Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

PLEVRA TÖRƏMƏLƏRİ

N.Y.Bayramov, B.Zeynalov

 

Tərifi

Plevranın birincili və ikincili törəmələri ola bilər.

 

Təsnifatı

Mənşəyinə və xarakterinə görə

Birincili

  • Plevranın lokal fibroz törəməsi
  • Plevranın diffuz bədxassəli mezotelioması

İkincili (metastatik)

 

Lokal mezotelioma (sarkoma)

 

Tərifi

Subplevral fibroz toxumadan inkişaf edən törəmədir, visseral plevrada daha çox rast gəlinir.  Bəd xassəli forması plevral sarkoma da adlanır.

 

Gedişi

Əksəriyyəti xoşxassəlidir (70%), bədxassəli hallar 30% təşkil edir. Bədxassəli formanın gedişi sarkomaların gedişinə bənzəyir.

 

Klinikası

Kiçik ölçülü törəmələr asimptomatik olur, böyük ölçülü törəmələr ağrı, təngnəfəslik, paraneoplastik simptomlarla ortaya çıxa bilir.

 

Diaqnostika

Rentgen törəməyə şübhə yarada bilir. Diaqnozun dəqiqləşdirilməsi KT və biopsiya ilə mümkün olur (Şəkil 9).

 

     

Şəkil 9. Mezoteliomanın rentgen KT və torakoskopik görüntüləri

 

Müalicəsi

Radikal rezeksiya əsas müalicədir.

 

Diffuz bədxassəli mezotelioma

 

Tərifi

Plevral mezoteldən inkişaf edən bədxassəli törəmədir.

 

Etiologiyası

Asbest, silikat və siqaret etiologiyada mühüm rol oynayır.

 

Morfologiyası

Sağtərəfli (60%), soltərəfli (35%), ikitərəfli (5%) formaları ola bilər. 

 

Klinikası

Ağciyər əlamətləri ilə ortaya çıxır: təngnəfəslik, ağrı, öskürək, zəiflik və s.

 

Diaqnostikası

Rentgendə və KT-də plevral qalınlaşma və plevral maye mezoteliomaya şübhə yaradır. Klinik və görüntüləmə əlamətləri ilə yanaşı anamnezda asbestoz və ya silikoz olarsa bu şübhə daha da artır.

Diaqnozu dəqiqləşdirmək üçün plevral biopsiya etmək lazımdır (torakoskopik üsul ilk seçimdir). Adətən diferensasiya üçün immunositokimya və elektron mikroskopiya lazım gəlir.

 

Müalicəsi

Multidissiplinar müalicə (kimyaradioterapiya, cərrahi və radioterapiya) əsas prinsipdir. Cərrahi müalicəyə göstərişlər:

  • törəmə təktərəflidir
  • ümumi vəziyyət əməliyyata imkan verir.

Əməliyyat üsulları:

  • radikal ekstraplevral pnevmektomiya – paritel plevrektomiya və pulmonektomiya edilir, difraqmektomiya və perikardektomiya əlavə oluna bilər.
  • plevrektomiya/dekortikasiya – parietal plevra çıxarılır, visseral plevradakı makroskopik törəmələr rezeksiya edilir.

Əməliyyat mümkün olarsa kimyaterapiya + cərrahiyyə + radioterapiya edilir. Əməliyyat mümkün olmayan hallarda palliativ plevral drenaj və kimyaterapiya tətbiq edilir.

 

Özət

Plevra törəmələri birincili (lokal mezotelioma, diffuz bədxassəli mezotelioma) və ikincili (metastatik) ola bilər. Lokal mezotelioma subplevral fibroz toxumadan inkişaf edən törəmədir, əksəriyyəti xoş xassəlidir, diaqnozu biopsiya ilə dəqiqləşdirilir, müalicəsi radikal rezeksiyadır. Diffuz bədxassəli mezotelioma plevral mezoteldən inkişaf edən bədxassəli törəmədir, ağciyər əlamətləri (təngnəfəslik, ağrı, öskürək), plevral qalınlaşma və plevral maye əlamətləri ilə ortaya çıxır, diaqnozu biopsiya ilə dəqiqləşdirilir, müalicəsində multidissiplinar yanaşma (kimyaradioterapiya, cərrahi və radioterapiya) tətbiq edilir.

 

Plevra törəmələri üzrə suallar

N.Y.Bayramov, F.A.Qəhrəmanova

Suallar

Cavablar

Mezotelioma nədir?

Plevradan inkişaf edən birincili neoplazmadır.

Hansı formaları var?

Lokal (70% xoşxassəli) və diffuz (əsasən bədxassəli)

Risk faktorları nələrdir?

Asbest, silikat, siqaret

Klinik əlamətləri hansılardır?

Lokal – döş qəfəsində ağrı, oynaqlarda ağrı və şişkinlik, təngnəfəslik

Diffuz – döş qəfəsində ağrı, halsızlıq, arıqlama, öskürək

 

Plevral maye – lokal (10-15%), diffuz (<75%)

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

KT, plevral biopsiya, plevral mayenin sitoloji müayinəsi

Görüntüləmə əlamətləri nələrdir?

Plevrada qalınlaşma, döşqəfəsi divarı ilə kor bucaq əmələ gətirən törəmə, plevral maye

Əməliyyata göstəriş nələrdir?

Törəmə təktərəflidir və ümumi vəziyyət əməliyyata imkan verir

Əməliyyat üsulları hansılardır?

Radikal ekstraplevral pnevmektomiya, plevrektomiya/dekortikasiya

Lokal mezoteliomanın müalicə üsulları hansılardır?

Radikal rezeksiya

Diffuz mezoteliomanın müalicə üsulları hansılardır?

Əməliyyat mümkün olarsa kimyaterapiya + cərrahiyyə + radioterapiya

Mümkün olmazsa palliativ plevral drenaj və kimyaterapiya

Proqnozu nədir?

Lokal – qənaətbəxş deyil,

Diffuz – diaqnoz qoyulduqdan sonra yaşama müddəti təxminən 1il