Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

QARACİYƏRİN CƏRRAHİ ANATOMİYASI VƏ FİZİOLOGİYASI

N.Y.Bayramov, R.A.Məmmədov

 

ANATOMİYASI

 

Ölçüsü

Qaraciyər insan bədəninin ən böyük vəzi olub, qarın boşluğunun üst qismində yerləşir, çəkisi 1100-1600 q., bədən çəkisinə nisbəti isə 15-20 q/kq təşkil edir.

Normal halda qaraciyər bədən çəkisinin 2%-ni təşkil edir və ya qaraciyərin bədən səthinin sahəsinə nisbəti 0,8 L/m2 səviyyəsindədir.

 

Forması

Qaraciyər formaca mürəkkəb orqandır və təxminən oval və çəp şəklində kəsilmiş yumurtanı xatırladır. Maraqlı cəhətlərdən biri də budur ki, qaraciyərin hər üç müstəvi üzrə (sagital, frontal, horizontal) kəsik səthi təpələri yuvarlaq üçbucağı xatırladır. Konsistensiyası yumşaq,  qəhvəyi rənglidir.

 

Sintopiyası

  • Qaraciyərin yuxarı qabarıq səthi tamamən diafraqma ilə əhatə olunmuşdur və dolayı yolla ağciyərlərlə və ürəklə təmasdadır.
  • Sol payın üzərində ürəyə məxsus çuxur vardır.
  • Aşağı visseral səthi, soldan sağa doğru baxdıqda mədə, onikibarmaq bağırsaq (12bb), öd kisəsi, çənbər bağırsağın sağ küncü, sağ böyrək və sağ böyrəküstü vəzə təmas edir.
  • Qaraciyərin arxa səthi böyrəküstü vəzi, aşağı boş vena, aorta və qida borusu ilə təmasdadır.

 

Qaraciyərin bağları

  • Qaraciyər bağları qaraciyəri örtən peritonun qarın divarını və diafraqmanı örtən parietal peritona, onikibarmaq bağırsağı və mədəni örtən visseral peritona keçməsi nəticəsində meydana gəlirlər.
  • Öndən arxaya doğru sıralanarsa : parietal periton® oraqvari və girdə bağ ® sağ və sol ön tac bağlar ® üçbucaq bağlar ® sağ və sol arxa tac bağlar ® venoz bağ ® qaraciyər 12bb bağı və kiçik piylik ®  visseral periton.

 

Arteriyaları

  • Ümumi qaraciyər arteriyası günəş kötüyünün üç şaxəsindən biridir, mədə-12bb arteriyasını verdikdən sonra xüsusi qaraciyər arteriyası adlanır və qaraciyər-12bb bağı içərisində qaraciyər qapısına daxil olur.
  • Xüsusi qaraciyər arteriyası sağ mədə arteriyası şaxəsini verdikdən sonra qaraciyər qapısında sağ və sol qaraciyər arteriyalarına ayrılır, bunlar isə, qaraciyər daxilində diğər portal elementlərlə birlikdə seqmentar şaxələrə ayrılırlar.

 

Qapı venası

Qapı venası yuxarı müsariqə və dalaq venalarının mədəaltı vəzi başının arxasında birləşməsindən əmələ gəlir və uzunluğu təxminən 5-8 sm, diametri 1-1,5 sm-dir. Qaraciyər-12bb  bağı içərisində qaraciyər qapısına gələrək sağ və sol pay şaxələrə ayrılır, bunlar isə öz növbəsində qaraciyər daxilində seqmentar və paycıq şaxələrinə bölünür.

Qapı venası arteriya və axacaqdan arxada yerləşir, diametri hər ikisindən də böyükdür, qaraciyər-12bb bağı içində adətən şaxəsiz olduğu üçün ayrılması asandır, lakin, divarı çox nazikdir və asanlıqla zədələnə bilir. Portal venanın anomaliyalarına nadir rast gəlinir.

 

Qaraciyər axacaqları

Sağ və sol qaraciyər axacaqları qaraciyər qapısında, arteriya və vena haçalanmaları arasında və hər ikisindən də öndə birləşərək ümumi qaraciyər axacağını, 1,5-2 sm sonra isə öd kisəsi axacağı ilə birləşərək ümumi öd axacağını (xoledox) əmələ gətirir, xoledox 12bb soğanağının, yuxarı enən hissəsinin və pankreas başının arxasından keçərək enən hissənin ortasında 12bb-nin böyük məməciyinə açılır.

 

Qaraciyər venaları

İki qrup qaraciyər venaları var: böyük yuxarı venalar və kiçik aşağı venalar.

