Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Qaraciyərin digər xoş xassəli törəmələri - Özət və Suallar

Özət

Angiomiolipoma üç komponentdən ibarət olan (geniş damarlar, saya əzələ hüceyrələri və yağ toxuması) xoşxassəli törəmədir, adətən simptom törətməz, böyrəklə birlikdə qaraciyərdə də rast gələ bilər. MRT-nin T1 və T2-də hiperintens görüntülər, yağ supressiya testində itir, lakin yaxşı kontrast tutur. Müalicəyə gərək yoxdur.

Lipoma yağ toxumasından ibarətdir, adətən təksaylıdır, yağ supressiya testində itir və kontrast tutmur, müalicəsinə gərək yoxdur.

Düyünlü transformasiya Qc-in  diametri 1-1,5 sm olan çoxsaylı düyünlərlə diffuz tutulmasıdır. Düyünlər normal hepotositlərdən təşkil olunur, qaraciyər arxitektonikasını pozur, düyünlərdə öd kanalcıqları, mərkəzi arteriyası və fibroz yoxdur. Xəstəlik portal venanı və mərkəzi venanı sıxaraq PH törədə bilir, maliqnizasiya ehtimalı var. Diaqnozu adətən biopsiya ilə dəqiqləşdirilir. PH və malignizasiya baş verərsə müalicə etmək lazımdır.

İltihabi psevdotumor xroniki iltihab hüceyrələrindən (plazmatik, limfosit, dentritik), miofibroblastlardan və birləşdirici toxumadan təşkil olunur, maliqnizasiya ehtimalı yoxdur, regressiya ola bilir. Diaqnozu adətən biopsiya və çıxarıldıqdan sonra patohistoloji müayinə ilə dəqiqləşdirilir. Simptom törədən və differensasiya çətinliyi olanlarda rezeksiya edilə bilər.

Biliar adenoma öd  epitelindən inkişaf edən və fibroz toxuma ilə zəngin törəmədir, adətən kiçik ölçülüdür (<1 sm), subkapsulyar yerləşir, əksər hallarda əlamət verməz və ağırlaşma törətməz. Diaqnostikasında metastazdan fərqləndirmək gərəkir, diaqnozu biopsiya ilə dəqiqləşdirilir, müalicəsinə ehtiyac yoxdur.

Biliar hamartoma öd axacağı, fibroz toxuma və iltihab hüceyrələrindən ibarət, kiçik, subkapsulyar  törəmələrdir, adətən əlamət verməz, ağırlaşma törətməz və metastazlardan fərqləndirmək  lazım gələ bilir və müalicəsinə ehtiyac yoxdur.

Qaraciyər peliozu qanla dolu  diametri 4-6 sm olan suluqlardır, ətrafında fibroz toxuma zəifdir, görüntüləmədə müxtəlif formalı və çoxsaylı kistlər kontrast tutur,  T1-də və T2-də hiperintens  görünür, müalicəsinə gərək yoxdur.

Qaraciyərdə lokal yağlanan və ya yağlanmayan sahələr digər bölgəsindən fərqli göründüyünə görə ortaya çıxaraq törəmə kimi görünə bilirlər. Adətən IV seqmentdə və ətrafında rastlanır, forması xəritəyə oxşayır, yağ supressiya testində itirlər.

 

Qaraciyərin digər xoş xassəli törəmələri üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova

 

Suallar

Cavablar

Angiomiolipoma nədir?

3 komponentdən ibarət xoşxassəli törəmədir: geniş damarlar (mikroanevrizmalar), saya əzələ hüceyrələri və yağ toxuması

Gediş xüsusiyyəti necədir?

Adətən böyüməz və ətrafa təzyiq göstərməzlər, maliqnizasiya ehtimalları yoxdur

Klinik əlamətləri hansılardır?

Adətən asimptomatik olurlar.

Dəqiqləşdirmək  üçün hansı müayinələr lazımdır?

  • MRT;
  • KT;
  • USM;
  • Biopsiya;

Görüntlüləmə əlamətləri nələrdir?

MRT – T1  və  T2-də hiperintens görünür,  yağ supressiv testində siqnal itir   (tərkibində  yağ olduğu  üçün);

USM və KT – dəqiq sərhədli törəmə;

Differensial diaqnostika?

Hepatoselulyar karsinoma və hepatik adinomalar;

Lipomadan fərqli olaraq angiomiolipomalar

kontrast tutur və geniş damarları görünür;

Müalicə üsulları hansılardır?

Müşahidə

Əməliyyata göstərişlər nələrdir?

Bəd xassəli törəmələrdən diferensiasiya çətinliyi

Əməliyyat üsulları hansılardır?

Rezeksiya

 

 

Lipoma nədir?

Damarlanması zəif, yağ toxumasından ibarət olan törəmədir.

Gediş xüsusiyyəti necədir?

Böyüməyə və  maliqnizasiyaya meyilli deyil.

Klinik əlamətləri hansılardır?

Asimptomatik

Dəqiqləşdirmək  üçün hansı müayinələr lazımdır?

  • USM;
  • KT;
  • MRT;

Görüntüləmə əlamətləri nələrdir?

