ANATOMİYASI
Forması və yerləşməsi
Ağciyər cüt orqandır, plevra boşluğunun sağ və sol hissələrində yerləşir. Hər ikisi də piramidəbənzər formadadır. Ağciyərlər elastik konsistensiyalı və havalı süngərəbənzər strukturlu orqanlardır.
Hissələri və arxitektonikası
Morfo-funksional cəhətdən ağciyərlər hava keçişini təmin edən bronxial ağacdan, qaz mübadiləsini həyata keçirən alveollardan və bunlara dəstəkçi olan qan damarları və fibroz-elastik toxumadan ibarətdir (Şəkil 1).
Bronxial ağac traxeyadan ayılan iki baş bronxdan, baş bronxlardan çıxan pay bronxlarından, bunlardan çıxan seqmentar bronxlardan və son olaraq terminal bronxiollardan ibarətdir. Bronxların divarında epitel, əzələ qatları və ayparaşəkilli qığırdaq halqaları var. Qığırdaq halqaları bronx mənfəzinin qapanmasına mane olur. Diametri 1-2 mm-dən kiçik bronxlarda qığırdaq olmur. araşəkilli qığırdaq halqaları var. Qığırdaq halqaları bronx mənfəzinin qapanmasına mane olur. Diametri 1-2 mm-dən kiçik bronxlarda qığırdaq olmur.
Alveollar – divarı bir silindrli alveolyar epitellə örtülü kiçik hava qabarcıqlarıdır, ağciyərin ən kiçik struktur vahididir.
Bronx şaxələnməsinə əsaslanan arxitektonikaya görə ağciyərlərin aşağıdakı struktur vahidləri var:
- ağciyər – baş bronxun havalandırdığı bütöv orqandır (sağ və sol ağciyərlər), paylara ayrılır.
- pay – baş bronxun şaxəsinin havalandırdığı hissədir, seqmentlərə ayrılır.
- seqment – pay bronxun şaxəsinin havalandırdığı hissədir, asinuslara ayrılır.
- asinus – ağciyərin morfo-funksional vahididir, terminal bronxiolla havalanan alveolların toplusudur.
Pay və seqmentlərin sayı sağ və sol ağciyərlərdə fərqlidir.
![]() |
![]() |
Şəkil 1.
Sağ ağciyərin payları və seqmentləri
Sağ ağciyər eyniadlı bronxlarla havalanan 3 paydan və 10 seqmentdən təşkil olunmuşdur:
- yuxarı payda – apikal, ön və arxa seqmentlər
- orta payda – lateral və medial seqmentlər
- aşağı payda – ön, arxa, lateral, medial bazal seqmentlər və yuxarı seqment
Sol ağciyərin payları və seqmentləri
Sol ağciyər eyni adlı bronxlarla havalanan 2 paydan və 9 seqmentdən ibarətdir:
- yuxarı payda – apikal və ön seqmentlər
- aşağı payda – yuxarı, aşağı, ön, medial, dilçək, ön bazal və arxa bazal seqmentlər.
Qan təchizatı
Ağciyər ikili qan təchizatına malikdir – pulmonar və bronxial.
Pulmonar damarlar kiçik qan dövranını təşkil edir və qaz mübadiləsini təmin edir (venoz qanın arterial qana çevrilməsi). Ürəyin sağ mədəcikdən çıxan ağciyər arteriyası sağ və sol arteriyalara, bunlar isə pay, seqment arteriyalarına və alveolətrafı kapilyarlara şaxələnir. Venoz qanı daşıyan arteriyalar bronxları təqib edir. Alveolətrafı kapilyarlar toplanaraq seqmentar və pay venalarını təşkil edirlər, bunların birləşməsindən əmələ gələn ağciyər venaları sol qulaqcığa açılır. Venalar bronxları müşayiət etmir.
Bronxial damarlar qanı ümumi qan dövranından alır, bronxial ağacın qan təchizatını təmin edir. Aortadan ayrılan çoxsaylı kiçik arteriyalar bronx divarlarına arterial qanı daşıyır.
