Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Qida borusunun yanıqları - Özət və Suallar

Özət

Qida borusunun yanıqları aşındırıcı qatı kimyəvi maddələrin (turşular və qələvilər) qəbulundan sonra meydana gəlir. Selikli qişanın epitelində yüngül dəyişikliklərdən divarın tam nekrozuna qədər hadisələr inkişaf edə bilər. Aşındırıcı maddənin içilməsindən dərhal sonra ağrılar, yanma, disfagiya, tüpürcəyin udula bilməməsi əlamətləri başlayır,  bir neçə saat ərzində SİRS əlamətləri ortaya çıxır. Ağır dərəcəli yanıq zədələnmələrində şok, perforasiya, sepsis, hətta ölüm baş verə bilər. Diaqnostikada endoskopiya vacibdir. Anamnezdə kimyəvi maddə qəbulu, ağrılar, disfagiya, dodaqlarda, dildə, yanaqlarda və damaqda yanıq izləri, endoskpiyada  udlaq, QB və mədədə müxtəlif dərəcəli yanıq zədələnmələri xarakterik əlamətlərdir. Müalicəsi üçün  stabilləşdirmə tədbirləri, yüngül dərəcəli yanıqlarda konservativ  müalicə həyata keçirilir. Perforasiya olduqda  təcili əməliyyat mütləq göstərişdir (ezofaqoektomiya, qidalandırıcı yeyunostomiya).

 

Qida borusu yanıqları üzrə suallar

N.Y.Bayramov, A.Səfiyeva, Ş.Məmmədova

 

Suallar

Cavablar

Ezofaqus yanığı nədir?

Ezofaqusun aşındırıcı kimyəvi maddələrlə zədələnməsi

Hansı klinik formaları var?

  • I dərəcəli - zədələnmə selikli qişa səviyyəsindədir;
  • II dərəcəli - zədələnmə selikli və selikli qişaaltı qat səviyyəsindədir, əzələ qatı ya sağlamdır, ya da hissəvi zədələnir;
  • III dərəcəli - bütün qatlar zədələnir (perforasiya)

Səbəbi  və ya risk faktorları hansılardır?

Turşu və ya qələvi tərkibli qatı maye və ya bərk maddələrin qəbulu

Patogenezi nədən ibarətdir?

  • Qatı turşular koaqulyasion nekroz törədir,  daha çox mədəni zədələyir;
  • Qatı qələvi maddələr kollikvasion nekroz törədir, daha çox ezofaqus zədələnir

Gediş xüsusiyyəti necədir?

3 mərhələ:

  • kəskin nekrotik mərhələ (ilk 4 gün);
  • xoralaşma və qranulyasiya mərhələsi (ilk 2 həftə);
  • orqanizasiya (izsiz sağlma, incə çapıqlşma; çapıqlaşma, daralma və b. ağırlaşmalar) mərhələsi

Ağırlaşmaları nələrdir?

  • Şok;
  • Perforasiya;
  • Qanaxma;
  • Sepsis;
  • Striktur və maliqnizasiya;

Klinik əlamətləri hansılardır?

  • Dodaqlarda, ağız boşluğunda və udlaqda hiperemiya, ödem;
  • Döş qəfəsində ağrı;
  • Disfagiya;
  • Şok və sepsis əlamətləri

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Anamnezində aşındırıcı maddə qəbul etmiş xəstələrdə

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

  • Endoskopiya;
  • Kontrast Rh-qrafiya;
  • Kontrastlı KT

Görüntlüləmə əlamətləri hansılardır?

Endoskopik - hiperemiya, ödem, səthi mukozal eroziyalar, selikli qişanın qopması, hemorragiyalar, xoralar, ərplər, gec dövrdə qranulyasiya ocaqları, nekroz və perforasiya

Diaqnostik kriteriyalar hansılardır?

  • Anamnezdə qatı aşındırıcı maye və ya bərk maddənin qəbulu;
  • Disfagiya və ağrılar;
  • Endoskopiyada müxtəlif dərəcəli zədələnmələr

Müalicə üsulları hansılardır?

  • İlkin stabilləşdirmə tədbirləri (kəskin travmalarda ardıcıllıqla YADDAŞ prinsipi)
  • Konservativ müalicə - I dərəcəli yanıqlarda;
  • Endoskopik müalicə – II dərəcəli yanıqlarda;
  • Cərrahi müalicə – III dərəcəli yanıqlarda;

Əməliyyata göstəriş hansıdır?

Perforasiya və strikturlar

Əməliyyat üsulları hansılardır?

  • Ezofaqoektomiya, ezofaqostomiya

Proqnoz necədir?

Əksər xəstələrdə pisdir