Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

KOR İLGƏK SİNDROMU (DURĞUN BAĞIRSAQ SİNDROMU)

N.Y. Bayramov, Ə.M. Rüstəm, B.M. Zeynalov, X.N. Musayev

 

Tərifi

Kor ilgək və ya durğun bağırsaq sindromu nazik bağırsaqda bakteriyaların çox artması ilə (bakteriyaların miqdarı >105/ml)  əlaqədar meydana çıxan  funksional pozğunluqlar (diareya, steatoreya) və malabsorbsiyadır.

Malabsorbsiya malnutrisi, sepsisis və böyrək çatmazlığı ilə nəticələnə bilir.

 

Təsnifatı

Səbəbinə görə

Cərrahi səbəbli

Qeyri-cərrahi səbəbli

 

Səbəbləri

  • Bağırsaqda bakteriyalarən çoxalmasına səbəb olan xəstəliklər şərti olaraq cərrahi əməliyyat tələb edən (cərrahi) və etməyən (qeyri -cərrahi)  səbəblərə ayrılır.
    • Cərrahi səbəblər:
      • Striktur;
      • Divertikul;
      • Kor bağırsaq seqmenti;
    • Qeyri-cərrahi səbəblər:
    • Durğunluq (skleroderma);
    • İmmun çatmazlıq.
    • Cərrahi korreksiya tələb edən səbəblər (striktur, kor ilgək, fistul və b.) xəstələrin ⅓-də rast gəlir.

 

Patogenezi

Normada nazik bağırsaqda bakteriyalarn miqdarı 105/ml -dən az olur və aşağıdakı “antibakterial mexanizmlər” bakteriyaların bağırsaqdaxili inkişafına mane olur:

  • Daimi axın (peristaltizm);
  • Mioelektrik kompleks (“bağırsaq təmizlikçisi”);
  • Mədənin turş mühiti ;
  • Yerli immunoqlobulinlər;
  • Kolointestinal reflüksün əngəllənməsi.

Bu mexanizmlərin zəifləməsi  bağırsaq daxilində bakteriyaların artmasına şərait yaradır (Şək 1). Artmış bakteriyalar bir tərəfdən qida maddələrini parçalayır, digər tərəfdən bağırsaq epitelini zədələyir, həzmin davamını və sorulmanı pozurlar. Nəticədə qida azlığı və sepsis baş verir.

 

 

Şək. 1. Durğun ilgək sindromunun patogenezi

 

Gedişi və ağırlaşmaları

Başlanğıcda bağırsaqda sorulmanın pozulmasına görə malabsorbsiya əlamətləri olur, sonra malnutrisiya, sepsis və böyrək çatmazlığı kimi ağırlaşmalar inkişaf edir. Qida maddələrinin, xüsusilə yağların, vitaminlərin, karbohidratların və zülalların sorulmasının pozulması ağır qida defisitinə səbəb olur. Nəticədə orqanizmin müdafiə qabiliyyəti zəifləyir və sepsis inkişaf edir.

Su və elektrolitlərin sorulmasının azalması böyrək daşlarının və çatmazlığının inkişafı üçün şərait yaradır.

Kor ilgək sindromunun səbəbi aradan qalxarsa (qaldırılarsa) əksər hallarda xəstələrin ümumi vəziyyəti yaxşılaşır. Əks halda artmaqda davam edən sepsis xəstənin ölümünə  səbəb olur.

Ağırlaşmalar

  • Malnutrisiya;
  • Sepsis;
  • Böyrək daşları və çatmazlığı.

 

Klinikası

Qısa ilgək sindromu sorulmanın pozulması və ağırlaşma əlamətləri (malnutrisiya, sepsis, böyrək çatmazlığı) ilə təzahür edir.

  • Malabsorbsiya əlamətləri:
  • Diareya;
  • Steatoreya;
  • Meqablastik anemiya (B12 vitamini çatmazlığı);
  • Bakteriyaların qida maddələrini parçalaması və epiteli zədələməsi nəticəsində sorulma zəifləyir. Bu diareyaya səbəb olur (osmotik diareya).
  • Bakteriyaların öd turşularını dekonyuqasiya və dehidroksilasiya etməsi nəticəsində triqliseridlərin həlli və sorulması  pozulur,  steatoreya baş verir. 
  • Bağırsaqda sorulmayan yağ turşuları ilə kalsiumun birləşməsi hipokalsiemiyanın meydana çıxmasına səbəb olur.
  • Bakteriyaların B12 vitaminini ifrat mənimsəməsi nəticəsində bu vitaminin çatmazlığı və ya meqablastik anemiya baş verir.
  • Son olaraq arıqlama, ümumi zəiflik kimi malnutrisiya əlamətləri meydana çıxır.

 

Diaqnostikası

Şübhə

Malabsorbsiya əlamətləri olan xəstələrdə kor ilgək sindromundan şübhələnmək lazımdır.

 

Dəqiqləşdirmə

Kor ilgək sinromunu dəqiqləşdirmək üçün 3 meyar vacibdir:

  • Malabsorbsiya əlamətləri;
  • Bağırsaqda bakteriyaların çoxalması;
  • Bağırsaq patologiyası (cərrahi və digər).

 

Malabsorbsiyanı klinik və laborator müayinələrlə təsdiq (inkar) etmək olur:

  • Klinik - diareya, steatoreya, arıqlama
  • Laborator – B12 vitamininin sorulması testi (Shilling testi), nəcisdə yağların, qanda kasliumun miqdarını təyini, D-ksiloza testi. Bu müayinələr arasında nəfəsdə nişanlanmış 14C-D-ksilozanın təyini testi ən dəqiq müayinə üsuludur.