  • Böyük sağ qaraciyər venası qaraciyərin lateral (və ya arxa) və medial (və ya ön) sektorları arasındakı sərhəddə yerləşir, V-VIII seqmentlərdən venoz qanı toplayaraq boş venaya açılır.
  • Orta qaraciyər venası qaraciyərin sağ və sol payları arasındakı sərhəddə - orta qaraciyər yarığında yerləşir. Bu venanın qaraciyər üzərindəki proyeksiyası Kantl (Cantle) xəttinə uyğundur ki, bu da aşağı boş venadan öd kisəsi yatağına çəkilən xətdir. Orta vena IV, V və VIII seqmentlərdən venoz qanı toplayaraq boş venaya açılır. Orta vena əksər hallarda sol qaraciyər venası ilə birləşərək kötük halında, çox az hallarda isə (3%) sərbəst şəkildə boş venaya açılır.
  • Bold sol qaraciyər venası qaraciyərin sol payında lateral və medial sektorlar arasındakı xəttdə yerləşmişdir.
  • Bold qaraciyərin aşağı venaları qaraciyərin boş vena ilə təmasda olan arxa səthində, ən çox I və VI seqmentlərindən çıxan, sayı 2-20 olan kiçik venalardır.

 

Qaraciyərin limfa damarları

Qaraciyərin bir-biri ilə sıx əlaqəli səthi və dərin limfatik sisteminin böyük hissəsi qaraciyər qapısına, az bir qismi boş vena ətrafı düyünlərə açılır və bu sistemin diafraqmaətrafı sistemlərlə əlaqəsi vardır.

 

Qaraciyərin seqmentar anatomiyası

Qaraciyərin cərrahi anatomiyasının əsasını təşkil edən 4 mərhələli bölünməyə görə qaraciyər

  • 2 paya
  • 4 sektora
  • 8 seqmentə
  • milyonlarla paycıqlara ayrılır.
  • Pay, sektor və seqmentlərin qapı təchizatı fərdi, venoz axını isə ortaqdır.
  • Bu struktur vahidlərinin anatomik sərhədləri qaraciyər venalarından keçən üç çəp-sagital və qapıdan keçən frontal müstəvilərlə (Şəkil 1),həqiqi fizioloji sərhədləri isə uyğun portal şaxənin bağlanması ilə müəyyən edilir.

 

 

 

Şəkil 1. Qaraciyəri paylara, sektorlara və seqmentlərə bölən “müstəvilər”

 

  • Seqmentlərə bölünmə qaraciyərin cərrahi anatomiyasının və hazırkı anatomik rezeksiyaların əsasını təşkil edir.
  • Seqmentlər zirvələri qaraciyər qapısına yönəlmiş piramidə bənzəyirlər. Qaraciyərin diafraqmal səthindən baxdıqda seqmentlər saat əqrəbi istiqamətində spiralvari şəkildə düzülmüşdür və bununla əlaqədar olaraq I seqment ən aşağıda, VIII seqment isə, ən yuxarıda yerləşmişdir. Ona görə də, visseral səthdə VIII seqment, diafraqmal səthdə isə I seqment görünmür.

 

 

 

Şəkli 2. Qaraciyərin seqmentləri

 

 

Paycıqlar

Mərkəzindəki vena ətrafında radial hepatosit sütünlarından, periferiyada isə qapı elementləri olan poliqonal şəkilli paycıq qaraciyərin ən kiçik morfo-funksional vahidi hesab olunur. Hepatosit sütünları arasındakı qan kapillyarları (sinusoid) qapı damarları ilə qaraciyər venoz damarları arasında davamlılıq yaradır, öd kapillyarları isə, öd yollarınn başlanğıcını təşkil edir. Bunlarla yanaşı, kapillyar endoteli ilə hepatosit sütünları arasında olan hüceyrəarası sahə (Disse sahəsi) qaraciyərin limfatik sisteminin başlanğıcını təşkil edir (şəkil 3.) -Bold+italic.

 

 

 

 

QARACİYƏRİN FUNKSİYALARI

 

  • Qaraciyər orqanizmin ən böyük vəzi və ən çox funksiyası olan orqandır.
  • Qaraciyərin 500-dən çox funksiyası var və bu çoxsaylı funksiyaları aşağıdakı 5 qrupda cəmləşdirmək olar (Şəkil 4)- Bold+italic:
    • Təmizləmə (detoksikasiya)
    • Sintez
    • Tənzimləmə (homeostaz)
    • Sekresiya
    • Hemodinamika
  • Təmizləmə, detoksikasiya və ya zərərsizləşdirmə funksiyası əsasən hepatositlərdəki kimyəvi və Kuppffer hüceyrələrindəki immun proseslər vasitəsi ilə həyata keçirilir. Bunlara aşağıdakıları aid etmək olar:
    • Ekzogen maddələrin zərərsizləşdirilməsi (dərmanlar, toksinlər)
    • Endogen məhsulların zərərsizləşdirilməsi (ammonyak, bilirubin)
    • Bakteriyaların zərərsizləşdirilməsi
  • Sintez funksiyası başlıca olaraq hepatositlərdə və az miqdarda digər hüceyrələrdə həyata keçirilir:
    • albumin, laxtalanma faktorları, lipoproteinlər, CRP, immunoqlobulinlər və s.
  • Tənzimləmə və ya requlyasiya funksiyası əsasən hepatositlər tərəfindən həyata keçirilir və buna aşağıdakıları aid etmək olar:
    • Depolama – qlükogen, vit B12 və s
    • Aralıq mübadilə (lipoproteinlər, xolesterin, karbohidrat və s.)
    • Hormonların korreksiyası
  • Sekresiya funksiyası hepatositlər və qaraciyərdaxili öd kanalları tərəfindən həyata keçirilir və aşağıdakıları aid etmək olar:
    • Öd turşularının sintezi və ödlə ifrazı
    • Xolesterin və metabolizm məhsullarının ifrazı
  • Hemodinamika funksiyası qaraciyərdaxili damar-kapilyar (sinusoid) şəbəkəsi tərəfindən həyata keçirilir və qapı venasından gələn qanın boş venaya axınını təmin etməkdən ibarətdir.

