Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Kəskin daşsız xolesistit - Özət və Suallar

Özət

Kəskin daşsız xolesistit öd kisəsinin kəskin iltihabı olub daşlı xolesistitə nəzərən az (10% və 90%) rast gəlir.

Öd kisəsi iltihabında əsas başladıcı və aparıcı mexanzm divar işemiyasıdır. Daşsız xolesistitdə işemiya mikrosirkulyasiyanın pozulması nəticəsində meydana gəlir və adətən ağır xəstələrdə (yanıqlar, böyük travma, əməliyyatlar, sepsis, kəskin ürək-damar yetməzliyi və s.) rast gəlir.

Kəskin daşsız xolesistit bir çox cəhətinə görə daşlı xolesistitdən fərqlidir.

Kəskin daşlı xolesistitdən fərqli olaraq kəskin daşsız xolesistit daha çox kişilərdə və kritik xəstələrdə rast gəlir, patogenezində birincili işemiya əsas rol oynayır, ağır gedişli olub spontan sönmür, 75% halda qanqrena inkişaf edir, yüksək letallığa səbəb olur (40%), xəstələrin az hissəsində (25%) klassik əlamətlər görünür.

Kritik xəstələrdə izah olunmayan hərarət, leykositoz və hiperamilazemiya kəskin daşsız xolesistitə yüksək şübhə yaradır. Dəqiqləşdirmək üçün görüntüləmə ilə (USM, KT, sintoqrafiya) kisədə böyümə, divar qalınlaşması, ətrafında maye və kisə bloku təyin edilməlidir.

Xolesistektomiya xəstəliyin radikal müalicəsidir. Əməliyyata ciddi əks göstərişlər olarsa ilk etapda xolesistostoma qoyula bilər.

 

 

Kəskin daşsız xolesistit üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, F.Qəhrəmanova

 

Suallar

Cavablar

Kəskin daşsız xolesistit nədir?

Öd kisəsinin daş və ya sistik axarda obstruksiya olmadan rast gəlinən kəskin iltihabi xəstəliyidir.

Rastəlmə tezliyi nə qədərdir?

Bütün kəskin xolesistitlərin 5- 10% təşkil edir.

Hansı klinik formaları var?

Kritik xəstələrdə rast gəlinən forması

Qeyri-kritik xəstələrdə rast gəlinən forması

Səbəbi və ya risk faktorları nələrdir?

  • Mexanik ventilyasiyada olan xəstələr
  • Parenteral qidalanma
  • Septiki vəziyyət
  • Şok
  • Böyük həcmli yanıqlar
  • QİÇS
  • Kardiocərrahi əməliyyatlar
  • Uzun müddətli ac qalmaq
  • Parenteral qidalanma
  • Çox saylı trasnfuziya
  • Dehidratasiya
  • Uzun müddətli reanimasion yatış

Patogenezi necədir?

Öd kisəsi divarının birincili işemiyası, durğunluq, çöküntü:

kisə divarında mikrosirkulyasiyanın pozulması əsas mexanizm hesab edilsə də (ağır xəstələrdə, oral qidalanmayanlarda, xolesistokinin stimulyasiyasının olmaması, durğunluq və s.) çöküntülərin də rolu ehtimal olunur

Daşlı və daşsız xolesititin gedişində fərq varmı?

Daşsız xoleistit daha ağır gedir və letallığı yüksəkdir.

Ağırlaşmaları nələrdir?

Öd kisəsinin perforasiya və ya qanqrenası, sepsis

Niyə daşsız xolesistitdə letallıq çox yüksəkdir?

Ümumi vəziyyət çox ağır olur, kisə ilə birlikdə qaraciyər və splanxik damarlarda trombozlar olur, sürətli qanqrena və sepsis imkişaf edir, klinik əlamətlər zəif olduğu üçün diaqnoz gecikir.

Klinik əlamətləri hansılardır?

Sağ qabırğaaltı nahiyədə ağrı, gərginlik, hərarətin yüksəlməsi

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Kritik xəstələrdə sağ qabırğa altında ağrı, hərarətin izah olunmayan artması və amilaza artması

Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır?

Klinik, laborator, USM

Laborator əlamətləri nələrdir?

  • Leykositoz
  • Hiperbilirubinemiya
  • Zəif QF və QQT artması (xolangit əlamətləri olmadan)
  • Zəif AST və ALT artması

Görüntüləmə əlamətləri nələrdir?

  • Öd kisəsinin böyüməsi, çöküntü
  • Öd kisə divarının qalınlaşması (˃5 mm), mukozal ayrılam və perixolesistik maye
  • Perixolesistik abseslər

Digər müayinələrdə nə tapılır?

Sepsis əlamətləri

Diaqnostik kriteriyalarını sadala?

Sağ qabırğaaltında ağrı

İzah olunmayan sepsis əlamətləri

Kisənin böyüməsi, divar qalınlşaması

Müalicə üsulları hansılardır?

Cərrahi

Əməliyyata göstərişlər nələrdir?

Kəskin daşsız xolesistit əməliyyata göstərişdir.

Əməliyyat üsulları hansılardır?

  • Xolesistektomiya
  • Xolesistostomiya (kritik ağır xəstələrdə)- perkutan və ya laparoskopik

Müalicə yanaşması?

Xolesistektomiya və ya xəstə stabil deyilsə xolesistostoma-(perkutan və ya yerli keyləşdirmə ilə açıq üsulla)

Proqnozu nədir?

Letallığı yüksəkdir – 40%-dən çox

Xəstəliyin ən xarakterik özəllyini bir cümlə ilə necə ifadə edərsiniz?

Kəskin daşlı xolesistitdən fərqli olaraq kəsin daşsız xolesistitin diaqnozu adətən çətin və gec qoyulur, letallığı da çox yüksəkdir.