Limfatik drenaj
Traxeyadan limfa damarları ilə limfa axını başlanır. Bu limfatik damarlar qida borusu, qırtlaq və qalxanabənzər vəzin limfa yolları ilə sıx əlaqə yaradır. Traxeyanın limfa yolları boyunun dərin venalarına (daxili vidaci), traxeyaönü və paratraxeal, lateral, eləcə də yuxarı və aşağı traxeobronxial limfa düyünlərinə açılır.
İnnervasiya
Ağciyərlər qayıdan (qırtlaq) sinirin traxeal şaxələri, simpatik və parasimpatik sinir lifləri ilə innervasiya olunur.
FİZİOLOGİYASI
Ağciyərlər orqanizmdə 2 funksiya yerinə yetirir:
- Tənəffüs funksiyası
- Qeyri-tənəffüs funksiyası
Tənəffüs funksiyası
Tənəffüs – geniş mənada qaz mübadiləsidir, yəni aerob energetik proseslərin gedişini təmin etmək üçün toxumaların oksigenlə təchizatı və karbon qazının (CO2) xaric edilməsidir. Tənəffüs bir-biri ilə sıx əlaqəli altı ardıcıl prosesin sayəsində həyata keçirilir:
- Havanın hava yolları ilə keçişi
- Ventilyasiya (havalanma) – ağciyər alveolları ilə xarici hava arasında qaz mübadiləsi
- Alveolyar hava ilə qan arasında oksigen və karbon qazı mübadiləsi – oksigenin alveollardan qana, karbon qazının isə qandan alveolyar havaya keçməsi.
- Daşınma (nəqliyyat) – arterial qanın ağciyərdən toxumalara, venoz qanın isə toxumalardan ağciyərlərə daşınması qan dövranı vasitəsi ilə həyata keçirilir.
- Hemato-histiositar diffuziya – O2-nin hemoqlobindən ayrılaraq hüceyrələrə, hüceyrələrdən isə CO2-nin qana keçməsi.
- Oksidləşdirici-fosforlaşma – mitoxondrilərdə O2-nin iştirakı ilə ATF sintezi.
Ağciyər tənəffüsü dedikdə, ağciyərdə gedən qaz mübadiləsi nəzərdə tutulur ki, bu da ağciyərə gələn qanı oksidləşdirmək və karbon qazından təmizləməkdir. Bu funksiya prinsipial olaraq iki mərhələdən ibarətdir:
- alveolyar hava ilə xarici hava arasındakı mübadilə – alveolar ventilyasiya
- alveolyar hava ilə kapilyar qan arasında mübadilə – alvolar-kapilyar diffuziya və perfuziya prosesləri
Buna uyğun olaraq ağciyər tənəffüsünü həyata keçirən iki morfo-funksional sistem mövcuddur:
- alveolyar ventilyasiyanı həyata keçirən körük sorucu sistemi
- alveolyar-kapilyar mübadiləni həyata keçirən ağciyər parenximası və ya alveolyar-kapilyar sistem.
Ventilyasiya ağciyər alveollarındakı havanın dəyişməsi – havalanmasıdır və alveolların körük kimi genişlənməsi (nəfəsalma) və kiçilməsi (nəfəsvermə) nəticəsində baş verir. Alveolların havalanmasını həyata keçirən körük sistemi aşağıdakı komponentlərdən ibarətdir:
- mərkəzi sinir sistemindəki tənəffüs mərkəzi
- mərkəzdən gələn impulsları döş əzələlərinə ötürən sinirlər (qabırğaarası və diafraqmal sinirlər)
- döş qəfəsi əzələləri
- hava yollarının keçiriciliyi
- ağciyər toxumasının elastikliyi
Uzunsov beyində yerləşən 4 tənəffüs mərkəzindən gələn qıcıqlar diafraqmal və qabırğaarası sinirlərlə eyniadlı əzələlərin yığılmasına, döş qəfəsi həcminin genişlənməsinə səbəb olur və qapalı plevra boşluğunda mənfi (atmosfer təzyiqinə görə) təzyiq yaradır. Atmosfer havası hava yolları ilə ağciyərə daxil olaraq elastik alveolları genişləndirir. İmpulslar kəsildikdə döş qəfəsi divarı passiv şəkildə əvvəlki vəziyyətinə qayıdaraq plevrada müsbət təzyiq yaradır və ağciyər alveollarından havanı xaricə qovur. Beləliklə ağciyər alveollarının körük kimi işləməsi və havalanması təmin olunur.
