N.Y.Bayramov, B.Zeynalov
Tərifi
Hemotoraks plevra boşluğuna qan toplanmasıdır, döş divarı və döşdaxili orqanların, damarların zədələnməsi nəticəsində meydana gəlir.
Təsnifatı
Səbəbinə görə |
|
Dərəcəsinə görə |
|
Ağırlaşmasına görə |
|
Etiologiyası
Hemotoraks döş divarının, döşdaxili orqanların və damarların zədələnməsi nəticəsində meydana gəlir. Travma və əməliyyat hemotoraksların ən çox rast gəlinən səbəbləridir. Bunlardan başqa bədxassəli plevra və ağciyər törəmələri, ağciyərin, divararalığının destruktiv xəstəlikləri hemotoraks törədə bilər.
Gedişi və ağırlaşmaları
Plevra boşluğuna qanın toplanması qanitirmə, şok, ağciyərin sıxılması, orqanizasiya və irinləmə ilə nəticələnə bilər. Qanaxmanın miqdarı və səbəbi gedişatı müəyyən edə önəmli amillərdir.
Kiçik, sinus səviyyəsindəki hemotorakslar tənəffüsü ciddi pozmasa da, irinli plevrit və laxtalanmış hemotoraksla ağırlaşa bilər.
Böyük və ya massiv hemotorakslar (ilk drenajda 1500 ml-dən çox və ya saatda 200 ml-dən çox qanaxma) böyük damar zədələnməsini göstərir, hemorragik şokla ağırlaşır.
Ağırlaşmaları:
- Şok
- Ağciyər yetməzliyi
- İrinli plevrit
- Laxtalanmış hemotoraks
Klinikası
Ağrı, hipoventilyasiya (təngnəfəslik, perkutor kütlük, hipotenziya) və şok əlamətləri hemotoraksın xarakterik əlamətləridir.
Diaqnostikası
Hemotoraksınn diaqnozu adətən klinik-görüntüləmə ilə qoyulur, punksiya və ya drenajda qanın görünməsi ilə dəqiqləşdirilir.
Diaqnostik əlamətləri
- Klinik və görüntüləmə ilə plevral maye əlamətləri: tənəffüs səslərinin eşidilməməsi, perkutor kütlük, Rentgen, USM və ya KT-də maye görünməsi
- Punksiya və ya drenajda qan
Müalicəsi
Hemotoraksın ilkin müalicəsi plevral drenajdır. Plevral drenaj əksər hallarda (85-90%) həm də əsas müalicə kimi özünü doğruldur.
Cərrahi müalicə massiv hemotorakslarda – böyük damar zədələnmələrində və davam edən qanaxmalarda göstəriş sayılır. Massiv hemotorakslar adətən divararalığı damarlarının zədələnməsi, ağciyərdaxili və ya qapısının, qabırğarası damarların zədələnməsi nəticəsində meydana gəlir. Adətən ilkin drenajda 1500 ml-dən çox qan gələrsə və ya 6 saat ərzində saatda 200 ml-dən çox qanaxma müşahidə edilərsə massiv hemotoraks qəbul edilir və torakotomiya göstəriş sayılır.
Torakotomiya 10-15% hallarda lazım gəlir və əsas hədəfi hemostazdır:
- qabırğaarası damar qanaxmalarında sadə liqasiya yetərlidir.
- magistral damar zədələnmələrində süni ürək cihazına ehtiyac ola bilər.
- ağciyər parenximasından qanamalarda tikiş və ya lobektomiya edilə bilər.
- ağciyər qapısından qanaxmalarda lobektomiya, hətda pulmonektomiya gərəkə bilir, lakin letallığı yüksəkdir.
Özət
Hemotoraks plevra boşluğuna qan toplanmasıdır, döş divarı və döşdaxili orqanların, damarların zədələnməsi nəticəsində meydana gəlir. Kiçik (sinus səviyyəsindəki) hemotorakslar tənəffüsü ciddi pozmasa da, irinli plevrit və laxtalanmış hemotoraksla ağırlaşa bilər. Böyük və ya massiv hemotorakslar hemorragik şok və tənəffüs yetməzliyinə səbəb olur. Diaqnozu adətən klinik-görüntüləmə ilə qoyulur, punksiya və ya drenajda qanın görünməsi ilə dəqiqləşdirilir. Hemotoraksın ilkin müalicəsi plevral drenajdır, cərrahi müalicə massiv hemotorakslarda göstəriş sayılır (böyük damar zədələnmələri, davam edən qanaxmalar).
Hemotoraks üzrə suallar
N.Y.Bayramov, F.A.Qəhrəmanova
Suallar |
Cavablar |
Hemotoraks nədir? |
Plevral boşluğa qan toplanması |
Hansı formaları var? |
Səbəbinə görə – travmatik, postoperativ, bədxassəli törəmələr, ağciyər xəstəlikləri Dərəcəsinə görə – kiçik (sinus səviyyəsində), orta (ağciyəri sıxan), böyük (massiv) – şok törədən Ağırlaşmasına görə – laxtalanmış, irinləmiş, kapsullaşmış |
Səbəbi və ya risk faktorları nələrdir? |
Travma, əməliyyat, bədxassəli törəmələr, divararalığının destruktiv xəstəlikləri |
Patogenezi nədən ibarətdir? |
Döş divarının, döşdaxili orqanların və damarların zədələnməsi |
Gediş xüsusiyyəti necədir? |
Əksər hallarda kəskin gedişlidir, müalicə olunmazsa ağırlaşmalara səbəb olur. |
Ağırlaşmaları nələrdir? |
Şok, ağciyər yetməzliyi, irinli plevrit, laxtalanmış hemotoraks |
Klinik əlamətləri hansılardır? |
Ağrı, hipoventilyasiya (təngnəfəslik, perkutor kütlük, hipotenziya) və şok əlamətləri |
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
Bütün travmalı xəstələrdə |
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
Rentgen, USM və ya KT, punksiya |
Laborator əlamətləri nələrdir? |
Spesifik əlamətləri yoxdur. |
Görüntüləmə əlamətləri nələrdir? |
Plevral maye |
Digər müayinələrdə nə tapılır? |
Punksiya və ya drenajda qan |
Diaqnostik kriteriyalarını sadala? |
Klinik və görüntüləmə ilə plevral maye əlamətləri: təngnəfəslik, tənəffüs səslərinin eşidilməməsi, perkutor kütlük, Rentgen, USM və ya KT-də maye görünməsi Punksiya və ya drenajda qan |
Müalicə üsulları hansılardır? |
Plevral drenaj – ilkin müalicə |
Əməliyyata göstərişlər nələrdir? |
Börük və davam edən qanaxma (ilk drenajda 1500 ml-dən çox və ya saatda 200 ml-dən çox qanaxma) |
Əməliyyat üsulları hansılardır? |
Liqasiya, ağciyərə tikişlər və ya lobektomiya, pulmonektomiya |