Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

CROHN (KRON) XƏSTƏLİYİ

N.Y.Bayramov, Ə.M.Rüstəm., B.M.Zeynalov., X.N. Musayev

 

 

Tərifi

CROHN xəstəliyi həzm traktının müəyyən seqmentinin bütün qatlarını əhatə edən (transmural) qranulomatoz iltihab xəstəliyidir. Nazik bağırsağın distal hissəsinin bu xəstəliyi regional və ya terminal ileit adlanır. Əksər hallarda kəskinləşmə (diareya, ağrılar və s.) və remissiya fazaları təkrarlanır. Qida azlığı, bağırsaq keçməzliyi, abses, fistul, ekstraintestinal ağırlaşmalar və sepsis törədə bilir.

 

Rastgəlmə tezliyi

ABŞ və Avropa ölkələrində hər 100 000 nəfərdən 2-9-da. Aşkenazi yəhudiləri arasında rastgəlmə tezliyi yüksəkdir. Bimodal təzahür edir, 15-40 və 50-70 yaşlarında daha çox rast gəlir.

 

Təsnifatı

Lokalizasiyasına görə

  • İleit
  • İleokolit
  • Kolit
  • Perianal
  • Digər seqmentlər (qida borusu, mədə, OBB və b.)

Ağırlıq dərəcələri

  • Asimptomatik
  • Yüngül
  • Orta
  • Ağır

 

Etiologiya

Crohn xəstəliyinin səbəbi dəqiq məlum deyil. Genetik, immunoloji, infeksion və ekzogen faktorların rolu güman edilir.

  • Ailə üzvləri arasında Crohn xəstəliyi olan insanlarda xəstəlik 25 dəfə çox rast gəlir. Monoziqot əkizlərin hər ikisində rastgəlmə ehtimalı 60%-dən çoxdur.
  • Səbəbkar genlər üzərində (NOD2/CARD15 genləri) elmi tədqiqatlar aparılmaqdadır.
  • Siqaret çəkmə və çoxlu şəkər qəbulu risk faktorları hesab edilir.

 

Patogenezi

  • Crohn xəstəliyinin patogenezi öyrənilməmişdir.
  • Mədə-bağırsaq traktının selikli qişasının zədələnməsi və iltihab prosesinin davam etməsi əsas patogenetik mexanizmlərdəndir.
  • Selikli qişanın daimi zədələnməsi və immuntənzimin pozulması bağırsağın divarında itihabın davamına təkan verir. Davam edən itihab prosesi isə qranulomların yaranmasına və divarın zədələnməsinə səbəb olur. Nəticədə patoloji dövran yaranır - zədələnmə və iltihab növbələşir.

 

Patomorfologiya

  • Crohn xəstəliyi zamanı dodaqlardan anusa qədər həzm traktının istənilən hissəsi zədələnir.
  • İtihab prosesi bağırsağın bir və ya bir neçə seqmentini əhatə edir. Hətta zədələnmiş seqmentlərlə sağlam bağırsaq hissələri növbələşir.
  • Xəstəlik zamanı ən çox distal ileum zədələnir (bütün xəstələrin 75-80%-i), sonrakı lokalizasiya anal nahiyə və kolona məxsusdur.
  • Terminal ileitdə 15-25%, kolonun obturasiyasında isə 50-75% xəstələrdə anorektal nahiyə zədələnir.
  • Lokalizasiyasına görə:
    • yalnız nazik bağırsaq (ileit) – 20-30%;
    • nazik və yoğun bağırsaq (ileokolit) – 40-50%;
    • yalnız yoğun bağırsaq (kolit) – 20-30%;
    • perianal nahiyə –30%
    • digər seqmentlər (qida borusu, mədə, OBB və b.) - 0,5-15%.
  • Makroskopik olaraq:
  • bağırsağın divarının qalınlaşması;
  • bağırsağın antemezenterik səthinin piy toxuması ilə örtülməsi;
  • çözün qalınlaşması, fibrozlaşması və qısalması;
  • limfa düyünlərinin böyüməsi;
  • abses və fistullar (xarici və ilgəklərarası);
  • selikli qişanın şişkinləşməsi, qranulomlar, dərin xətti xoralar, çatlar;
  • bütün qişaların iltihabı .

