Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

BABASİL

Tərifi

Babasil düyünü və ya hemorroid düz bağırsağın, anusun və ya hər ikisinin venoz kələfinin genişlənməsi vəkavernoz cisimciklərin hiperplaziyasıdır, selikli qişa və ya anal haşiyənin qabarmasına və sallanmasına səbəb olur, qanaxmaya, tromboza, iltihaba səbəb ola bilir.

 

duz img 5

Şəkil 1. babasil

Diaqnostik əlamətləri

  • Ağrı, anal qaşınma, defekasiya vaxtı qanaxma, anal kanalda şişkinlik hissi (kütlə hissi)
  • Anal nahiyədə və anal kanalda göymütül şişkinliklərin olması-anal kütlə.
  • Anoskopiyada, kolonoskopiyada xarakterik babasil düyünlərinin görülməsi.

Təsnifatı

Klinik gedişə görə

Kəskin babasil (tromboz)

  • 1-ci dərəcə – düyünlərin iltihabsız trombozu
  • 2-ci dərəcə – tromblamış düyünlərin iltihablaşması
  • 3-cü dərəcə – tromblaşmış düyünlərlə birgə ətraf toxumanın və perianal dərinin iltihablaşması

 

Xroniki babasil

  • 1-ci dərəcə – düyünlər anal dəlikdən çıxmır, qanaxma ola bilir (prolaps etməyən hemorroid)
  • 2-ci dərəcə – düyünlər anal dəlikdən çıxır və sərbəst geri qayıdır (prolaps edən, lakin öz-özünə geri qayıdan), qanaxma ola bilər
  • 3-cü dərəcə – düyünlər anal dəlikdən çıxır, barmaqla qaytarılır, qanaxma ola bilər (prolaps edən, əllə geri qayıdan)
  • 4-cü dərəcə – düyünlərlə birgə anal dəlikdən düz bağırsağın selikli qişası çıxır, geri qayıtmır (prolaps edən geriqayıtmayan), qanaxma ola bilər(Şəkil 2).

Yerinə görə

  • Daxili hemorroidlər -dental xəttdən proksimalda olan hemorroidlər
  • Xarici hemorroidlər -dental xəttdən aşağıda olan hemorroidlər.

 

duz img 6

Şəkil 2. Babasilin dərəcələri

 

Rastgəlməsi

  • Min nəfərdən 120-ində hemorroid aşkarlanır.
  • Yaşlı əhalinin 10%-i, proktoloji xəstələrin isə 25-30%-də rast gəlinir.
  • Kişilərdə qadınlara nisbətən 4-5 dəfə çox rastlanır.

 

Morfologiyası

  • Normal halda düz bağırsağın distalında və anusda selikaltı qatda venoz kələf və kavernoz cisimlər mövcuddur ki, bunlar anal kanalın qapanmasında anal sfinktora köməkçi rol oynayırlar. Bu strukturların toxuma   perfuziyasında rolu yoxdur və arteriya və venalarla birbaşa əlaqəlidirlər ki, bunun da bir neçə klinik-fizioloji əhəmiyyəti var:
    • Arterio-venzo kollateral kimi qapanma mexanizmində iştirak edə bilirlər: defekasiya vaxtı arterial spazma bağlı yığılırlar, sakitlik halında isə dolğunlaşırlar və anal kanalı bağlayırlar.
    • Babasil düyünləri klassik olaraq arteriyaətrafı bölgələrdə yerləşirlər.
    • Hemorroid qanaxmalarında al-qırmızı (arterial qan) rəngdə olur.
  • Babasil düyünləri genişlənmiş venoz kələfdən, hipertrofik kavernoz cisimciklərdən və zəif birləşdirici toxumadan ibarət strukturlardır.
  • Düyünlər adətən arteriyaların proeksiyasında - klassik “üç hemorroid kvadratında” yerləşirlər
    • Sol lateral
    • Sağ posterior
    • Sağ anterior
  • Daxili düyünlər dental xəstən yuxarıda yerləşir və üzəri selikli qişa ilə, xarici düyünlər isə dental xəttdən aşağıda və üzəri anal epidermis ilə örtülüdür. Bir çox hallarda daxili və xarici düyünlər birləşərək kombinəolunmuş düyünlər əmələ gətirirlər.