Alveolyar-kapilyar qaz mübadiləsi alveolyar epitel və kapilyar endoteldən diffuziya, oksigenin hemoqlobinlə birləşməsi və kapilyar perfuziya prosesləri sayəsində həyata keçirilir.
Diffuziya qazların alveol-kapilyar arasındakı mübadiləsidir. CO2-nin diffuziya qabiliyyəti oksigendən 20 dəfə çoxdur. Ona görə də diffuziya prosesi pozulduqda ilk növbədə oksigenasiyada azalma baş verir. Diffuziyanın göstəricisi alveolyar havadakı oksigenin parsial təzyiqi ilə arterial qandakı parsial təzyiqlər arasındakı fərqdir. Normada bu fərq 15 mm Hg st.-dan azdır.
Perfuziya alveolları əhatə edən kapilyarların qanla təchiz olunmasıdır və başlıca olaraq ürək fəaliyyəti ilə təmin olunur.
Normal halda ağciyərdəki qaz mübadiləsinin bu iki mərhələsi arasında ahəngdarlıq mövcuddur və bunun sayəsində ağciyərə gələn venoz qanın demək olar ki, hamısı arterial qana çevrilir. Bu əlaqənin riyazi ifadəsi ventilyasiya-perfuziya nisbətidir (V/Q). Normada ventilyasiya miqdarı ortalama 5 L/dəq, perfuziya miqdarı da 5 L/dəq olduğu üçün bu nisbət 1 sayılır. Başqa sözlə V/Q nisbəti normal qaz mübadiləsinin həyata keçdiyi ağciyər sahəsinin miqdarını göstərir.
Ağciyər tənəffüsünü qiymətləndirmək üçün çoxsaylı göstəricilər vardır ki, bunlardan yekun göstəricilər kimi aşağıdakıları qeyd etmək olar:
- alveolyar ventilyasiyanın göstəricisi – dəqiqəlik ventilyasiya həcmi və arterial qanda karbon qazının parsial təzyiqi (PaCO2)
- alveolyar-kapilyar mübadilənin göstəricisi – alveolyar havadakı ilə qandakı oksigenin təzyiqlər fərqi, arterial qanda oksigenin parsial təzyiqi (PaO2) və ya hemoqlobinin oksigenlə doyma dərəcəsi – saturasiya (SO2).
Qeyri-tənəffüs funksiyası
Ağciyərlərin əsas funksiyası olan tənəffüslə yanaşı, qeyri-tənəffüs funksiyası adlanan digər vəzifələri də vardır ki, bunlar qoruyucu və tənəffüsə köməkçi rol oynayırlar:
- Havanı dəyişmə – tənəffüs havasını isitmə, nəmlədirmə, tozlardan təmizləmə
- Humoral – tənəffüs funksiyasının tənzimində əhəmiyyəti olan bəzi lokal hormonlar
- Qoruyucu:
- sekresiya, öskürək və kirpikli epitelin fəaliyyəti ilə yad cisimləri kənarlaşdırma
- makrofaqların və digər qoruyucu amillərin vasitəsi ilə bakteriyaları məhv etmə
Ədəbiyyat
- Ağayev B.A. Cərrahi xəstəliklər. Bakı 2010.
- Blackbourne LH. Surgical Recall. 6 edition, 2014, LWW, Philadelphia
- Doherty GM. Current Diagnosis and Treatment: Surgery, 13th edition, 2010, Lang International Edition.
- Əmiraslanov Ə.T., Qazıyev A.Y. Onkologiya. Bakı, 2010.
- Ettinger DS et al. Non–Small Cell Lung Cancer, Version 5.2017. NCCN
- İsayev H.B.Cərrahi xəstəliklərin patofizologiyası. Bakı 2005
- Klingensmith ME, Aziz A, Bharat A, FoxAC, Porembka MR. The Washington Manual of Surgery, 6th edition, 2012, LWW, Philadelphia.
- MacMahon H et al. Guidelines for Management of Incidental Pulmonary Nodules Detected on CT Images: From the Fleischner Society 2017., https://doi.org/10.1148/radiol.2017161659
- Medscape, http://www.medscape.com
- Oxford Handbook of Clinical Surgery, 3d edition, 2011, Oxford Press
- UpToDate, http://www.uptodate.com