 

   

 

Şək. Nazik bağırsağın Crohn xəstəliyinin makroskopik və endoskopik  görünüşü

 

Gedişi və ağırlaşmaları

  • Crohn xəstəliyi xroniki xəstəlikdir, 3 gediş forması var:
    • təkrarlanan (kəskinləşmə - residiv və remissiya fazalarının növbələşməsi) - 75-85%;
    • uzunmüddətli remissiya - 10-20%;
    • refrakter gediş (kəskin fazanın davam etməsi) - 5%.

 

Şəkl 1. Crohn xəstəliyinin klinik gedişi (sxem)

 

  • Kəskinləşmə, ağırlaşmasız və ağırlaşmış gedişli olur. Eyni yerdə və ya yeni bağırsaq seqmentlərində baş verə bilər. Residivlərin əmələgəlmə vaxtı və səbəbi dəqiq məlum deyil.  Lakin vaxt uzandıqca residivvermə ehtimalı artır. Xəstəliyin klinik gedişində aşağıdakı özəlliklər qeyd olunur:
  • ilkin kəskin fazadan sonra təxminən 10-20% hallarda uzunmüddətli remissiya olur;
  • təxminən 20% xəstələrdə hər il residiv baş verir;
  • təxminən 60% hallarda illik təkrarlamalar və uzunmüddətli residivlər birgə rast gəlir;
  • perianal zədələnmələrin residivləri 60-80% rast gəlir;
  • ileal və ya ileokolik rezeksiyadan 5 il sonra residivlər 25-50%, 10 ildən sonra 35-80%, 15 ildən sonra isə 45-85% təşkil edir.

 

Ağırlaşmalar

  • 20-60% xəstələrdə rast gəlir. Bağırsağın obstruksiyası və perforasiyası (fistul, abses, kəskin peritonit), anorektal ağırlaşmalar və malignizasiya kimi lokal ağırlaşmalarla yanaşı, 20-30% hallarda autoimmun və digər sistemik ağırlaşmalar rast gəlir. Malnutrisiya, artrit və dəri zədələnmələri ilk yerlərdə durur.

İntestinal ağırlaşmalar (20-60%)

Sistemik ağırlaşmaları (20-30%)

  • Obsrtuksiya
  • Perforasiya (abses, daxili və xarici fistullar)
  • Anorektal ağırlaşmalar
  • Toksik meqakolon
  • Karsinom
  • Anemiya
  • Hepatobiliar xəstəliklər
  • Uveit
  • Artrit, ankilozlaşan spondilit (бехтерев xəstəliyi)
  • Düyünlü eritem
  • Amiloidoz
  • Tromboembolizm
  • Sistit
  • Digər

 

Klinikası

Crohn xəstəliyinin klinik təzahürü prosesin lokalizasiyası, davametmə müddəti və  ağırlaşmanın xarakterindən asılı olaraq dəyişir:

