Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Neyroendokirin törəmələr - Özət və Suallar

Özət

Neyroendokrin törəmələr (NET), orqan və toxumalardakı yerli endokrin hüceyrələrindən və mədəaltı vəzidəki (MAV) adacıq hüceyrələrindən inkişaf edən şişlərdir. Həm karsinoid (əsasən mədə bağırsaq toxumalarından inkişaf edən),  həm də qeyri-karsinoid şişlər (əsasən MAV adacıqlarindan inkişaf edən) Qc-ə metastaz verə bilirlər. NET-lərin  hormonal aktiv və ya qeyri-aktiv formaları ola bilir. Karsinoidlərin aktiv forması serotonin və digər aktiv maddələr ifraz edərək (prostaqlandin, kinin və s) karsinoid krizlər torədə bilirlər. Qeyri-karsinoidlərin aktiv formaları isə ifraz etdikləri hormonlara uyğun endokrinopatiya törədirlər. NET-lərin bəd və xoşxassəli formaları sitoloji və histoloji cəhətdən fərqlənmir, bədxassəliliyin yeganə əlaməti metastazların olmasıdır. Diaqnostikada klinik əlamətlərlə yanaşı endokrin müayinə, tomoqrafiya və ssintoqrafiya istifadə edilir. NET-lərin hamısında xromoqrafin A və neyron spesifik enolaza tapılır ki, bu da digər törəmələrdən differensasiya üçün çox faydalıdır. Rezeksiya NET metastazlarının əsas müalicəsidir. Qaraciyərin digər bədxassəli şişlərindən fərqli olaraq NET metastazlarında sitoreduktiv rezeksiya (şişin 90%-indən çoxu çıxarılmalıdır) aparıla bilər.

 

Neyroendokirin törəmələr üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova

 

Neyroendokirin törəmələr nədir?

Orqan və toxumalarda yerləşən yerli endokrin hüceyrələrdən inkişaf edən törəmələrdir.

Hansı növləri var?

Karsinoid və qeyri-karsinoid

Biopsiyaya görə neyroendokrin törəmənin bəd və ya xoş xassəli olduğunu təyin etmək olarmı?

Xeyr. Digər törəmələrdən fərqli olaraq neyroendokrin töərmələrin bəd və ya xoş xassəli olduğunun göstəricisi metastazların olub-olmamasıdır.

Neyroendokrin törəmələrin qaraciyər metastazlarının xarakterik xüsusiyyətləri hansılardır?

 

  • Yerli endokrin hüceyrələrdən və ya mədəaltı vəzi adacıqlarından inkişaf edən törəmələrdir
  • Bədxassəliyin yeganə əlaməti metastazların olmasıdır
  • Yavaş inkişaf edən törəmələrdir
  • Hormonal aktiv və qeyri-aktiv ola bilirlər
  • Törəmənin miqdarı ilə endokrinopatiya dərəcəsi arasında paralellik var
  • NET-lərin hamısında xromoqrafin A və neyron spesifik enolaza tapılır
  • Kimyaterapiyaya və radioterapiyaya az həssasdırlar
  • Sitoreduktiv rezeksiya (şişin 90%-indən çoxu çıxarılmalıdır) aparıla bilər