Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

BRONXOLİTİAZ

N.Y.Bayramov, S.A.Əliyev

 

Tərifi

Bronx mənfəzində sərbəst və ya divara yapışmış daşlar bronxolitiaz adlanır. Pnevmoniyaya, qanaxmaya, hətta bronxo-ezofageal fistullara səbəb ola bilir.

 

Etiologiyası və patogenezi

Bronx daşlarının ən çox rast gəlinən səbəbləri histoplazmoz və vərəmdir. Bronx daşları iki yolla əmələ gələ bilir:

  • Ən çox rast gəlinən mexanizm peribronxial limfa düyününün kalsifikasiyası və bronx divarına protruziyasıdır. Bu adətən divara yapışmış daşlar şəklində ortaya çıxır.
  • İkinci mexanizm bəlğəmin bərkiməsidir.

 

Gedişi və ağırlaşmaları

Bronx daşları qanaxma, bronxial obstruksiya, pnevmoniya, ezofageal traksion divertikul və bronxo-ezofageal fistuallar törədə bilər.

 

Klinikası

Bronxolitiaz öskürək, daşlı bəlğəm, hemoptoz, pnevmoniya əlamətləri (hərarət, üşütmə, ağrı) ilə ortaya çıxa bilir.

 

Diaqnostikası

Öskürək, bəlğəmdə daşlar, kiçik hemoptiz, təkrarlayan pnevmoniya, rentgen və KT-də hiliar kalsifikasiya və atelektaz bronxolitiaza şübhə yaradır. Diaqnoz adətən bronxoskopiyada daşların görünməsi ilə dəqiqləşdirilir.

Diaqnostik əlamətləri:

  • Öskürək, daşlı bəlğəm, hemoptiz və pnevmoniya əlamətləri
  • KT-də lobar atelektaz və pnevmoniya əlamətləri
  • Bronxoskopiyada daşlar

 

Müalicəsi

Bronxoskopik daşçıxarma xəstələrin az qismində mümkün olur (20%). Bronxlarda fibrotik daralma, daşların bronx divarına və ətraf strukturlara, xüsusən də damarlara və qida borusuna bitişik olması bronxoskopik daşçıxarmanı çətinləşdirir və ya qanaxma və perforasiya kimi ağırlaşmalara səbəb ola bilir.

Cərrahi müalicə ən effektiv müalicədir. Yapışmış daşlar, bronxo-obstruktiv ağırlaşmalar və fistullar əməliyyata göstərişdir. Seqmentektomiya və ya lobektomiya ilk seçimdir. Bəzi hallarda bronxotomiya üsulu ilə daş xaric edilə bilər.

 

Özət

Bronxolitiaz bronx mənfəzində sərbəst və ya divara yapışmış daşlara deyilir. Bronx daşlarının ən çox rast gəlinən səbəbləri histoplazmoz və vərəmdir. Xəstəlik adətən təkrarlayan, pnevmoniya, öskürək əlamətləri ilə büruzə verir, qanaxmaya, hətta bronxo-ezofageal fistullara səbəb ola bilir. Diaqnoz adətən bronxoskopiyada daşların görünməsi ilə dəqiqləşdirilir. Müalicəsi üçün bronxoskopik daşçıxarma və cərrahi müdaxilə lazım gəlir.

 

Bronxolitiaz üzrə suallar

N.Y.Bayramov, Ş.Ə.Məmmədova

 

Suallar

Cavablar

Bronxolitiaz nədir?

Bronx mənfəzində sərbəst və ya divara yapışmış daşlar

Səbəbi və ya risk faktorları nələrdir?

Histoplazma və vərəm

Patogenezi nədən ibarətdir?

  • Peribronxial limfa düyününün kalsifikasiyası və bronx divarına protruziyası - adətən divara yapışmış daşlar
  • Bəlğəmin bərkiməsi

Ağırlaşmaları nələrdir?

  • Pnevmoniyaya
  • Qanaxmaya
  • Bronxial obstruksiya
  • Ezofageal traksion divertikul
  • Bronxo-ezofageal fistul

Klinik əlamətləri hansılardır?

  • Öskürək
  • Daşlı bəlğəm
  • Hemoptiz
  • Pnevmoniya əlamətləri – hərarət, üşütmə, ağrı

Hansı xəstələrdə şübhələnmək lazımdır?

  • Klinik əlamətlər olan
  • Təkrarlayan pnevmoniyası olan
  • Rentgen və KT-də hiliar kalsifikasiya və atelektazı olan

Dəqiqləşdirmək üçün hansı müayinələr lazımdır?

  • Bronxoskopiya
  • KT

Diaqnostik kriteriyalarını sadala?

  • Klinik əlamətlər
  • KT-də lobar atelektaz və pnevmoniya əlamətləri
  • Bronxoskopiyada daşlar

Müalicə üsulları hansılardır?

  • Bronxoskopik daşçıxarma -20%
  • Cərrahi müalicə

Əməliyyata göstərişlər nələrdir?

  • Yapışmış daşlar
  • Bronxo-obstruktiv ağırlşmalar
  • Fistullar

Əməliyyat üsulları hansılardır?

Seqmentektomiya və ya lobektomiya, bəzən bronxotomiya