Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Hepatorenal sindrom - Özət və Suallar

Özət

Hepatorenal sindrom qaraciyərin kəskin və xronik xəstəliklərinin törətdiyi böyrək disfunksiyasıdır, qlomеrulyar filtrasiyanın azalması, Na+ və su tutulmasının isə artması ilə xaraktеrizə olunur. Böyrəklərdə xəstəlik, morfoloji dəyişiklik, nеfrotoksik təsir və ya böyrək funksiyasını pozan amillər olmur (hipovolеmiya, obstruksiya və s.). Böyrək artеriyalarının spazmı hеpatorеnal sindromunun meydana gəlməsində əsas mexanizm hesab edilir.

Hеpatorеnal sindromu subklinik, kəskin və xroniki formada ortaya çıxa bilir. Kəskin forma və ya I tip HRS, böyrək funksiyasının kəskin azalması ilə xarakterizə olunur, adətən kəskin xəstəliklərdə və ya ağırlaşdırıcı amillərin təsiri ilə meydana gəlir (spontan bakterial peritonit, sepsis, qanaxma və s). Xroniki forma və ya II tip HRS-də böyrək funksiyalarının azalması yavaş inkişaf edir adətən refrakter assit və ya diuretikə dirəncli assit kimi büruzə verirlər.

HRS-in diaqnozu qanda kreatinin artmasına (>1,5 mq/dl) və böyrək funksiyasını pozan digər səbəblərin inkar olunmasına görə dəqiqləşdirlir.

I tip HRS-in müalicəsində əsas hədəf səbəbin və ağırlaşdırıcı amillərin aradan qaldırılmasıdır. İkinci hədəf kimi böyrək damarlarının genişləndirilməsi və reabsorbsiyanın azaldılması seçilir: volemik (infuziya, albumin), vazokonsturuktorlar (midoridin, noradrenalin, terlipressin) və renal vazodilatatorlar (N-asetilsistein, pentoksifillin). Bu tədbirlərə fayda vermədikdə süni qaraciyər sistemləri (MARS, Prometeus), dializ və qaraciyərdaxili porto-kaval yanyol tətbiq edilə bilər. Gərgin assiti olan xəstələrdə parasentez və TİPS edilir. İkinci tip HRS-də su və Na+ reabsorbsiyasını azaltmaq üçün sprinolakton (100-400 mq/gün), furosemid (40-160 mq/gün) istifadə edilə bilər.

I tip HRS-in proqnozu pisdir və müalicə olunmazsa xəstələr adətən 2 -4 həftə ərzində itirilir. II tip HRS diuretiklərə cavab versə də, xəstələrin yaşama müddəti qısalır (1 illik yaşamı 20%, 5 illik yaşamı isə, 39% azaldır), müalicə olunmadıqda isə 4-6 ay ərzində letallığa səbəb olur.

 

 

 

Hepatorenal sindrom üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova

 

Suallar

Cavablar

Hepatorenal sindrom nədir?

Qaraciyər xəstəliklərinin törətdiyi böyrək disfunksiyasıdır

Hansı klinik formaları var?

  • Subklinik;
  • Kəskin və ya I tip;
  • Xroniki və ya II tip;

Səbəbi və ya risk faktorları nələrdir?

  • Əsas səbəblər :
    • kəskin qaraciyər yetməzliyi;
    • sirroz;
    • mexaniki sarılıq;
    • portal hipertenziya və s.;
  • Ağırlaşdırıcı amillər:
    • spontan bakterial peritonit;
    • infeksiyalar;
    • mədə-bağırsaq qanaxmaları;
    • refrakter assit;
    • böyük həcmli parasentezlər;
    • portal vena trombozu və s.;

Patogenezi nədən ibarətdir?

Əsas patogenetik mexanizmi: qaraciyər xəstəliyi, bakterial translokasiya, splanxik vazodilatasiya, ümumi vazodilatasiya, hipovolemiya, kompеnsator mеxanizmlərin aktivləşməsi (simpatoadrenal sistеm, renin-angiotenzin sistemi, antitiuretik hormon) və böyrək damarlarında spazmı.

