Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Sarılıq - Özət və Suallar

Özət

 

Sarılıq simptomu toxumaların sarı rəngdə boyanması əlamətidir, sarılıq sindromu isə  orqanizmdə bilirubinin artması olub, toxumaların sarı rəngdə boyanması ilə biruzə vеrə bilir. Həm sərbəst, həm də birləşmiş (bilirubin-qlukronid) bilirubinin artması toxumaların saralmasını törədir. Etiopatogenezinə görə sarılıq hemolitik, hepatosellular (xolestatik və qeyri-xolestatik) və obstruktiv növlərə ayrılır. 

Sarılıq əlaməti olan xəstədə əvvəlcə sarılıq dəqiqləşdirilir, sonra isə növü və səbəbi müəyyənləşdirlir. Bilirubinin normadan yüksək olması (ümumi bilirubin >1 mg/dl ) sarılığı dəqiqləşdirir. Sarılığın növünü və səbəbini müəyyənləşdirmək üçün ilk mərhələdə  klinik, laborator və görüntüləmə  müayinələri aparılır (hemoqram,  sərbəst və birləşmiş bilirubin, QF, QQT, ALT, AST, USM, gərəkərsə MRT).

Hеmolitik sarılıq üçün qanda sərbəst bilirubinin  və sidikdə urobilinogenin artması xarakterikdir. Dəqiqləşdirmək üçün  qanda haptoqlobin yoxlanılır.

Hepatosellular (parenximatoz) qeyri-xolestatik sarılıq üçün birləşmiş bilirubinin təkbaşına və ya sərbəst bilirubinlə birlikdə artması ilə yanaşı qaraciyər enzimlərinin xolestaz enzimlərindən daha çox artması xarakterikdir. Səbəbini müəyyənləşdirmək üçün klinik əlamətlər nəzərə alınır, əlavə laborator müayinələr lazım gələ bilir.

İntrahepatik xolestatik sarılıq birləşmiş bilirubinin təkbaşına və ya sərbəst bilirubinlə birlikdə artması ilə yanaşı xolestaz enzimlərinin qaraciyər enzimlərindən daha çox artması və öd yollarının genişlənməməsi ilə xarakterizə olunur. Səbəbini müəyyənləşdimək üçün klinik məlumatlar, autoimmun marekterlər, hətda biopsiya lazım gəlir.

Obstruktiv sarılıq (mexaniki sarılıq, ekstrahepatik xolestaz) üçün birləşmiş bilirubinin təkbaşına və ya sərbəst bilirubinlə birlikdə artması, xolestatik enzimlərin artması və öd yollarının genişlənməsi xarakterikdir. Öd yollarında genişlənmə USM və MRT ilə görünə bilir, göstəriş olarsa ERXPQ də edilir. Öd yollarında tıxanma törədən səbəbləri müəyyənləşdimək üçün (daşlar, çapıq daralmalar, törəmələr, iltihabi xəstəliklər, travma-əməliyyat, damar xəstəlikləri, parazitlər və yad cisimlər) MRT əksər hallarda yetərli olur, çətinlik olarsa kontrastlı xolangioqrafiya (ERXPQ, PTX, T-xolangioqrafiya, əməliyyatdaxili xolangioqrafiya) və xoledoxoskopiya lazım gəlir. Mexaniki sarılığın müalicəsində səbəbin aradan qaldırılması və dekompressiya  üçün cərrahi və azinvaziv tədbirlər həyata keçirilir.

 

Sarılıq üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, F.Qəhrəmanova

 

Suallar

Cavablar

Sarılıq nədir?

Simptom kimi toxumaların sarı rəngdə boyanması, sindrom kimi bilirubinin artmasıdır

Sarılığın səbəbləri nələrdir?

Hemoliz, hepatosellular disfunksiya və tıxanma

Sarılığı necə dəqiqləşdimək olar?

Qanda bilirubini təyin etməklə (ümumi bilirubin >1 mg/dl ).

Sarılığın səbəbini müəyyənləşdimək üçün ilkin olaraq hansı müayinələr parılmalıdır?

  • Qaraciyər sınaqları (ALT, AST, QF, QQT, bilirubin və fraksiyaları)
  • Hemoqram
  • USM