 

Etilologiyası

  • Qəbizlik
  • Gücənmə
  • Portal hipertenziya
  • Hamiləlik
  • Az hərəkətlilik
  • Alkoqol qəbulunun çox olması
  • Oturaq iş

 

Patogenezi

  • Babasil düyünlərinin patogenezi ilə əlaqədar (venoz genişlənmə və kavernoz hipertrofiyanın baş verməsi) 2 nəzəriyyə hakimdir: mexaniki və hemodinamik
  • Mexaniki nəzəriyyə fibroz toxumanın zəifliyinə əsaslanır. Anal kanalda selikli qişanı selikaltı qatlara birləşdirən fibroz toxuma mövcuddur ki, bu da selikli qişanın aşırı hərəkətliliyinin qarşısını alır, yəni selikli qişanı “yerində tutur” (teatr pərdəsindəki kimi). Mexaniki nəzəriyyəyə görə bu “bərkidici” fibroz toxumanın anadangəlmə və ya qazanılmış zəifliyi nəticəsində selikli qişa aşırı hərəkətlilik qazanır və sallanmaya məruz qalır. Birləşdirici toxuma zəifliyi olan insanlarda yırtıqların, varikoz genişlənmələrin, prolapsların və hemorroidlərin çox rast gəlinməsi bununla izah edilir.
  • Hemodinamik nəzəriyyə görə çanaqda venoz durğunluq hemorroidal venalarda genişlənməyə və kavernoz cisimlərdə hiperplaziyaya səbəb olur. Bu nəzəriyyə hamiləlikdə, çox oturanlarda, xroniki qəbzlikdə, portal hipertenziyada babasilin əmələ gəlməsini izah edə bilir.

 

Gedişi

  • İlkin mərhələdə venalarda və kavernoz cisimciklərdə funksional dəyişikliklər olur, etioloji faktorların təsiri davam etdikcə genişlənmə və hipertrofiya kimi geriyə dönməz patoloji proseslər baş verir, hemorroidal düyünlər böyüyür və ətraf strukturlarda dəyişikliklər əmələ gəlir.
  • Böyümüş düyünləri defekasiyanı əngəlləyir, trombozlara və iltihaba, düz bağırsaq və anal kanalda dəyişikliyə səbəb olur.
  • Tromboz və iltihab xorlalara, qanaxmaya, paraproktitə, anaç çata səbəb ola bilir. Təkrarlayan trombozlar anal kanalda fibroztik-destrunktiv dəyişikliklərə və funsional dəyişikliklərə gətirib çıxarır: düz bağırsağın boylama əzələlərində və Parks bağlarında elastiklik xüsüsiyyətin pozulması.

 

Ağırlaşmaları

  • Profuz qanaxma (xarici qanaxma əlaməti olmaya bilər, lakin qan yoğun bağırsaqda toplana bilər)
  • Anemiya
  • Çanaq infeksiyası(yayılan tip olarsa letal nəticələr verir)
  • Anal kanalın çatı
  • Kəskin paraproktit
  • Düz bağırsaq ətrafı toxumaların irinli iltihabı
  • Anal çatmazlıq (sfinkter zədələnməsi)
  • Anal striktur.

Klinikası

  • Babasil düyünlərinin əsas simptomokompleksi aşağıdakılardır:
    • Defekasiya vaxtı yaranan ağrı – 50% (əsasən xarici hemorroidlərdə)
    • Qanaxma – 40%;
    • Artan zəiflik, başgicəllənmə - 10%;
    • Düyünlərin anal dəlikdən çıxması – 25%;
    • Diskomfort hissi, anal qaşınma – 15%.

 

Diaqnostikası

  • Şikayətlər, anamnez, obyektiv müayinə;
  • Anal nahiyəyə baxış
  • Digital müayinə, barmaqda qan izinin olması
  • Anoskopiya
  • Rektoskopiya
  • Kolonoskopiya
  • Defekoqrafiya

 

Diaqnostik əlamətlər

  • Babasilin diaqnozu əksər hallarda klinik müayinə ilə qoyulur – anamnez, baxma və rekstoskopiya:
    • Ağrı, anal qaşınma, defekasiya vaxtı qanaxma, anal kanalda şişkinlik hissi  (kütlə hissi)
    • Anal nahiyədə və anal kanalda göymütül şişkinliklərin olması-anal kütlə.
    • Anoskopiyada, kolonoskopiyada xarakterik babasil düyünlərinin görülməsi.
  • Digər müayinələr differensiasiya üçün aparılır

 

Differensial diaqnostika

  • Kəskin babasil
  • Anal çat
  • Düz bağırsağın sallanması
  • Perianal dərinin bədxassəli şişi.                           

 

Müalicəsi

Kəskin babasil

Konservativ müalicə:

  • Anal bölgənin təmizliyi
  • yüksək lifli qidalar
  • pəhriz
  • ağrıkəsici
  • təmizləyici imalə
  • məlhəmli sarğılar
  • flebotoniklər.

Babasil düyünlərinin trombozunda:

  • Antikoaqulyantlar. Qanaxma zamanı:
  • Adrenalin tərkibli rektal şamlar
  • Hemostatik süngər
  • Davam edən qanaxma cərrahi əməliyyata mütləq göstərişdir.

Xroniki babasil

Konservativ müalicə:

  • Anal bölgənin təmizliyi;
  • Yüksək lifli qidalar;
  • Pəhriz;

Azinvaziv müalicə üsulu:

  • Düyünlərin infraqırmızı fotokoaqulyasiyası;(İnfrared)
  • Skleroterapiya;
  • Elektrokoaqulyasiya;
  • Lateks həlqələri ilə düyünlərin liqaturaya alınması;
  • Dezaretrizasiya.

