkibli toxumaları ola bilər təxminən yarısı bədxassəlidir. Teratomalarda cərrahi eksiziya, seminoma və qeyr-seminomalarda əvvəl kimyaterapiya edilir, rezidual törəmə qalarsa və ya markerlərlər normallaşmazsa cərrahi rezeksiya edilir.
- Limfomaların əksəriyyəti ön mediastinumda yerləşir, əksəriyyəti metastatik xarakterlidir, ən çox Hodgkin və mediastinal B-hüceyrə limfomasına rast gəlinir. Müalicəsi üçün kimya və radioterapiya istifadə edilir.
- Timoma ən çox rast gələn timus törəməsidir və histoloji olaraq limfositik, epitelial, limfoepitelial (50%) formaları var, əksəriyyəti xoşxassəlidir, az hissəsi isə bədxassəlidir. Xəstələrin təxminən yarısında paraneoplastik sindroma rast gəlinir: miasteniya gravis, hipoqammaqlobulinemiya, aplastik anemiya, multiorqan autoimmun vəziyyət. Timoma asimptomatik ola bilir, yerli əlamətlərlə (öskürək, disfagiya, yuxarı boş vena sindromu, ağrı və s.) və xəstələrin təxminən yarısında paraneoplastik sindromlarla biruzə verə bilir (miasteniya gravis, hipoqammaqlobulinemiya, aplastik anemiya, multiorqan autoimmun vəziyyət və s). Diaqnozu dəqiqləşdimək üçün ön divarararlığında rast gəlinən törəmələrdən (limfoma, germ hüceyrəli törəmələr, tiroid törəmələri) diferenasiya etmək lazım gəlir. Bunun üçün klinik, laborator tiroid hormonları, AFP, betta-HCG,LDH) və görüntüləmə nəticələri nəzərə alınır. Bu müayinələrlə diferenasiya mümkün olmursa biopsiya üçün törəmənin rezektabelliyinə əsaslanan üsul seçilir: rezektabel törəmələr rezeksiya edilir, qeyri-rezektabel törəmələrdə isə biopsiya yerinə yetirilir. Müalicəsi üçün kombinasiyon müalicə tətbiq edilir: timektomiya və kimyaradioterapiya.
- Miasteniya gravis iradi əzələlərdə neyromuskulyar zəifliklə xarakterizə olunan xəstəlikdir və adətən asetilxolin reseptorlarının azalması və reseptorlara qarşı anticisimlərlə əlaqədar baş verir. Bu xəstəlik timusla çox əlaqəlidir: timomalarda miasteniya 50% rast gəlir, miasteniya gravisdə 85% halda timusda dəyişiklik tapılır, timektomiya 80% halda miasteniyanı yaxşılaşdırır. Əzələ zəifliyi əlamətləri ilə biruzə verir: diplopiya, ptoz, disfagiya, mimikanın pozulması, yorğunluq. Anti-asetilxolin anticisimləri (90%) diaqnozu dəqiqləşdirir. Cərrahi müalicə (timektomiya) ən effektiv müalicədir və xəstəliyi 80% yaxşılaşdırır, konservativ müalicələr (kortikosteroid, xolinesteraza inhibitorları, plazmoferez) preoperativ hazırldıqda köməkçi vasitə kimi, əməliyyat oluna bilməyənlərdə isə daimi müalicə kimi tətbiq edilir.
