Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Nazik bağırsaq törəmələri - Özət və Suallar

Özət

Nazik bağırsaq toxumasından inkişaf edən birincili və ya metastaz nəticəsində əmələ gələn neoplastik törəmələrdir. Xoşxassəli törəmələr arasında ən çox adenom, leyomiom, lipom və fibromlar, birincili bədxassəli törəmələri arasında ən çox adenokarsinom, karsinoid, QİST törəmələr və limfomlar rast gəlir. Xoşxassəli kiçik törəmələrin əksəriyyəti asimptomatik, böyük və bədxassəli törəmələrin isə əksəriyyəti simptomatik olur, keçməzlik, qanaxma, ağrılar, perforasiya əlamətləri ilə büruzə verilər. Törəmələrin diaqnostikasında KT, MRT, endoskopiya tətbiq edilir, bəzən laparotomiya və laparoskopiyaya ehtiyac yaranır. Törəmənin növünü biopsiya ilə dəqiqləşdirmək mümkün olur. Asimptomatik lipomlar istisna olmaqla bütün törəmələrin çıxarılması tövsiyə edilir.

 

 

Nazik bağırsaq törəmələri üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, F.A.Qəhrəmanova

 

Nazik bağırsağın hansı xoşxassəli törəmələri var?

Leyomiom, lipom, limfangiom, fibrom, adenom, hemangiom

Nazik bağırsağın ən çox rast gələn xoşxassəli törəməsi hansıdır?

Leyomiom

Nazik bağırsağın ən çox rast gələn bədxassəli törəməsi hansıdır?

Adenokarsinom

Nazik bağırsağın bədxassəli törəmələri hansılardır?

  • adenokarsinom(33-50%)
  • karsinoid (25-44%)
  • limfom (20%)
  • stromal (17%)
  • lipom (8%)

Nazik bağırsağa hansı bədxassəli törəmə metastaz verir?

Melanom

Bağırsağın hansı törəməsinin diaqnozunu görüntüləmə üsulu ilə dəqiqləşdirmək olar?

Lipom

Nazik bağırsaq törəmələrinin ən çox rast gələn əlaməti hansıdır?

Ağrılar

Nazik bağırsaq törəmələrini bir-birindən hansı metodla fərqləndirmək olar?

Yalnız biopsiya ilə

Nazik bağırsağın bədxassəli törəmələri üçün risk amilləri hansılardır?

Adenomlar, kolon kanseri,crohn xəstəliyi

Nazik bağırsaq adenokarsinomları ən çox harada yerləşir?

Onikibarmaq bağırsaqda

Mədə-bağırsağın digər hissələri ilə müqayisədə nazik bağırsaqda bədxassəli törəmələrin az rast gəlməsini necə izah etmək olar?

Səbəbi dəqiq bilinmir. Lakin kanserogen maddələrlə qısamüddətli təmas, durulaşma, qoruyucu mexanzmlər (limfatik follikullar, İgA, regenerasiya tənzimləyiciləri) barədə mülahizələr var.

Nə üçün asimptomatik xoşxassəli nazik bağırsaq törəmələrini  çıxarmaq tövsiyə olunur?

Adenomlar kanser üçün risk amilidir, lipom istisna olmaqla əksər xoşxassəli  törəmələri bədxassəli töəmələrdən görüntüləmə ilə fərqləndirmək çətindir (məsələn leyomiomları QİST-lərdən fərqləndirmək mümkün olmur).

Qastrointestinal stromal törəmələr hansı hüceyrələrdən inkişaf edir?

Bağırsağın mioneyronal peysmeker hüceyrələrindən

QİST-lər ən çox harada yerləşir?

Mədə və nazik bağırsaqda

QİST-ləri standart biopsiya ilə hansı törəmələrdən fərqləndirmək olmur?

Leyomiomlardan

QİST-lərin diaqnozu necə dəqiqləşdirilir?

İmmunositokimyada CD117 antigeninin tapılması və ya C-KIT gen mutasiyasının təyini ilə

CD117 antigeni nədir?

CD117 antigeni c-kit proto-onkogenin məhsulu olan tirozinkinaza reseptorunun bir hissəsidir.

Tirozin kinaza reseptorunun rolu nədən ibarətdir və hansı klinik əhəmiyyəti var?

Tirozin kinaza reseptoru şişin böyüməsində və angiogenezdə mühüm rol oynayır.

Nə üçün QİST-lər qanaxmaya çox, obstruksiyaya azmeylli törəmələrdir?

Çünki QİST-lə damarlarla zəngin törəmələrdir və adətən ekstraluminal böyüyürlər.

 

 

Karsinoid şişlər

 

Karsinoid şiş nədir?

Neyroendokrin hüceyrələrdən inkişaf edən törəmələrdir (APUDoma, əsasən serotonin sekresiya edən tumor).

 Nə üçün “karsinoid” adlandırılır?

“oid” suffiksi “bənzər” mənası daşıyır. Karsinoidlər karsinoma bənzəyir, amma klinik və histoloji olaraq özünü Gİ karsinomlarından daha aqressiv aparır.

Rastgəlmə tezliyi nə qədərdir?

Törəmələr arasında 0.2-1% və bütün nazik bağırsaq törəmlərinin 25%-ni təşkil edir.

Daha çox harada yerləşir?

  1. Appendiks
  2. İleum
  3. Rektum
  4. Bronxlar

Digərləri: yeyunum, mədə, duodenum, kolon, yumurtalıqlar, xayalar, pankreas, timus

Hansı simptomları və əlamətləri var?

