Özət
Qalxanabənzər vəzinin kəskin infeksion iltihabı xəstəliyidir. Xəstəliyin törədiciləri stafilokokklar, streptokokklar, bağırsaq çöpləri və göbələklərdir. İnfeksiya hematogen, limfogen yolla və törədicilərin vəziyə birbaşa keçməsi (punksiya, zədələnmə, yaralanma) nəticəsində baş verir. Xəstəlik kəskin başlayır, boyunun ön səthində ağrılar və şişkinlik əmələ gəlir. Ağrılar kəskin olur, deşici xarakter daşıyır, alt çənəyə və qulağa irradiasiya edir, udma aktı və başın hərəkəti zamanı onların intensivliyi artır. Qırtlaq, traxeya iltihab prosesinə cəlb olunduqda öskürək meydana çıxır, udma çətinləşir. Abses formalaşdıqda ümumi intoksikasiya əlamətləri – qızdırma, titrətmə, ümumi zəiflik və b. baş verir. Əsas qeyri-invaziv instrumental müayinə üsulu exosonoqrafiyadır. Müayinə zamanı mayeli, parçalanmış toxumalı boşluq təyin olunur. Adekvat antibakterial və ümumi müqavimətartırıcı müalicə erkən müddətlərdə başlanmalıdır. 1-2 gün müddətində yaxşılaşma baş verməzsə, absesin formalaşmasına şübhə yarandıqda USM-nin nəzarəti altında punksiya aparılmalı, mayenin antibiotiklərə həssaslığı təyin olunmalıdır. Absesin həcmi böyük olarsa, boşluq açılmalı, sanasiya və drenaj olunmalıdır.
KƏSKİN İRİNLİ TİROİDİT HAQDA SUALLAR
Suallar |
Cavablar |
Kəskin irinli tiroiditin klinik gedişinə görə hansı formaları var? |
İnfiltrativ, abses |
Kəskin irinli tiroiditdə infeksiya vəziyə hansı yollarla düşə bilər? |
İnfeksiya hematogen, limfogen yolla və törədicilərin vəziyə birbaşa keçməsilə (punksiya, zədələnmə, yaralanma) düşə bilər. |
Xəstə kəskin irinli tiroidit ağrısını necə təsvir edir? |
Ağrılar kəskin olur, deşici xarakter daşıyır, alt çənəyə və qulağa irradiasiya edir, udma aktı və başın hərəkəti zamanı ağrının intensivliyi artır. |
Kəskin irinli tiroiditin USM görüntüsü necədir? |
USM-də vəzidə mayeli, parçalanmış toxumalı boşluğun görünməsi |
Adekvat antibakterial və ümumi müqavimətartırıcı müalicə effekt verməzsə, sonrakı addım nə olmalıdır? |
USM-nin nəzarəti altında punksiya aparılmalı, mayenin antibiotiklərə həssaslığı təyin olunmalıdır. Absesin həcmi böyük olarsa, boşluq açılmalı, sanasiya və drenaj olunmalıdır. |