  • diareya - 90%;
  • təkrarlanan ağrılar;
  • qarında kütlə;
  • qızdırma;
  • anemiya;
  • anorektal patologiya;
  • yorğunluq;
  • malnutrisiya;
  • arıqlama.
  • Terminal ileit üçün xarakterik əlamətlər: uzunmüddətli diareya, qarın ağrıları, ümumi zəiflik, arıqlama  və subfebril qızdırma
  • Diareya ən çox rast gələn əlamətdir, adətən bağırsağın iltihabı və malabsorsiya mənşəli olur. Nəcis qansız və ya qanlı olur.
  • Ağrılar adətən təkrarlanan və sancışəkilli xarakterlidir, dəqiq lokalizasiyası olmur. Qida qəbulundan sonra artır, defekasiyadan sonra azalır. Bəzən terminal ileiti kəskin appendisitdən klinik cəhətdən fərqləndirmək çətin olur.
  • Uzunmüddətli Crohn xəstəliyi zamanı kor ilgək sindromu - malnutrisiya əlamətləri (arıqlama, dəmir defisitli anemiya, steatoreya, halsızlıq və s.) meydana çıxır.
  • Anal nahiyənin Crohn xəstəliyində xronik yan lokalizasiyalı anal çat, fibroz poliplər, xoralar, anal fistul, pararektal abseslər müşahidə olunur. Bu əlamətlər bəzən regional ileit və kolonun obstruksiyasından illər əvvəl təzahür edir.
  • Kəskin bağırsaq keçməzliyi Crohn xəstəliyinin ən çox rast gələn və təcili cərrahi əməliyyat tələb edən təhlükəli ağırlaşmasıdır. Abseslə ağırlaşma zamanı qarında kütlə və sepsis əlamətləri (yüksək hərarət, taxikardiya, taxipnoe və s.) müəyyən edilir. Abseslər spontan və ya cərrahi drenajdan sonra sağalır və ya fistullar əmələ gəlir.
  • Crohn xəstəliyinə ümümi ağırlaşma əlamətləri də (malnutrisiya, artrit və dəri zədələnmələri) xarakterikdir.

 

Diaqnostikası

Şübhə

  • Uzinmüddətli diareya, təkrarlanan qarın ağrıları və subfebril hərarət olan xəstələrdə Crohn xəstəliyindən şübhələnmək lazımdır;
  • Ailə üzvlərində və anamnezində Crohn xəstəliyi olan şəxslərdə anorektal patologiya, qarındaxili abseslər, xarici fistullar olması şübhələri daha da artırır;
  • Kəskin bağırsaq keçməzliyi, bağırsaqdaxili kütlə, Crohn xəstəliyinə şübhələri artırır.

 

Diaqnozun dəqiqləşdirilməsi

Crohn xəstəliyinin spesifik klinik, laborator və görüntüləmə əlamətləri yoxdur. Diaqnozun dəqiqləşdirilməsi üçün klinik müayinələrlə yanaşı KT/MRT, endoskopiya+biopsiya, bəzən genetik müayinələr və alınmış məlumatların differensial diaqnostik interpretasiyası lazım gəlir.

 

 

Laborator

Laborator dəyişikliklər (yüksək leykositoz, EÇS-nin artması və CRZ, anemiya, hipoalbuminemiya, steatoreya, D-ksilozanın absorbsiyasının azalması, nəcisin bakterioloji kulturu, genetik müayinələr (NOD2/CARD15 genləri)) iltihabı, prosesin ağırlıq dərəcəsini və ağırlaşmaları təyin etməyə yardım edir.

Görüntüləmə - KT /MRT

 

Bağırsağın divarının qalınlaşması

Bağırsağın daralması

Çözün infiltrasiyası

Limfadenopatiya

Abses(lər)

Xarici və daxili fistul(lar)

Endoskopik müayinə

Endoskopik müayinə mütləq müayinədir, patoloji prosesin lokalizasiyasını, əlavə lokalizasiyaları, diaqnozun dəqiqləşdirilməsi və biopsiya materialı alınması üçün (mütləq müayinədir) aparılmalıdır. Qastroduodenoskopiya, kolonoskopiya, yeyunoskopiya, ileoskopiya (kolektomiya olunmuş xəstələrdə) və zəruri hallarda kapsul endoskopiyasi edilməlidir. Terminal ileitdə fibrokolonoskopla distal ileuma daxil olaraq biopsiya etmək mühümdür. Striktur(lar), fistul(lar) kəskin bağırsaq keçməzliyi və bağırsağın perforasiyası hadisələrinə şübhələr olduqda kapsul endoskopiyası məsləhət deyil.

 

 

Crohn xəstəliyinin diaqnostik əlamətlərinə aiddir:

  • Xarakterik anamnez (uzunmüddətli diareya, təkrarlanan qarın ağrıları, özündə və ya ailə üzvlərində Crohn xəstəliyinin mövcudluğu);
  • Endoskopik əlamətlər;
  • KT /MRT əlamətləri;
  • Bioptatda qranulomatoz iltihab əlamətləri

 

Differensial diaqnoz

Crohn xəstəliyinin diaqnostikasında uyğun lokalizasiyalı digər xəstəliklərin differensiasiyası olduqca əhəmiyyətlidir: kəskin appendisit, nazik bağırsağın vərəmi, limfoma və digər mənşəli ileitlər; Crohn xəstəliyi mənşəli koliti isə qeyri – spesifik xoralı kolit və yoğun bağırsağın adenokarsinomu ilə differensiasiya etmək lazımdır.