Cərrahi müalicə:

  • Hemorroidektomiya – qapalı (Ferquson üsulu, şək. 3) və açıq (Milliqan-Morqan üsulu, şək. 4);
  • Lonqo üsulu (şək. 5) – düz bağırsağın aşağı ampulyar şöbəsinin selikli-selikaltı qatının sirkulyar rezeksiyası.

Hemorroidektomiyadan sonrakı reabilitasiya

  • 3-4 gün sonra başlanır
  • Ödem, ağrı, şişkinlik görsənir
  • Əməliyyatdan sonrakı trombemboliya ağırlaşması demək olar ki, rast gəlinmir. Antikoaqulyantlar təyin olunmasına göstəriş olmur. əməliyyatdan sonrakı qanaxmaya səbəb ola bilər.
  • Iş qabiliyyəti normal halda 20-25 gündən sonradır;
  • Residiv 13-15%-dir.
duz img 7

Şəkil 3. Ferqüson üsulu ilə hemorroidektomiya

duz img 8

Şəkil 4. Milliqan-Morqan üsulu ilə hemorroidektomiya

duz img 9

 

Şəkil 5. Lonqo üsulu

 

Profilaktikası

  • Qəbizliyin, ishalın, iki və çox momentli defekasiya aktına qarşı mübarizə, spirtli içkilərdən imtina etmək, aralıq və anal nahiyəsinin gigiyenası, ağır işdən yüngül işə keçmək
  • Hamilələr venoz durğunluğu azaltmaq üçün gündəlik idman, piyada gəzmək, rasional qida, rahat geyim və s.

 

Hemorroidektomiyadan sonrakı ağırlaşmalar

  • Qanitirmə (xarici qanaxma əlaməti olmaya bilər, lakin qan yoğun bağırsaqda toplana bilər)
  • Çanaq infeksiyası (yayılan tip olarsa letal nəticələr verir)
  • Anal striktur.

 

Hemorroidektomiyaya əks göstəriş

  • Kron xəstəliyi və portal hipertenziyaya bağlı hemorroidlər.

 

Özət

Babasil düyünü və ya hemorroid düz bağırsağın, anusun və ya hər ikisinin venoz kələfinin genişlənməsi və kavernoz cisimciklərin hiperplaziyasıdır, selikli qişa və ya anal haşiyənin qabarmasına və sallanmasına səbəb olur, qanaxmaya, tromboza, iltihaba səbəb ola bilir. Diaqnoz kliniki əlamətlərə və müayinələrə əsasən qoyularaq, kliniki mərhələsi aydınlaşır və uyğun müalicə taktikası seçilir (konservativ, cərrahi – az invaziv cərrahi üsullar, radikal cərrahiyyə).

 

Babasil xəstəliyində diaqnostik yanaşma üzrə suallar

N.Y. Bayramov, S.S. İmanova

Suallar

Cavablar

Babasil nədir?

Düz bağırsağın, anusun və ya hər ikisinin venoz kələfinin böyüməsi nəticəsində selikli qişa və/və ya anal haşiyənin

qabarması və ya sallanmasıdır.

Səbəbləri?

Qəbizlik, gücənmə, portal hipertenziya, hamiləlik.

Daxili hemorroidlər nədir?

Dental xətdən proksimalda olan hemorroidlər.

Xarici hemorroidlər nədir?

Dental xətdən aşağıda olan hemorroidlər.

Üç «hemorroid kvadrantı» nədir?

  1. Sol lateral
  2. Sağ posterior
  3. Sağ anterior

Əlamətləri hansılardır?

Anal kütlə, prolaps, qanaxma, qaşınma, ağrı.

Hansı növü daha ağrılıdır?

Xarici növü (dental xətdən aşağıda olanlar).

Diaqnozu üçün hansı müayinələr edilir?

Klinik (anamnez, obyektiv):

  • Rektoskopiya
  • Kolonoskopiya

I dərəcə hemorroidlər nə deməkdir?

Prolaps etməyən hemorroid (sallanmayan).

II dərəcə hemorroidlər nə deməkdir?

Defekasiya zamanı prolaps edən, lakin öz-özünə geri qayıdan.

III dərəcə hemorroidlər nə deməkdir?

Defekasiya zamanı və ya hər hansı fiziki gücvermədən prolaps edən, əllə geri qayıdan.

IV dərəcə hemorroidlər nə deməkdir?

Prolaps olub, geri qayıtmayan hemorroidlər.

Müalicəsi nədir?

  • Yüksək lifli qidalar, anal bölgənin təmizliyi, yerli steroidlər, oturaq vannalar.
  • Lateks liqasiyası (internal hemorroidlər üçün), damarı və düyünü tikmə.
  • Cərrahi müdaxilə.