N.Y.Bayramov, R.A. Məmmədov
Tərifi
Hepatosellular adenoma hepatositlərdən inkişaf edən xoş xassəli şişdir, ədəbiyyatlarda hepatik adenoma kimi də adlanır.
Təsnifatı
Sayına görə |
tək (70%) və çoxsaylı (30%) |
Tərkibinə görə |
siderotik (yağlı), peliotik (qanlı) və qarışıq |
Gedişinə görə |
stabil, proqressiv (böyümə, maliqnizasiya, qanaxma) və reqressiv |
Klinikasına görə |
asimptomatik, simptomatik, ağırlaşmalı |
Rastgəlməsi
Kontraseptiv hormon alan qadınlarda çox müşahidə edilir.
Etiologiyası və patogenezi
- Dəqiq məlum deyil.
- Risk amilləri: hiperestrogenemiya, steroid və qlükogen depo xəstəlikləri.
- Hiperestrogenemik vəziyyətlər (steroid hormon, kontraseptiv, qadın cinsi, çoxsaylı hamiləlik) xəstələrin 90%-də rast gəlinir.
Morfologiyası
- Əksəriyyəti təksaylıdır (70%), çoxsaylı forması adenomatoz adlanır (30%).
- Tək adenomada şişin ölcüsü 6-8 sm olur, adətən sağ payda (75%) yerləşir.
- Kapsulu yoxdur, lakin ətraf toxumaları sıxması nəticəsində yalançı kapsul əmələ gələ bilər.
- Mikroskopik: hepatositlərdən zəngin, birləşdirici toxumadan kasıb, geniş sinusoidləri olan törəmədir, klassik qapı üçlüyü və paycıqları yoxdur. Hüceyrələrində normal hepatositlərdə olduğu kimi qlükogen və yağ toplana bilir.
- Arteriya birbaşa sinusoidə açılır və törəmənin yeganə təhcizatını təşkil edir
- Morfoloji olaraq 3 forması var: yağla zəngin (siderotik), sinusoidlə zəngin (peliotik) və qarışıq (50%).
- Siderotik formada intra- və ekstrasellulyar sahələr lipidlə zəngindir.
- Peliotik formada geniş sinusoidlər və arteriyalarla yanaşı hemorragiyalar çox olur.
Gedişi və ağırlaşmaları
- Stabil, proqressiv və reqressiv gedişli ola bilər.
- Əksəriyyəti (80%) böyüməyə və ağırlaşmaya meyillidir.
- Qanaxma (20-40%) və maliqnizasiya (10%) törədə bilirlər.
- Zəif birləşdirici toxumanın olması sinusoidlərin genişlənməsinə və arterial qidalanan törəmənin qanaxmaya meyilli olmasına gətirib çıxarır.
- Şişin ölçüsü artdıqca ağırlaşma riski də artır.
- Kontraseptivlərin kəsilməsi kiçik (<3 sm) adenomaların kiçildə bilər, lakin böyük (>5 sm) adenomalara təsir etmir.
Ağırlaşmaları
- Qanaxma
- Maliqnizasiya
Klinikası
- Kiçik adenomalar asimptomatik olur, laborator dəyişikliyə səbəb olmurlar, təsadüfi görüntüləmədə tapılır.
- Böyük adenomalar ətrafa təzyiq və qanaxma verdikdə siptomatik olurlar (ağrı, anemiya, hətta hemorragik şok).
Diaqnostikası
Şübhə
Anemiyası, ağrısı olan və kontraseptiv hormon qəbul edən qadınlarda, normal qaraciyər fonunda kütlə tapıldıqda HA şübhəsi var.
Dəqiqiləşdirmə
HA-nın spesifik görüntüləmə əlaməti yoxdur, diaqnozu differensiasiya əsasında və ya rezeksiyadan sonra qoyulur. Kontrastlı MRT ilk seçimdir. MRT T1-də hiperintens (yağ, qanaxma, geniş sinusoid), heterogen və psevdokapsullu görünmə xarakterikdir. Kontrastlı müayinələrdə arterial fazada hipervaskulyar görünür, venoz yuyulma olmur (izodens olur).