  • Qeyri – spesifik xoralı koliti yoğun bağırsağın Crohn xəstəliyindən klinik baxımdan differensiasiya etmək bəzən çətin olur. Diareyanın nisbətən azsaylı və qansız olması, perianal patologiyalar, seqmentar zədələnmələr, transmural zədələnmələr, bağırsağın divarının və çözün qalınlaşması, böyük mukozal xoralar və çatlar, düz bağırsağın normal görünüşü, qranulomlar və biopsiya materialında xarakterik transmural qranulomatoz iltihab (patohistoloji müayinənin nəticəsi) Crohn xəstəliyi üçün xarakterikdir. Differensiasiya çətinlikləri olduqda genetik müayinələr aparılmalıdır. Az hallarda xəstələrə “Təyin olunmayan kolit” diaqnozu qoyulur.
  • Kəskin appendisiti Crohn xəstəliyindən differensiasiya etmək çətindir, və əksər hallarda səhih diaqnoz əməliyyat vaxtı qoyulur. Əməliyyatönü dövrdə şübhələr yarandıqda KT faydalı ola bilər.
  • Bağırsağın vərəmi mədə-bağırsaq traktının hər yerində rast gəlir. Lakin qalça bağırsağın distal hissəsi hər 2 patologiyada daha çox zədələnir. Differensiasiya çətinlikləri bu amillə və klinik oxşarlıqlarla bağlıdır. KT-nın informativliyi azdır, çünki hər 2 halda bağırsağın divarının və çözün qalınlaşması, limfadenopatiya müəyyən edilir. Differensiasiya prosesində anamnez, genetik və biopsiya materialının patohistoloji müayinələrinin nəticələri faydalı ola bilər. Lakin əksər hallarda diaqnoz bağırsağın zədələnmiş hissəsinin rezeksiyasından sonra (bağırsaq vərəmində cərrahi müalicə tövsiyə olunur) qoyulur.
  • Limfom Crohn xəstəliyindən görüntüləmə (KT/MRT) əlamətləri ilə differensiasiya oluna bilər. Lakin diaqnozun verifikasiyası üçün biopsiya alınması vacibdir.
  • Karsinom yalnız patomorfoloji müayinələrin nəticələri əsasında Crohn xəstəliyindən differensiasiya olunur. Bəzi xəstələrin nazik bağırsağından biopsiya üçün material götürmək mümkün olmur və ya bioptatın histoloji müayinələrinin nəticələri yanlış (yalançı müsbət və ya yalançı mənfi) olur. Belə hallarda bağırsağın zədələnmiş hissəsinin rezeksiyası vacibdir.

 

Xəstəliyin ağırlıq dərəcəsinin təyini

Klinik praktikada Crohn xəstəliyinin ağırlıq dərəcələri ilə əlaqədar bir neçə təsnifat istifadə edilir: Crohn’s Disease Activity İndex (CDAI), Harvey – Bradshaw Index (HBI). Sadə klinik təsnifata görə xəstəliyin 4 dərəcəsi ayrıd edilir:

  • Asimptomatik;
  • Yüngül dərəcə - oral qidalanma rahatsızlıq vermir (diareya və ağrılar olmur), dehidratasiya, qarında ağrılar, kütlə, bağırsaq keçməzliyi, sepsis əlamətləri və arıqlama olmur;
  • Orta dərəcə - oral qidalanma rahatsızlıq verir (qarında ağrılar, ürəkbulanma, qusma), hərarət, anemiya və arıqlama müşahidə olunur;
  • Ağır dərəcə - qlükokortikoid və digər immunomodulyator müalicəsinə baxmayaraq, xəstələrin vəziyyətinin yaxşılaşması baş vermir və ya kaxeksiya, toksik – septik əlamətlər və cərrahi ağırlaşmalar (abses, fleqmona, kəskin peritonit, kəskin bağırsaq keçməzliyi) meydana çıxır.

