Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

VARİKOZ VƏ QANAXMA

N.Y.Bayramov, R.A.Məmmədov

 

Tərifi

Portal təzyiqin artması nəticəsində porto-kaval kollateral damarlarda baş verən kompensator genişlənmələr varikoz adlanır

 

Təsnifatı

Yerinə görə

  • Qida borusu varikozları
  • Qastroezofageal varikozlar
  • Mədə varikozları
  • Hemorroidlər
  • Göbək ətrafı varikozlar
  • Retroperitoneal kollateral varikozları

Ölçülərinə görə

  • Ölçülərinə görə qida borusu varikozlarını 4 dərəcəyə ayırırlar:
    • I dərəcə – selikaltı qatda geniş vena, qabarmır
    • II dərəcə – mənfəzə doğru qabarmış venalar, mənfəzi tutmur
    • III dərəcə – qabarmış venalar mənfəzi tama yaxın tutur
    • IV dərəcə - qabarmış venalar mənfəzi tam tutur.

Qanaxma təhlükəsinə görə

  • Az riskli – 1-2-ci dərəcəli varikozlar
  • Yüksək riskli – 3-4 dərəcəli varikozlar, üzərində qımızı ləkələr, “varikoz balalaması”

 

 

       

I drəcə

II dərəcə

III dərəcı

IV dərəcə

 

Etiopatogenezi

  • Porto-kaval təzyiq fərqi 8 mm Hg st. aşarsa venalarda və kollaterallarda genişlənmə başlayır, fərq 10 mm Hg st. olduqda genişlənmə bariz şəkil alır, 12 mm Hg st. aşdıqda isə qanaxma təhlükəsi meydana gəlir.
  • Kollateralların genişlənməsi və qanaxma ən çox qastroezofageal səviyyədə, sonra rektal, göbək ətrafı və retroperitoneal səviyyədə ortaya çıxır.
  • Varikozlardan qanaxmanın baş verməsi üçün yüksək risk amillərinə aşağıdakılar aid edilir:
    • böyük varikozlar (III-IV dərəcə)
    • incə divarlı varikozlar (qırmızı ləkə, “varikoz balalaması”)
    • Child C mərhələsində sirroz
    • porto-kaval qradiyent > 12 mm Hg st.
    • infeksiya
  • Yüksək risk göstəriciləri olan varikozlarda birincili profilaktika lazım gəlir.
  • Sirrotik xəstələrin təxminən 60%-də varikoz baş verir və bunların da təxminən 30%-də 2 il ərzində qanaxma rast gəlir.

 

Gedişi və ağırlaşmaları

  • Birinci dəfə baş verən qanaxma adətən 70-80% hallarda öz-özünə və ya müalicə ilə dayanır. Lakin xəstələrin 60-70%-ində bir il ərzində təkrarlanma baş verir və ən çox ilk saat və ya günlərdə müşahidə edilir.
  • Qanaxmalarda letallıq təxminən 20% təşkil edir, qanaxma təkrarladıqca letallıq da artır.
  • Hipertenziyanın səbəbi aradan qaldırıldıqda varikoz genəlmələr geriyə inkişaf edir.

Ağırlaşmaları

  • Davam edən qanaxma və şok
  • Qaraciyər dekompensasiyası
  • Hepatik ensefalopatiya
  • İnfeksiyalar (spontan bakterial peritonit, pnevmoniya və s).
  • Aspirasion pnevmoniya
  • Digər

 

 

Şəkil 1.Qida borusu varikozlarının gedişi

Klinikası

  • Varikozlar qanaxma vermədikcə adətən klinik birüzə vermirlər.
  • Varikozdan qanaxma yerli və sistemik əlamətlərlə birüzə verir:
    • Yerli əlamətlər – qanqusma, melena, zondan qan gəlməsi
    • Ümumi əlamətlər – anemiya, hipovolemiya, şok

 

Diaqnostikası

Şübhə

Mədə – bağırsaq qanaxması olan bütün xəstələrdə varikoz qanaxmadan şübhələnmək lazımdır. Anamnezində və ya hazırda xroniki qaraciyər xəstəliyi əlamətləri varsa bu şübhəni daha da artırır.

 

Dəqiqləşdirmə

Diaqnozu dəqiqləşdirmək üçün təcili endoskopiya aparılır. Endoskopiya qanaxmanın yerini və səbəbini təyin edir.

