N.Y.Bayramov, A.Ə.İbrahimova
Təsnifatı
Süd vəzinin xoş xassəli xəstəlikləri epitel və qeyri-epitel mənşəli ola bilirlər. Klinik praktikada epitel mənşəli xoş xassəli xəstəlikləri patomorfologiyasına və xərçəng riskinə görə 3 qrupa ayrılır:
- Qeyri-proliferativ epitelial xəstəliklər – xərçəng riski olmayan epitel mənşəli xəstəlikləri əhatə edir ki, bunlara kistlər, fibroskitik xəstəlik, apokrin metaplaziya, yüngül hiperplaziya aid edilir.
- Atipiyasız proliferativ epitelial xəstəliklər – epitel proliferasiyası olan, lakin atipiya görülməyən və xərçəngə çevrilmə ehtimalı aşağı olan xəstəlikləri əhatə edir ki, bunlara duktal papilloma, duktal hiperplaziya, skleroz adenoz, radial çapıqlar və fibroadenoma aid edilir.
- Atipik hiperplaziyalar – epitel proliferasiyası ilə yanaşı atipiya görünən və xərçəng riski olan xəstəlikləri əhatə edir ki, bunlara atipik duktal hiperplaziya, atipik lobar hiperplaziya aid edilir. Bu qrupda 10-30% hallarda süd vəzi xərçəngi tapılır. Xərçəng riskini nəzərə alaraq bu qrupda cərrahi eksiziya göstəriş sayılır.