 

Müalicəsi

Crohn xəstəliyinin spesifik müalicə üsulu yoxdur. Mövcud konservativ və cərrahi əməliyyat üsulları iltihabın şiddətinin və residivlərin tezliyinin azaldılmasına, remissiya vəziyyətinin uzadılmasına, ağırlaşmaların profilaktikası və müalicəsinə yönəlmişdir.

 

Konservativ müalicə tədbirləri:

  • iltihabəlehinə müalicə: aminosalisilatlar (mesalazin, sulfosalazin);
  • immunosupressor terapiya (azatioprin, steroid preparatları - prednizolon, hidrokortizon, budesonid);
  • antibiotikoterapiya (siprofloksasin, metronidazol);
  • infliximab (anti-TNFa) və
  • dietik (əsirgəyici) qidalanma

 

Cərrahi müalicə

Cərrahi müalicə palliativ xarakter daşıyır, əsasən ağırlaşmalarda və konservativ müalicəyə tabe olmayan bəzi hallarda göstərişdir:

  • obstruksiya (ən çox rast gələn göstərişdir);
  • perforasiya (abses, daxili və xarici fistullar, kəskin peritonit);
  • massiv qanaxma;
  • neoplastik proseslərdən differensiasiyanın çətinlikləri (mümkünsüzlüyü).

 

Crohn xəstəliyində laparoskopik yol ilk seçimdir və aşağıdakı cərrahi əməliyyatlar aparılır:

  • bağırsağın zədələnmiş hissəsinin rezeksiyası;
  • strikturoplastika;
  • abses(lər)in sanasiyası və drenajı.

Əməliyyatdan sonra profilaktik məqsədlə uzunmüddətli mesalazin və metronidazol istifadəsi tövsiyə olunur.

 

  • Diqqət!!! Kəskin appendisit diaqnozu və ya şübhəsi ilə laparotomiya və ya laparoskopiya zamanı xəstədə Crohn xəstəliyinə şübhələr yaranarsa və kor bağırsaq iltihablı deyilsə terminal ileitə görə distal ileuma toxunmama və appendektomiya, kor bağırsaq iltihablıdırsa ileosekal rezeksiya və appendektomiya icra oluna bilər.

 

Müalicə üsulunun seçimi

Müalicə üsulunun seçimi xəstəliyin ağırlıq dərəcəsinə əsaslanır:

  • Yüngül və orta şiddətli iltihab prosesi zamanı konservativ müalicə təyin edilir: əsirgəyici pəhriz və mesalazin müalicəsi başlanır, müalicəyə cavab olmadıqda antibiotik əlavə edilir. Müsbət reaksiya alınmadıqda steriod preparatı təyin olunur. Müalicə yenə effektsiz olarsa anti-TNF və nəhayət son addım kimi cərrahi müalicə seçilir.

 

 

  • Ağır dərəcəli Crohn xəstəliyində müalicəyə steroid və antibiotik təyini ilə başlanılır, müsbət cavab alınmadıqda anti-TNF və ya cərrahi müalicə edilir.
  • Cərrahi ağırlaşmalara görə uyğun müalicə üsulu seçilir: bağırsağın obstruksiyası ilk 24 – 48 saat müddətlərində (işemiya əlamətləri yoxdursa) konservativ müalicə edilir, müalicəyə müsbət cavab olmasa cərrahi əməliyyat göstərişdir. Diffuz peritonitdə əməliyyatönü hazırlıqdan sonar təcili əməliyyat – bağırsağın zədələnmiş hissəsinin rezeksiyası və stoma qoyulması məqsədəuyğundur. Lokal peritonitlərdə antibiotikoterapiya aparılır, effekt olmazsa cərrahi əməliyyat tövsiyə edilir. Abseslər zamanı antibiotikoterapiya və perkutan drenaj, sonra bağırsağın rezeksiyası məsləhət görülür (cərrahi əməliyyat residivlərin tezliyini aşağı salır). Fistulların (daxili və xarci) ən effektiv müalicəsi azatioprin və anti-TNF preparatlarıın kombinasiyası ilə əldə edilir. Bu müalicə əksər hallarda fistulların bağlanmasına şərait yaradır. Konservativ müalicəyə cavab verməyən xəstələrdə bağırsağın fistulgəzdirici hissəsi sağlam toxuma hədlərində rezeksiya olunmalıdır.