Differensial diaqnostika
- Heterogen, T1-də hiperintens və kapsullu görünmə kimi xarakterik əlamətləri, hemangioma və FNH-dan fərqləndirməyə imkan verir (90%).
- Adenomalarda biliar kanallar olmadığına görə hepatositlərdə tutulub biliar sistemdən ifraz olunan kontrastlı müayinələrin (gatoxtetat disodium, gadobenat diglulumin), hepatosit fazasında qaraciyərə görə hipo– görünürlər. Bu əlamətə görə FNH-dan fərqləndirmək olur.
- Venoz yuyulmanın olmamasına görə HSX-dən fərqlənir.
- HSX-dən fərqləndirilməsi çətin olan hallarda həm diaqnostika, həm də müalicə məqsədi ilə rezeksiya məsləhətdir.
- Biopsiyada qanaxma təhlükəsi yüksəkdir.
Diaqnostik əlamətləri:
- Anemiya, ağrı, kontraseptiv hormon qəbul edən qadınlar, normal qaraciyər fonunda kütlə.
- MRT T1-də hiperintens (yağ, qanaxma, geniş sinusoid), heterogen və psevdokapsullu görünmə.
- Kontrastlı müayinələrdə arterial fazada hipervaskulyar görünür, venoz yuyulma adətən olmur.
- Normal hepatositlər tərəfindən tutulan və biliar sistemdən ifraz edilən kontrastlı müayinələrin hepatosit fazasında (20-60 dəq sonra) hipo- (qara) görünürlər.
Müalicəsi
HA-nın radikal müalicəsi kontraseptivlərin kəsilməsi və rezeksiyasıdır. Rezeksiya mümkün olmayan hallarda embolizasiya edilə bilər. Kiçik adenomalarda kontraseptivi dayandırdıqdan sonra kiçilmə ola bilər.
Özət
Hepatik adenoma (HA) hepatositlərdən inkişaf edən xoşxassəli törəmədir, steroid hormonların istifadəsi (kontraseptiv və digər), qadın cinsi, çoxsaylı hamiləlik və qlükogen depo xəstəlikləri risk faktorları sayılır., qanaxmaya və maliqnizasiyaya meyilli törəmədir. Kiçik adenomalar asimptomatik olur, böyük adenomalar isə qanaxma verdikdə ağrı və anemiya, hətta hemorragik şok əlamətləri ilə büruzə verir. Diaqnozu kontrastlı görüntüləmə müayinələrə görə qoyula bilir. Hipervaskulyar görünmə, heterogen, T1-də hiperintens və kapsullu görünmə kimi xarakterik əlamətləri hemangioma və FNH-dan fərqləndirməyə imkan verir, lakin bu əlamətlər HSX-dan fərqləndirmək üçün kifayət deyil. HA-nın radikal müalicəsi kontraseptivlərin kəsilməsi və rezeksiyasıdır.
Hepatosellular adenoma üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova
Hepatosellular adenoma nədir? |
Xoş xassəli qaraciyər törəməsidir |
Histologiyası nədir? |
Öd axarı olmayan normal hepatositlər |
Risk faktoru hansılardır? |
Qadın cinsi, doğuş kontrol dərmanları, steroidlər, qlükogen depo xəstəliyi. |
Qadın/kişiyə nisbəti? |
9:1 |
Hansı formaları var? |
Siderotik, hemorragik və qarışıq |
Hansı yaş qruplarında rast gəlinir? |
30-35 yaş arası |
Əlamətləri hansılardır? |
Sağ yuxarı kvadrantda ağrılar, kütlə, həmin hissədə dolğunluq hissi, az hallarda qanaxma. |
Mümkün ağırlaşmaları hansılardır? |
Partlama və qanaxma, nekroz, hepatosellular karsinoma riski. |
Diaqnoz necə qoyulur? |
Kompyuter tomoqrafiya, USM, biopsiya |
Hansı xəstəliklə differensasiyası çətindir? |
Hepatosellular karsinoma ilə |
Müalicəsi necədir? |
Cərrahi rezeksiya, anabolik dərmanların, kontraseptivlərin dayandırlması. |
Hamilə xəstələrdə adenomanın rezeksiyası üçün ən yaxşı vaxt nə zamandır? |
2-ci trimestr |