Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

DALAĞIN ANATOMİYASI VƏ FİZİOLOGİYASI

Bayramov N.Y., Rzayev T.M.

 

ANATOMİYASI

 

Quruluşu, yerləşməsi və ölçüləri

  • Mezodermadan inkişaf edən bədənin ən böyük retikuloendotelial orqanıdır.
  • Yetkin insanda qarın boşluğunun sol yuxarı hissəsində diafraqma, kolon, sol böyrək və mədə ilə qonşudur.
  • Təqribən 75-250 qr ağırlıqda, 13x5 cm ölçüdədir.
  • Dalaq kapsula (1-2 mm) və trabekulaların əhatə elədiyi pulpadan ibarətdir.
  • Pulpa isə ağ pulpa, qırmızı pulpa və marginal zonadan təşkil olunmuşdur.
  • Ən çox rast gəlinən embrioloji anomaliyası əlavə dalaqdır (14-30%)
  • Əlavə dalağın 80%-i dalaq qapısında rast gəlinir.

Qan təchizatı

  • Arterial təchizatını dalaq arteriyasından və kiçik mədə arteriyalarından alır.
  • Dalaq arteriyası günəş kötüyünün 3 şaxəsindən biridir.
  • Venoz qan axını dalaq venası ilə həyata keçirilir. Dalaq venası yuxarı çöz venası ilə birləşərək qapı venasını əmələ gətirir.
  • Dalaqdan 1 dəqiqədə təxminən 300 ml qan keçir.

Bağları

  • Dalaq aşağıdakı bağlarla ətrafdakı orqanlarla əlaqəlidir:
    • dalaq-mədə (splenoqastrik)
    • dalaq-çənbər bağırsaq (splenokolik)
    • dalaq-diafraqma (splenofrenik)
    • dalaq-böyrək (splenorenal)
  • Qastrosplenik bağın daxilində kiçik mədə arteriya və venaları, splenokolik bağın daxilində isə qastro-epiploik damarların distal şaxələri yerləşir. Digər bağların tərkibində böyük damarlar olmur (lakin, portal hipertenziyada bu kiçik damarlar böyük kollaterallara çevrilə bilirlər.)

 

FİZİOLOGİYASI

 

Dalaq orqanizmdə aşağıdakı 3 funksiyanı yerinə yetirir:

  • Təmizləmə-süzgəc funksiyası. Zədələnmiş və yaşlı eritrositlər, qranulositlər və trombositlər dalağın qırmızı pulpası tərəfindən təmizlənir. Dalaqdan dəqiqədə 15-300 ml qan keçir (ürək atımının 5%-i) və gün ərzində hər bir eritrosit təxminən 1000 dəfə dalaqdan keçir. Hər gün 20 ml yaşlı eritrosit hüceyrəsi uzaqlaşdırılır.
  • Immun funksiya. Dalaq immun sistemin ən böyük ikincili orqanı hesab edilir. Dalağın ağ pulpasının quruluşu limfa düyünlərinin quruluşuna bənzəyir. Dalaq aşağıdakı immun proseslərdə iştirak edir:
    • opsoninlərin sintezi –piperidin, fustisin kimi opsoninlər xüsusilə kapsulalı mikroorqanizmlərin faqositozunda vacib rol oynayır (pnevmokok, hemofilus və meninqokoklara və s).
    • Anticisim sintezi, xüsusilə İgM.
    • Faqositoz
  • Depolama funksiyası. Bədəndə olan trombositlərin 1/3-i dalaqda depolanır. Splenomeqaliyada bu göstərici 80-95%-ə çata bilir. Dalağın qan depolama imkanı çox zəifdir.

 

Dalağın anatomiyası və fiziologiyası üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova

 

Dalaq hansı arteriyalarla qidalanır?

Qarın kötüyünün şaxəsi olan dalaq arteriyası və qastroepiploik arteriyadan gələn qısa mədə arteriyaları ilə

Dalağın venoz qanı hara axır?

Dalaq venası ilə portal venaya

Dalağı nə “qıdıqlayır”?

Pankreasın quyruğu

Neçə faiz adamlarda əlavə dalaq olur?

Təxminən 20%

Bədəndə olan trombositlərin neçə faizi dalaqda saxlanır?

33%

İnsanlarda dalağın funksiyası nədir?

  • Təmizləmə-süzgəc funksiyası - zədələnmiş və yaşlı eritrositlər, qranulositlər və trombositlər dalaqda təmizlənir.
  • İmmun funksiya - opsoninlərin sintezi, anticisim sintezi, xüsusilə İgM, faqositoz
  • Depolama funksiyası – trombositlərin 1/3-i dalaqda depolanır

Dalaq hansı opsoninləri ifraz edir?

Properdin, tuftsin