Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Xoledoxolitiaz - Özət və Suallar

Özət

Öd axacaqlarında daşın olması xoledoxolitiaz adlanır. Xoledoxda əmələ gələn daşlara birincili, öd kisəsindən düşən daşlara isə ikincili daşlar deyilir və daşlarının əksəriyyəti ikincilidir. Xoledoxolitiaz çox az hallarda asimptomatik olur, əksər hallarda isə öd yollarında tıxanma törədərək təkrarlayan sarılıq, mexaniki sarılıq, xolangit, pankreatit, hətda biliar sirroz əlamətləri ilə ortaya çıxır.

Klinik (ağrı, öd daşları, sarılıq, xolangit, pankreatit), laborator (xolsestatik enzimlərdə artma) və görüntüləmə üsullarında (geniş xoledox) daş şübhəsi olan xəstələrdə daşın olub-olmamasını dəqiqləşdirmək üçün xolangioqrafiya edilir və MRT ilk seçimdir. Öd kisəsi daşlarından fərqli olaraq həm asimptomatik, həm də simptomatik xoledox daşları müalicə olunmalıdırlar. Birincili xoledox daşlarının müalicəsində əsas hədəf xoledox patologiyasını anadan qaldırmaqdır (darlığın ləğvi, kistin çıxarılması, infeksiyanın müalicəsi və s). İkincili xoledox daşlarının müalicəsi üçün öd kisəsinin laparoskopik yolla, xoledoxdakı daşın isə laparoskopik və ya endoskopik yolla çıxarılması tövsiyə edilir.

 

Xoledoxolitiaz üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, F.Qəhrəmanova

 

Suallar

Cavablar

Xoledoxolitiaz nə deməkdir?

Öd axarında daş

Xoledox daşlarının mənbəyi haradır?

Birincili daşlar xoledoxun özündə əmələ gəlir, ikincili daşlar öd kisəsindən düşən daşlardır.

Birincili və ikincili daşlar tərkibinə görə fərqlənirlərmi?

Birincili daşlar adətən piqment, ikinili daşların əksəriyyəti xolesterin tərkiblidir.

Birincili xoledox daşları nə vaxt əmələ gəlir?

Öd yollarında iltihab və ya daralma olmalıdır

Xoledoxda birincili yoxsa ikincili daşlar çox rast gəlir?

İkincili daşlar (öd kisəsindən gələn).

Öd kisəsi daşı olanlarda xoledoxolitiaz nə qədər rast gəlir?

8–15% hallarda

Xoledoxa düşən daşların aqibəti necə olur?

  • Bağırsağa düşə bilər
  • Daş xoledoxda qalar, lakin simptom törətməz (asimptomatik daşlar, 20%)
  • Daş ağırlaşmalar törədər (80%)

Xoledox daşlarının ağırlaşmaları hansılardır?

  • Hissəvi tıxanma (subklinik xoledoxolitiaz)
  • Müvəqqəti tıxanma (təkrarlayan sarılıq, düşən daş)
  • Tam tıxanma (mexaniki sarılıq)
  • Xolangit
  • Pankreatit
  • Oddi fibrozu
  • Biliar sirroz

Xoledox daşlarını hansı xəstələrdə mütləq axtarmaq lazımdır?

  • Öd kisəsi daşında
  • Mexaniki sarılıqda
  • Xolestaz əlaməti olanlarda
  • Xolangitdə
  • Pankreatitlərdə
  • Öd yollarında əməliyyat keçirənlərdə

Xoledoxolitiazda hansı müayinələr aparılır?

  • USM
  • laborator (QF,QQT,bilirubin)
  • MRT, EndoUSM, kontrastlı xolangioqrafiyalar

Xoledoxolitiazın dəqiqləşdirilməsi üçün seçim üsulu hansıdır?

MRT

Niyə asimptomatik belə olsa xoledox daşları mütləq çıxarılmalıdır?

Proqnozlaşdırmaq çətindir, ağırlaşma ehtimalı yüksəkdir (80%), uzunmüddətli daşlar hissəvi tıxanma və biliar sirroz törədə bilirlər

Xoledoxolitiaizisin müalicəsi üçün hansı üsullar var?

  • ERCP papillotomiya ilə daşın basketlə çıxarılması
  • Laparoskopik - transistik və ya xoledoxotomiya ilə çıxarma
  • Açıq üsullar - ümumi öd axarının explorasiyası