Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Hepatosellular karsinoma - Özət və Suallar

Özət

Hepatosellular karsinoma (HSK) hepatositlərdən inkişaf edən, qaraciyərin ən çox rast gələn birincili bəd xassəli şişidir, sirroz ən çox rast gəlinən risk faktorudur, xroniki viral hepatitlər, karsinogenlər (aflatoksin, siderozis, oral kontraseptivlər və torotrast), metabolik pozğunluqlar (a-antitripsin defisiti, Vilson xəstəliyi, qalaktozemiya), hepatik adenoma və displastik düyünlər də risk amilləridir. Xəstəlik əksər hallarda proqressiv və geriyədönməzdir, yerli yayılmaya meyillidir, az hallarda isə uzaq metastazlar verir. HSK asimptomatik ola bilər və ya qeyri-spesifik əlamətlərlə ortaya çıxar: qarında ağrı, hepatomeqaliya, sarılıq, sirrotik xəstədə vəziyyətin birdən-birə pisləşməsi, intraperitoneal qanaxma, ağrı və hərarət. Diaqnostikasında əsas yeri üçfazalı kontrastlı KT, MRT müayinələri tutur, “arterial fazada kontrastlaşma, venoz fazada yuyulma” xarakterik əlaməti sayılır, biopsiya xüsusi hallarda göstərişdir. Erkən çıxarılabilən mərhələlərdə radikal üsullar (reseksiya, transplantasiya, destruksiya), çıxarıla bilməyən irəliləmiş mərhələlərdə şişkiçildici müalicələr (arteriyadaxili kimyaembolizasiya, radioterapiya, kimyaterapiya), terminal mərhələdə isə simptomatik müalicələr tövsiyə edilir. Proqnozu erkən mərhələdə 5 illik yaşam 50-70%, irəliləmiş mərhələdə ortalama yaşam 1 ilə qədərdir.

 

 

Hepatosellular karsinoma (HSK) üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova

 

Hepatosellular karsinoma nədir?

Qaraciyərin birincili bəd xassəli törəməsidir.

Hansı adla da tanınır?

Hepatoma

Rastgəlmə tezliyi?

Bütün birincili bəd xassəli qaraciyər şişlərinin 80%-ni təşkil edir.

Risk faktorları hansılardır?

Sirroz, Hepatit B, C, alfa antitripsin defisiti, hemaxromotoz anabolik steroidlər, qlükogen depo xəstəliyi, aflatoksin

Sirrozu olan xəstələrin neçə faizində HSK inkişaf edir?

Təxminən 5%

HSK olan xəstələrin neçə faizində sirroz tapılır?

Təxminən 80%

HSK-nın hansı iki forması var?

  • Klassik tip
  • Fibrolamellar tip

Bu iki formanın fərqləri nədir?

Klassik tip HSK sirroz fonunda inkişaf edir, yaşlı xəstələrdə rast gəlir, proqnozu daha pisdir. Fibrolamellar tip normal qaraciyərdən inkişaf edir, gənc xəstələrdə rast gəlir və proqnozu daha yaxşıdır.

Ən çox metastaz verdiyi orqan?

Ağciyər

Əlamətləri hansılardır?

Sağ yuxarı kvadrantda küt ağrı , hepatomeqaliya (klassik kliniki prezentasiya), kütlə, arıqlama, paraneoplastik sindrom, portal hipertenziya əlamətləri, assit, sarılıq, temperatur, anemiya, splenomeqaliya, stabil sirrotik xəstənin qısa müddətdə pisləşməsi.

Hansı müayinələr aparılmalıdır?

USM, KT, şiş markerləri

Hansı şiş markeri?

Alfa fetoprotein qalxır.

Diaqnoz üçün biopsiya mütləqdirmi?

Xeyr! Görüntüləmə üsulları ilə əksər hallarda diaqnozu dəqiqləşdirmək olur.

Hansı əlamətlərə görə diaqnoz dəqiqləşdirilir?

Sirroz fonu, arterial fazada hipervaskulyar, venoz fazada hipo (venoz yuyulma) görünmə xarakterik bədxassəlilik əlamətləridir.

Biopsiyaya heç ehtiyac yoxdurmu?

Əgər xəstə əməliyyat olunacaqsa ehtiyac yoxdur (törəmə biopsiya xətti üzrə yayılır), əməliyyat olunmayan hallarda kimyaterapiya proqramı üçün biopsiya aparıla bilər.

HSX müalicəsi üçün hazırda hansı üsullar tətbiq edilir?

Radikal üsullar: rezeksiya, transplantasiya və radiotezlikli destruksiya

Palliativ üsullar: İntraarterial kimyaembolizasiya, sistemik kimyaterapiya , simptomatik

Sirroz fonunda inkişaf edən HSX-in ən radikal müalicəsi hansıdır və nə üçün?

Qaraciyər transplantasiyası həm sirrozu həm də HSX-nı müalicə edir (Sirroz+HSX = Transplantasiya)

HSK-nın xarakterik xüsusiyyətləri hansılardır?

  • Qaraciyərin ən çox rast gələn birincili bəd xassəli şişidir
  • Sirroz fonunda çox rast gəlir
  • Distal metastazları az verir, daha çox yerli yaylma və damar invaziyasına meyillidir
  • Alfa-fetoproteinin artır
  • Xarakterik kontrastlaşma cəhəti – arterial hipervaskulyarizasiya və venoz yuyulmadır
  • Hazırki imkanlar çərçivəsində rezektabelliyin azdır (<15%)

HSK-nın diaqnozunu biopsiya etmədən qoyma olarmı?

Sirrotik qaraciyərdə xarakterik kontrastlaşma xüsusiyyəti varsa HSK diaqnozu qoyulur.

HSK-nın ən radikal müalicəsi hansıdır?

Sirroz fonunda inkişaf edən HSK-nın ən radikal müalicəsi qaraciyər transplantasiyasıdır.