Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

BEYİN DİSFUNKSİYALARI

N.Y.Bayramov, Ə.M.Əhmədov

 

Tərifi

Beyin disfunksiyası beyinin idarəetmə-kordinasiya funksiyasının pozulmasıdır və cərrahi praktikada ən çox rast gəlinən klinik formalarına aşağıdakılar aid edilə bilər:

  • Agitasiya narahatlıq və həyəcan əlamətləri ilə biruzə verir, adətən huş aydın olur.
  • Delirium adətən sayıqlama, hallusinasiya əlamətləri ilə biruzə verir.
  • Koma beyin yetməzliyidir, beyinin qıcıqlara cavab verməyən vəziyyətidir
  • Beyin ölümü beyin qabığının və kötüyünün geriyədönməz zədələnməsi nəticəsində meydana gələn vəziyyətdir. Bütün reflekslərin, o cümlədən beyin kötüyü reflekslərinin və tənəffüs mərkəzi fəaliyyətinin itməsi ilə xarakterizə olunur.

 

Etiologiya və patogenez

Beyinin əsas vəzifəsi idarə etməkdir, orqanizmdaxili və orqanizmlə xarici mühit arasındakı koordinasiyanı həyata keçirməkdir. Əsas iş prinsipi isə refleksdir: informasiyanı almaq, dəyərləndirmək və uyğun cavab vermək. Reflektori prinsip beyinin bütün fəaliyyətlərinin, xüsusən də şüur (ayılma - xarici təsirə cavab və ayıqlıq), intеllеktual (yaddaş, qavrama, danışma, diqqət, xaraktеr və s.) və hərəkətə nəzarət funksiyalarının əsasında durur. Refleks zəncirinin həlqələrindən hər hansı birinin və ya bir neçəsinin zədələnməsi idarəetmə funksiyasının pozulmasına gətirib çıxarır ki, bu da özünü şüur, intellektual və ya hərəkətə nazərət funksiyalarında dəyişiklik şəkilində göstərir.

Hipoksiya, toksikoz və metabolik pozulmalar beyin funksiyasının pozulmasına gətirib çıxaran başlıca mexanizmlərdir. Cərrahi xəstələrdə beyin disfunksiyasının ən çox rast gəlinən səbəbləri arasında ilk yerləri şok-hipoksiya, serebro-vaskulyar ağırlaşmalar, dərmanlar, elektrolit və metabolizm pozulmaları tutur.

 

Klinikası

Beyin disfunksiyaları şüur, intellektual və hərəkətə nəzarət funksiyalarında pozulma əlamətləri ilə və ya yerli hərəkət defisiti ilə özünü göstərə bilir. Klinik praktikada disfunksiyaların bir neçə forması ola bilər:

 

Agitasiya, narahatlıq və həyacan

Xəstə ayıqdır, lakin həyəcanlı və təşvişlidir

Ayıq

Xəstə ayıqdır, huşu yerindədir, danışır, suallara düzgün cavab verir

Sopor

Xəstə ayıq deyil, lakin oyana bilir, qıcıqlara adekvat cavab verir (xəstə ilə çətin də olsa kontakt yaratmaq olur)

Stupor

Xəstə yuxuludur, oyana bilir, qıcıqlara qeyr-adekvat cavab verir (xəstə ilə kontakt yaratmaq olmur)

Delirium

Xəstə ayıqdır və ya yuxuludur, lakin sayıqlayır, orientasiya pozulması var, kontakt yaratmaq olmur.

Koma

Ayıq deyil, oyanmır və qıcıqlara cavab vermir

Vegetativ vəziyyət

Ayıq deyil, ayıla bilir, lakin hərəkət edə bilmir

Beyin ölümü

Beyin kötüyü və beyin qabığının bütün refleksləri itir: tənəffüs mərkəzi işləmir (apnoe), bəbək, korneal, okulosefalik reflekslər yoxdur.

 

Diaqnostika

Beyin fəaliyyətinin qiymətləndirilməsində əsas yeri klinik müayinə tutur. Qıcığa (suallar və toxunma-ağrı qıcığı) cavabın olub-olmamasına və cavabın keyfiyyətinə əsaslanaraq ayıqlıq, şüur, intellekt, davranış və hərəkətə nəzərət funksiyaları qiymətləndirilir və klinik forma müəyyənləşdirilir. Bunun üçün diqqətli nevroloji müayinə lazımdır və aşağıdakı göstəricilər yoxlanılmalıdır:

  • Huşun vəziyyəti (ayıqlıq)
  • Hərəki cavab
  • Beyin kötüyü reaksiyaları

Hazırda klinik praktikada beyin funksiyasındakı dəyişikliyi qiymətləndirmək üçün ən çox istifadə edilən klinik vasitə sadə göz açma klassifikasiyası və Glascow Koma Şkalasıdır (GKŞ).

