Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

ORTA PAY SİNDROMU

N.Y.Bayramov, S.A.Əliyev

 

Tərifi

Sağ ağciyərin orta pay bronxunun obstruksiyası nəticəsində meydana gələn və təkrarlanan lobar pnevmoniya orta pay sindromu adlanır.

 

Etiologiyası və patogenezi

Orta pay bronxunda obstruksiya törədən səbəblər (böyümüş peribronxial limfa düyünü, bronxial fibroz, bronx daşları, bronxoektaziya, törəmələr, yad cisim və s) orta payda durğunluğa, atelektaza və pnevmoniyaya səbəb olur.

 

Gedişi

Orta pay sindromu üçün təkrarlanan pnevmoniya xarakterikdir. Təkrarlanan infeksion iltihab payda və bronxlarda fibroza, absesə, bronxoektaziyaya səbəb ola bilir.

 

Klinikası

Klinik olaraq təkrarlanan pnevmoniya əlamətləri ilə təzahür edir (hərarət, öskürək, tərləmə, halsızlıq, leykositoz və s.).

 

Diaqnostikası

Təkrarlanan və sağ payda yerləşən pnevmoniyalarda orta pay sindromundan şübhələnmək lazımdır. Rentgen müayinədə orta payda pnevmoniya infiltrasiyası görünə bilir.

Diaqnozu dəqiqləşdirmək üçün KT lazım gəlir. KT orta pay sindromunu dəqiqləşdirməklə yanaşı differensasiya və səbəbi təyin etmək üçün də vacibdir.

Orta pay sindromunun səbəbini təyin etmək, xüsusən də, bronxial neoplaziyaları təsdiq və ya inkar etmək üçün bronxoskopiya lazımdır.

Diaqnostik əlamətləri:

  • Təkrarlanan pnevmoniya
  • KT-də orta payda pnevmoniya ocağı
  • Bronxoskopiyada orta pay bronxunda obstruksiya

 

Müalicəsi

Konservativ müalicə əksər hallarda faydalı olur (antibiotiklər, mukolitiklər, bronxodilatatorlar, inhalyasiyalar).

Cərrahi müalicə az hallarda lazım gəlir. Bronxoektaziya, bronxial fibroz, abses, təkrarlanan pnevmoniya, bronxial törəmə əməliyyata göstəriş sayılır. Belə hallarda adətən lobektomiya icra olunur.

 

Özət

Orta pay sindromu sağ ağciyərin orta pay bronxunun obstruksiyası nəticəsində meydana gələn və təkrarlanan lobar pnevmoniyaya deyilir. Orta pay bronxunda obstruksiya törədən səbəblər (böyümüş peribronxial limfa düyünü, bronxial fibroz, bronx daşları, bronxoektaziya, törəmələr, yad cisim və s.) orta payda durğunluğa, atelektaza və pnevmoniyaya səbəb olur. Xəstəlik adətən təkrarlanan pnevmoniya əlamətləri ilə təzahür edir (hərarət, öskürək, tərləmə, halsızlıq, leykositoz və s). Diaqnozu dəqiqləşdirmək üçün KT və bronxoskopiya lazım gəlir. Müalicəsi üçün konservativ müalicə başladılır və əksər hallarda faydalı olur. Cərrahi müalicə adətən səbəbi aradan qaldırmaq üçün lazım gəlir.

 

Orta pay sindromu üzrə suallar

N.Y.Bayramov, Ş.Ə.Məmmədova

 

Suallar

Cavablar

Orta pay sindromu nədir?

Sağ ağciyərin orta pay bronxunun obstruksiyası nəticəsində meydana gələn və təkrarlanan lobar pnevmoniya

Səbəbi və ya risk faktorları nələrdir?

  • Böyümüş peribronxial limfa düyünü
  • Bronxial fibroz
  • Bronx daşları,
  • Bronxoektaziya
  • Törəmələr
  • Yad cisim və s.

Patogenezi nədən ibarətdir?

Obstruksiya → durğunluq → atelektaz → pnevmoniya

Gediş xüsusiyyəti necədir?

Təkrarlanan pnevmoniya xarakterikdir

Ağırlaşmaları nələrdir?

Payda və bronxlarda fibroz, abses, bronxoektaziya

Klinik əlamətləri hansılardır?

Təkrarlanan pnevmoniya əlamətləri ilə təzahür edir – hərarət, öskürək, tərləmə, halızlıq, leykositoz və s.

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Təkarlanan və sağ payda yerləşən pnevmoniyalarda

Dəqiqləşdirmək üçün hansı müayinələr lazımdır?

  • KT/ Rentgenoqrafiya
  • Bronxoskopiya

Görüntüləmə əlamətləri nələrdir?

KT – orta payda pnevmoniya infltrasiyası

Bronxoskopiya – orta pay bronxunda obstruksiya

Diaqnostik kriteriyalarını sadala?

  • Təkrarlanan pnevmoniya
  • KT-də orta payda pnevmoniya ocağı
  • Bronxoskopiyada orta pay bronxunda obstruksiya

Müalicə üsulları hansılardır?

  • Konserativ
    • antibiotiklər
    • mukolitiklər
    • bronxodilatatorlar
    • inhalayasiyalar
  • Cərrahi

Əməliyyata göstərişlər nələrdir?

Bronxoektaziya, bronxial fibroz, abses, təkrarlanan pnevmoniya, bronxial törəmə olması

Əməliyyat üsulları hansılardır?

Lobektomiya