Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Mexaniki sarılıq - Özət və Suallar

Özət

 

Obstruktiv sarılıq (mexaniki sarılıq, ekstrahepatik xolestaz) üçün birləşmiş bilirubinin təkbaşına və ya sərbəst bilirubinlə birlikdə artması, xolestatik enzimlərin artması və öd yollarının genişlənməsi xarakterikdir. Öd yollarında genişlənmə USM və MRT ilə görünə bilir, göstəriş olarsa ERXPQ də edilir. Öd yollarında tıxanma törədən səbəbləri müəyyənləşdimək üçün (daşlar, çapıq daralmalar, törəmələr, iltihabi xəstəliklər, travma-əməliyyat, damar xəstəlikləri, parazitlər və yad cisimlər) MRT əksər hallarda yetərli olur, çətinlik olarsa kontrastlı xolangioqrafiya (ERXPQ, PTX, T-xolangioqrafiya, əməliyyatdaxili xolangioqrafiya) və xoledoxoskopiya lazım gəlir. Mexaniki sarılığın müalicəsində səbəbin aradan qaldırılması və dekompressiya  üçün cərrahi və azinvaziv tədbirlər həyata keçirilir.

 

 

Mexaniki sarılıq üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, F.Qəhrəmanova

 

Suallar

Cavablar

Mexaniki sarılıq nədir?

Magistral öd yollarında tıxanma nəticəsində baş verən öd durğunluğudur.

Mexaniki sarılığın başqa hansı adları var?

Ekstrahepatik, obstruktiv, tıxanma sarılığı

Səbəbləri hansılardır?

Daş, çağıq, törəmə, əməliyyat/müdaxilə, iltihab, parazit və digər.

Ən çox rast gəlinən 4 səbəbi hansılardır?

Daş, çapıq daralma, törəmə və parazit

Tıxanmanın mexanizmləri hansılardır?

Mənfəzdaxili tutulma, divar xəstəlikləri və kənardan sıxılma

Önəmli patogenetik mexanizmləri hansılardır?

Biliar hipertenziya və bağırsaqda öd azlığı

Hansı ağırlaşmaları törədir?

Qaraciyər, öd yolları zədələnmələri, bağırsaq və digər disfunksiyalar

Öd yollarında hansı zədələnmələr baş verir?

Genişlənmə, aseptik və bakterial xolangit, fibroz

Qaraciyərdə hansı patologiyalar meydana gəlir?

Xolestatik hepatit, qaraciyər yetməzliyi, biliar sirroz

Bağırsaqlarda nələr baş verir?

Malabsorbsiya, diareya, avitaminozlar, bakterial çoxalma və translokasiya

Hansı ümumi dəyişikliklər baş verir?

Ekstrasellular mayenin azalması (hipovolemiya), sepsis, böyrək yetməzliyi, miokardial disfunksiya, immunosupressiya və digər

Ekstrasellular maye niyə azalır?

Atrial natriuretik hormonun artması nəticəsində

Sepsisin təxmini mexanizmi necədir?

Bağırsaqlardan bakterial trasnlokasiya, Kupfer hüceyrələrinin və leykositlərin disfunksiyası, endotoksemiya

Hepatorenal sindromun mexanizmi necə izah oluna bilər?

Ekstrasellular mayenin azalması (hipovolemiya) və sepsis

Klinik əlamətləri hansılardır?

Sarılıq, qaşınma, ağrı, tünd sidik və açıq nəcis

 

 

Mexaniki sarılıqda ilkin görüntüləmə müayinəsi hansıdır?

USM

Mexaniki sarılıq üçün xarakterik laborator əlamətlər hansılardır?

  • xolestatik enzimlərdə artma (qələvi fosfataza və QQT artması)
  • bilirubin arta bilər
  • qaraciyərin funksional göstəriciləri dəyəşə və ya dəyişməyə bilər

Mexaniki sarılıqda bilirubin artmaya bilərmi?

Erkən mərhələdə, hissəvi və regional tıxanmalarda, bilio-enterik və xarici fistullarda bilirubin artmaya bilər.

Diaqnozu necə dəqiqləşdirilir?

Öd yollarında genişlənmənin olmasına görə

Mexaniki sarılığı digər sarılıqlardan fərqləndirən ən önəmli əlamət hansıdır?

Öd yollarının genişlənməsi

Öd yollarının genişlənməsi hansı müayinə ilə dəqiqləşdirilir?

İlkin olaraq USM ilə görünə bilər, lakin MRT ilə dəqiqləşdirilir

Öd yollarında tıxanma var, lakin öd yollarında genişlənmə yoxdursa hansı 3 əsas səbəbi düşünə bilərsiniz?

  • fibrotik (sirroz) qaraciyər
  • öd yollarınının sklerozu
  • bilio-enterik fistula

Öd yolları genişlənməyən mexaniki sarılığı necə dəqiqləşdirmək olar?

Laborator olaraq xolestaz varsa və xolangioqrafiyada maneə görünərsə

Öd yolları geniş görünür, lakin sarılıq və xolestaz yoxdur. Bu mexaniki sarılıq ola bilərmi?

Praktik olaraq xeyr. Belə hala anadangəlmə xoledox sistlərində və idiopatik xoledox dilatasiyasında rast gəlinir.

Mexaniki sarılığın səbəbi hansı müayinə ilə dəqiqləşdirlir?

MRT ilə

MRT öd yollarında daş göstərmirsə daş ola bilərmi?

Praktik olaraq xeyr.

MRT səbəbi təyin edə bilmirsə nə etmək olar?

Endo-USM, kontrastlı MRT/KT, kontrastlı xolangioqrafiyalar (ERXPQ, PXQ), xoledoxoskopiya

Öd yollarının varikoz venalarını necə dəqiqləşdirmək olar?

Kontrastlı KT/MRT, endoskopik USM-doppler və ya fiberoptik xoledoxoskopiya ilə