Sadə göz açma reaksiyasına görə ayıqlığın – huşun 4 dərəcəsi ayrıd edilir: açıqdır, səsə açır, ağrıya açır, bağlıdır-açmır

GKŞ əsasında beyinin reflektoru (cavab) funksiyasını qiymətləndirmək durur. Söz və ağrı qıcıqlarına üç cavab reksiyası – göz açma, danışma və hərəki cavablar ballarla qiymətləndirilir (Cədvəl 1). Normada toplam bal qiyməti 15 təşkil edir, GKŞ 13 və daha az olarsa beyin funksiyasında pozulma kimi qiymətləndirilir.

 

Göz açma reaksiyası (G)

 

Spontan açır

4

Səsə açır

3

Ağrıya açır

2

Heç nəyə açmır

1

Danışma reaksiyası (D)

 

Suallara düzgün cavab verir

5

Suallara düzgün cavab vermir

4

Yersiz sözlər danışır

3

Başa düşülməyən səslər çıxarır

2

Cavab vermir

1

Hərəkət reaksiyası (H)

 

Deyilən hərəkətləri edir

6

Ağrının yerinə doğru hərəkət edir

5

Ağrıdan çəkmə

4

Anormal bükmə (dekortikasiya)

3

Ağrıya açma cavabı (deserebrasiya)

2

Heç bir cavab yoxdur

1

GKŞ = G + D + H

 

 

Beyin kötüyü reflekslərinə bəbək, korneal, öskürək, okulosefalik və tənəffüs refleksləri aiddir.

Diaqnostikada ən vacib məsələlərdən biri də səbəbin təyinidir. Bunun üçün anamnestik və klinik məlumatlarla yanaşı hemodinamika, ventilyasiya-oksigenasiya, dərmanların təsiri, beyin damarlarının vəziyyəti, elektrolitlər, qlükoza, qaraciyər və böyrək funksiyaları, infeksiya və hipertermiya diqqətlə yoxlanılmalıdır.

 

Müalicəsi

Beyin disfunksiyalarında müalicə klinik formadan asılı olaraq dəyişir.

 

Agitasiya

Agitasiya narahatlıq və həyəcan əlamətləri ilə biruzə verir, adətən huş aydın olur. Bu hal əməliyyatın psixoloji təsiri ilə ola bilər və ya həssas xəstələrdə ağrının təsirindən arta bilər. Agitasiyanın qarşısını almaq üçün sedativ preparatlar istifadə edilir ki, bunlardan ən çox tövsiyə ediləni benzodiazepinlər (midazolam, lorazepam), propofol və deksmedetomindir.

Delirium

Delirium adətən sayıqlama, hallusinasiya əlamətləri ilə biruzə verir. Agitasiya, qıcolmalar da ola bilər, xəstə ilə kontakt yaratmaq çətin ola bilir. Bu hal asılı xəstələrdə alkoqolun, narkotiklərin kəsilməsi ilə , hipoksiya və ya toksikozla əlaqədar baş verə bilir. Haloperidol ilk seçim müalicədir.

 

Koma

Koma beyin yetməzəliyidir, beyinin qıcıqlara cavab verməyən vəziyyətidir. Beyin ölümündən fərqli olaraq beyin kötüyünün bəzi funksiyaları, xüsusən tənəffüs funksiyası müəyyən qədər qorunur.

Diaqnoz klinik olaraq qoyulur – xəstə ayıq deyil, sözlü və ağrı qıcıqlarına baxmayaraq oyanmır (nə sözlü , nə də ağrı qıcığına qarşı gözünü açmır, hərəki və sözlü cavabları olmur), GKŞ 8-3 bal təşkil edir.

Təcili olaraq intubasiya edilir, süni ventilyasiya başladılır, hemodinamika stabilləşdirilir və səbəblər axtarılır: kəllədaxili hipertenziya, serebrovaskulyar ağırlaşma (işemiya, hemorragiya), qlükoza, elektrolitlər, dərmanlar, hipertermiya, infeksiya və s.

 

Beyin ölümü

Beyin ölümü beyin qabığının və kötüyünün geriyədönməz zədələnməsi nəticəsində meydana gələn vəziyyətdir. Bütün reflekslərin, o cümlədən beyin kötüyü reflekslərinin və tənəffüs mərkəzi fəaliyyətinin itməsi ilə xarakterizə olunur.