 

Diaqnostik əlamətləri:

  • Anamnezində və hazırda xroniki qaraciyər xəstəliyi və portal hipertenziya
  • Qanaxmanın yerli və ümumi əlamətləri
  • Endoskopiyada varikoz və qanaxma

 

Ağırlıq dərəcəsinin təyini

Qanaxmanın ağırlıq dərəcinin təyini üçün klinik, laborator və hemodinamik göstəricilər nəzərə alınır:

  • yüngül dərəcəli qanaxma – melena, qanqusma var.
  • orta dərəcəli qanaxma – melena, qanqusma ilə yanşı anemiya var
  • ağır dərəcəli qanaxma – şok əlamətləri var

 

Müalicəsi

Varikoz qanaxmaların müalicə və profilaktika tədbirləri 3 prinsip üzərində qurulmuşdur:

  • portal təzyiqi azaltma – dekompressiya (porto – kaval yanyollar, medikamentoz),
  • varikozlarda qan axınını kəsmə – devaskulyarizasiya (transseksiya, kardio – fundal tikiş, Siqura əməliyyatı)
  • varikozlara birbaşa müdaxilə (varikoz liqasiyası, skleroterapiya, balon tamponadası).

 

Müalicə yanaşması

Varikoz qanaxmalarda müalicə taktikası iki mərhələli şəkildə aparılır: ilkin tədbirlər və həlledici müalicə.

Təcili ilkin tədbirlərə aiddir:

  • Hemodinamikanı stabilləşdirmə (infuziya, vazopressor, inotrop, göstərişə görə intubasiya və s)
  • Endoskopik diaqnostika
  • Qanaxmanın endoskopik liqasiyası (EVL) və medikamentoz dayandırılması
  • Digər müalicələr.

 

Cədvəl 4. Varikoz qanaxmada ilkin tədbirlər

Yerləşdirmə

  • Xəstə təcili olaraq reanimasiya şöbəsinə yatırılır, cərrah, reanimatoloq və endoskopist briqadası tərəfindən nəzarətə alınır.

Həyati funksiyalara nəzarət və stabilləşdirmə

  • Monitorizasiya qoşulur (saturasiya, təzyiq, nəbz və s)
  • Tənəffüs yolu yoxlanılır və keçiriciliyi təmin edilir. Aramsız qanaxmalarda və ensefalopatik xəstələrdə təcili intubasiya edilir.
  • Hemodinamika qiymətləndirilir və hipovolemiya varsa (taxikardiya, hipotenziya, ortostatik kollaps) infuziyaya başlanılır.
  • Şokda olan xəstələrə Ringer – Laktat bolus şəklində 1000 ml verilir və kolloid infuziyasına (plazma, albumin, jelatin, dekstran) başlanılır.
  • Damar yolu açılır, təhlillər alınır (Hemoqram, PTZ, APTZ, qanaxma, laxtalanma zamanı, qlükoza, ALT, AST, sidik cövhəri, kreatinin , albumin, bilrubin, elektrolitlər, HBsAg, Anti-HCV).
  • Sidik kateteri qoyulur.

Qanaxmanı dayandırma – medikamentoz + endoskopik

  • Sandostatin (250 mkq ilk doz, 250mkq/saat infuziya) və ya oktreotid (50 mkq ilk doz, 50mkq/saat infuziya) və ya terlipressin (2 mq hər 4 saatda) müalicəsinə başlanır və 5 günə qədər davam etdirilir.
  • Hemodinamika stabilləşmişsə təcili endoskopik müayinə və varikozun liqasiyası edilir (12 saat ərzində). EVL yoxdursa skleroterapiya edilir.
  • Xəstə stabilləşmirsə və qanaxma artaraq davam edirsə Blekmor zondu qoyulur və intubasiya edilir. Blekmor zonduna baxmayaraq stabilləşmə yoxdursa təcili angioqrafiya (QDPKYY + ezofaqus stendi, embilizasiya) və ya əməliyyat edilir. Əməliyyat vaxtı endoskopik müayinə aparılması vacibdir.