 

 

  • Perianal lokalizasiyalı Crohn xəstəliyində zədələnmənin xarakterinə uyğun müalicə üsulu seçilməlidir:
  • Anal çatlarda standart konservativ müalicə aparılmalı (nəcisin durulaşdırılması, isti vannalar, nitroqliserin və ya kalsium kanalı blokatorları, məlhəm müalicəsi), effektsiz hadisələrdə yan sfinkterotomiya icra olunmalıdır;
  • Perianal fistullarda müalicə üsulunun seçimi prosesin ağırlıq dərəcəsindən asılıdır. Yüngül dərəcəli fistullar konservativ müalicə (oral və ya lokal metronidazol, və ya siprofloksasin) edilməlidir. Ağır dərəcəli perianal fistullar zamanı konservativ və cərrahi üsulların kombinasiyası (antibiotik müalicəsi, immunosupressiya və ya anti-TNF, kövşək seton) effektli olur. Çox ağır formalarda proktektomiya icra edilməli və süni anus qoyulmalıdır.
  • Anal abseslərdə antibiotik, drenaj və əmələ gələn fistulun müalicəsi aparılır.
  • Anal stenozlarda dilatasiya tövsiyə edilir.
  • Hemorroidlərdə konservativ müalicə tövsiyə olunur.
  • Duodenal obstruksiyada ən çox stenoz və fistullar rast gəlir. Bu xəstələrdə duodenumun rezeksiyası ilə müqayisədə qastroenterostomiya daha effektlidir;
  • Kolon lokalizasiyalı seqmentar obstruksiyalarda rezeksiya, geniş həcmli obstruksiyalarda kolektomiya, toksik meqakolonda isə total kolektomiya tövsiyə edilir.

 

Özət

CROHN xəstəliyi həzm traktını seqmentar əhatə edən və  bütün qatları zədələyən (transmural) qranulomatoz iltihabi xəstəlikdir. Səbəbi dəqiq məlum deyil.  Nazik bağırsağın distal hissəsinin iltihablaşması regional və ya terminal ileit də adlanır. Bəzi hallarda asimptomatik ola bilir, lakin əksər hallarda diareya və ağrılarla başlayır, uzun müddət davam edir. Kəskinləşmə və remissiya fazaları təkrarlanır,  qida azlığı,    keçməzlik, abses, fistul, ekstraintestinal ağırlaşmalar və sepsis törədə bilir. Xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün klinik müayinələrlə yanaşı KT/MRT, endoskopiya+biopsiya, bəzən genetik müayinələr və digər xəstəliklərdən differensiasiya lazım gəlir. Uzunmüddətli diareya, təkrarlanan qarın ağrıları, özündə və ya ailə üzvlərində Crohn xəstəliyi, görüntüləmə üsullarından iltihab, divar qalınlaşması, bağırsaqətrafı infiltrasiya, biopsiyada qranulomatoz iltihab xarakterik əlamətləridir. Müalicə əsasən konservativdir (antibiotik, QSİƏD, steroidlər, anti-TNF). Cərrahi müalicə ağırlaşmalrda göstərişdir.

 

Nazik bağırsaq keçməzliyi üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, F.A.Qəhrəmanova

 

Suallar

Cavablar

CROHN xəstəliyi nədir?

Həzm traktının müəyyən seqmentinin bütün qatlarını əhatə edən (transmural) qranulomatoz iltihab xəstəliyi

Rastgəlmə tezliyi nə qədərdir?

ABŞ və Avropada 100 000 nəfərdən 2-9-da, Aşkenazi yəhudiləri arasında daha çox.