Bağırsaq mənfəzində bakteriyaların ifrat çoxalmasını təyin etmək üçün endoskopik yolla nazik bağırsaqdan götürülmüş kültür nümunəsinin bakterioloji müayinəsi aparılmalıdır. Bakteriyaların miqdarının 105/ml-dən çox olması kor ilgək sindromuna xasdır.

Nazik bağırsağın cərrahi və ya qeyri-cərrahi patologiyalarının diaqnostikası üçün KT və endoskopiya (biopsiya ilə) müayinələrinin aparılması vacibdir.

 

Səbəbin təyini

Kor ilgək sindromunun cərrahi və ya qeyri-cərrahi səbəblərinin təyini üçün KT ilk müayinə üsuludur. Göstərişə görə endoskopiya, laparoskopiya və digər müayinələr də aparıla bilər.

Diareya törədən digər səbəblərin inkarı vacibdir:

  • Osmotik diareyalar;
  • Sekretor diareyalar;
  • İltihabi diareyalar;
  • Hipermotorika.

 

Müalicə

İlk növbədə qida azlığı aradan qaldırılmalı (enteral və parenteral qidalandırma), sonra səbəbə uyğun müalicə üsulu seçilməlidir:

  • Cərrahi səbəb müəyyən edildikdə mənbəni aradan qaldırmaq üçün müvafiq cərrahi əməliyyat yerinə yetirilməlidir: divertikulektomiya, fistulektomiya, kor ilgəyin, strikturun, törəmənin aradan qaldırılması və s;
  • Qeyri – cərrahi mənşəli malbasorbsiyalar zamanı: etiotrop müalicə, yanaşı antibiotikoterapiya, antidiareya (oktreotid, loperamid və b.) müalicəsi və dəstək (nutritiv) müalicəsi.

 

Özət

Kor ilgək və ya durğun bağırsaq sindromu nazik bağırsaqda bakteriyaların çox artması ilə (bakteriyaların miqdarı >105/ml) əlaqədar meydana çıxan funksional pozğunluqlar (diareya, steatoreya) və malabsorbsiyadır. Cərrahi (striktur, divertikul, bağırsağın kor seqmenti, fistul) və qeyri-cərrahi səbəblərlə (durğunluq, immun çatmazlıq) əlaqədar baş verə bilir. Adətən diareya və steatoreya əlamətləri ilə büruzə verir, qida azlığı olur (arıqlama, avitaminoz, anemiya və s). Diaqnostika üçün bağırsaq florası və malbasorbsiya göstəriciləri yoxlanılır, görüntüləmə müayinələri  (KT, endoskopiya) göstərişdir. Bağırsaqda bakteriyaların çoxalması, malabsorbsiya əlamətləri, bağırsaq xəstəliyinin təsdiqi və diareya törədən digər səbəblərin inkarı (osmotik, sekretor, iltihab, hipermotorika)  ilə ilə diaqnoz dəqiqləşdirlir. Müalicəsi üçün malabsorbsiya aradan qaldırıldıqdan sonra səbəbə yönəlik cərrahi və ya konservativ tədbirlər  həyata keçirilir.

 

 

Kor ilgək sindromu üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, F.A.Qəhrəmanova

 

Suallar

Cavablar

Kor ilgək / durğun bağırsaq sindromu nədir?

Nazik bağırsaqda bakteriyaların çoxalması ilə (bakteriyaların miqdarı >105/ml)  əlaqədar meydana çıxan  funksional pozğunluqlar (diareya, steatoreya) və malabsorbsiya

Səbəblər və ya risk faktorları hansılardır?

  • Cərrahi səbəblər
    • Striktur
    • Divertikul
    • Kor bağırsaq seqmenti
    • Fistul
  • Qeyri-cərrahi səbəblər
    • Durğunluq (skleroderma)
    • İmmun çatmazlıq

Patogenezi nədən ibarətdir?

Cərrahi və ya qeyri-cərrahi səbəblər → bağırsaqda “antibakterial mexanizmlər”in zəifləməsi → bakteriyaların çoxalması → bağırsaq epitelinin zədələnməsi, həzm və sorulmanın pozulması → malnutrisiya, sepsis

Gediş xüsusiyyəti necədir?

Malabsorbsiya → malnutrisiya→ böyrək daşları → böyrək çatmazlığı→ sepsis

Ağırlaşmalar hansılardır?

Malnutrisiya

Sepsis

Böyrək daşları və yetməzliyi

Klinik əlamətlər hansılardır?

Malabsorbsiya əlamətləri:

Diareya

Steatoreya

Meqablastik anemiya (B12 vitamini çatmazlığı)

Hipokalsiemiya

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Malabsorbsiya əlamətləri olan

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

KT,  endoskopiya (biopsiya ilə), B12 vitamininin sorulması testi (Shilling testi), nəcisdə yağların, qanda kasliumun miqdarını təyini, nəfəsdə nişanlanmış 14C-D-ksilozanın təyini

Laborator əlamətləri hansılardır?

Steatoreya, Bağırsaqda bakteriya çoxalması, B12 defisiti, hipokalsiemiya

Diaqnostik kriteriyalarını sadala?

Malabsorbsiya əlamətləri

Bağırsaqda bakteriya çoxalması

Bağırsaq patologiyası (cərrahi və digər)

Müalicə üsulları hansılardır?

Konservativ (etiotrop, antibiotikoterapiya, antidiareya, nutritiv) və cərrahi

Əməliyyata göstərişlər hansılardır?

Cərrahi səbəblər

Əməliyyat üsulları hansılardır?

Müvafiq cərrahi əməliyyat : divertikul-, fistulektomiya, kor ilgəyin, strikturun, törəmənin aradan qaldırılması və s.