Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Öd sancısı - Özət və Suallar

Özət

 

Sağ qabırğaaltı və ya epiqastral bölgədə kəskin başlayan, 15-30 dəq. ərzində artan, bir neçə saat (3-6 saat) sabit davam etdikdən sonra yavaş-yavaş azalan ağrı öd sancısı adlanır. Öd sancısının ikinci xüsusiyyəti da vaxtaşırı təkrarlanmasıdır.  Ədəbiyyatlarda öd sancısı simptom, sindrom, hətta xəstəlik kimi də təqdim edilir.

Digər visseral ağrılar kimi öd sancısının da əsasında işemiya durur. Hesab edilir ki, ilk dəqiqələrdə artan ağrı spazm, davam edən ağrı divarın gərilməsi, azalma isə dekompressiya ilə əlaqədardır. Öd yollarının həm daşlı, həm də daşsız xəstəlikləri öd sancısı törədə bilərlər. Xroniki daşlı xolesistit və xoledoxolitiaz adətən öd sancısı şəklində ortaya çıxır, kəskin xolesistit, daşlı xolestaz, xolangit, pankreatit isə adətən öd sancısı əlamətləri ilə başlayır. Öd sancısı törədən daşsız xəstəliklərdən ən çox rast gələni öd kisəsi diskineziyası (xronik daşsız xolesistit və ya daşsız öd sancısı), Oddi sfinktoru diskineziyasıdır, az rast gələn xəstəliklərə isə kəskin daşsız xolesistit, öd kisəsi polipi, adenomatozu, xolesterozu, idiopatik xoledox genişlənməsi, xoledox daralmaları, sistləri və s. aid edilir.

Öd sancısı sindromunun diaqnozu klinik olaraq ağrı dinamikasına görə qoyulur, səbəbini müəyyənləşdirmək üçün görüntüləmə və laborator müayinəsi aparılır (USM, bilirubin, QF, QQT, ALT, AST, amilaza, hemoqram, CRP), gərəkərsə MRT edilir. Öd yollarında üzvi və ya funksional xəstəliklər tapılan xəstələrdə əlavə müayinələrlə xəstəlik dəqiqləşdirirlir, bu dəyişiklik tapılmayan xəstələrdə isə digər orqanlar araşdırılır.

 

 

Öd sancısı üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova

 

Suallar

Cavablar

Öd sancısı nədir?

Sancışəkilli ağrıdır, simptom, sindrom və xəstəlik kimi qəbul edilir.

Xarakterik cəhəti nədir?

Sağ qabırğaaltı və ya epiqastrik bölgədə kəskin başlayan, 15-30 dəqiqə ərzində artan, bir neçə saat (3-6 saat) sabit davam etdikdən sonra yavaş-yavaş azalan ağrı.

Öd sancısı simptomu nədir?

Xarakterik ağrı klinik və laborator dəyişikliklərlə birlikdə olarsa.

Öd sancısı sindromu nədir?

İşci diaqnoz kimi qəbul edilir, xarakterik ağrısı olanlarda ilkin klinik və laborator müayinələrdə əlavə dəyişikliklər tapılmır.

Öd sancısı xəstəliyi nədir?

Öd kisəsi daşının törətdiyi təkrarlayan tutmalara deyilir. Bu xəstəlik əvvəllər xroniki daşlı xolesistit adlanırdı.