Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Qaraciyərin digər bəd xassəli törəmələri - Özət və Suallar

Özət

İntrahepatik xolangiokarsinoma qaraciyərdaxili öd epitelindən inkişaf edən, hepatosellular xərçəngdən sonra ən çox rast gələn birincili bədxassəli qaraciyər törəməsidir. Birincili biliar sirroz və skleroz xolangit risk faktorları sayılır, daha çox mərkəzdə və öd yolları ətrafında yerləşir, intrahepatik və portal strukturlara yayılmaya, atrofiya törətməyə meyillidir, ekstrahepatik metastazları azdır, HSK-dan fərqli olaraq sirroz fonunda az rast gəlir. Diaqnostikası və müalicəsi HSK kimidir, lakin diffuz yayılmada Qc Tx yaxşı nəticələr vermir.

Hepatoblastoma uşaqlarda ən çox rast gələn bəd xassəli birincili qaraciyər şişidir. Törəmədə kalsifikasiyalar çox rast gəlir, rezektabellik ehtimalı yüksək olan törəmələrdən hesab olunur.

Angoisarkoma Kupffer hüceyrələrindən inkişaf etdiyi ehtimal olunan və qaraciyərin bədxassəli törəmələri arasında ən pis gedişlisidir, nadir hallarda rezektabel olur.

Hemangioendotelioma endotelə bənzər hüceyrələrdən təşkil olunmuş, gedişinə görə xoş və bədxassəli şişlər arasında durur. Əksəriyyəti çoxsaylı olur, hətta limfomaya bənzər konqlomeratı ola bilər, diffuz formalarda transplantasiya yaxşı nəticələr verir.

 

 

Suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova

 

Suallar

Cavablar

Xolangiokarsinoma nədir?

Öd  axacaqları  epitelindən  inkişaf  edən  bəd  xassəli şişdir.

Hansı klinik formaları var?

  • İntrahepatik;
  • Ekstrahepatik (xoledox xərçəngi)

Rastgəlmə tezliyi nə qədərdir?

Bədxassəli şişlər arasında 2%,  qaraciyər şişləri arasında 10% rast gəlir və qaraciyərin birincili bəd xassəli şişləri arasında ikinci yerdə durur.

Risk faktorları nələrdir?

  • Birincili biliar sirroz;
  • Skleroz xolangit;

Gediş xüsusiyyəti necədir?

İntrahepatik və portal strukturlara yayılmaya, atrofiya törətməyə meyillidir,

ekstrahepatik metastazları azdır.

Ağırlaşmaları nələrdir?

Mexaniki sarılıq, tromboz, ətrafa invaziya

Klinik əlamətləri hansılardır?

  • İlk dövrlərdə zəif əlamətlər;
  • Qarında ağrı;
  • Kütlə hissi;
  • Arıqlama;
  • Sarılıq;

Hansı xəstələrdə şübhələnmək lazımdır?

  • Qc-də kütlə tapılan xəstələr;
  • Perihilyar yerləşmiş, kapsulyar retraksiyası olan, hipovaskulyar kütlə;
  • Birincili biliar sirrozda və skleroz xolangiti olan xəstələrdə;
  • Sarılıq və xolestaz əlaməti olanlarda;

Dəqiqləşdirmək  üçün hansı müayinələr lazımdır?

  • KT, MRT;
  • Biopsiya və patohistoloji müayinə;
  • Immunositokimyəvi müayinə;

Laborator əlamətləri nələrdir?

CA19-9 artması

Görüntlüləmə əlamətləri nələrdir?

Kontrastlı müayinə:

  • Arterial kontrastlaşma, venoz yuyulma (bədxassəlilik əlaməti);
  • Perihilyar yerləşmiş, kapsulyar retraksiyası olan, hipovaskulyar kütlə;

Digər müayinələrdə nə tapılır?

Biopsiyada adenokarsinoma kimi görünür və immunositokimya aparmadan metastatik adenokarsinomalardan fərqləndirmək çətin olur.

Diaqnostik kriteriyalarını sadala?

  • Görüntüləmə və klinik əlamətlər;
  • Digər bəd xassəli törəmələrin inkarı;

HSK ilə differensiasiya:

Oxşarlıq:

  • intrahepatik yayılmağa meyillidilər, ekstrahepatik yayılma isə az rast gəlir;

Fərq:

  • xroniki qaraciyər xəstəlikləri ilə əlaqəsi zəifdir və Qc parenximası normal olur;
  • daha çox mərkəzdə və öd yolları ətrafında yerləşir;
  • portal strukturlara invaziyaya və atrofiya törətməyə meyillidir;

Müalicə üsulları hansılardır?

  • Cərrahi;
  • Neoadyuvant terapiya - qeyri-rezektabel şişləri kiçiltmək və rezektabel hala gətirməküçün və postrezeksion residivi azaltmaq üçün floksuridin infuziyası;

Əməliyyata göstərişlər nələrdir?

Ekstrahepatik  yayılması,  magistral  damar  invasiyası və  hər  iki  payda yayılması olmayan şişlər rezektabel qəbul edilir.

Əməliyyat üsulları hansılardır?

Rezeksiya

Proqnozu nədir?

Radikal rezeksiyaya baxmayaraq residiv ehtimalı yüksəkdir (iki ildə 80-90%), yaşama müddəti isə 8-50 ay arasında dəyişir.

Xəstəliyin ən xarakterik özəlliyini bir cümlə ilə necə ifadə edərsiniz?

İntrahepatik xolangiokasinomanın əksər əlamətləri hepatosellular karsinomaya bənzəyir, lakin transplantasiya nəticələri qənaətbəxş deyil.

Qaraciyərdə ən çox rast gələn kanser hansıdır?

Metastatik şişlər, qaraciyərin xərçəngi ilə müqayisədə 20:1. İlkin mənbə daha çox qastrointestinal traktda olur.

Qaraciyərin çox rast gələn birincili bədxassəli törəməsi hansıdır?

Hepatosellular karsinoma (hepatoma)

Qaraciyərin  çox rast gələn birincili xoşxassəli törəməsi?

Hemangioma

Qaraciyər metastazları hansı qaraciyər testləri ilə müəyyən edilir?

ALT,AST və qələvi fosfataza (əgər birincili mənbə kimi kolon kanseri nəzərdə tutulursa CEA).

Hansı radioloji müayinə metodları istifadə olunur?

USM və KT (trifazik)

Qaraciyərin ən çox yayılmış 3 birincili xoşxassəli törəməsi hansılardır?

1.Hemangioma

2.Hepatosellular adenoma

3.Fokal nodulyar hiperplaziya

Qaraciyərin 4 birincili bədxassəli törəməsi hansılarıdr?

1.Hepatosellular karsinoma

2.Xolangiokarsinoma (intrahepatik)

3.Angiosarkoma

4.Hepatoblastoma (uşaqlarda və körpələrdə daha çox olur).

Digər xoşxassəli qaraciyər törəmələri hansılardır?

  • Xoşxassəli qaraciyər sistləri
  • Öd axarı hamartoması
  • Öd axarı adenoması.

Qaraciyər “hamartoması” nədir?

Qaraciyər normal hüceyrəsindən düyün formasını əmələ gətirən ağ rəngli bərk düyün.