 

Qaraciyərin anatomiyası və funksiyaları üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova

 

Anatomiyası

Qaraciyərin çəkisi nə qədərdir?

Təxminən 1100-1600 qr.

Qaraciyərin bədən çəkisinə nisbəti nə qədərdir?

Qaraciyər bədən çəkisinin 2%-ni təşkil edir.

Qaraciyərin nə qədər hissəsini rezeksiya etmək olar?

75%-ni. Bundan çox hissəsi rezeksiya edildikdə qalan qaraciyər regenerasiya edə bilmir və məhv olur (kiçik qaraciyər sindromu adlanan vəziyyət inkişaf edir).

Qaraciyər kapsulasının adı nədir?

Qlisson kapsulası

“Çılpaq” sahə hardadır?

Qaraciyər seqmentinin arxa seksiyası diaqfraqmanın əks tərəfi “çılpaq” sahədir, peritoneal örtük yoxdur.

“Cantlie” xətt nədir?

Qaraciyəri sol və sağ paya bölən öd kisəsi ilə aşağı boş vena arasında çəkilən xəttdir.

Qarnın ön divarından qaraciyərə doğru gedən hansı bağdır?

Girdə və oraqvari bağ. Girdə bağda obliterasiya etmiş göbək venası yerləşir.

Oraqvari bağ (Lig.falciform) nədən təşkil olunub?

Oraqvari bağ ikiqat periton təbəbqəsindən təşkil olunub,  qaraciyər ilə qarının ön divarı və diafraqma arasında yerləşir, qaraciyəri təsbit edən bağdır.

Tac bağlar  nədir?

Oraqvarı bağın davamıdır, qaraciyəri diafraqmaya birləşdirir.

Qaraciyərin üçbucaq bağları nədir?

Sağda və solda ön ilə arxa tac bağların birləşdiyi hissədir.

Qaraciyərin qan təchizatının xüsusiyyəti nədir?

Həm arterial, həm də venoz qanla təchiz olunur.

Qaraciyər qanın hansı hissəsini qapı venasından, hansı hissəsini arteriyadan alır?

Qaraciyər qanın 75%-ni qapı venasından, 25%-ni arteriyadan alır.

Qaraciyər oksigeni hansı qandan alır?

Qaraciyər oksigenin 50%-ni arterial qandan, 50%-ni qapı venası qanından alır.

Qaraciyərin arterial təchizatını hardan alır?

Əsasən qarın kötüyündən çıxan ümumi qaraciyər arteriyasının davamı olan xüsusi qaraciyər arteriyasından.

Qarın kötüyünün hansı şaxələri var?

Ümumi qaraciyər, sol mədə və dalaq arteriyaları.

Ümumi qaraciyər arteriyasının hansı şaxələri var?

Sağ mədə arteriyası, qastroduodenal arteriya və davamı olan xüsusi qaraciyər arteriyası.

Qaraciyər hansı anatomik hissələrə bölünür?

Qaraciyər iki paya, 4 sektora, 8 seqmentə və milyonlarla paycıqlara bölünür.

Qaraciyərin paylarının sərhəddi hansıdır?

Orta qaraciyər venası

Qaraciyərin sektorları hansılardır?

Sağ ön və arxa (medial və lateral), sol medial və lateral

Qaraciyərin seqmentləri hansılardır?

I-VIII seqmentlər.

Seqmentləri necə yadda saxlamaq olar?

Seqmentlər qaraciyərə üst tərəfədən baxdıqda saat əqrəbi istiqamətdə spiralşəkilli düzülür. Ən aşağıda I seqment, ən yuxarıda VIII seqment yerləşir.

Qaraciyər sinusoidi nədir?

Qaraciyərdəki qan kapilyarı.

Qaraciyər kapilyarı necə əmələ gəlir?

Arteriola və qapı venulaları paycıqlarda birləşərək kapilyar əmələ gətirirlər və bu mərkəzi venaya açılır.

Qaraciyər sinusoidlərinin digər kapilyarlardan fərqi varmı?

Var, bazal membranları yoxdur və endoteldə böyük dəliklər var və divarında makrofaqlar da (Kupffer hüceyrələri) yerləşir.

Qaraciyərin hansı funksiyaları var?

Detoksikasiya, sintez, tənzimləmə, sekresiya və hemodinamik.