Lokalozasiyadan asılıdır: əksəriyyəti asimptomatikdir.  Simptomatik törəmələr bağırsaq keçməzliyi, qarın ağrıları, qanaxma, çəki itirilməsi, diaforosis, pellaqra dəri dəyişikliyi, invaginasiya, karsinoid sindrom, fitşəkilli küylərlə büruzə verə bilir.

Pellaqrayabənzər sindrom nədir?

 3”D”- kompleksi:

  • Dermatit
  • Diareya
  • Demensiya

Karsinoid sindrom nədir?

Karsinoid sindrom - karsinoid törəmələrin sintez ifraz etdiyi maddələrin yaratdığı simptomokompleksdir.

Karsinoid sindromunun simptomları hansılardır?

  • Bronxospazm
  • Üz dərisinin qızarması
  • Diareya
  • Sağtərəfli ürək çatmazlığı

üçün soltərəfli yox, sağtərəfli ürək çatmazlığı inkişaf edir?

Karsinoid törəmələrin sintez etdiyi maddələr venoz yolla birbaşa sağ ürək qapaqlarında iltihab və fibroz törədirlər.

Karsinoid törəmə olan xəstələrin neçə faizində karsinoid sindrom inkişaf edir?

30% - qədəri

Törəmədən sintez olunan hansı maddə  karsinoid sindroma səbəb olur?

Serotonin və vazoaktiv peptidlər

Karsinoid sindromun konservativ müalicəsi necədir?

Venadaxili oktreotid

Diareyanın konservativ müalicəsi nədir?

Odansetron (Zofran), serotonin antoqonisti

Qaraciyər karsinoid sindromunun qarşısını necə alır?

Törəmənin venoz qanı portal venaya axarsa serotonin və digər vazoaktiv maddələr qaraciyərdə deqradasiyaya uğrayır.

Nə üçün bəzi hallarda karsinoid sindrom olur digər hallarda olmur?

Tumor  hepatik deqradasiyadan kənar qaldıqda karsinoid sindrom olur.

Hansı törəmələr karsinoid sindrom əmələ gətirir?

Qaraciyər metastazları, paravertebral venadan drenaj olunan retroperitoneal törəmələr, Gİ traktdan kənar törəmələr (yumurtalıqlar, xayalar, bronxlar)

Qaraciyər serotonini necə zərərsizləşdirir (nəyə çevirir)?

5-hidroksiindolaseat  turşusuna çevirir (5-HİAA)

Karsinoid törəmələrin laborator göstəricisi nədir?

Sidikdə və qanda 5-HİAA, serotonin səviyyəsinin yüksəlməsi

Hansı stimulyasion test serotonin səviyyəsini yüksəldir və karsinoid sindromun simptomları əmələ gətirir?

Pengastrin stimulyasiyası

Spesifik radioloji lokalizasiya testi hansılardır?

Oktreotid ssintiqrafiya testi

Hansı görüntüləmə müayinələri aparılmalıdır?

Kolonoskopiya,  KT

Birincili törəmələri aşkar etmək üçün abdomen KT yardımçı ola bilərmi?

Birincili törəmə kiçik olduqda KT faydalı olmur. Ssintiqrafiya gərək ola bilər.

Cərrahi müalicə necədir?

Birincili törəmənin və qaraciyər metastazlarının rezeksiyası. Qeyri-rezektabel qaraciyər metastazlarında transplantasiya, 90%-ə yaxın sitoreduktiv cərrahiyyə edilə bilər. 

Konservativ müalicəsi necə aparılmalıdır?

Karsinoid sindromu yüngülləşdirmək üçün somatostatin analoqu –oktreotid

Oktreotid nə dərəcədə effektivdir?

Diareyanı və dəri qızartısını 85% hallarda azalda və  şişi 10 -20%-ə qədər kiçildə bilir.

Geniş yayılmış antiserotonin preparatı hansıdır?

Cyprohepatidine

Ən yaxşı proqnoz nədir?

Xəstələrin 2/3-i 5 il yaşayır. Limfatik yayılma olan və radikal rezeksiya edilənlər xəstəllərdə  ortalama yaşam 15 il, qeyri-rezektabel intrabdominal törəmələrdə 5 il, qaraciyər metastazlarında isə 3 il təşkil edir

Karsinoid sindrom olan və qaraciyər metastazları olan xəstələrin proqnozu necədir?

3 - illik yaşam 50%

Karsinoid törəmə nəyə bənzəyir?

Adətən intramural bağırsaq kütləsinə bənzəyir, kəsik üstündə  sarımtıl rəngli görünür.

Appendikal karsinoid üçün sağ hemikolektomiya göstərişdir, appendektomiya hansı halda aparılır?

Törəmə 2 sm-dən böyükdürsə sağ hemikolektomiya göstərişdir. Əgər karsinoid əlamətləri və seroz qişaya invaziya yoxdursa və törəmə 2 sm-dən kiçikdirsə appendektomiya aparıla bilər.

Yüksək metastazı olan ilkin karsinoid törəmələr hansılardır?

İleal karsinoid törəmə

Karsinoid törəmənin histolioji müayinəsi zamanı bədxassəlilik təsdiqlənə bilərmi?

Xeyr, karsinoid törəmələrin bədxassəliyinin göstəricisi histoloji deyil, metastazların olmasıdır.

Bədxassəlilik ilə törəmənin ölçüsü arasında asılılıq necədir?

1 sm-ə qədər törəmələrdə metastazlar nadirdir, 1-2 sm ölçülü törəmələrin yarısında, 2 sm-dən böyük törəmələrin əksəriyyətində metastazlar müəyyən edilir.

Qeyri-rezektabel qaraciyər metastazlarında hansı konservativ müalicə aparmaq olar?

Kimyaembolizasiya və ya radiotezlikli ablasiya