Digər tədbirlər

  • Antisekretor ranitidin (Ranitidin 50 mq x 3) və ya rabeprazol infuziyası edilir.
  • Eritrositar kütlə, plazma tədarük edilir.
  • Hb < 8-10 q/dL və ya Ht < 30% olan xəstələrə hemotransfuziya başladılır.
  • TDP koaqulopatiyası varsa (INR>1,5) və qan transfuziyası alanlarda (hər 2 vahid qana 1 vahid plazma).
  • Vikasol (10 mq) təyin edilir. Fibrinogeni az olanlara (<200 mq) kriopresitat verilir. Trombositopeniya (<50 x 109/L) olarsa trombosit kütləsi köçürülür.
  • Şəkər, elektrolit tənzimlənir. Hipoqlikemiya və hpokalemiya ensefalopatiyanı dərinləşdirir.
  • Qarın boşluğu USM və portal dopler edilir.
  • Xəstənin hərtərəfli monitorinqi davam etdirilir (hemodinamika, tənəffüs, sidik ifrazı, NQZ-dan ifrazat, melena, Hb, Ht, huş və digər).
  • Ensefalopatiya və infeksiyaların profilaktikasına başlanılır.

 

 

  • İlkin tədbirlərə baxmayaraq qanaxma davam edirsə və ya tezliklə təkrarlayarsa, müvəqqəti Blekmor zondu qoyulur və qaraciyərdaxili portokaval yanyol (TİPS) və ya örtüklü metal stent tövsiyə edilir. Əgər TİPS və y stend imkanı yoxdursa, üçüncü seçim kimi cərrahi müdaxilədir (transseksiya, tikiş, yanyol) tətbiq edilir.
  • Qanaxması dayanan xəstələrdə həlledici müalicə kimi əsas xəstəliyin müalicəsi və qanaxmanın ikincili profilaktikası həyata keçirilir.
  • Mədə varikozlarında da qanaxmanı dayandırmaq üçün ilk seçim medikamentoz + endoskopik yoldur. Lakin qida borusu varikozlarından fərqli olaraq mədə varikozlarında ilk seçim spirtlə yox, yapışdırıcılarla (N – butyl – sianakrilat, donuz (trombini) skleroterapiyadır. I tip qastroezofageal varikozlarda EVL edilə bilər.
  • Adi hemorroidlərdən fərqli olaraq PH-da klassik hemorroidektomiya tövsiyə olunmur (çünki ağır qanaxmalar başlaya bilər). Ona görə də, daha konservativ cərrahi müdaxilə seçilməlidir: liqasiya, skleroterapiya, lazer və ya infraqırmızı koaqulyasiya. TİPS istifadə edilə bilər.

 

 

Şəkil 2. Varikoz qanaxmada müalicə taktikası

 

Özət

Varikoz portal təzyiqin artması nəticəsində porto-kaval kollaterallarda baş verən kompensator genişlənmələrdir. Porto-kaval təzyiq fərqi 8 mm Hg st. aşarsa venalarda və kollaterallarda genişlənmə başlayır, fərq 10 mm Hg st. olduqda genişlənmə bariz şəkil alır, 12 mm Hg st. aşdıqda isə qanaxma təhlükəsi meydana gəlir. Kollateralların genişlənməsi və qanaxma ən çox qastroezofageal səviyyədə, sonra rektal, göbəkətrafı və retroperitoneal səviyyədə ortaya çıxır. Ölçülərinə görə qida borusu varikozlarını 4 dərəcəyə ayırırlar:

  • I dərəcə – selikaltı qatda geniş vena, qabarmır
  • II dərəcə – mənfəzə doğru qabarmış venalar, mənfəzi tutmur
  • III dərəcə – qabarmış venalar mənfəzi tama yaxın tutur
  • IV dərəcə - qabarmış venalar mənfəzi tam tutur.

Böyük varikozlar (III-IV dərəcə), incə divarlı varikozlar, Child C və porto-kaval qradiyent >12 mm Hg st. və dalaq sərtliyi >60 kPa varizkoz qanaxma üçün yüksək risk göstəriciləridir və birincili profilaktika lazım gəlir.

Sirrotik xəstələrin təxminən 60%-də varikoz baş verir və bunların da təxminən 30%-də 2 il ərzində qanaxma rast gəlir. Birinci dəfə baş verən qanaxma adətən 70-80% hallarda öz-özünə və ya müalicə ilə dayanır. Lakin xəstələrin 60-70%-də bir il ərzində təkrarlanma baş verir və ən çox ilk saat və ya günlərdə müşahidə edilir. Qanaxmalarda letallıq təxminən 20% təşkil edir, qanaxma təkrarladıqca letallıq da artır. Hipertenziyanın səbəbi aradan qaldırıldıqda varikoz genəlmələr geriyə inkişaf edir.