Xəstədə beyin ölümü əlamətləri varsa, beyin ölümü briqadası çağrılır və diaqnoz dəqiqləşdirlir. Diaqnoz dəqiqləşdirilidikdən sonra xəstə yaxınlarına bildirilir və orqan donasiyası üçün transplant koordinatorları ilə əlaqə yaradılır.

 

Özət

Beyin disfunksiyası beyinin idarəetmə-kordinasiya funksiyasının pozulmasıdır və klinik olaraq bir neçə formada ortaya çıxa bilir. Diaqnostikada klinik müayinə önəmlidir.

Agitasiya narahatlıq və həyəcan əlamətləri ilə biruzə verir, adətən huş aydın olur, profilaktikası və müalicəsi üçün benzodiazepinlər (midazolam, lorazepam), propofol və deksmedetomidin tətbiq edilir.

Delirium adətən sayıqlama, hallusinasiya əlamətləri ilə biruzə verir. Haloperidol ilk seçim müalicədir.

Koma beyin yetməzəliyidir, beyinin qıcıqlara cavab verməyən vəziyyətidir. Beyin ölümündən fərqli olaraq beyin kötüyünün bəzi funksiyaları, xüsusən tənəffüs funksiyası müəyyən qədər qorunur. Diaqnozu klinik olaraq qoyulur – xəstə ayıq deyil, sözlü və ağrı qıcıqlarına baxmayaraq oyanmır (nə sözlü, nə də ağrı qıcığına qarşı gözünü açmır, hərəki və sözlü cavabları olmur), GKŞ 8-3 bal təşkil edir. Təcili olaraq intubasiya edilir, süni ventilyasiya başladılır, hemodinamika stabilləşdirilir və səbəblər axtarılır.

Beyin ölümü beyin qabığının və kötüyünün geriyədönməz zədələnməsi nəticəsində meydana gələn vəziyyətdir. Bütün reflekslərin, o cümlədən beyin kötüyü reflekslərinin və tənəffüs mərkəzi fəaliyyətinin itməsi ilə xarakterizə olunur.

 

Beyin disfunksiyaları üzrə suallar

N.Y.Bayramov, F.Əhmədov

 

Suallar

Cavablar

Beyin fəaliyyəti klinik olaraq necə qiymətləndirilir?

Qıcığa (suallara və toxunma-ağrı qıcığına) cavabın olub-olmamasına və cavabın keyfiyyətinə əsaslanaraq ayıqlıq, şüur, intellekt, davranış və hərəkətə nəzarət qiymətləndirilir.

Reanimasion xəstələrdə beyini qiymətləndimək üçün hansı klinik müayinələr edilir?

Huşun vəziyyəti (ayıqlıq)

Sözlü və ağrı qıcığa hərəki cavab

Beyin kötüyü refleksləri

Agitasiya nədir?

Narahatlıq və həyəcan əlamətləri ilə biruzə verir, adətən huş aydın olur.

Səbələri nədir?

Psixoloji təsir və ağrı.

Müalicəsi necədir?

Benzodiazepinlər, propofol və deksmedetomidin.

Delirium nədir?

Sayıqlama, hallusinasiya əlamətləri ilə biruzə verir.

Səbəbləri nələrdir?

Alkoqolun, narkotiklərin kəsilməsi, hipoksiya, toksikoz.

Müalicəsi necədir?

Haloperidol.

Koma nədir?

Beyin yetməzəliyidir, beyinin qıcıqlara cavab verməyən vəziyyətidir.

Diaqnozu necə qoyulur?

Klinik olaraq qoyulur - sözlü və ağrı qıcıqlarına cavab vermir, GKŞ 8-3.

Müalicəsi necədir?

Beyini ikinci zədələnmədən qoruma (intubasiya, ventilyasiya, hemodinamikanın stabilləşdirilməsi), səbəbi axtarma və aradan qaldırmaq.

Beyin ölümü nədir?

Beyin qabığının və kötüyünün geriyədönməz zədələnməsi nəticəsində meydana gələn vəziyyətdir. Bütün reflekslərin, o cümlədən beyin kötüyü reflekslərinin və tənəffüs mərkəzi fəaliyyətinin itməsi ilə xarakterizə olunur.

Beyin ölümü diqnozu necə qoyulur?

Klinik olaraq koma və beyin kötüyü reflekslərinin olmaması (bəbək, korneal, öskürək, okulosefalik və apne testləri)

EEQ-də dalağaların olmaması.