USM  dəqiq sərhədli, homogen törəmə;

KT –  yağ toxuması kimi hipodens və kontrast tutmur;

MRT – T1 və T2-də hiperintens, yağ supressiya testində siqnallar sönər;

Müalicə üsulları hansılardır?

Adətən müalicəsinə ehtiyac yoxdur

 

 

Düyünlü transformasiya nədir?

Qaraciyərin diametri 1-1,5 sm olan çoxsaylı düyünlərlə diffuz tutulmasıdır.

Rastgəlmə tezliyi nə qədərdir?

Toplumda təqribən 3% tezlikdə rast gəlir.

Histoloji quruluşu necədir?

Düyünlər normal hepatositlərdən təşkil olunmuşdur, lakin qaraciyər arxitektonikası pozulmuşdur: öd kanalcıqları, mərkəzi arteriyası və fibroz yoxdur.

Diiferensial diaqnostika:

FNH-dan fərqli olaraq mərkəzi çapığı, öd kanalcıqları və mərkəzi arteriyası yoxdur.

Sirrotik düyündən fərqli olaraq ətrafında və daxilində fibroz olmur.

Hepatik  adenomadan  fərqli  olaraq  diffuz  xəstəlikdir,  geniş  sinusoidləri yoxdur və qanaxmaya meyilli deyil.

Ağırlaşmaları nələrdir?

  • Portal hipertenziya -  Mərkəzi və portal venanı sıxa bilər;
  • Maliqnizasiya ehtimalı var;

Müalicə üsulları hansılardır?

Spesifik müalicəsi yoxdur, PH və HSK-ya görə izlənilir və ağırlaşma inkişaf edərsə uyğun müalicələr tətbiq edilir.

 

 

İltihabi psevdotumor nədir?

Xroniki iltihab hüceyrələrindən (plazmatik, limfosit, dentritik),  miofibroblastlardan və birləşdirici toxumadan təşkil olunmuş hipovaskulyar, kapsulsuz törəmədir.

Səbəbi  və ya risk faktorları nələrdir?

Dəqiq məlum deyil. Miofibroblast proliferasiyası və xroniki iltihab nəzəriyyələri ehtimal edilir.

Klinik əlamətləri hansılardır?

  • Bəzi xəstələrdə infeksiya əlamətləri;
  • Bəzi xəstələrdə Qc enzimlərində dəyişiklik, biliar və portal obstruksiya əlamətləri;

Dəqiqləşdirmək  üçün hansı müayinələr lazımdır?

Spesifik diaqnostik əlamətləri yoxdur, diaqnostikasında əsas yeri biopsiya, bəzən də rezeksiya tutur.

Əməliyyata göstərişlər nələrdir?

Differensiasiya çətinliyi olduqda

 

 

Biliar adenoma -  xolangioma nədir?

Öd  epitelindən inkişaf edən və fibroz toxuma ilə zəngin, kiçik ölçülü (<1 sm), subkapsulyar xoş xassəli törəmədir

Klinik əlamətləri hansılardır?

Adətən asimptomatik və ağırlaşmasızdır

Differensasiya?

Metastazlardan

Müalicə üsulları hansılardır?

Müalicəsinə ehtiyac yoxdur

 

 

Biliar hamartoma nədir?

Öd axacağı, fibroz toxuma və iltihab hüceyrələrindən ibarət, kiçik, subkapsulyar xoşxassəli törəmələrdir

Klinik əlamətləri hansılardır?

Adətən asimptomatik və ağırlaşmasızdır

Differensasiya?

Metastazlardan

Müalicə üsulları hansılardır?

Müalicəsinə ehtiyac yoxdur

 

 

Qaraciyər peliozu nədir?

Diametri 4-6 sm olan, ətrafında zəif fibroz toxuma olan qanla dolu suluqlar - sistlərdir

Risk faktorları nələrdir?

  • Hamiləlik;
  • Çoxsaylı doğuş;
  • Androgen və çoxlu antibiotik qəbulu;

Ağırlaşmaları nələrdir?

Ağırlaşma ehtimalı yox dərəcəsindədir, lakin hamilələrdə partlamaya və qanaxmaya səbəb ola bilərlər.

Klinik əlamətləri hansılardır?

Klinik və laborator olaraq biruzə verməzlər.

Dəqiqləşdirmək  üçün hansı müayinələr lazımdır?

  • Kontrast KT;
  • MRT;

Görüntüləmə əlamətləri nələrdir?

Kontrast KT – müxtəlif formalı və çoxsaylı kistlər kontrast tutur;

MRT – T1-də və T2-də hiperintens

(qan olduğu üçün) görünür;

Müalicə üsulları hansılardır?

Müalicəsinə ehtiyac yoxdur

 

 

Lokal yağlanma  pozulmaları nədir?

Qaraciyərdə,  adətən IV seqmentdə və oraqvari bağın ətrafında, kənarları dəqiq, forması xəritə şəkilində lokal yağlanan və ya yağlanmayan sahələrdir, törəmə deyil

Dəqiqləşdirmək  üçün hansı müayinələr lazımdır?

  • KT;
  • MRT;

Görüntlüləmə əlamətləri nələrdir?

Qaraciyərin digər bölgəsindən fərqli göründüyünə görə ortaya çıxır, yağ supressiya testində itirlər

Müalicəsi?

Müalicəsinə ehtiyac yoxdur.