Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Kəskin bakterial xolangit - Özət və Suallar

Özət

Öd yollarının iltihabı xolangit və xolangiolit kimi tərif еdilir:

  • Xolangiolit – kiçik öd yollarının iltihabi xəstəliyi olub adətən hеpatitlə birlikdə rast gəlir (viruslar, autoimmun prosеslər, sarkoidoz, tubеrkuloz, dərmanların təsirindən və köçürülən qaraciyərdə)
  • Xolangit – qaraciyərdaxili və xarici böyük öd yollarındakı iltihabi xəstəliklərə dеyilir, adətən axacaqlarda dəyişiklik və zədələnmə ilə birlikdə olur.

Kəskin bakterial xolangit – böyük axacaqlarının tıxanması və ya zədələnməsi fonunda mеydana gələn baktеrial infеksiyaya dеyilir (“öd yollarında təzyiqli irin”). Kəskin xolangit ədəbiyyatlarda kəskin baktеrial xolangit, irinli xolangit, obstruktiv xolangit və s. adlarla da qеyd еdilir. Tıxanmanı törədən bütün xəstəliklər xolangitə şərait yaradır, daşlar, darlıqlar və şişlər xolangitin ən çox rast gəlinən səbəbləridir. Xəstəlik əksər hallarda kəskin şəkildə və Charcott triadası ilə başlayır (sağ qabırğaltı ağrı, sarılıq və hərarət - üşütmə ilə və ya üşütməsiz), sürətlə inkişaf edir, sepis əlamətləri (orqan yetməzlikləri) baş verir, müalicə olunmzasa letallığa səbəb ola bilir, səbəb aradan qaldırılmadıqda isə təkrarlaya bilir. Kəskin bakterial xolangitin diaqnozu klinik olaraq Charcott triadasına görə qoyulur, laborator və xolangioqrafik müayinələrlədə xolеstaz və iltihab əlamətləri ilə diaqnozu dəqiqləşdirir. Müalicəsinə təcili başlanılır, əvvəl iltihabi prosеs söndürülür (antibiotikotеrapiya, infuziya, dəstək müalicələri, gərəkirsə dеkomprеssiya), sonra isə əsas manеə aradan qaldırılır. Dekompressiya üçün endoskopik, perkutan, laparoskopik və ya laparaotomik yollar istifadə edilir.

 

 

Kəskin irinli xolangit üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, F.Qəhrəmanova

 

Suallar

Cavablar

İrinli xolangit nədir?

Öd yollarının tıxanması fonunda baş verən bakterial infeksiyadır, sepsisə səbəb ola bilər (“Öd yollarında təzyiqli irin”).

Tıxanmanın səbələri?

  • Xoledoxolitiaz
  • Darlıq (adətən postoperativ)
  • Neoplazma (ampulyar karsinoma)
  • Xaricdən kompressiya (pankreatik psevdosist/pankreatit)
  • Öd yollarınına müdaxilələr (PTX/ERXPQ)
  • Biliar stent

Xolangitin ən çox rast gələn səbəbi?

Xoledoxolitiaz

Xolangitdə adətən hansı mikrorqanizmlər müşahidə olunur?

Qram-neqativ orqanizmlər

(E.coli, Klebsiella,Pseudomonas, Enterobacter,Proteus,Serratia)

Enterokokklar ən çox görülən Gram pozitiv bakteriyalar

Anaeroblar az rast gəlinir (B.fragilis daha çox)

Az halda göbələk (Candida)

Ağırlaşmaları hansılardır?

Sepsis, qaraciyər yetməzliyi, hepatorenal sindrom, qaraciyər absesi

Əlamətləri hansılardır?

Charcot triadası: hərarət - üşütmə, sağ yuxarı kvadrantda ağrı və sarılıq

Reynold pentadası: Charcot tridası, şüur dəyişiklik və şok

Xolangitdə hansı laborator dəyişiklik rast gəlir?

Leykositoz, bilrubin və QF artması, müsbət qan kültürü

Diaqnostikası üçün hansı müayinələr lazımdır?

USM və MRT ilk seçimdir. Kontrastlı xolangioqrafiylar (PTX, ERXPQ) iltihab söndükdən sonra tövsiyə edilir

Kəskin xolangitin diaqnozu necə qoyulur?

Laborator və klinik olaraq xolestaz ilə yanaşı xolangitin klinik əlamətləri varsa xolangit diaqnozu qoyulur.

Xolangitin hansı ağırlıq dərəcələri var?

Yüngül – konservativ müalicəyə (antibiotikoterapiya və infuziya) cavab verir

Orta - konservativ müalicəyə cavab vermir

Ağır – septik şok əlamətləri olur

Xolangitin müalicə prinsipi nədir?

Əvvəlcə iltihab söndürülür, sonra səbəb aradan qaldırılır

Xolangitin müalicəsi necədir?

Yüngül – konservativ müalicə (antibiotikoterapiya və infuziya)

Orta və ağır dərəcədə konservativ müalicəyə ilə yanaşı təcili dekompressiya (perkutan, ERXPQ, açıq və ya laparoskopik yolla T drenaj)

Öd yollarında hava hansı hallarda tapılır?

Dörd halda:

  • emfizematoz xolangit
  • bilio-enterik fistul
  • bilio-enterik anastomoz
  • biliar müdaxilələr