Varikoz qanaxmalar iki qrup əlamətlərlə – yerli (qanqusma, melena, NQZ-dan qangəlmə) və ümumi (anemiya, hipovolemiya, şok) əlamətlərlə büruzə verir. Diaqnozu dəqiqləşdirmək üçün təcili endoskopiya aparılır.

Varikoz qanaxmalarda müalicə ikimərhələli şəkildə aparılır: ilkin tədbirlər və həlledici müalicə. Təcili ilkin tədbirlərə hemodinamikanı stabilləşdirmə, endoskopik diaqnostika, qanaxmanın endoskopik və medikamentoz dayandırılması və digər dəstək müalicələri aiddir. İlkin tədbirlərə baxmayaraq qanaxma davam edirsə və ya tezliklə təkrarlayarsa qaraciyərdaxili porto-kaval yanyol (TİPS) və ya örtüklü metal stend tövsiyə edilir. Əgər TİPS və ya stend imkanı yoxdursa, üçüncü seçim cərrahi müdaxilədir (transseksiya, tikiş, yanyol). Qanaxması dayanan xəstələrdə həlledici müalicə kimi əsas xəstəliyin müalicəsi və qanaxmanın ikincili profilaktikası həyata keçirilir.

 

Varikoz və qanaxma üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova

 

Suallar

Cavablar

Sirrozu və ezofageal varikozu olan xəstələrdə yuxarı qastrointesinal qanaxmaların nə qədər hissəsi varikoz mənşəlidir?

Təxminən 50%

Varikoz qanaxmanın əlamətləri hansılardır?

Qanqusma, melena, hematoxeziya

Kəskin ezofageal varikoz qanaxmalarında ölüm faizi nə qədərdir?

 Təxminən 17% (10-50%)

Varikoz qanaxmalarda ilkin tədbirlər hansılardır?

İnfuziyalar, nazoqastral zond, Folley kateteri, qan qrupu təyini, və cross match, lab göndər, koaqulopatiyanı korreksiyası (vit K, TDP), endoskopiya

Əsas diaqnostik müayinə hansıdır?

Qastroskopiya (yuxarı qanaxmaların yarısı varikoz mənşəlidir, digər yarısını da inkar etmək üçün)

Əsas müalicə prinsipi hansıdır?

Portal təzyiqi azaltmaq (medikamentoz, endovaskulyar və ya cərrahi yanyollar)

Portal təzyiqi azaltmaq üçün hansı dərmanlar var?

Vazopressin və anoloqları

Sandostatin və analoqları

Koronar çatmazlığı olan xəstələrdə vazopressin ilə birlikdə hası dərman istifadə edilməlidir?

Nitrogliserin – vazopressinin törətdiyi koronar arterial vazokonstiksiyasının qarşını almaq üçün

Hansı müalicə növləri var?

Endoskopiik - liqasiya, skleroterapiya

TİPS

Porto-kaval yanyollar

Qaraciyer tranplantasiyası

Əgər qanaxmaya səbəb ezofagus varikozlarıdırsa müalicəsi nədir?

Təcili endoskopik liqasiya və ya skleroterapiya.

Əgər xəstədə ilkin müalicədən sonra qanaxma davam edirsə nə edərsiniz?

Təkrari endoskopik müalicə

Əgər endoskopik müalicə imkanı yoxdursa və qanaxma davam edirsə nə edərsiniz?

Splanxnik vazokonstruktor (terlipressin sandostatin) və Sengstaken-Blekmor zondu ilə tamponada.

Sengstaken-Blekmor zondu nədir?

Qastrik və ezofagial ballondan ibarət olan borudur, ezofagial qanaxmlarda tamponada üçün istifadə edilir.

Əgər varikoz qanaxmalarda endoskopik və konservativ müalicə qanaxmanı dayandırmırsa nə edərsiniz?

 

TİPS (transyuqulyar intrahepatik porto-kaval şunt)

Cərrahi yanyol (selektiv və hissəvi)

Qaraciyər transplantasiyası

TİPS nə deməkdir?

TIPS (Transjugular İntrahepatik Portasistemik Shunt) dəridən, vidaci venadan keçərək hepatik vena ilə portal venanın şaxəsi arasında kiçik stendin intrahepatik yerləşdirilməsidir.

Varikoz qanaxmanı dayandıran ən effektiv müalicə hansıdır?

Porto-kaval yanyollar və qaraciyər transplantasiyası.