Gediş xüsusiyyəti necədir?

 I tip kəskin böyrək yetməzliyi kimi gedir, proqnozu pisdir və müalicə olunmazsa 2-4 həftə ərzində letallığa səbəb olur. II tip isə refrakter assit əlamətləri ilə büruzə verir, müalicə olunmadıqda isə 4-6 ay ərzində letallığa səbəb olur.

Ağırlaşmaları nələrdir?

Ürək yetməzliyi, asidoz, hipervolemiya, uremik koma, sepsis

Klinik əlamətləri hansılardır?

Subklinik forma -asimptomatik

I tip- kəskin böyrək yetməzliy

II tip - refrakter və diuretikə davamlı assit

Hansı xəstələrdə şübhələnmək lazımdır?

  • Kəskin və xroniki qaraciyər xəstəlikləri;
  • Qaraciyər, böyrək və ürək çatmazlığı;
  • Refrakter və diuretikə davamlı assit;
  • Spontan bakterial peritonit;

Dəqiqləşdirmək üçün hansı müayinələr lazımdır?

  • USM;
  • Dopler USM;
  • Sidiyin ümumi analizi;
  • Qanın biokimyəvi analizi;
  • Kreatinin və kreatinin klirensi
  • Qalıq azot
  • Na-ekskresiya testləri
  • Spesifik testlər – subklinik forma;

Laborator əlamətləri nələrdir?

  • Kəskin və ya I tip – kreatitnin 2,5 mg/dl-dən yüksək;
  • Xroniki və ya II tip – kreatinin 1,5-2,5 mg/dl arasında;

Görüntüləmə əlamətləri nələrdir?

Görüntüləmədə böyrəklərdə patologiya görünmür, doppler USMdə böyrək damarlarında spazm görünə bilər;

Digər müayinələrdə nə tapılır?

Asidoz, hiperkalemiya, qalıq azot artması

Diaqnostik kriteriyalarını sadala (İnternational Ascites Club)?

  • Sirroz, kəskin qaraciyər çatmazlığı və ya portal hipertenziya var;
  • Kreatinin 1,5 mg/dl-dən yüksək;
  • İki gün ərzində diuretiklərin kəsilməsinə və vaskulyar həcmin albuminlə artırılmasına (1-1,5 q/kg/gün albumin) baxmayaraq kreatinin 1,5 mg/dl-dən aşağı düşməməsi;
  • Şok yoxdur;
  • Nefrotoksik dərman istifadə edilməyib;
  • Böyrəyin parenxima xəstəliyi yoxdur (proteinuriya <500 mg/gün, eritrosit <50/görmə sahəsində, USM normal);

Müalicə üsulları hansılardır?

  • Səbəbin və ağırlaşdırıcı amillərin aradan qaldırılması – (transplantasiya, biliar drenaj və s);
  • Patomexanizmlərə təsir: böyrək damarlarının genişləndirilməsi və reabsorbsiyanın azaldılması - qanın həcmini artırma, ümumi və ya splanxnik   vazokonstriksiya;
  • Süni qaraciyər sistemləri (MARS – albumin dializi, Prometeus), dializ və qaraciyərdaxili porto-kaval yanyol;
  • Gərgin assitdə - vaxtaşırı parasentez və TİPS;
  • İkinci tip HRS-də - aldosteron antaqonistləri;

Proqnozu nədir?

I tip HRS – 2-4 həftə ərzində itirilir;

II tip HRS – yaşama müddəti qısalır, 4-6 ay ərzində letallığa səbəb olur.

Xəstəliyin ən xarakterik özəlliyini bir cümlə ilə necə ifadə edərsiniz?

Hepatorenal sindrom qaraciyər xəstəliyinin ən ciddi ağırlaşmasıdır, letallığı çox artırır, digər kəskin böyrək yetməzliklərindən fərqli olaraq dializ az faydalı olur.