Divararalığı törəmələri üzrə suallar
N.Y.Bayramov, F.A.Qəhrəmanova
Suallar |
Cavablar |
Neyrogen törəmələr nədir? |
Qabırğaarası sinirlərin və ya simpatik kələfin sinir hüceyrələrindən və ya sinir örtüyündən inkişaf edən törəmələr |
Rastgəlmə tezliyi nə qədərdir? |
Arxa mediastinumda ən çox rast gəlinən törəmə |
Hansı formaları var? (histoloji olaraq) |
Şvannoma, neyrofibroma, neyrosarkoma, qanqlioneyroma, neyroblastoma |
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
Biopiya |
Müalicə üsulları hansılardır? |
Cərrahi eksiziya |
Limfomalar divararalığının daha çox hansı hissəsində yerləşir? |
Adətən anterosuperior |
Rastgəlmə tezliyi nə qədərdir? |
Bütün limfomaların təxminən 50%-i |
Klinik əlamətləri hansılardır? |
Ümumi – hərarət, arıqlama, gecə tərləmələri Lokal – öskürək, xırıltı, təngnəfəslik, yuxarı boş vena sindromu, disfagiya |
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
Rentgen, KT, mediastinoskopiya və ya mediastinotomiya – biopsiya ilə |
Müalicə üsulları hansılardır? |
Kimya və radioterapiya |
Timoma nədir? |
Ən çox rast gələn timus törəməsidir. |
Gediş xüsusiyyəti necədir? |
Əksəriyyəti xoşxassəli, az hissəsi isə bədxassəli |
Klinik əlamətləri hansılardır? |
Asimptomatik Yerli əlamətlər – öskürək, disfagiya, YBS, ağrı və s. Paraneoplastik sindrom – Miasteniya gravis (30%), anemiya, immunodefisit, autoimmun vəziyyət |
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
KT və ya MRT, biopsiya |
Müalicə üsulları hansılardır? |
Timektomiya və kimyaradioterapiya |
Əməliyyata göstərişlər nələrdir? |
Rezektabel törəmələr |
Əməliyyatdan sonra radioterapiyaya göstəriş nədir? |
İnvaziv bəsxassəli törəmələr |
Əməliyyatdan əvvəl kimyaterpiyaya göstəriş nədir? |
6 sm-dən böyük və KT-də invaziya görünən törəmələr |
Test sualları
- Miasteniya gravis diaqnozu məlum olan xəstə kortikosteroid və antixolinesteraz müalicəsi alır, vəziyyəti stabildir. Tomoqrafik müayinədə timusda törəmə tapılmayıb. Bu xəstəyə aşağıdakıların hansını tövsiyə edərsiniz?
- Konservativ müalicəyə davam etmək
- Kortikosteroidi kəsmək
- Plazmoferez əlavə etmək
- Cərrahi müalicə
- Antixolixolinesteraza inhibitorlarını kəsmək
- Divararalığının hansı törəməsində cərrahi rezeksiya yetərlidir və əməliyyatdan əvvəl və sonra kimya-radioterapiyaya ehtiyac yoxdur?
- Teratoma
- Seminoma
- Neyroblastoma
- Bədxassəli timoma
- Timus karsinoması
- Divararalığında ən çox rast gələn törəmə aşağıdakılardan hansıdır?
- Limfoma
- Timoma
- Neyrogen törəmə
- Germ-hüceyrəli törəmələr
- Feoxromasitoma
- Divararalığı törəmələrindən hansının diaqnostikasında laborator müayinənin rolu yoxdur?
- Timoma
- Qeyri-seminoma
- Limfoma
- Feoxromasitoma
- Lipoma
- Diavraralığının hansı törəməsi əsasən konservativ yolla müalicə olunur?
- Neyrogen törəmə
- Timoma
- Feoxromasitoma
- Limfoma
- Sistlər
- Kəskin mediastinit haqqında hansı ifadə doğru deyil?
- Müalicə olunmazsa letallığı çox yüksəkdir
- Diaqnostikasında KT önəmlidir
- Diaqnozunu dəqiqləşdirmək üçün punksiya mütləq aparılmalıdır
- Drenaj, antibiotik və dəstək müalicələri vacibdir
- Plevrit və ya pnevmotoraks varsa əməliyyatdan əvvəl drenaj edilməlidir
- Mediastinal törəmələrin diaqnostikası ilə əlaqədar hansı ifadə doğru deyil?
- Mediastinal törəmələrin əksəriyyəti simptom törətmir
- Diaqnostikada törəmənin yerləşmə yerinin də rolu var
- Bəzi divararalığı törəmələrində şiş markerləri yüksələr
- Mediastinal törəmələrin diaqnostikasında biopsiya çox vacibdir
- Biopsiya üçün çox hallarda əməliyyata ehtiyac olur
- Yuxarı boş vena sindromu haqqında hansı ifadə doğrudur?
- Əksəriyyətini xoş xassəli törəmələr törədir
- Əksər hallarda beyində ödem olmur
- Diaqnostikasında birbaşa kontrast venoqrafiya vacibdir
- Antikoaqulyantlar mütləq istifadə olunmalıdır
- Qida borusu varikozu və qanaxma ola bilər