Hansı formaları var?

Lokalizasiyasına görə

  • İleit
  • İleokolit
  • Kolit
  • Perianal
  • Digər seqmentlər (qida borusu, mədə, OBB və b.)

 

Ağırlıq dərəcəsinə görə

  • Asimptomatik
  • yüngül
  • orta
  • ağır

Səbəblər  və ya risk faktorlar hansılardır?

Dəqiq məlum deyil.

Genetik, immunoloji, infeksion və ekzogen faktorlar

Patogenezi nədən ibarətdir?

Patoloji dövran: Selikli qişanın daimi zədələnməsi və immuntənzimin pozulması→ itihab→ qranulomların yaranması → zədələnmə

Proses həzm traktının daha çox hansı hissəsində rast gəlir?

Həzm traktının istənilən hissəsində - ən çox distal ileum (75-80%), anal nahiyə və kolon

Gediş xüsusiyyəti necədir?

təkrarlanan – 75-85%;

uzunmüddətli remissiya – 10-20%;

refrakter gediş – 5%.

Ağırlaşmaları hansılardır?

İntestinal ağırlaşmalar (20-60%)

  • Obsrtuksiya
  • Perforasiya (abses, daxili və xarici fistullar)
  • Anorektal ağırlaşmalar
  • Toksik meqakolon
  • Karsinom

 

Sistemik ağırlaşmaları (20-30%)

  • Anemiya
  • Hepatobiliar xəstəliklər
  • Uveit
  • Artrit, ankilozlaşan spondilit (Бехтерев xəstəliyi)
  • Düyünlü eritema
  • Amiloidoz
  • Tromboembolizm
  • Sistit
  • Digər

Klinik əlamətlər hansılardır?

diareya - 90%, təkrarlanan ağrılar, qarında kütlə, qızdırma, anemiya, anorektal patologiya, yorğunluq, malnutrisiya, arıqlama

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Uzunmüddətli diareya, təkrarlanan qarın ağrıları və subfebril hərarət olan;

Ailə üzvlərində və anamnezində Crohn xəstəliyi olan şəxslərdə anorektal patologiya, qarındaxili abseslər, xarici fistullar olması;

Kəskin bağırsaq keçməzliyi, bağırsaqdaxili kütlə, abses müəyyən edilən

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

KT/MRT, endoskopiya+biopsiya, bəzən genetik müayinələr

Laborator əlamətləri hansılardır?

Yüksək leykositoz, EÇS-nin artması və CRZ, anemiya, hipoalbuminemiya, steatoreya, D-ksilozanın absorbsiyasının azalması, nəcisin bakterioloji kulturu, genetik müayinələr (NOD2/CARD15 genləri)

Görüntüləmə əlamətləri hansılardır?

Bağırsağın divarının qalınlaşması

Bağırsağın daralması

Çözün infiltrasiyası

Limfadenopatiya

Abses(lər)

Xarici və daxili fistul(lar)

Diaqnostik kriteriyaları hansılardır?

Xarakterik anamnez (uzunmüddətli diareya, təkrarlanan qarın ağrıları, özündə və ya ailə üzvlərində Crohn xəstəliyinin mövcudluğu);

Endoskopik əlamətlər;

KT /MRT əlamətləri;

Bioptatda qranulomatoz iltihab əlamətləri.

Müalicə üsulları hansılardır?

konservativ və cərrahi

Əməliyyata göstərişlər hansılardır?

Obstruksiya (ən çox rast gələn göstərişdir);

Perforasiya (abses, daxili və xarici fistullar, kəskin peritonit);

Massiv qanaxma;

Neoplastik proseslərdən differensiasiyanın çətinlikləri (mümkünsüzlüyü).

Əməliyyat üsulları hansılardır?

Bağırsağın zədələnmiş hissəsinin rezeksiyası;

Strikturoplastika;

Abses(lər)in sanasiyası və drenajı.

Xəstəliyin ən xaraketrik özəlliyini bir cümlə ilə necə ifadə edərsiniz?

Crohn bədxassəli xəstəlik deyil, lakin xroniki gedişlidir.