Özət
Qalxanabənzər vəzinin çox rast gələn xəstəliklərindən biri 1912-ci ildə H.Hashimoto tərəfindən aşkar edilmiş xronik autoimmun tiroditdir. Tədqiqatçıların böyük əksəriyyəti AİT-in 2 formasını ayırd edirlər: Hipertrofik; Atrofik. Qalxanabənzər vəzidə limfositlərin lokal və ya yayılmış infiltrasiyası AİT-ə xas tipik morfoloji əlamətdır. Böyük oksifil hüceyrələr (Aşkenazi və Qyurtlu hüceyrələri) və fibroblastların vəzi toxumasında toplanması AİT-in atrofik forması üçün xarakterikdır. Belə zədələnmə ocaqlarında limfositlər, plazmatik hüceyrələr və makrofaqların yığımları müəyyən edilir. Xəstəliyin klinikası çox rəngarəngdir. İlkin və xarakterik əlamətlərə vəzinin böyüməsi, sərtləşməsi, bərkləşməsi, strukturunun qeyri-cinsli olması, bəzi hallarda tək düyünün əllənməsi aiddir. Xəstələr boyunun ön səthində təzyiq və gərginlik hissi, bəzən yüngül disfagiya əlamətlərindən şikayətlənirlər. Bütün bunlar vəzinin sürətlə böyüməsi nəticəsində ortaya çıxır. Bəzi hallarda vəzi tədricən böyüyür və xəstəliyin gedişi simptomsuz olur. Ümumi klinik mənzərə funksional tiroid statusa (hipotiroid, eutiroid və ya tirotoksikoz) görə təyin edilir. Klinik – laborator və instrumental müayinələr əsasında təmin edilir:
- Xarakterik klinik və laborator əlamətlər;
- Vəzinin funksional vəziyyətinin təyini;
- USM;
- Toxuma komponentinə qarşı anticisimlərin miqdarı (Anti-TPO);
- Punksion biopsiya.
Bir çox hallarda AİT spontan hipotiroidizmlə nəticələnir. Bu zaman yardımçı müalicə tələb olunur. Yardımçı müalicə kimi Levotiroksin (2-3 mkq, səhər acqarına) tətbiq edilir. Müalicənin məqsədi hipotiroidizmin və boyun nahiyəsində xoşagəlməz hissin aradan qaldırılması, vəzinin həcminin kiçilməsinə nail olmaqdan ibarətdir.